Modern.az

Amerika özündən yeni Qarabağ kəşf edə bilməz...

Amerika özündən yeni Qarabağ kəşf edə bilməz...

Analitika

21 İyun 2019, 18:00

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Əslində bu görüşdən nə isə gözləmək sadəlövhlük olardı. Çünki hamı yaxşı bilir ki, Rusiya olan yerdə Amerika özündən yeni Qarabağ kəşf edə bilməz...

 

Hər dəfə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar ortaya atılanda, göz önünə futbolçuların məşq zamanı "3-də 1" oyunu gəlir. Yəni, burada 3 oyunçu 1 nəfəri ortaya salıb topu onlardan alana qədər "işlədir". Bu mənada Moskva, Vaşinqton və Paris adlı "oyunçular" Bakını öz aralarında  "oynadırlar" ki, onu yorub oynamaqdan imtina etdirsinlər. "Topa" de-fakto sahiblik edən İrəvan isə sanki kənarda dayanıb "elə oynayın ki, topum partlamasın" - deyir. Amma təəssüf ki, 25 il ərzində ortalıqda "qaçan" Bakı var gücünü toplayıb bu "topa" bir sanballı təpik vura bilmir ki, o partlasın və bununla da oyun başa çatsın!

 

Qarabağ danışıqları ilə bağlı Azərbaycan cəmiyyəti artıq hansısa möcüzə - işğal altındakı torpaqların sülh yolu ilə azad olunacağı barədə düşünmür. Doğrudur, cəmiyyətin az bir qismi təbiətən "ümid sonda ölür" və birdən hansısa möcüzə olar deyə, bu danışıqlara hələ də inansalar da, görünən odur ki, indiyədək aparılan bu danışıqlardan Qarabağa - xüsusən də Şuşaya qırmızı kofta, yaşıl tuman olmayıb və bu gedişlə olan da deyil.

 

Dünən ATƏT-in "üç muşketyorunun" vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Zoqrab Mnatsakanyanın Qarabağ probleminin çözülməsi üçün Vaşinqtondakı görüşü də növbəti faydasız toplantılardan biri idi. Yəni, əgər hansısa görüşdə əhəmiyyətli dərəcədə nə isə əldə olunmursa, demək onu yalandan bəzəyib-düzəyib ortalığa çıxarmağa ehtiyac yoxdur.

 

Bəzi aparıcı diplomatlar bu görüşlərin keçirilməsini nə qədər vacib hesab etsələr də, hər belə görüşöncəsi və görüşdən sonra tanınmış şəxslərin bildirdikləri fikirlər Qarabağ məsələsinin həllində "görüş yerini" ordu ilə dəyişməyin vacib olduğunu ortaya qoyur.

 

Deputat Asim Mollazadə “ABŞ-ın danışıqlar prosesində təşəbbüsü ələ alması çox müsbət haldır” deyərək - "Bu məqam əslində digər ölkələrin münaqişənin həllini öz monopoliyasına götürmək məsələsini azaldıb... Biz gözləyirik ki, Ermənistan sülh istiqamətində ciddi addım atsın. Mənə elə gəlir ki, ABŞ hakimiyyətində hazırda ermənilərlə bağlı olmayan qüvvələr təmsil olunur" – söyləyib. 

 

Burada onu qeyd edək ki, ABŞ Cənubi Qafqazda öz maraqlarından çıxış edərək bu danışıqlarda özünü nə qədər irəli versə də, yaxşı bilir ki, "yerin yiyəsi" Rusiyadır. Bu da məlumdur ki, nə qədər Rusiya var, Ermənistan sülh istiqamətində ciddi addımlar atmaq istəsə belə, buna imkan verilməyəcək. ABŞ hakimiyyətində hazırda ermənilərlə bağlı qüvvələrin olmamasına gəlincə isə, bu, tamamilə yalnışdır. Ən azı elə buna bu günlərdə ABŞ Konqresinin üzvü və erməni diasporu ilə sıx əməkdaşlıq edən Ticey Koksun təşəbbüsü ilə, Konqresin Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki qondarılmış rejimə güya ərazilərin minalardan təmizlənməsi və reabilitasiya xidmətlərinə sərf olunması üçün 1,5 milyon dollar vəsaitin ayrılmasını təsdiqləməsi açıq sübütdur.

 

Deputat Aqil Abbas isə "Erməni tərəfi və ATƏT həmsədrləri çalışırlar ki, Azərbaycanı nəticəsiz danışıqlara çəkərək, vaxt qazansınlar... ATƏT 26 ildə nə edib ki, bundan sonra da neyləsin… Azərbaycan düşmənin qarşısında konkret məsələ qoymalıdır" - deyir. 

Bəli, ermənilər özləri üçün sözün əsl mənasında vaxt udmaq, amma ATƏT-i təmsil edən "üç muşketyor" isə indiyədək tuluqlarına tökdükləri ikra, konyakdan hələ də doymadıqları üçün işin uzanmasında daha çox maraqlıdırlar. Yəqin ki, əgər onlar bu qədər gəl-getdə təkcə quru soğan çörək yesəydilər haqsızlığın nə qədər acı olduğunu bilib Azərbaycan xalqı üçün içləri göynəyərdi. Sözsüz ki, Azərbaycan düşmənin qarşısında konkret məsələ qoyub, amma buna əhəmiyyət verən yoxdur. Ona görə də Azərbaycan qoyduğu bu məsələyə məğlub durumda susub baxdıqca bu belə də davam edəcək. Odur ki, Azərbaycan bu "məsələni" topla vurub göyə qaldırmalıdır ki, "qayada yatmış olan dünya" bu topun səsindən oyansın. 

Xocalıdan olan deputat Elman Məmmədov isə - "...Ermənilər həyasızcasına deyirlər ki, bir qarış da geri çəkilmək niyyətində deyillər, guya hansısa ölkənin torpağını işğal etməyiblər, "tarixi", "böyük Ermənistan" torpaqlarını "azad ediblər"... Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də ermənilərin mövqeyini təsdiqləyir. Niyə işğalçıya və işğala məruz qalana münasibət eyni olmalıdır? Ona görə də belə görüşlərdən müsbət nəticə gözlənilmir. Azərbaycan Ordusu düşməni darmadağın edərək ərazilərindən çıxarmalıdır" - deyir.

Əlbəttə, 30 ilə yaxın bir zaman ərzində qanunsuz olsa da "özəlləşdirilmiş" bir ərazidən kim öz xoşu ilə çıxmaq istəyər ki? Artıq Qarabağ erməniləri psixoloji olaraq o yerləri "dədələrinin evi" hesab edirlər. O üzdən də, utanmadan - "Qarabağın 100-dən 50 faizi hələ də Azərbaycanın işğalı altındadır" deyirlər. Dünyada işğalçıya və işğala məruz qalana münasibətin eyni olmaması üçün, bəli, məhz Azərbaycan Ordusu düşməni darmadağın edərək öz ərazilərindən çıxarmalıdır! Çünki dünya artıq çoxdan güclü-gücsüz dünyası olub. 

Baxın, indi nəinki Azərbaycanda Qarabağ danışıqları ilə bağlı ümidi qırılmışlar, hətta MDB İnstitutunun direktoru, rusiyalı ekspert Aleksandr Markarov da bu görüşdən əvvəl öz şərhində - "Məmmədyarov-Mnatsakanyan görüşündə münaqişənin həllindən çox, atəşkəs rejiminin pozulmaması və son vaxtlar hər iki tərəfdən verilən itkilərin müzakirəsi gözlənilir" - deyirdi, həmçinin, münaqişənin həllində ciddi irəliləyişin olacağına da inanmadığını ifadə edirdi.

Amma erməni icmalçısı Akop Badalyanın şərhinə görə isə, Vaşinqtonda danışıqlar zamanı Paşinyanın 12 martda "Artsax"la bağlı yeni strategiyası - burada, Madrid prinsipindən diplomatik qaydalarla imtina edilməsi nəzərdə tutulur. Akop öz  şərhində ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltona istinadən qeyd edir ki, ABŞ bu bölgəyə sülh gətirmək niyyətindədir. Bu isə "Stepanakertin" adı çəkilən erməni strategiyası ilə uzlaşır. Çünki ABŞ-ın bu yanaşması Madrid prinsipindən imtina olunmasını ortaya gətirir və bununlada Azərbaycanın müharibə etmək səlahiyyəti və ya imkanı əlindən alınır.

Amma bu arada Ermənistan "paşası" Nikol Paşinyanın iyunun 19-da parlamentdə çıxışı zamanı Dağlıq Qarabağla bağlı deputatların suallarını cavalandırarkən - "Müharibə bitməyib" deməsi, Azərbaycan müdafiə naziri Zakir Həsənovun "Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır" deməsi ilə tam uyğun gəlir. Çünki, bu danışıqların mənasız və səmərəsiz olduğunu görüncə sonda əsl sözü həqiqətən də Azərbaycan ordusu deyəcəyinə hamı ayaqda duraraq inanır!

 

Məmmədyarov-Mnatsakanyan görüşünün nəticəsi barədə rəsmi açıqlamaya gəlincə isə, ənənəvi olaraq  - "Hesab edirik ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir" kimi deyilən sözlər cəmiyyət üçün artıq yorucu və mənasız səslənir.

 

Sonda onu deyək ki, əslində Elmar Məmmədyarovla Zoqrab Mnatsakanyanın Qarabağ probleminin çözülməsi üçün, məhz Vaşinqtondakı görüşdən nə isə yaxşı bir şey gözləmək sadəlövhlük olardı. Çünki hamı yaxşı bilir ki, Rusiya olan yerdə Amerika özündən yeni Qarabağ kəşf edə bilməz...

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı