Modern.az

Bəxtiyar Əliyev: “Fransada xalq sonda öz sözünü deyəcək”

Bəxtiyar Əliyev: “Fransada xalq sonda öz sözünü deyəcək”

24 Yanvar 2012, 20:53

“Fransa Senatının qəbul etdiyi qanun demokratiya və söz azadlığına ağır zərbədir, Avropa dəyərləri üçün böyük təhlükədir”. Milli Məclisin elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev “Mediaforum” saytına belə deyib.

Fransa Senatı yanvarın 23-də “erməni soyqırımı”nı inkar edənlərə qarşı 1 il həbs və 45 min avro cərimə cəzalarını nəzərdə tutan qanun qəbul edib.

Bəxtiyar Əliyev qeyd edib ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyasına üzv olmaqla məhz Avropa cəmiyyətindəki demokratik prinsiplərə və hüququn aliliyinə öz sadiqliyini göstərib: “Azərbaycan bu dəyərlər əsasında demokratiyanın daha da dərinləşməsi, söz və mətbuat azadlığının daha əhatəli formada təmin olunması üçün ciddi addımlar atıb. Amma Fransa Senatında qəbul olunan qanun Avropada bu dəyərlərə necə ciddi zərbə vurulduğunu göstərir. Bu, Fransanın son illər müəyyən mənada siyasi konyunktura əsasında siyasət yürütmək cəhdinin göstəricisidir. Hesab edirəm ki, bu, yanlış bir addımdır və yalnız Fransa üçün deyil, bütövlükdə Avropa və dünyada gedən demokratik proseslər, söz azadlığı üçün çox pis nümunədir”.

Bəzi qüvvələrin qondarma “erməni soyqırımı” məsələsini uzun illərdir gündəmdə saxladığını vurğulayan Bəxtiyar Əliyev hesab edir ki, Türkiyə bununla bağlı obyektiv və ədalətli mövqe ortaya qoyub: “Bir xalqın soyqırımına məruz qalması haqda uydurma fikirlər səsləndirilir. Türkiyə bu məsələnin araşdırılması üçün bütün arxivləri açmağa, tarixi faktların araşdırılmasına şərait yaratmağa hazır olduğunu bəyan edib. Eyni zamanda bu araşdırmalar əsasında məsələyə hüquqi qiymət verilməsinə razılaşıb. Amma Ermənistan və onu müdafiə edən dövlətlər bu fikri dəstəkləmədi. Əksinə, hansısa siyasi gedişlər etdilər.

Bəzi Avropa dövlətlərinin liderlərinin “Türkiyəni heç bir vəchlə Avropa İttifaqına buraxmaq olmaz” fikri onu göstərir ki, burada heç də demokratik dəyərlərdən söhbət getmir. Bunun arxasında hansısa siyasi maraqlar, münasibətlər dayanır. Bu isə ikili standartlardır. XX əsrin sonunda Azərbaycan xalqına qarşı bütün dünyanın gözünün önündə Ermənistan tərəfindən həyata keçirilən Xocalı soyqırımı tanınmır, buna hüquqi qiymət verilmir. Amma baş verməyən, uydurulmuş məsələyə bu cür yanaşılır. Bu, Fransa kimi demokratik bir dövlətin imicinə zərbə vurur”.

Komitə sədrinin müavini bildirib ki, qəbul olunan qanun Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyini, bu prosesdə tərəfsiz vasitəçi olmasını da şübhə altına alır: “Mən işğal altında olan Ağdam şəhərinin deputatıyam. Bu günlərdə məcburi köçkünlərlə keçirdiyim görüşlərdə onların səsləndirdiyi bir fikri xüsusi qeyd etmək istəyirəm. Məcburi köçkünlər Ermənistanın işğal etdiyi torpaqların Fransa tərəfindən geri qaytarılmasına artıq şübhə ilə yanaşırlar. Məcburi köçkünlər Fransanın bu problemin həllinə ədalətli səy göstərəcəyinə inamlarını itiriblər və xahiş edirlər ki, onların fikrini deputat kimi beynəlxalq tribunalardan səsləndirək, Fransa rəsmilərinə və ictimaiyyətinə çatdıraq.

Hesab edirəm ki, Fransada demokratik ənənələri dəstəkləyən siyasi qüvvələr və xalq sonda öz sözünü deyəcək və heç zaman imkan verməyəcəklər ki, Avropada bu cür ikili standartlar cəmiyyət, dünya üçün təhlükə yaradan həddə gəlib çatsın. Bu qanun heç bir demokratik prinsipə uyğun gəlmir və insan haqlarının ən kobud formada pozulması kimi qiymətləndirilməlidir. Amma bu qanun Türkiyə, Azərbaycan və Fransa xalqları arasında problem yarada bilməz. Çünki Fransa xalqı bu qanunu dəstəkləmir. Bu, Fransanın bəzi siyasətçilərinin müəyyən məqsədlər üçün atdığı addımdır. Qanunun qəbulunda da ciddi pozuntulara yol verilib. Senatın üzvlərindən xeyli hissəsi iclasda iştirak etməsə də, kimlərsə onların yerinə səs verib. Bu da qəbuledilməzdir”. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir