Modern.az

BÖYÜK ZƏFƏRƏ hazır Azərbaycan Ordusu...

BÖYÜK ZƏFƏRƏ hazır Azərbaycan Ordusu...

26 İyun 2019, 10:16

Elman Babayev


Azərbaycan Ordusu bu gün elə bir səviyyəyə gəlib çatıb ki, onun gücünə, istənilən an işğal altındakı torpaqları qısa müddətdə azad etmək imkanlarına malik olmasına heç kim şübhə etmir.  


90-cı illərin əvvəllərində hələ tam formalaşmayan, dağınıq vəziyyətdə, ayrı-ayrı silahlı dəstələrdən ibarət olan silahlı qüvvələrin yerində, hazırda regionda ən güclü, bütün dünyada isə öz imkanlarına görə 50-ci yerdə qərarlaşan Azərbaycan Ordusu var. Və ordumuz sözün həqiqi mənasında hamının fəxr, güvən yerinə çevrilib! 


Qısa müddətdə Azərbaycan Ordusunun ən güclülər sırasında yer almağa başlamasında o vaxtkı Ali Baş Komandan Heydər Əliyevin dəmir iradəsi, seçdiyi düzgün taktika əsas rol oynayıb.  Ölkədə müstəqilliyi yenidən qazandıqdan sonrakı vəziyyət hamıya məlumdur. 1993-cü ildə Heydər Əliyev təkcə ölkəni dağılmış vəziyyətdə təhvil almamışdı, eyni acınacaqlı durum ölkənin bel sütunu olan silahlı qüvvələrdə də hökm sürürdü. Məhz Heydər Əliyev şəxsiyyəti, nizam-intizamı pərən-pərən olmuş ordunu yenidən qurmağa imkan verdi...

Bölgədə sabitliyin ermənilər tərəfindən pozulması, torpaqların işğalı, eyni zamanda konfliktin həlli yönündə beynəlxalq müstəvidəki ayrı-ayrı müzakirələrin xoşagəlməyən məcrada getməsi Azərbaycandan hərbi siyasətini gücləndirməyi tələb edirdi. 1994-cü ildə atəşkəs əldə edildi və həmin dövrdə büdcədən hərbi sahəyə ayrılmaların kifayət qədər az olmasına rəğmən, ordu quruculuğuna başlanıldı. O zaman ölkənin məhdud iqtisadi gəlirləri hərbi xərcləri yüksəltməyə əsas verməsə də, Heydər Əliyev faktoru nizamlı ordu qurculuğunun həyata vəsiqə qazanmasında əsas rol oynadı.

Yaradılan güclü iqtisadiyyat 2000-ci ildən etibarən, hərbi büdcədə artımların müşahidə olunmasına gətirib çıxartdı. Artıq illərdir ki, hərbi sahə dövlət siyasətində xüsusi prioritetlik qazanıb və bu sahəyə vəsaitlər dinamik olaraq artırılıb. 


Sonrakı mərhələdə prezident Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu ilə bağlı yaradılan mükəmməl baza əsasında müasir silahlarla təchiz olunmuş qüdrətli ordu yaratmağa nail oldu. Özünün prezidentliyi dönəmində İlham Əliyev bu məsələni ölkənin bir nömrəli məsələsinə çevirdi və neft gəlirlərinin açdığı imkan sayəsində orduya ayrılan vəsaitlərlə bağlı rəqəmlər sürətlə dəyişdi...

Fakt ondan ibarətdir ki, Azərbayçan atəşkəsin pozulması səbəbindən bu gün ciddi şəkildə hərbi situasiyanın içərisindədir, belə bir vəziyyət hərbi büdcəni stabil saxlamamağı, ordunu daha da gücləndirməyi tələb edir. Son dövrlər ermənilərin sərhəd boyu pozduğu atəşkəsə Azərbayçan tərəfindən sarsıdıcı cavab reaksiyası var və bu da artıq yalnız qələbələrə susamış, qələbə istəyi digər təminatlarla tamamlanan ordunun varlığının əyani göstəricisidir.

Xatırlatmaq yerinə düşər ki, 2016-cı il aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi tərəfindən Ermənistan silahlı qüvvələri darmadağın edildi və döyüş meydanında ölkəmizin üstünlüyü təmin olundu.  2018-ci ilin may ayında isə Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı zamanı torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad olunması bir daha ordumuzun nəyə qadir olduğunu nümayiş etdirdi.

Bu gün Azərbaycan  Ermənistanla müharibənin növbəti dalğasına tam hazırdır və itirilən torpaqların geri alınması prinsipial şəkildə qarşıya qoyulur. Burada söhbət silah-sursatın, iri hərbi texnikanın əldə olunması ilə yanaşı, peşəkar hərbi kadrların hazırlanması, ordunun beynəlxalq standartlara uyğunlaşdırılması, döyüşçülərdə maddi stimul yaratmaq, onların sosial təminatını həll etməyə kimi məsələlərdən gedir. Hazırda Azərbaycan Ordusu bütün bu məsələlər üzrə ciddi irəliləyişlərə nail olub.

Ötən illərdə hərbi büdcənin artımı təkcə rəqəmlərdən ibarət fərəhləndirici iqtisadi göstərici deyil, həm də Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin, açıq desək, müharibə ilə ilgili planlarının  dünyaya təbliğidir. Yəni, hərbi büdcənin durmadan irəliləməsi Azərbaycanın müharibə ilə bağlı imkanlarını əsaslı şəkildə sübuta yetirir.

Bu siyasətin qətiyyətli, prinsipial şəkildə aparılması dünya çapında güclü Azərbaycan Ordusu meydana çıxarıb. Yeni müasir silah, texnika, avadanlıqla təmin olunmuş, infrastrukturu yenilənmiş, döyüş qabiliyyətini daim artıran, sosial bazası gücləndirilən, peşəkarların cəmləşdiyi bir Ordu...

Ali Baş Komandanın vurğuladığı kimi nüharibə hələ bitməyib. Müharibənin Azərbaycanın xeyrinə bitməsində isə ordumuz öz  sözünü deməkdədir; istər cəbhədə, istərsə də danışıqlar masasında inamın, qətiyyətin, əzmin müəllifi Azərbaycan Ordusudur! Azərbaycandır!.. 
Zamanını gözləyən, Azərbaycanın qürur yeri Silahlı Qüvvələrimiz -101 yaşın mübarək!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir