Modern.az

20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı

20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı

27 İyun 2019, 11:50

Bakı şəhər Prokurorluğu dönərdən zəhərlənmə ilə bağlı məlumat yayıb.

 

Prokurorluqdan Modern.az-a verilən məlumata görə, iyunun 25-də 20 nəfər Bakı şəhər sakini “qida zəhərlənməsi” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər qeyd edilən tarixdə paytaxtın Xətai rayonu, Babək prospekti 65 ünvanda yerləşən maşın bazarında fəaliyyət göstərən “Qədir xum” adlı dönərxanadan dönər alıb yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət ediblər.

 

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə dönərxanaya baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

 

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. İnsanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

 

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?