Modern.az

“Qrant verən nazirliklər “SƏLİS xidmət” proqramından yararlanmalıdır” - Aqil Camal

“Qrant verən nazirliklər “SƏLİS xidmət” proqramından yararlanmalıdır” - Aqil Camal

Media

1 İyul 2019, 09:06

“Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən tətbiq edilən “SƏLİS xidmət” proqramı Şuranın qrant müsabiqələrində iştirak edən və müsabiqə qalibi olan QHT-lər tərəfindən böyük rəğbətlə qarşılanıb”.

Modern.az xəbər verir ki, bu fikirləri “Ortaq Dəyərlər” İctimai Brliyinin sədri, “Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru Aqil Camal bildirib.

QHT sədrinin sözlərinə görə, istər Şuranın müsabiqəsinə layihə təqdim edilməsində, layihələrin qiymətləndirilməsində, istərsə də qalib olduqdan sonra müqavilələrin bağlanmasında, layihələrin icrası prosesində və hesabatların verilməsində mükəmməl bir elektron xidmət yaradılıb: 

“Şura əməkdaşları ilə canlı ünsiyyət olmadan bu proqram vasitəsilə qrant verən dövlət qurumu ilə qrantı qazanan QHT koordinasiyalı şəkildə layihələrin icrasını həyata keçirir. Həmçinin, şəffaflığının daha da təmini üçün müvafiq dövlət qurumlarına elektron sistemə daxil olaraq prosesin gedişatını izləmək imkanı verilib. Hesab edirəm ki, qrant müsabiqələri elan edən digər dövlət qurumları şəffaflığı təmin etmək üçün “SƏLİS xidmət”dən yararlanmalıdır”.

A.Camal bəzi dövlət qurumlarının keçirdikləri qrant müsabiqələrindən QHT-lərin narazı qaldığını vurğulayıb: 
“Bir sıra dövlət qurumları - nazirlik və ya komitələr il ərzində dövlət büdcəsi hesabına qrant müsabiqələri elan edirlər. Amma bu müsabiqələr bir qədər konfidensial şəkildə həyata keçirilir. Müsabiqə qısa müddətə elan olunur, qaliblərin müəyyənləşdirilməsində meyarlar bəlli olmur, bəzən heç müsabiqənin nəticələri də topluma açıqlanmır. Lakin, məlumatlar göstərir ki, bu müsabiqələrdə adətən eyni təşkilatlar qalib gəlir, özü də babat məbləğlərdə qrantlarla... Bu da, müsabiqədən kənarda qalan ayrı-ayrı sahələr üzrə profilləşmiş QHT-lərdə haqlı narazılıq yaradır”.


QHT sədri təklif edir ki, qrant müsabiqələri keçirən dövlət qurumları bu mövzuda onlara yönəlmiş irad və şikayətləri aradan qaldırmaqda və bu işdə şəffaflığı təmin etməkdə maraqlıdırlarsa Şuranın hazırlayıb tətbiq etdiyi “SƏLİS xidmət” proqramından yararlana bilərlər: 
“Axı nə üçün nazirlik və komitələrin keçirdiyi qrant müsabiqələrində həmişə eyni təşkilatlar qalib olmalıdır? Profilləşmiş QHT-lər isə yalnız Şuranın ümidinə buraxılmaılıdır? Məncə, yuxarı rəhbərlik qrant verən dövlət qurumları qarşısında “SƏLİS xidmət”dən istifadəni bir qayda kimi qoymalıdır. Bununla, həm daha çox sayda QHT-nin bu müsabiqələrdə iştirakına yaşıl işıq yandırılar, həm də, Şuranın yükü bir az yüngülləşər”.

A.Camal bildirir ki, bu təklifi ötən həftə Şura sədri, millət vəkili Azay Quliyevin keçirdiyi brifinqdə səsləndirib: “Hörmətli Azay müəllim bu təklifə həssas yanaşdı, eyni zamanda bildirdi ki, “SƏLİS xidmət”dən yararlanmaq dövlət qurumlarının öz seçiminə bağlıdır. Əgər bu yöndə onlardan bir təşəbbüs olarsa, Şura öz köməkliyini göstərməyə hazırdır”.    

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir