Modern.az

Bir var idi, bir yox... - Varislər HAQQINDA

Bir var idi, bir yox... - Varislər HAQQINDA

26 İyun 2019, 10:09

Teatrda yeni tamaşa... İlgiz Zeyniyev “Varislər”... Diqqətimi çəkdi. İlk dəfə eşidirdim dramaturqun adını. Araşdırdım. Tatar dramaturqudur. Türkdür. Hətta müsahiblərinin birində deyib ki, mən sübut edəcəm ki, Tatar dramaturgiyası heç də rus dramaturgiyasından geri qalmır. Xoşum gəldi. İddialıdır. Gəncdir. Əsərinin adı da əslində “Burqanın evi”dir. Rejissor Bəhram Osmanov “Varislər” adlandırıb tamaşanın adını. Bəlkə də tamaşaçıların diqqətini Burqanın evindən çox varislərə yönəltmək istədiyi üçün belə edib. Hər şey ola bilər. Rejissor tamaşaya qoyduğu əsərin ikinci yazarı sayılır. İxtiyar onun əlindədir. İstəyər “Burqanın evi” qoyar, istəyər “Varislər”.

Əlqərəz, gəldik teatra. Üç nəfər idik. Dəvətnaməmiz də əlimizdə. Qapıdan keçdik. Qalxdıq yuxarı. Tez gəlmişdik. Bir az foyedə söhbət etdik. 1-ci zəng vuruldu. Tamaşanın başlamasına 20 dəqiqə var idi. Qərara gəldik içəri keçib şəkil çəkdirək. Əhvalımız çox yaxşı idi. İçəriyə daxil olub ən arxa oturacaqda oturaraq, çantamda telefonumu axtarırdım ki, nəzarətçi yaxınlaşdı.

- Xanım, yeriniz haradı?

- Sıra 11 yer 32-33

- Xanım keçin yerinizə.

- Tamaşanın başlamağına 15 dəqiqə qalıb. Şəkil çəkdirib keçəcəyik. Telefon axtarıram- deyib işimlə məşğul olmağa başladım.

- Xanım durun keçin yerinizə

- Dedim ki, keçəcəm. (Səbrim tükənməyə başlayırdı.)

- Xanım, yerin sahibi gəlsə, sizi burdan durğuzacam. Xoşunuza gələcək? 3-cü zəngdə qabaqda boş yerlərə keçərsiz. İndi yerinizə keçin.

- Bir dönün zala baxın. Cəmi 5 nəfər adam var. Hələ heç kim gəlməyib. Qabaq yer də mənə lazım deyil. Sizə dedim ki yerimə keçəcəm. Yerin sahibi tez gəlsə, durğuzarsız, xətrimə dəyməyəcək. Narahat olmayın. Əl çəkin məndən-deyib üzümü çevirdim.

Əhvalım pozuldu. Qanım da qaraldı. Nəinki mənim, hətta yanımda olan qızların da əhvalı korlanmışdı.  Teatra nə üçün gəldiyimiz də ağlımızdan çıxdı.  Bir anlıq tamaşaya baxmadan üz çevirib getmək keçdi içimdən. Amma dostlar xatirinə getmədim. Qurban olsun dostlara -deyib qaldım. Sonra da deyirlər TEATR MƏBƏDDİR...

Nəhayət, 3-cü zəng vuruldu. Mənim üçün ikinci tamaşa başladı. Birincisi nəzarətçi ilə yaşadığım tamaşa idi. Baş rolda da özüm. İkinci tamaşa isə “Varislər”.

Pərdələr açıldı...Köhnə, böyük ev. Nəzərə alsaq ki, Burqan kəndin sayılıb seçilən kişilərindən olub, ev onun meşşan biri olduğunu göstərir. Ev böyük olsa da, əşyalar köhnədir, dekorasiyadan nimdaşlıq yağır.  Burqanın 3-dür. Yas məclisi verilib. Özü də yüksək səviyyədə. Gün sona yetib.  Ev sahibləri nəhayət istirahət edəcəklər. İki qonşu qadın hələ getməyib. Dərdləşirlər. Hərənin öz dərdi də özünə dəvə boydadı. Onlar söhbət edərkən diqqətimi ayaqlarındakı qaloş çəkdi və  səsləri yavaş yavaş uzaqlaşdı və qaloşlar mənimçün səhnə boyda oldu. Bu yaxınlarda Aydın Talıbzadənin yazdığı “Qaloş və Mefistofel” yazısında qaloş haqqında dediklərini xatırladım.

“Qaloş qara, parıltılı bir cisimdir. Rezindən hazırlanar. Tarixi bir filan qədər. Yağışda, tufanda, qar və çovğunda camaat ondan istifadə edər ki, sürüşməsin, ayaqları islanmasın. Kəndistan əhli üçün misli yoxdur. Amma heç bir evdə onu içəri buraxmazlar. Çünki yaş olar, palçıq olar. Hara getsə aləmi ləkələr, bulaşdırar. Odur ki, qapıda cütlənib qalar məlul-məlul sahibini gözlər”.

Tamaşada isə tam əksinə, qaloş xalaların ayağından sona qədər çıxmır. Bu da məndə çaşqınlıq yaratdı. Məclis evdəmi keçirilib, yoxsa evin həyətindəmi. Sona qədər bunu çözməyə çalışdım. Bunu çözmək isə çox vacib idi. Tamaşanın sonunu anlamaq üçün.


Bu iki eyni, par-par parıldıyan qaloşları geyinən xalaları birləşdirən bir dərd var, o da ev dərdidi. Biri Burqanın evi kimi böyük ev istəyir, digəri isə evinin öləndən sonra kimə qalacağını dərd edir. Tamaşa zamanı məni bir sual düşündürürdü: Görəsən evmi insana xoşbəxtlik gətirir, yoxsa içindəki insanlar mı? Amma bir nüans da var, ev nə qədər böyük olarsa, bir o qədər soyuq olar. Ailə üzvləri bir birindən uzaq olar. Burqanın evi də çox böyükdür.  İçində sobası da var. Ocağı var. Amma bu soba daha yanmır. Köhnədir. Ətrafına heç kim toplaşmır. “Ocağın sönməsin” deyərlər bizlərdə. Burqanın ocağı isə çoxdan sönüb. Bəlkə də uşaqların anası öləndə söndü bu ocaq və evdəkilər pərən-pərən oldular. Hərəsi bir tərəfə çəkildi. Axı uşaq atadan yox, anadan yetim qalır. Bəlkə uşaqlar Burqandan həm də ana nəvazişi görmək istəyirdilər. Burqan isə ikinci arvad alıb daha da soyutdu ocağı. Uzaqlaşdı övladlarından. Onların səhvlərini həzm edə bilmədi. Sərt qərarlar verdi.


Amma verdiyi səhv qərarlar üçün peşiman olmaq artıq çox  gecdi. Çünki Burqan ölüb. Burqan yoxdu. Dünən var idi, bu gün yoxdu. Bir var idi, bir yoxdu. Bir zamanlar evdən uzaq düşmüş övladlar indi bir aradadır. Amma doğma deyillər sanki. Bir soyuqluq, bir yadlıq var. İçlərində isə bir ümid. Yenidən bərabər olmaq ümidi. Ocağı yandırmaq və hər şeyi təzədən başlamaq. Amma sən saydığını say, gör fələk nə sayır...


Qədimlərdən belə bir inanc var ki, deyilənə görə tavanı hündür evlərdə cinlər, əcinnələr, ruhlar məskən salarmış. Bir dəfə bu haqda oxuyanda elə qorxmuşdum ki, hətta evimizin hündürlüyünü də ölçmüşdüm. Tavanımız kiçik olduğu üçün sevinmişdim də. Uşaq olanda insan inanclara daha çox inanır. Tamaşada Burqanın evinin də tavanının böyük, hündür olması bir neçə dəfə vurğulandığı üçün məni bu haqda yenidən düşünməyə vadar etdi. Bəlkə doğrudan hündür tavanlı evlərdə gözəgörünməz məxluqlar yaşayır. Bəlkə aranı qatan onlardı? Əlbəttə ki, belə fikir yalnız gülünc doğura bilər. İnsan bineyi qədimdən öz səhvlərinə bəraət qazanmaq üçün günahlarını gözə görünməzlərin üstünə atır. Adəmlə Həvva kimi...Burqanın övladları kimi...


3 oğul, iki qız, həyat yoldaşı və ev...Burqandan qalanlar. Tamaşa boyu Tolstoyun bir sözü ağlıma gəlirdi: “Bütün xoşbəxtlər eynidi, bədbəxtlər isə hərəsi bir cür bədbəxtdi”.
Burqanın övladları da hərəsi bir cür bədbəxtdir. Böyük oğlu Bəynəzər atasının qərarı ilə hərbçi olub. Ailəsindən ayrılıb. Gəncliyində çox sevdiyi sinif yoldaşı atasının ikinci arvadıdır. İkinci oğlu Bəybulat sayılıb-seçilən hüquqşünaslardan olsa da əlləri qana bulaşıb. Şərikinin qatilidir. Bəyazit isə atasının sevgisinə həsrət qalan kiçik oğuldur. Ailəsi olmadan övlad dünyaya gətirən qızını bağışlamayan Burqan onu evdən qovub. Ayrı anadan olan kiçik qızı da evi tərk etmək istəyir. 2-ci arvadı Əminə də gənclik sevgisinə qovuşa bilməmiş, evdə qalmasın deyə Burqana ərə gəlməyə razı olmuşdu. Bitmiş, tükənmiş, bədbəxt varislər...


Qəribəsi odur ki, bu övladlar varis olsalar da, Bəyazitdən başqa heç kim evə sahib çıxmaq istəmir. Ev onlar üçün cəhənnəm yuvasıdı. Hər daşında, divarında ağrılı acılı xatirələr var. Atalarının eledikləri haqsızlıqlar sanki övladların boğazında düyünlənib. Hayqırmaq, üsyan etmək istəyirlər amma etmirlər. Unutmaq istəyirlər . Unutmaq üçünsə tez bir zamanda övladlıq borcunu yerinə yetirərək çıxıb getmək, qaçmaq istəyirlər. Qaça bilirlərmi?..


Tamaşa iki hissədən ibarətdir. Əvvəldə qeyd etdiyim kimi, səhnə tərtibatı öncə normal görünsə də, ikinci hissədə sanki ön plana çıxır. Bəlkə də buna səbəb aktrisaların, aktyorların  stolun üstündə oturaraq söhbət etmələri idi.  Bu da çox yersiz və vulqar görünürdü. Axı səhnə etikası və estetikası deyilən bir nəsnə də var...


Bəynəzəri ifa edən aktyor İlham Əsədov. Bir çox tamaşalarda ifasını görsəm də, bu rol sanki digərlərindən fərqlənirdi. Daha ağır, daha xarakterik və daxili aləmini, dərin hiss və duyğularını  yavaş-yavaş açan obraz idi və aktyor bunun öhdəsindən layiqincə gəlmişdi. Əsl hərbçi xarakterini yaradırdı. Soyuqqanlı, səbrli, ehtiyatlı...Daim püskürməyə hazır bir vulkan kimi...


Bəybulat- Manaf Dadaşov. İçki düşkünü deyil,amma içki içir. Yavaş yavaş intihara sürükləyir özünü. Əzab verə-verə cəzalandırır özünü. Əli şərikinin qanına bulaşıb, sifarişlə oldürtdürüb. Səsində bəzən sönüklük, bəzən inciklik, bəzən üsyan, bəzən balaca, köməksiz bir uşaqlıq hiss olunur. Saflıq var səsində. Gücsüz görünür, amma elə deyil. Sadəcə tükənib. Gözlərdə isə peşimanlıq hiss olunur. Obraz sanki boyuna biçilib aktyorun. Nə eksik, nə artıq...Bu obraza baxanda hiss olunur ki, Burqanın övladlarının itirilmiş, yaşanmamış uşaqlıq və gənclik illəri qalıb. Və illər keçsə də bu uşaqlar o illərdə ilişib qalıblar.


Banat- aktrisa Nəsibə Eldarova rolunun öhdəsindən layiqincə gəldi. 3 qardaşın bir bacısı. Kədərli olsa da, gözlərində parıltı var. Ümidlidir. Qardaşı Bəybulatın ona ev almasını unutmur. Bəybulatı cəhənnəm yuvasından qurtarmaq üçün dil tökür. Alınmır. Aktrisa nə qədər yüngül həyat tərzi yaşayan qadın obrazını yaratsa da, gözəlliyi, səsi və hərəkətləri tam əksini söyləyir. 3 qardaşın bədbəxt bacısı və 3 qardaşa ana əvəzi...


Bəyazit- aktyor Rasim Cəfər. Evin kiçik oğlu. Cılız, amma hirsli və kobud.  Bir az da aqressiv. Ağalıq iddiasındadır. Hər xirda hadisəyə bağıraraq reaksiya verir. Səsi özündən böyük aktyordu Rasim. Və tamaşada səsindən çox gözəl istifadə edir. Burqan evi onun adına yazdırıb deyəsən. Bəlkə də yazdırmayıb. Sadəcə ev adət-ənənəyə görə kiçik oğula, yəni ona qalıb. Ata ocağının sönməsini istəmir Bəyazit. Həvəslidir. Arzularla yaşayır. Atası onun idealıdır. Allahıdır. Hər addımında “atamız belə edərdi, atamız belə deyərdi” söyləyir. Hər nəfəsində atasını xatırlayır. Amma o atasını nə qədər çox istəsə də, tam əksi, atası onu heç vaxt sevməyib. Bəyazit də arada sanki sönür. Tükənir. Atam heç vaxt məni çox istəməyib- deyərək gerçəklə üz-zə dayanır. Unutmağa çalışdığı gerçəklə. Bəlkə də Bəyazit atası üçün ayna idi. Burqan Bəyazitdə özünü gördüyü üçün bəlkə də sevə bilmirdi. Özü kimi kobud, qurnaz və ağılsız olduğu üçün bəlkə də...


Burqanın ikinci arvadı Əminə-aktrisa İlqarə T. Həm gözəl, həm də məsum gözləri ilə elə ilk səhnədə qəlbə yol tapır. Ögey analar çox vaxt qəddar olurlar, övladlarına ögey olduqlarını hiss elətdirirlər. Amma Əminə tamam başqa idi. Cəhənnəm yuvasına düşmüş bir mələk idi. Amma nə qədər mələk olsa da uşaqların anası deyildi. Və tamaşa boyu bu hiss olunurdu. Çünki ana elə onlarla eyni yaşda idi.


Kəlimulla- Elşən Çarhanlı. Sanki təlxəyi xatırladırdı. Həmişə əhval-ruhiyyəsi yerində olan hiyləgər təlxəyi. Burqanın vaxtında evin kandarından keçməyə belə cürət etməyən Kəlimullanın indi ayağını bu evdən kəsmək olmur. Evdə hər hansı bir söz söhbət onun əhvalını daha da yaxşılaşdırır. Sevinir. Atlar ölüb itin bayramıdı. Məqsədi Burqanın ocağını söndürməkdi. Sonda məqsədinə çatsa da, özü də evsiz qalır. Arvadı dəli olub evi yandırır.  Amma ən böyük zərbəni də Bəyazitə vurur. Aysulu adlı küçə qadınını Bəyazitə gəlin etməklə ailə üzvlərini qarşı-qarşıya qoyur. Baxmayaraq ki, Aysulunun bətnindəki uşağın atası özüdür. Bəyazit Aysulunun hamilə olduğunu bilirdi, amma atasının Kəlimulla olduğunu biləndə isə dünya başına uçur. Ümidləri, arzuları puç olur. Artıq ev ona dar gəlir. Cəhənnəmi xatırladır. Çıxış yolunu evi yandırmaqda görür.  Aktyorun tamaşa zamanı Bəşir Səfəroğlunu təqlid etməsi çox yersiz idi.  

 
Əvvəldə qeyd etdiyim kimi tamaşanın sonuna qədər bu qaloş məsələsi məni  çaşdırdı. Və tamaşanın sonu mənə qaranlıq qaldı.  Qaloş geyinən qonşu xalalar söhbət edir. Biri Kəlimullanın arvadıdır. Dəli olub evini yandırıb və artıq rahat ölə bilər deyir. Arxada Bəyazit evə benzin tökür. Kibriti yandırır kibrit yanmır, yandırır yanmır. Bəybulat da stulların üstündə yuxuya gedir. Bu zaman göydən qar yağır. Bizi tamaşadan ayırır. Yəni ev yanırmı? İçində yalnız Bəyazit ölürmü, yoxsa Bəybulat ,qonşu xalalar da daxildi. Səhnə tərtibatının zəif olması bunu daha aydın çözməyə imkan vermir. Bəlkə də rejissor da elə bunu istəyirdi sonluq qaranlıq qalsın. Sonluğu tamaşaçılar özü düşünsün. Özü yazsın. Dəqiq deyə bilmərəm. Türk dramaturgiyasına hər zaman öz yaradıcılığında yer ayıran Bəhram Osmanov sözünü demiş rejissorlardandı. Aktyor seçimində isə çox nadir hallarda yanılır. Almaz gözü var onda. Əsəri oxuya-oxuya artıq aktyorlarını seçir. Amma nədənsə Burqanın kiçik qızını ifa edən aktrisanı elə bil düzgün seçməyib.  Yarada bilmirdi obrazı.  Obraz əyninə biçilməmişdi. Sona qədər də obrazı yox sanki özünü oynadı. Üzündəki qrim isə ifrat dərəcədə olduğu üçün maska effekti verirdi. Üz ifadəni oxumaq mümkün deyildi. Atasının ölüm ərəfəsində bu qədər qrim lazım idimi? Qeyd etdiyim digər aktyorlar isə zatən teatrın qaymaqlarıdır. Obrazları ilə bütöv vəhdət təşkil edirdilər. Sanki onlar üçün biçilmişdi obrazlar.


 Bəli, bir var idi, bir yox idi. Bir vardılar, bir yox oldular. Burqan öldü. 40 gün sonra oğlu Bəynəzər və iki qızı maşınla uçuruma yuvarlandı. Var idilər, yox oldular. Bir il keçdi. Oğlu Bəyazit də evi yandırdı. Ev yandı külə döndü. Külü də göyə sovruldu. Var idi, yox oldu. Bəybulat da zatən diriykən ölmüş kimydi. Burqanın ocağı söndü. Ocağını yandıran bir varis belə qalmadı.  Bir var idi, bir yox idi. Əslində həyatda olan bütün hadisələr də elə “Bir var idi, bir yox idi” kəlməsinin içində baş verir.

  

Amaliya

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir