Modern.az

Naxçıvan Dövlət Universiteti tələbələrinə kitab sovqatı...

Naxçıvan Dövlət Universiteti tələbələrinə kitab sovqatı...

28 İyun 2019, 21:14

Bu ilin mart ayında, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyinə həsr edilən, Naxçıvan xanlığının tarixindən bəhs edən “Ehsan xan Kəngərli” tamaşasının premyerasında iştirak etmək üçün, tarixi əsərin müəllifi Xaqani Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Zülfiyyə Eldarqızı və əməkdar artist Sərvər Əliyev Naxçıvana səfər ediblər. Həmin ərəfədə Naxçıvan Dövlət Universitetinin incəsənət fakultəsində təhsil alan tələbələrlə görüşləri zamanı, onlar tələbələr  üçün zəruri olan əlavə dərs vəsaitləri göndərməyə söz veriblər. Bu günlərdə Naxçıvan Mədəniyyət Nazirliyinin məsul işçisi, Universitetin müəllimi, xalq artisti Kamran Quliyevdən kitabları tələbələrə çatdırmağı xahiş edən ziyalılar, gənclərə məktub da ünvanlayıblar. Məktubda deyilir:

“Əziz tələbələr!

Bu bir həqiqətdir ki, kitab tədris materialı olmaqla, maarifçilik yükünü daşımaqla, keçmiş və müasir mədəniyyət düşüncəsini  birləşdirməklə, yeni nəslin vətənpərvərlik tərbiyəsini, milli-mənəvi özünüdərki zənginləşdirir və daha da möhkəmləndirir. Kitab oxuyarkən axtardığımız suallara cavablar tapırıq, təfəkkürümüz qidalanıb genişlənir.  Elm mənbəyi olan kitab fərd kimi yox,  məhz şəxs  kimi yetişməyimizə kömək edir.

Gəncliyimizin savadlı böyüməsi üçün valideynlərimiz, müəllimlərimiz, ziyalılarımız, ədiblərimiz, dövlət xadimlərimiz öz məsləhət və qayğılarını heç vaxt əsirgəmirlər. Dediyimizin bariz nümunəsi olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin  “ Oxunması zəruri olan kitablar haqqında” imzaladığı sərəncamı göstərə bilərik. Gənc nəslin ŞƏXSİYYƏT kimi yetişməsinə kömək edəcək bu sərəncam, kitab oxumağa  valideyn çağırışıdır. Azərbaycan gəncində vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşmasına yardım edəcək  mükəmməl və müdrik ağsaqqal məsləhətidir. Yalnız insana məxsus olan,  heç vaxt köhnəlməyən daxili və zahiri hissləri öz vərəqlərində yaşadan kitablara verilən yüksək ziyalı qiyməti və dəyərdir.


Biz, yaşlı nəsil, son zamanlara qədər kitabın insanların bir-birinə bağışladığı  ən yaxşı, ən qiymətli və ən dəyərli ənənəvi hədiyyə olduğunun şahidiyik.  Onu da bilirik ki,  qədim zamanlarda  kitabların satılması qəti qadağan  idi. Ona görə ki, kitab elm, bilik mənbəyidir və savad Allahın insana hədiyyəsi kimi qəbul edilirdi. Gəlin ənənələri bərpa etməyə çalışaq. Kitabı sevək, əzizləyərək oxuyaq, qiymətli hədiyyə kimi dostlarımıza, sevdiyimiz insanlara bağışlayaq.


Əziz tələbələr! 

Çox çətin, xüsusi istedad, bacarıq və zəhmət tələb edən  sənət seçdiyinizə görə, cəsarətinizə heyran olmamaq olmur. Məqsədinizə çatmaq, Vətənə, mədəniyyətimizə layiqli övlad kimi yetişməyiniz üçün, böyüklərin məsləhətlərinə əməl etməli, usanmadan kitab oxumalı və savadlı olmalısıniz. İnanırıq ki, seçdiyiniz sənətin qaranlıq məqamlarını anlamaqda, yaxşı mütəxəssis kimi yetişməkdə  oxunması vacib olan  bu fənn və dərslik kitabları yardımçınız olacaq. Çox istərdik ki, onları sevə-sevə, düşünərək, anlayaraq  oxuyasınız.  Çünki əsl ziyalı fiziki güc ilə yox, məhz mütaliə etməklə yetişir, onun daşıyıcısı olduğu mədəniyyəti isə anlayaraq oxuduğu kitablarla formalaşır.      


Əziz tələbələr!

Hədiyyə olaraq sizə göndərdiyimiz kitablar bu gün təhsilinizdə, sabah isə  yaradıcılıq  uğurları qazanmağınızda  yardımçınız olacaq.            

Gələcəyimizin sahibi olacaq Siz gənclərə, kövrək addımlar atmağa başladığınız həyat yolunda, uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir