Modern.az

Maaş artımı pensiyalara da təsir edəcək

Maaş artımı pensiyalara da təsir edəcək

19 İyun 2019, 10:57

Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.

 

Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.

 

Bəzi ekspertlər maaş artımının inflyasiya riskini artırdığını bildirir. Araşdırmalara görə, maaş artımının inflyasiya riski yaratması təbii iqtisadi qanunauyğunluqdur – dövriyyədə pul kütləsi artırsa, inflyasiya riski avtomatik olaraq yaranır.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, Prezident İlham Əliyevin sərəncamı əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin yanvar ayından atılan inqilabi addımların, dərin islahatların davamıdır:

“Əsas məqsəd sosial layihələrin reallaşdırılmasıdır. İlin əvvəlindən bugünədək çox sayda fərman və sərəncamlar imzalanıb. Təxminən 3 milyarda yaxın vəsait xərclənib. İndi belə bir fərmanın verilməsi maaşların artırılmasına səbəb olacaq. 950 min insanın əməkhaqqının artırılması müsbət haldır”.

 

V.Əhmədov qeyd edib ki, maaş artımının inflyasiya artımına təsiri qaçılmazdır:

 

“Biz bunu istəsək də, istəməsək də qiymətlərə təsir göstərəcək və inflyasiya artımı olacaq. Amma inflyasiya artımının birrəqəmli olaraq qorunub saxlanacağına əminəm. Çünki neftin qiyməti yüksəkdir, manatın məzənnəsi sabitdir. Manatın məzənnəsinin qorunub saxlanması üçün Mərkəzi Bank tərəfindən pul kütləsinə ciddi nəzarət olunur. Ona görə də inflyasiyanin 1-2 faiz arasında artımı gözləniləndir. Maaş artımları sentyabrın 1-dən qüvvədə olacaq.

 

Azərbaycanda Prezidenti tərəfindən aparılan dərin islahatların əsas məqsədi əhalinin rifah halının yaxşılaşdırılması, rüşvətxorluğun, korrupsiyanın qarşısının alınamasıdır. Yəni insanlar aldıqları əməkhaqqı ilə özlərini dolandıra bilsinlər, gəlir əldə etmək üçün başqa vasitələrə əl atmasınlar. Minimum əməkhaqqının birdən-birə 70 manat artırılaraq, 180 manatdan 250 manata çatdırılması çox mühümdür. Minimum əməkhaqqının artımı dolayısı ilə pensiyalara da təsir edəcək”.

Deputat hesab edir ki, manatın məzənnəsi üçün risk gözlənilmir:

 

“Ən azından ilin sonunadək manat sabit məzənnədə qalacaq. Yəni bunun üçün kifayət qədər iqtisadi əsaslarımız var”.

 

Parlamentari əhalinin gəlirlərinin artması ilə süni qiymət artımına gedilə biləcəyi ehtimalına da toxunub:

 

“Bəzi monopolistlər, sahibkarlar maaş artacağı eşidən kimi bahalaşmaya gedirlər. Ona görə də hesab edirəm ki, İqtisadiyyat Nazirliyi və aidiyyatı qurumlar bu ərəfədə süni qiymət artımına yol verilməməsinə ciddi nəzarət etməlidirlər. Obyektiv bahalaşma ola bilər, amma subyektiv bahalaşma yolverilməzdir”.

 

V.Əhmədov eyni zamanda deyib ki, maaş artımı bununla kifayətlənməməlidir:

 

“Məhkəmə-hüquq sistemində ciddi islahatlara start verilib. Bəzi hallarda yol verilən qanunsuzluq, rüşvətxorluq hallarının aradan qaldırılması istiqamətində addımlar atılır. Bu addımların davamı kimi sistemdə çalışanların da əməkhaqqı artırılmalıdır ki, rüşvət məsələsi tamamilə aradan qalxsın, insanlar şəffaf işləməyə meylli olsunlar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir