Modern.az

Türkiyədə “B.R.T Azərbaycan” futbol klubuyla təsadüfi görüş - REPORTAJ

Türkiyədə “B.R.T Azərbaycan” futbol klubuyla təsadüfi görüş - REPORTAJ

Aktual

19 İyun 2019, 11:28

Onlarla iki gün öncə təsadüfən rastlaşdıq. İstanbulun Fatih rayonunda yerləşən Memar Sinan Stadionunda futbol oynayırdılar. Öncə burda yaşayan məhəllə sakinləridir, deyə düşündük. Sonra komandanın forması diqqətimizi çəkdi. Komandalardan birinin forması üzərində “B.R.T Azərbaycan” yazılmışdı.  Rəqib komanda isə “Türkmənistan” idi. Oyun çox hərarətli keçirdi. Komandanın məşqçisi Anar Bayramov həyəcanlıydı. Meydanda sanki həvəskar oyunçular deyil, professional bir komanda vardı. Tribunalarsa boş idi. Komandaları izləməyə kimsə gəlməmişdi. Böyük stadionda bircə bizim ailə vardı. Oyunu izlədik, artıq axşam olmuşdu. “B.R.T Azərbaycan” 3-1 hesablı qələbə qazandı. Mən də o gün millimizin son oyunundakı üzgünlüyümü Türkiyədə həvəskar komandamızın qalibiyyəti ilə ovunaraq, atdım.
Bu hiss tam fərqliydi. O günkü qələbə millimizin qələbəsiydi sanki. Hər halda, qərib yerdə kiçik uğurların sevinci də fərqli olur. İdmandan və futboldan çox anlayışım olmasa belə, o gün özümü böyük oyunlardakı idman jurnalisti hesab edirdim. Həvəskar futboldu, amma başqa ölkədə bizim “Azərbaycan”ı görmək fərqli hiss yaşatdı mənə. Geyinmə-soyunma otağına gedən oyunçuların üzlərindəki məsuliyyət, həyəcan tam başqa idi. Əslində ilk dəfə idi ki, oyunlarında öz ölkələrindən olan jurnalist də vardı. 

 

B.RT. Azərbaycan” necə yarandı? 

Türkiyədəki Azərbaycanın həvəskar futbol komandası 2014-cü ildə Anar Bayramovun təşəbbüsü ilə qurulub. “B.R.T Azərbaycan”ın baş məşqçisi olan Anar Bayramov əslində professional futbol oynamayıb. Bizimlə söhbətində dedi ki, komandanı yaratmaqda bir məqsədi olub: "Əslində bu komandanı yaratmaq yalnız mənim fikrim olmayıb. Biz burda azərbaycanlı gənclərlə toplaşıb istirahət günlərində futbol oynayırdıq. Sonra söhbət əsnasında bir komanda qurmaq qərarına gəldik. Çünkü burda başqa millətlərin də belə həvəskar komandaları var. Biz də komandamızı qurduq və onlarla oyunlara qatıldıq".

Baş məşqçı deyir ki, komanda elə qurulan ildə çempion olub. İndi də Türkiyədə yaşayan xarici vətəndaşların, eləcə də azsaylı xalqların, eyni zamanda bələdiyyə və fərqli şirkətlərin həvəskar komandaları ilə oynayırlar. 


Erməniləri "Play-off"dan çıxarıblar


“B.R.T Azərbaycan” hətta Türkiyədə yaşayan ermənilərin komanadasını da iki dəfə udaraq,  onları çempionat oyunlarından uzaqlaşdırıb.

"İki dəfə qələbə çaldıq. Birində 3-0, birində 4-0.  2017-ci ildə onları “Play-off”dan çıxardıq. Ondan sonra ermənilərin komandası bir daha çempionat oyunlarına baş vurmadı".

2014-cü ildə qurulan komanda 1, 2 və 3-cü yerlərin sahibi olub. Komandanın heç bir maddi dəstəyi yoxdu. Anar Bayramovun İstanbulda kiçik bir magazası var. Ordan gələn gəlirlə “B.R.T Azərbaycan”ı ayaqda tutmağa çalışır.

"Əslində nə maddi, nə mənəvi dəstəyimiz var. Amma biz komandayla həvəsdən düşmürük. Komandamızda burda işləyən, tələbə olan gənclər var. Biz onların boş zamanlarının səmərəli keçməsini istəyirik. Başqa işlərə yönəlməsinlər, faydalı olsunlar. Mən İdman Akademiyasını bitirmişəm. Bu da məni idmana sövq edir. Başqa bir ölkədə gənclərimizə bu cür dəstək ola bilirəm. Mənim gücüm buna yetir. Bu fəaliyyətimizdən  də zövq alırıq”. 


"Neftçi"nin keçmiş oyunçusu həvəskar komandada
 


“Komandamızda "Neftçi"nin keçmiş oyunçusu Taleh Qasımov da var. Onun da məsləhətlərindən faydalanırıq. Təbii ki, yardım olsa, daha da yaxşı olar. Çünkü forma lazım olur, məşq etmək üçün stadion icarələnir. Eyni zamanda, komandada tələbələlərin olduğunu nəzərə alsaq, onlara az da olsa maddi yardım etməliyik. Mən kiçik mağazamla bu işlərin öhdəsindən gəlirəm. Kimsədən də yardım istəməmişəm. Çünki biz nə ediriksə, könüllü və sevərək edirik".  

“B.R.T Azərbaycan” komandası iki formayla oyuna çıxır. Bir forma ağ-qara, digəri isə Azərbaycan bayrağını əks etdirir. Hazırda həvəskarlar “Play-off” mərhələsindədir. Bu il də çempion olacaqlarına inanırlar.
Soydaşlarımızla bu qədər söhbət edib, Türkiyədəki həvəskarlardan Azərbaycanın professional milli komandassının oyununa münasibət öyrənməmək olmazdı. Həvəskar komanda millimizin son oyunundan üzülüb:

"Çox həyəcanla izlədik. Amma üzüldük. Biz inanrıq ki, ölkəmizdə futbol inkişaf edəcək. Sadəcə, doğru seçim lazımdır. Futbolumuz başqa idman növlərinə görə çox geri qalır. Yeni oyunçular yetişməlidir. Turnirlər keçirilməli, gənc, dinamik oyunçular kəşf olunmalıdır. Yığma komanda sözdə deyil, əsl komanda olmalıdır. Ümid edirik ki, professionalarımız zamanla bizim kimi həvəskar oynamazlar. Nəhayət onlara açılan imkanları dəyərləndirə biləcəklər"...

Yazının əvvəlindən hər halda hər kəsi düşündürən bir sual var: niyə “B.R.T Azərbaycan”? Biz bunu sona saxladıq. Komandamızın adının açması “Qardaş Azərbaycan”dı. “Qardaş Azərbaycan”a ugurlar diləyirik....



Məhsəti Şərif,
İstanbul

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?