Modern.az

Banklar əhalidən əmanəti 12 faizlə götürür, krediti 25 faizlə verir - MÜSAHİBƏ

Banklar əhalidən əmanəti 12 faizlə götürür, krediti 25 faizlə verir - MÜSAHİBƏ

24 İyun 2019, 08:36

Banklarda kredit faizlərinin yüksək olması hər zamankı kimi gündəmin müzakirə mövzularındandır. Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov mövzu ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.


- Yunus müəllim, Azərbaycanda bank faizlərinin yüksək olması hər zaman müzakirə mövzusu olub. Deputat Vahid Əhmədovun efirdən səsləndirdiyi "hansı səbəblə banklar əhalidən əmanəti 12 faizlə götürür, amma krediti 25 faizlə verir" fikirləri müzakirələri daha da qızışdırıb. Bizə bu sualın cavabı maraqlıdır...

- Dünyanın elə bir ölkəsi yoxdur ki, orada bütün şəxslər bank faizlərilə razı olsunlar. İnkişaf etməkdə olan ölkələrdə kredit fazilərinin yüksəkliyi narazılıq doğursa da, inkişaf etmiş ölkələrdə depozit faizlərinin aşağı olmasından gileylənirlər.


- Bəs nəyə görə hər kəsi razı salacaq bir faiz dərəcəsi yoxdur və ya bir-biri ilə rəqabət aparan banklar məhsullarına olan tələbi artırmaq üçün faizləri insanların istəyinə tam uyğunlaşdırmırlar?

- Əlbəttə ki, banklar öz müştəri bazasını artırmaq və ya ən azından onların sayını qorumaq üçün öz xidmətlərinin qiymətini və kredit faizlərinin səviyyəsini imkan verilən həddə qədər aşağıda saxlamağa çalışırlar. Lakin, iqtisadi nəzəriyyənin diktə etdiyi kimi, istənilən məhsulun və xidmətin bazarda formalaşan optimal bir qiyməti var. Əgər hər hansı bir şirkət məhsulunu və xidmətini bu optimal səviyyədən yuxarı və ya aşağı satarsa, itkilərlə üzləşəcək. Başqa sözlə, satıcı 10 manata olan məhsulunu 50 manata satmaq istəsə, bu zaman məhsuluna olan tələb o qədər azalar ki, zərərə düşə bilər.

Başqa sözlə, hər bir iqtisadiyyatda faiz dərəcələri hər nə qədər banklar təyin etmiş kimi görünsə də, əslində həmin maliyyə bazarının şərtlərinə uyğun olaraq formalaşır. Bu bazar amillərin əksər hissəsi isə bankların təsir dairəsindən kənardadır.


- Kreditlərin faizlərinin formalaşmasına təsir edən əsas amillər hansılardır?

- Kredit faizlərinin formalaşmasına bir neçə amil təsir edir. Birincisi, vəsaitin cəlb edilməsi mənbəyidir. Azərbaycan bankları üçün əsas maliyyə mənbəyi onların öhdəliklərinin təqribən dörddə üçünü təşkil edən depozitlərdir. Statistikaya əsasən, ölkədə manat depozitləri üzrə orta faiz dərəcəsi təqribən 10%-dir. Lakin bilmək lazımdır ki, depozit banka cəlb edildiyi faizdən daha baha başa gəlir. Çünki bank ani likvidlik zərurətini nəzərə alaraq, onun yalnız müəyyən hissəsini, 70%-ni kreditə verə bilir. Bu səbəbdən artıq depozit banka 13%-ə başa gəlir. Həmçinin depozit banka daxil olduğu gün kreditə çevrilmir, bu müəyyən müddət alır. Məsələn, depozit ayın əvvəli banka daxil olsa da, kredit üçün müştənin banka gəlməsi, lazımi sənədləri banka təhvil verməsi, onun qiymətləndirilməsi və kreditin rəsmiləşdirilməsi müəyyən vaxt tələb edir. Başqa sözlə, bank artıq bir aylıq faiz ödənişini itirmiş olur. Bu isə artıq depozitin xərcinin 14%-ə qalxmasına səbəbdir.

İkinci amil inzibati xərclərlə bağlıdır. Banklar depozit faizlərindən əlavə xərclərlə də üzləşirlər. Belə ki, filial, şöbə və ATM şəbəkəsinin saxlanılması, işçilərə əmək haqqının ödənilməsi, bankın İT sisteminin qurulması və yenilənməsi, təhlükəsizlik, ehtiyat ayırmaları və s. kimi istiqamətlərə xərclənən vəsaitlər olduqca böyükdür. Bu inzibati xərclər də hər bir kreditin dəyərində orta hesabla 5%-dək təşkil edir. Nəticədə kredit üzrə faiz dərəcəsi artıq 19% həddinə çatmış olur.

Üçüncüsü, risk premyasıdır. Elə bir iqtisadiyyat yoxdur ki, verilən bütün kreditlər tam və vaxtında qaytarılsın. Azərbaycan burada istisna təşkil etmir. Lakin vaxtında qaytarılmayan bu növ kreditlərin ümumi kredit portfelindəki çəkisi, şübhəsiz ki, fərqli olur. İstənilən halda verilən kreditlərin bir hissəsində problem meydana gələ bilir. Ölkədə bu tip kreditlərin həcmi təəssüf ki, az deyildir (ümumi portfelin 11.6%). Düzdür, əksər hallarda bank bu məbləğin bir hissəsini məhkəmə yolu ilə qaytarmağa nail olur. Amma nəzərə almaq lazımdır ki, bu tip məhkəmə prosesləri heç də qısa çəkmir. Bəzən illərlə davam edən işlərlə üzləşirik. Bundan sonra isə bir o qədər uzun çəkən icra prosesləri başlayır. Beləliklə, bank uzun müddət sonra həmin vəsaitin geri qayıtmasını təmin edir. Bu proses müddətində banklar faizlərin hesablanmasını müəyyən hissədə dayandırırlar amma depozitlər üzrə faizlər hələ də ödənməkdədir. Bəzən bir illik kredit üçün həmin məbləğin mənbəyi olan depozitə iki-üç il, bəzən isə daha çox müddət faiz ödənilməli olur.

Qeyd edim ki, faiz itkiləri ilə yanaşı, bu tip məhkəmə və icra prosesləri, həmçinin, girovun reallaşdırılması əlavə xərclərlə (vergilər və rüsumlar) müşahidə edilir. Bu isə bankları hazırkı dövrdə ən azı 8-10%-lik risk premyası tətbiq etməyə məcbur edir. Nəticədə isə kreditlərin faiz dərəcələri orta hesabla 27-29%-ə gəlib çıxır.

Əksər hallarda günahın banklarda olduğu deyilsə də, yuxarıda sadalan səbəblər bunun stereotip olduğunun göstəricisidir. Banklar özləri də aşağı faizlərlə kredit verməkdə maraqlıdırlar. Çünki, yüksək faizlər kreditin geri qayıtmama riskini artıran amildir. Lakin yuxarıda sadaladığımız amillərə bank sektorunun birbaşa təsiri olduqca zəifdir və bu proseslər kompleks olaraq tənzimlənməlidir.


- Bəs hazırkı tendensiya nəyi göstərir?

- Artıq ölkə iqtisadiyyatı olaraq, mürəkkəb bir makroiqtisadi sınağı geridə qoyduq. Bu dövr maliyyə sektoru üçün çətin olsa da, yeniliklərin tətbiqi ilə də yadda qaldı. Özəl kredit bürosunun yaranması, daşınar əmlak reyestrinin və zəmanət mexanizminin formalaşdırılması çox uğurlu nailiyyətdir və bundan sonrakı dövrdə bütün bu tədbirlər risklərin azaldılmasına və nəticədə kredit faizlərinin aşağı düşməsinə gətirib çıxaracaq.

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası nəticəsində qeyri-işlək olan kreditlər yenidən iqtisadiyyata, aktiv dövriyyəyə daxil edilib və ölkədə biznes fəaliyyətinin aşağı faizlərlə maliyyələşdirilməsinə imkan yaranıb.

Bundan əlavə, ölkədə nağdsız iqtisadiyyatın payının artırılması və bankların rəqəmsallaşdırılması istiqamətində atılan addımlar bankların xərclərinin azalmasına, sərbəst likvid vəsaitlərin artmasına imkan yaradacaq ki, bu da faizlərin azalmasına imkan verəcək.

Hesab edirik ki, Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrasından sonra risk premyası azalacaq və bu da kredit faizlərinin enməsinə gətirəcək.

Özəl sektor hesabına verilən kreditlərin də faizlərinin endirilməsinə nail olmaq üçün atılmalı olan digər addımlar isə yenidənmaliyyələşdirmənin artırılması, likvidlik risklərinin azaldılması üçün yerli qiymətli kağızlar bazarının aktivliyinin yüksəldilməsi, xaricdən vəsait cəlb edən zaman valyuta risklərini sığortalamaq üçün münasib hedcing alətlərin təklif edilməsidir. Ən əsası isə maliyyə savadlığının və banklara olan inamın artırılmasıdır, çünki maliyyə sektoru pul üzərində deyil, əslində inam üzərində qurulan bir sistemdir.


- Ölkə başçısının fiziki şəxslərin problemli kreditlərilə bağlı imzaladığı fərman banklara hansı şəkildə təsir etdi? Faktiki olaraq banklar üçün hansı risklər səciyyəvidir?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin fevral ayının 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınım  icrası nəticəsində problemli kreditlərin həcmində böyük bir azalma baş verdi.

31 may 2019-cu il tarixinə 562 min nəfər fiziki şəxs üçün Maliyyə Naziliyi tərəfindən 600,1 mln manatlıq kompensasiya ayrıldı. Bu vəsaitin 48.1%-i ödəniş müddəti keçmiş kreditlərinə yönəldildi, 51.9%-i isə vətəndaşların sərəncamına verildi.

Bütövlükdə Fərman çərçivəsində 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silindi və bu proses davam etməkdədir. Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlandı, restrukturizasiya proseslərinə start verilməklə bu günə 10 mindən çox borcalanın 11 milyon manatdan artıq məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edildi və bu proses cari ilin sonunadək davam edəcək.

Banklar üçün burada görünən mümkün risk isə valyuta mövqelərinin pisləşməsi idi. Çünki, dollarla verilmiş kredit artıq manatla restrukturizasiya edilir. Lakin bu riskin özü də Fərman hazırlanan zaman nəzərə alınıb və banklara dollarda qiymətli kağızlar təklif ediləcək.


- Hazırda maliyyə bazarlarında və bank sektorunda liberallaşma hansı səviyyədədir?

- Bu gün Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən 30 bankın 28-i, yəni 93.3%-i özəldir. Aktivlərin həcmi baxımından isə bu pay 70.6% təşkil edir. Əlavə edim ki, 96 bank olmayan kredit təşkilatdan isə yalnız biri dövlət kapitallıdır.

Ümumilikdə Azərbaycan bank sektorunda özəl sektorun üstünlük təşkil etdiyini və yüksək liberallaşma səviyyəsində olduğunu demək mümkündür.


- Yunus müəllim, əmanət və kreditlərin ötən ilin müvafiq dövrü ilə müqayisəsi maraqlıdır…

- 2019-cu ilin may ayının əvvəlinə iqtisadiyyata kredit qoyuluşlarının həcmi 13011,4 mln. manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 10,1% və ya 1195,6 mln. manat yüksəkdir. Hazırda kreditlərin dollarlaşma əmsalı hesabat dövründə 35,7%-ə bərabərdir, baxmayaq ki, ötən ilin anoloji dövründə bu göstərici 39.2% təşkil edirdi.

Əhalinin əmanətlərinin həcmi də anoloji müqayisədə 10,6% və ya 833,6 mln. manat artaraq, 8715 mln. manata yüksəlib. Əmanətlərin dollarlaşma əmsalı isə bir il ərzində 4.9 faiz bəndi azalaraq 1 may 2019-cu ilə 58.5% təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır