C.Oruell yeni dil konsepsiyasının yaranması ilə bağlı ideyanı irəli sürərkən Kommunist Partiyasının SSRİ-nin yaranmasında həyata keçirdiyi siyasəti nəzərdə tuturdu. Bu siyasətin mahiyyəti belə idi ki, savadsızlıq kütləvi şəkildə ləğv olunmalıdır. Ancaq savadsızlığın kütləvi şəkildə ləğv olunması dedikdə, heç də xalq kütləsini dünya mədəniyyətinin zənginlikləri ilə tanış etmək məqsədi hədəf kimi götürülməmiş və məqsəd kimi nəzərdə tutulmamışdır. Xalq kütləsinin kütləvi şəkildə savadsızlığının ləğvi dedikdə xalq kütləsinin hakim ideologiyanın təsiri altına salınması, xalq kütləsinin hakim ideologiyanın quluna çevrilməsi əsas məqsəd kimi götürülürdü. Savadsızlığın ləğvi bəsit, primitiv dünyagörüşlü, eyni zamanda birqaydada düşünən insanların formalaşmasına xidmət edirdi. Bununla da yeni dil siyasəti düşüncənin, dünyagörüşün məhdudlaşması məqsədi güdürdü.
Sözlər, kəlmələr hər hansı bir predmeti, hadisəni bildirir, izah edir. Sözlər, kəlmələr bu cür lüğəvi mənadan başqa, digər sözlərlə əlaqəyə girməyə, bununla da müəyyən hadisələri, əşyaları, predmetləri izah etməyə, şərh etməyə can atır. Ancaq totalitar cəmiyyətlərdə həyata keçirilən yeni dil siyasətinin məqsədi sözləri, kəlmələri bir predmetə, bir hadisəyə bağlamaqdır. Bu isə insanlarda mübarizlik, fərqli düşünmək hisslərini öldürmək idi.
Yeni dil siyasətində lüğət tərkibini məhdudlaşdırmaq, sadələşdirmək totalitar rejimin məqsədinə xidmət edirdi. Bu mənada “1984” adlı romanda yeni dil konsepsiyasının məqsədi “A”, “B”, “C” lüğətləri vasitəsi ilə daha da açıqlanır. [4, 290-293] “A” lüğətində gündəlik həyatımızda istifadə etdiyimiz sözlər (geyim, məişət, gəzinti və s.-lə bağlı sözlər) əhatə olunurdu. [4, 290-291] Bu lüğətdə olan sözlər az səs tərkibinə malik olmalı, bir anlayışı ifadə etməlidir. Belə olduğuna görə, “A” lüğətində olan sözlər fəlsəfi düşüncələrə, ədəbi-bədii məqsədlərə cavab vermirdi. Ona görə də “B” lüğəti ədəbi-bədii, fəlsəfi, siyasi məqsədlərə xidmət edirdi. “B” lüğətində olan sözlər qısa, lakonik, aydın sözlər idi. Bu sözlərdən istifadə edənlər siyasi mövqe tutmağa məcbur olurdular. [4, 292-293]
“B” lüğətinə daxil olan sözlər mürəkkəb sözlərdən ibarət olmalıydı. Həmin mürəkkəb sözlər sadə sözlərin birləşməsindən yaranmalıydı. Onların tələffüzü isə asan və rahat olmalıydı.
“C” lüğəti ancaq elmi və texniki terminlərdən qurulurdu. Buradakı sözlərin mənası da totalitar rejimə uyğun gəlməyən mənalardan təmizlənməli idi. [4, 293]
C.Oruell qeyd edir ki, lüğət tərkibi belə olan yeni dilin qrammatikası da normal dilin qrammatikasından fərqlənməlidir. Ona görə ki, bəsit, sadə lüğət tərkibi dilin qrammatikasına da, qrammatik quruluşuna da öz təsirini göstərir.
C.Oruellinin yeni dil konsepsiyasında lüğət tərkibi linqvistik-məntiqi cəhətdən deyil, sosio-mədəni cəhətdən müəyyənləşir. Bu da totalitar rejimləri birləşdirən ümumi cəhətlərdir.
C.Oruellinin “1984” adlı romanında Müharibə – Sülhdür, Azadlıq – Köləlikdir, Cəhalət – Qüvvədir şüarında dillə bağlı olan məqamların şərhinə ehtiyac vardır. Dil üçün niyə Cəhalət – Qüvvədir? Ona görə ki, Neolit dövrünün sonundan başlayaraq dünyada üç növ – Ali, Orta və Aşağı növ insanlar olmuşdur. Bu növ insanlar arasında dəyişmələr getmişdir. “Onlar öz aralarında dəfələrlə yenidən bölünmüşdülər, saysız-hesabsız fərqli adlarla dünyaya gəlmişdilər, əsrdən-əsrə sayları arasındakı nisbət, habelə qarşılıqlı münasibətləri dəyişmişdi. Lakin mahiyyət etibarilə cəmiyyətin göstərdiyimiz düzəni heç bir təbəddülata uğramamışdı. Hətta ən cahanşümul sarsıntılardan, ən qarşısıalınmaz dəyişikliklərdən sonra da hara atılmasından asılı olmayaraq, quruluş–hacıyatmaz oyuncağı kimi öz əvvəlki vəziyyətinə qayıtmışdı.
Adıçəkilən qrupların məqsədləri tamamilə fərqlidir...” [1, 207] Dünyaya gələn insanların hansı növdə olması (Ali, Orta və Aşağı) cəmiyyətin düzəninə təsir göstərə bilir. Təbii ki, Ali növdə olanlar cəmiyyətin inkişafına daha yüksək səviyyədə, Orta növdə olanlar bununla müqayisədə nisbətən az, Aşağı növdə olanlar isə daha az təsir göstərirlər. Bu nisbət cəmiyyətin idarəolunmasında da, insanların bir-birinə münasibətində də özünü göstərir. Həm idarəolunmada, həm də münasibətdə dilin oynadığı rolu inkar etmək mümkün deyildir. Ona görə də Ali növdə olanlar Orta növdə olanlardan, Orta növdə olanlar isə Aşağı növdə olanlardan dil düşüncəsi baxımından fərqlənirlər. Dil düşüncəsi və dil düşüncəsizliyi ifadələri də buradan qaynaqlanır. Heç zaman Aşağı növdə olanlar dil düşüncəsinə mükəmməl yiyələnə bilmirlər, onlar dil qaydalarını pozurlar, dil düşüncəsizliyinə xidmət edirlər. Bütün cəmiyyətlərdə, bütün dövlətlərdə belələri var və həmişə də olacaqdır. Dil düşüncəsi zəif olanlar, dil düşüncəsizliyinə xidmət edənlər dilin özündə bir cəhalət yaradırlar və həmin cəhalət dilin ziyanına olan bir qüvvəyə çevrilir. Bu mənada “1984” adlı romanda olduğu kimi Cəhalət – Qüvvədir şüarının fəlsəfi mahiyyəti ilə razılaşmalı oluruq. Dünyanın bütün dillərində Cəhalət – Qüvvədir şüarının fəlsəfi mahiyyətinə xidmət edən insanlar var və bunun qaşısını almaq mümkün deyil. Ona görə ki, dünyaya həmişə Ali, Orta, Aşağı növdə olan insanlar gəlir və onların hər biri də öz növünün təbiətinə uyğun olaraq həm cəmiyyətə, həm dövlətə, həm bir-birinə, həm də dilə xidmət edirlər. Dilə xidmət dedikdə dildən istifadə etməkdən başlamış onun zənginləşməsinə qədər görülmüş bütün işlər nəzərdə tutulur.
Ali, Orta, Aşağı növ insanların məqsədləri niyyətləri fərqli olduğundan onlar üçün fövqəldil və dil məsələsi də məqsədlərinə və niyyətlərinə uyğun qurulur. Bunu başa düşmək üçün “1984” adlı romandakı bu bədii parçanı başa düşmək zərurəti yaranır: “Bu üç qrupun məqsədləri tamamilə fərqlidir. Ali təbəqənin niyyəti ucaldığı mərtəbədə qalmaqdır. Orta təbəqə yerini Ali təbəqə ilə dəyişmək istəyir. Aşağı təbəqəyə gəldikdə isə o, daim ağır zəhmət altında əzildiyindən təsadüfdən-təsadüfə gündəlik həyatın hüdudlarından kənara baxmaq imkanı əldə edir və müəyyən məqsəd ətrafında birləşməyi bacaranda bütün ayrı seçkiliklərin aradan qaldırıldığı, hamının bərabər olduğu cəmiyyət haqqında düşünür. Beləliklə, tarix boyu əsas cizgiləri həmişə eyniyyət təşkil edən mübarizə dönə-dönə təkrarlanır”. [1, 223]
Dil üçün niyə Müharibə - Sülhdür? “1984” adlı romandakı bir məqama diqqət yetirək, sonra bu sualın açımına keçək. Romanda yazılır: “Dünyanın üç fövqəldövlətə bölünməsi hələ XIX əsrin ortalarına doğru sezilən və zamanla gerçəkləşən hadisə idi. Rusiya Avropanı, Birləşmiş Ştatlar isə Britaniya İmperiyasını öz daxilində əritdikdən sonra fövqəldövlətlərin ikisi – Avrasiya və Okeaniya yaranmış oldu. Üçüncü fövqəldövlət – İstasiya isə yalnız aradan xaotik müharibələrlə dolu on il keçəndən sonra vahid ölkə kimi meydana çıxa bildi. Bu üç fövqəldövlət arasındakı sərhədlər bəzi yerlərdə hələ də mübahisəlidir, bəzi yerlərdə hərb Allahının istəyinə uyğun olaraq dəyişir. Lakin ümumilikdə onlar təbii coğrafi sərhədlərə uyğun gəlir” [1, 208] Təkcə dünya fövqəldövlətə, yaxud da fövqəldövlətlərə bölünmür, həm də dünyanın dilləri fövqəldil və fövqəldillərə bölünür. Fövqəldövlətlər arasında isti və soyuq müharibələr getdiyi kimi, fövqəldillər arasında da müharibələr gedir. Onlardan biri digərini üstələmək istəyir. Fövqəldillərdən biri digəri ilə müqayisədə işlənmə coğrafiyasını genişləndirməyə çalışır. Ancaq fövqəldillər arasındakı bu müharibələrin olmasına baxmayaraq, onların hər birinin öz işlənmə coğrafiyası var. Dünyanın coğrafi sərhədlərini, daha doğrusu, fövqəldövlətlərin sərhədini dəyişmək çətin olduğu kimi, fövqəldillərin işlənmə coğrafiyasını da dəyişmək çətindir. Ona görə də həmişə fövqəldövlətlərin arasında və fövqəldillərin arasında mübarizə getsə də, nələrin baş verəcəyi haqqında qəti fikir söyləmək mümkün deyildir. Ancaq fakt ondan ibarətdir ki, fövqəldövlətlərin də, fövqəldillərin də arasında gedən uzun mübarizəyə baxmayaraq, mövcud coğrafi sərhədlərin dəyişməzliyi, demək olar ki, öz yerində qalır. Yenə də “1984” adlı romana müraciət edək. Romanda yazılır: “Avrasiya Portuqaliyadan tutmuş Berinq boğazına qədər Avropanın bütün şimal hissəsini və Asiya torpaqlarını əhatə edir. Okeaniya Amerika, Britaniya da daxil olmaqla Atlantik adaları, Avstralaziya və Afrikanın cənubundan ibarətdir. Müqayisə baxımından fövqəldövlətlərin ən kiçiyi sayılan, qərb sərhədləri hələ tam müəyyənləşməyən İstasiyaya Çin və ondan cənubdakı ölkələr, Yapon adaları, Mancuriya, Monqolustan, habelə Tibetin böyük, lakin bəzən nəzarətdən çıxan hissələri daxildir”. [1, 208] Göründüyü kimi, dünyanın üç fövqəldövlətinin – Avrasiya, Okeaniya, İstasiya əraziləri barədə, torpaqları barədə coğrafi sərhəd göstərilir. Məhz fövqəldillər üçün də bu cür coğrafi sərhədi müəyyən etmək mümkündür.
“1984” adlı romandakı üç fövqəldövlət arasındakı mübarizəni, müharibəni fövqəldillər arasında da müşahidə etmək olur. Romandakı fövqəldövlətlər arasındakı müharibə ilə bağlı “Tərkibindəki ərazilərdən asılı olmayaraq, bu üç fövqəldövlət iyirmi beş ildən bəridir ki, aramsız müharibə aparır. Müharibə isə artıq XX əsrin ilk onilliklərində olduğu kimi, tam ümidsiz və ölümcül qarşıdurma deyildir. İndiki müharibə, əslində, biri digərini məğlub etməyə qadir olmayan, savaşdan maddi maraq güdməyən və aralarında ciddi ideoloji fərqlər nəzərə çarpmayan güclərin məhdud məqsədlərlə apardıqları hərbi əməliyyatlardır”. [1, 208] “Zorakılıq, soyğunçuluq, uşaqların öldürülməsi, əhalinin başdan-başa köləyə çevrilməsi, əsirlərə münsibətdə odda yandırmağa və diri-diri torpağa basdırmağa qədər gedib çıxan amansız rəftar üsulları, az qala, normal hal sayılır. Bütün bunlar düşmən tərəfdən deyil, müharibə aparan ölkənin özü tərəfindən həyata keçiriləndə isə hətta təqdir olunur”. [1, 208-209] fikirləri fövqəldillər arasında da özünü göstərir. Bugünkü dünyanın dil mənzərəsinə diqqət yetirsək, görürük ki, dillərin arasındakı müharibə dövlətlərin arasındakı müharibəni xatırladır.
“1984” adlı romandakı Müharibə – Sülhdür şüarı ilə bağlı bir çox məqamları fövqəldillər arasındakı münasibətə tətbiq etmək olar. Onların bəzilərinə diqqət yetirək: “Üç fövqəldövlətdən heç birini hətta qalan ikisinin hərbi ittifaqı sayəsində də işğal etmək mümkün deyil. Onların qüvvələri, təxminən, bərabərdir, təbii müdafiə potensialları isə tükənməzdir. Avrasiya özünün intəhasız əraziləri ilə, İstasiya torpaqlarının məhsuldarlığı və əhalisinin işgüzarlığı ilə etibarlı müdafiə olunur”. [1, 209] Bu qeyd olunanlar fövqəldillər üçün də eyni qaydadadır. Belə ki, fövqəldillərin bəzilərinin ittifaqı sayəsində başqa birini işğal etmək mümkün deyil. Sadəcə olaraq, fövqəldövlətlərin tam nəzarət edə bilmədiyi mübahisəli əraziləri olduğu kimi, fövqəldillərin də boşluq olan hissəsində bu və ya digər manevrlərin baş verməsi təbiidir.
“1984” adlı romandakı başqa bir məqama diqqət yetirək: “Fövqəldövlətlərin heç biri digəri ilə müqayisədə nəzərəçarpacaq üstünlük qazana bilməmişdir. Amma işin maraq doğuran tərəfi başqadır: bu dövlətlərin üçü də indiki axtarışlar nəticəsində əldə edə biləcəklərindən daha güclü, daha dağıdıcı silaha – atom bombasına malikdir”. [1, 216] Eynilə bu vəziyyəti fövqəldillərdə də müşahidə etmək olar: fövqəldillərin biri digəri ilə müqayisədə nəzərəçarpacaq üstünlük qazana bilməmiş, hər biri öz nüfuzunu qoruyub saxlamışdır. Başqa məqamlar da fövqəldillərə tətbiq olunma baxımından maraqlıdır. Məsələn, “Müharibə həmişə sağlam ağılın mühafizəçisi idi. Bu işlə, əsasən, hakim təbəqə məşğul olduğundan hərb də onların keşiyində daha möhkəm dayanırdı. Müharibəni ya udmaq, ya da uduzmaqdan başqa yol olmadığından heç bir hakim təbəqə özünü məsuliyyətsiz apara bilməzdi”. [1, 220] Fövqəldillər arasındakı müharibə də hansısa dilin udmasından, hansısa dilin uduzmasından başqa yol tapa bilmir. Ona görə də hər bir fövqəldil özünü məsuliyyətli aparır. Ancaq bununla belə, uzun müddət davam edən müharibə öz təhlükəliliyini itirir və sülhə çevrilir. Eyni zamanda daimi sülh də daimi müharibənin eyni olur.
Dil üçün niyə Azadlıq – Köləlikdir? Bu şüarın açımından əvvəl Azadlıq intellektuallıqdırmı? sualına cavab axtaraq. Doğrudan da, hər azad olan insan intellektual səviyyəyə malikdirmi? Yaxud da intellektual səviyyəsi olan hər bir insan azaddırmı? Bəzən azad olan insanın intellektaullığı olmaya bilər, bəzən də intellektual səviyyəsi olan insanın azadlığı olmaya bilər. Belə olanda intellektual səviyyəsi olmayan azad insanı heç kəs qəbul etməyəcək və ona bəzən dəli kimi baxacaqdır. Eyni zamanda intellektual səviyyəsi olan azad insanlara cəmiyyətin də birmənalı münasibətini gözləmək olmur. Bəzən intellektual səviyyəli azad insana cəmiyyət düzgün qiymət verməyə bilər. Bir sözlə, intellektual səviyyəsi olan, yaxud intellektual səviyyəsi olmayan insanın azadlığı ona nə verə bilər? Ola bilsin ki, xoşbəxtlik, ola bilsin ki, bədbəxtlik və köləlik. Yəni azadlığın intellektual və qeyri-intellektual insanlara nə verəcəyini birmənalı qəbul etmək mümkün deyil. Bu mənada dildən azad şəkildə, kim necə istəyirsə, o şəkildə istifadə etmək qaydası nəticə etibarilə dilin ziyanına işləyir. Bu, fövqəldillərə də, adi dillərə də aid olan bir məsələdir. Bu gün fövqəldillərdən də, adi dillərdən də öz istədiyi şəkildə, azad şəkildə istifadə edib, onun qayda-qanunlarını, ruhunu, təbiətini pozanlar var. Belələri azadlıq bayrağı altında istifadə etdikləri dilin ruhunu incidir, təbiətini dəyişir, qayda-qanunlarını pozurlar. Belə olan təqdirdə azadlıq dili kölə vəziyyətinə salmağa xidmət edir. Bu zaman fövqəldillər öz nüfuzunu itirir (məsələn, ingilis dili və onun variantlarının yaranması buna sübutdur), adi dillər isə dil düşüncəsizliyi “xəstəliyi”nə tutulur. “1984” adlı romanından bircə məqamı xatırlamaqla fikrimizin daha da konkret olmasına önəm veririk. Bu məqam da odur ki, kobud məntiqi səhvlərə yol verməmək özünüdurdur adlanmışdır. Özünüdurdur sisteminə görə, təhlükəli fikirlərin qarşısını almaq üçün beyindəki kor nöqtə hərəkətə keçməlidir. Yanlış fikirlər, qeyri-dəqiq fikirlər, qeyri-düzgün fikirlər beyinə yol tapmamalıdır. Ancaq kobud məntiqi səhvlər, onları görməmək, hətta səfehliyin intellekt qədər zərurət olması, “İki üstəgəl iki beşə bərabərdir” tipli ifadələrin meydana çıxardığı riyazi problemlər, əqli kəndirbazlığın tələb olunması [1, 299] azadlığı köləliyə çevirməkdən başqa bir şey deyildir. Bu cür azadlığın dilə tətbiq olunması dil düşüncəsizliyini meydana çıxarır, ayrı-ayrı azad əqli kəndirbazların hesabına dilin öz azadlığını, dilin öz azad təbiətini, dilin öz azad qayda-qanunlarını əlindən alır. Nəticədə azadlıq köləliyə xidmət etmiş olur. Bu gün dünya dillərində belə bir hal narahat doğuran problem kimi mövcuddur. Bir daha qeyd edək ki, dünyanın fövqəldillərinin və hər bir dilinin başına oyun açan oyunbazlar ziyanlı işlərindən əl çəkmək barədə fikirləşmirlər.
Beləliklə, yeni dil konsepsiyası ilə dilləri yıxmaq, dil daşıyıcılarını kütlə halına salmaq əsas hədəflərdən biri kimi qarşıya məqsəd qoyulmuşdur. Bu proses totalitar rejimin mövcud olduğu cəmiyyətlərdə həyata keçirilmişdir. Milli sözləri, həm də dildə vətəndaşlıq hüququ qazanmış sözləri dəyişdirmək, onların əvəzində bir qisim anlaşılmayan sözlər icat etmək, dilə gətirmək dilin ruhuna, təbiətinə yad olan bir proses kimi mövcud olmuşdur. Bu prosesi dünyanın müxtəlif yerlərində yaşayan millətlər öz dillərinin taleyində necə hiss etdikləri barədə özləri düşünməlidirlər.
Dil quruculuğu prosesi iki istiqamətdə daha çox diqqəti cəlb edir: totalitar rejimin maraqlarına uyğun istiqamətdə və dilin özünün zənginləşməsi istiqamətində. Təbii olaraq belə bir sual meydana çıxır: dil quruculuğu, yaxud dil inqilabı nə üçün lazımdır? Hər şeydən əvvəl, dil quruculuğu, dil inqilabı hər bir cəmiyyətdə olmalıdır. Ona görə ki, bu olmazsa, onda cəmiyyətdə həyata, dünyaya baxış düşüncə səviyyəsi baxımından geridə qala bilər. Cəmiyyətin səviyyəsinin yüksəlməsi üçün mövcud vasitələrdən, yollardan biri dil quruculuğunu, dil inqilabını düzgün həyata keçirməkdir. Buna cəmiyyətin özü inkişaf etmək naminə möhtacdır. Bəlkə də bu barədə çox vaxt fikirləşmirik, ancaq buna möhtac olduğumuzu qəbul etmək məcburiyyətindəyik. Dil quruculuğu, dil inqilabı dil mədəniyyətinin formalaşmasında cəmiyyətə və onun hər bir üzvünə su qədər, hava qədər, çörək qədər lazımdır. Bu lazımlı işin mahiyyəti cəmiyyətə və onun hər bir üzvünə nə qədər aydın olarsa, inkişaf, yüksəliş bir o qədər artar. Təbii ki, dil zəngin və milli dil halına gətirilər. Mədəniyyət, elm dili kimi formalaşar. Sözlərin, kəlmələrin başına heç kəs oyun aça bilməz. Onları yeri gəldi-gəlmədi dəyişdirməz, istədikləri şəkildə tələffüz etməz və işlətməzlər. Bəzən sözlərin, kəlmələrin üzərində kimlərsə oynayır, haqqı çatmayan işlərlə məşğul olurlar. Ancaq unudurlar ki, sözlər, kəlmələr millətindir və millət öz dühasının yaratdıqlarını dəyişdirməyə heç kəsə haqq vermir. Xalqın dühasının yaratdığı zəngin dilə, millətin dilinə hörmət etmək, bu dildən düzgün istifadə etmək hər bir kəsin borcudur.
Ədəbiyyat:
SON...