Modern.az

Komitə sədrləri ölkə başçısına təşəkkür etdilər: “Belə irihəcmli maaş artımı…”

Komitə sədrləri ölkə başçısına təşəkkür etdilər: “Belə irihəcmli maaş artımı…”

Parlament

19 İyun 2019, 12:42

Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.

Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.

Ölkə başçısının digər müvafiq sərəncamlarına görə isə bəzi dövlət qurumlarında çalışan şəxslərin maaşı 40 faiz, müəllimlərinki isə 20 faiz artırıldı. Maaşı artan şəxslərin siyahısında müxtəlif sektorlarda – sosial, elm, təhsil, hərbi və s. çalışan insanlar yer alıb.

Prezidentin müvafiq sərəncamlarına Milli Məclisin üzvləri də münasibət bildiriblər.


Parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Modern.az-a deyib ki, ölkə prezidentinin də dediyi kimi, 2019-cu il Azərbaycanda sosial müdafiənin gücləndirilməsi ili olacaq:


“Əgər diqqətlə aparılan işlərə nəzər yetirsək görərik ki, minimum əmək haqqı bu ilin əvvəlində 130 manat həcmində idi. Prezidentin sözügedən son sərəncamı ilə 250 manata qədər artırıldı. Bir il ərzində minimum əməkhaqqı demək olar 2 dəfəyə qədər qaldırılıb. Beləliklə, atılan bu addımların hər birində vətəndaşların rahatlığı ön plana çəkilib. Müəllimlərin, elmi işçilərin, hərbi qulluqçuların, digər srtrukturlarda çalışan şəxslərin əməkhaqqının artırılmasına xüsusi diqqət yetirilir”.

Hadı Rəcəbli xatırladıb ki, tarif cədvəlinin 19 qrafası var və minimum əmək haqqı 250 manata yüksəldikdə bütün qrafalar üzrə artım baş verir:

“Parlamentdə biz bir sıra paket sənədlər, cənab prezidentin daha bir neçə addımlarını da gözləyirik. Düşünürəm ki, bu addımlar ilin sonuna qədər reallaşacaq. Hər bir halda bütün tədbirlər vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edəcək.

Mən ölkə başçısına öz minnətdarlığımı bildirirəm. Sosial müdafiə sistemi ilə uzun illər məşğul olan deputat kimi görülən işlərin maştabını dərk edirəm. Bütün bunların vətəndaşın güzəranının yaxşılaşmasına xidmət edəcəyinə əminəm”.

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli də sərəncamlarla bağlı fikirlərini səsləndirib. O qeyd edib ki, ölkəmizdə bütün sahələrdə çalışan işçilərin, xüsusilə, elm və təhsil sahəsində çalışan şəxslərin əməkhaqqının artırılması çox müsbət addımdır:

“Bu sahədə həyata keçirilən artdıcıl siyasət Azərbaycan dövlətinin elm və təhsil işçilərinə diqqət və qayğısıdır. Bütün islahatlar, əməkhaqlarının artırılması haqqında sərəncamlar inkişafa xidmət edir. Birdən-birə artımın 40 faiz müəyyən olunması indiyə qədərki bəlkə də ən yüksək göstəricidir. Belə irihəcmli artımın baş verməsi həm də Azərbaycanın iqtisadi uğurlarının nəticəsidir. Deməli, ölkə başçısının iqtisadi islahatları böyük bəhrəsini göstərib.

Mən ölkənin bütün ziyalıları adından prezident İlham Əliyevə minnətdarlıığımı bildirirəm. Əmin edirəm ki, xüsusilə elm və təhsil işçiləri bunu yüksək qiymətləndirərək, daha yeni hədəflərə istiqamətlənəcəklər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar