Modern.az

Gözmuncuğu, at nalı… - İnsanların əşyalarla bağlı İNANCLARI

Gözmuncuğu, at nalı… - İnsanların əşyalarla bağlı İNANCLARI

19 İyun 2019, 16:03

Gözmuncuğu İslamdan əvvəl də var idi. Cahiliyyə dövründə uşaqların çiyninə, yaxasına çoxlu gözmuncuğu asılırdı və elə düşünürdülər ki, həmin muncuqlar uşağı xata-baladan qoruyur. Halbuki, gözmuncuğu adlanan rəngli daşlar, şüşələr adi əşyadan başqa bir şey deyil. Həmin əşyalar isə nə bir ziyanın qarşısını almaq, nə də bir xeyir gətirmək xassəsinə malikdir. 

Bəzi alimlər gözmuncuğundakı mavi rəngin gözdən və ya beyindən şüalanan dalğaları udduğunu iddia edirlər. Ancaq təəssüf ki, bu iddianın heç bir elmi əsası yoxdur və sadəcə olaraq, bir iddia kimi qalır.

Dinşünas Hacı Şahin Həsənli də Modern.az-a açıqlamasında bu kimi inancların möhfumatdan ibarət olduğunu bildirib:

“İnsanların əşyalar tərəfindən qorunması tamamilə yanlışdır. Bunun dini və məntiqi statusu yoxdur. İnsan qorunmaq üçün Allaha sığınmalı, ona təvəkkül etməlidir. Gözmuncuğu və bu kimi əşyalardan kimlərsə qazanc kimi istifadə edirlər, satışa çıxarıb pul qazanırlar. Gözmuncuğu ilə yanaşı, at nalından da geniş istifadə olunur. İnsanlar evlərindən at nalını asmaqla evlərini, özlərini nəzərdən qoruduqlarına inanırlar. İnsanlar əşyalara sığındıqda Allaha şərik qoşmuş olurlar. Heç bir əşyanın insanı qorumaq iqtidarı, qabiliyyəti yoxdur və bu kimi inanclar insanların Allaha olan inancını süni istismar etmək deməkdir”.

AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin elmi işçisi Atif İslamzadə qeyd edir ki, inanclarımız xalq mədəniyyətimizdə mühüm yer tutur:

“İnsanların inancaları olmasa, həyata baxışı zəif olur, təbiət etibarı ilə kamil insan deyil, naqis insan hesab olunur. İnanclar müxtəlif cür olur. Onlardan biri də nəzərdəymə məsələsi ilə bağlıdır. Bu, həm folklorumuzda, həm də yazılı ədəbiyyatımızda geniş yer tapıb. Bu barədə mənim düşüncəm tamam fərqlidi. Ümumiyyətlə, bu inanclar bütpərəst mədəniyyətindən gələn inanclardır. Bunlar əşyalara pərəstişdən mədəniyyətə çevrilmiş məsələlərdir.
Gözmuncuğu və bu kimi inanclarla zəif şəkildə insanları İslamdan ayırıb Allahın buyurduqlarından uzaqlaşdırmağa çalışırlar”.

Nuranə DAXİLQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...