Modern.az

Tarixdə iz qoyanlar: Məşədi İbadı meymuna oxşadan “intelligent” - Mustafa Mərdanov + FOTOLAR

Tarixdə iz qoyanlar: Məşədi İbadı meymuna oxşadan “intelligent” - Mustafa Mərdanov + FOTOLAR

28 Fevral 2021, 11:02

28 fevral tarixi onun doğum günüdür

Modern.az
 saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.


Azərbaycanın görkəmli teatr xadimi Mustafa Mərdanov 28 fevral 1894-cü ildə İranın Mərənd şəhərində tacir ailəsində anadan olub. Görkəmli aktyorun böyük səhnəyə gəlişi onun Tiflis oğlan gimnaziyasında oxuduğu illərə təsadüf edib. O, 1909-cu ildə Zubalov adına Xalq teatrında müsəlman dram dərnəyi tərəfindən qoyulan tamaşalarda istirak etməyə başlayır. Daha sonralar Mustafa Mərdanovun böyük teatr ustası Hüseyn Ərəblinski ilə tanışlığı onun gələcək səhnə fəaliyyətində əhəmiyyətli rol oynayır.

Mustafa Mərdanov 1920-ci ildə “Qızıl Azərbaycan” təbliğat qatarında rejissor kimi fəaliyyət göstərib. 1922-ci ildə isə Gürcüstan SSR Xalq Maarif Komissarlığı tərəfindən Tiflis Türk Dram Teatrının direktoru təyin olunub.


1923-cü ildə Bakıya gələn M.Mərdanov Azərbaycan Dövlət Teatr İncəsənəti İnstitutunu bitirərək Azərbaycan Dövlət Dram Teatrına işə qəbul olunur. Ömrünün 55 ilini incəsənətə həsr edən görkəmli səhnə ustası məhz bu teatrda istər klassik, istərsə də müasir həyatdan bəhs edən 200-dən artıq tamaşada müxtəlif səpkili obrazlara həyat verib. Bunlardan İmamverdi, Əbdül, Dönməz (“1905-ci il”, “Solğun çiçəklər”, “Od gəlini” – C.Cabbarlı), Həsənov, Alışov ( “Həyat”, “Kəndçi qızı” – M.İbrahimov), Şmaqi (“Günahsız müqəssirlər” – A.Ostrovski), Mürşüd (“Xoşbəxtlər” – S.Rəhman), Fiqaro (“Fiqaronun toyu” – P.Bomarşe), Vəzir (“Vaqif” – S.Vurğun), Bərbərzadə (“Atayevlər ailəsi” – İ.Əfəndiyev), Xlestyakov (“Müfəttiş” – N.Qoqol), Polonya, Kapuletti, Malvolio, Rodriqo (“Hamlet”, “Romeo və Culyetta”, “12-ci gecə”, “Otello” – V.Şekspir) kimi rolları sadalamaq olar.


Onun səhnə fəaliyyəti kinodakı işi ilə də sıx bağlı olub. “Bismillah” (muzdur Qulu), “Müxtəlif sahillərdə” (Abbas), “Hacı Qara” (Kərəməli), “26 Bakı komissarları” (menşevik), “Sevil” (Atakişi), “Bakılı” (menşevik), “Fətəli xan” (Şirin kişi), “Kəndlilər” (Təhməz, bu filmi aktyorun kiçik qardaşı Səməd Mərdanov çəkib), “O olmasın, bu olsun” (Həsən bəy), “Əhməd haradadır” (Məmməd kişi), “Səbuhi” (akademiya rəisi), “Görüş” (Əsgər), “Qanun naminə”(Murtuzov), “Qara daşlar” (Dəmirov), “Lətif” (Ələsgər) kimi filmlərə çəkilmiş Mustafa Mərdanov teatrda olduğu qədər, kino sahəsində də parlaq və yaddaqalan obrazlar yaradıb.


Mustafa Mərdanov Bakı şəhər radio yayım studiyasının yarandığı ilk günlərdən bu təşkilatla əməkdaşlıq edib. Əvvəlcə rejissor, daha sonra mətn oxucusu və radio teatrı ifaçısı kimi fəaliyyət göstərib. Bundan əlavə, böyük səhnə ustası öz ədəbi fəaliyyəti ilə tanınıb. Onun 50-dən çox rus dilindən Azərbaycan dilinə olan pyes tərcümələri ilə yanaşı, çoxsaylı xatirələri, memuarları və Azərbaycanın tanınmış teatr ustaları haqqında monoqrafiyaları var.


Mustafa Mərdanov incəsənət sahəsindəki xidmətlərinə görə dövlət tərəfindən Azərbaycan SSR-in Xalq artisti fəxri adına layiq görülüb (1943). Böyük səhnə ustası iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni ilə yanaşı, digər yüksək mükafatlarla da təltif olunub.  


Bu gün görkəmli səhnə ustasının həyat və yaradıcılığını əks etdirən sənədlər Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunmaqdadır. Sənədlərin ilk hissəsi aktyorun özü tərəfindən 1966-cı ildə, daha bir hissəsi vəfatından sonra ailəsi tərəfindən Arxivə təhvil verilib. 1970-ci ildə isə sənədlər elmi-texniki cəhətdən işlənərək fond siyahısı tərtib olunub. 93 nömrəli fondda toplanan sənədlər 361 saxlama vahidindən ibarətdir. 
Fondda Azərbaycan teatr sənətinin tədqiqatçıları üçün kifayət qədər zəngin məlumat bazası toplanıb.



Cavid MƏMMƏDLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi