Modern.az

Deputatlar Rusiyadakı iş adamı Füzuli Məmmədovu yaxşı tanımırlar

Deputatlar Rusiyadakı iş adamı Füzuli Məmmədovu yaxşı tanımırlar

6 İyul 2019, 08:53

Xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamları, varlı biznesmenlərə Azərbaycan ictimaiyyətində birmənalı münasibət yoxdur. Səbəb onların vətən üçün etdiklərinə bağlıdır.  Onlar arasında Azərbaycan üçün mühüm işlər görənlər də var, yalnız öz maraqlarını qoruyanlar da.


Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Füzuli Məmmədov ölkəmizdə tanınan milyarderlərdəndir. Füzuli Məmmədov “İntersever” şirkətlər qrupunun rəhbəridir.

Füzuli Məmmədov 1963-cü ilin, fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1983-cü ildə Naxçıvandan Rusiyaya köçən F.Məmmədov, 1989-cu ildən “İnterserver” şirkətinin prezidenti vəzifəsində çalışır.
O, həm də bir neçə diaspor təşkilatına rəhbərlik edir. F.Məmmədov Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun, Rusiya Azərbaycanlıları İttifaqının rəhbəridir.

XX əsrin 90-cı illərində bir müddət siyasətlə məşğul olan Füzuli Məmmədovun Azərbaycanda "XXI əsr Azərbaycan" adlı partiyası fəaliyyət göstərib. Lakin sonradan partiya buraxılıb.


Hazırda Rusiyada fəaliyyət göstərən milyonçunun doğulub boya-başa çatdığı ölkəyə - Azərbaycana, öz xalqına nə dərəcədə can yandırdığını azərbaycanlı deputatların dilindən eşidək...  Millət vəkilləri onu necə tanıyırlar?



Milli Məclisin komitə sədri Eldar İbrahimov Füzuli Məmmədov haqqında ümumiyyətlə məlumatsız olduğunu bildirib:


“Mən bu haqda danışmaq istəmirəm, çünki məlumatsızam. Bilmədiyim mövzu barədə danışa bilmərəm”.


Deputat  Elman Məmmədov bildirib ki, o, Füzuli Məmmədovun Azərbaycana etdiyi köməklik barədə hansısa məlumata malik deyil:


“Lakin mən Azərbaycandan kənarda yaşayan soydaşlarımızla, təbii ki, onların yaxşı fəaliyyəti ilə, həmin ölkələrdə tutduqları müsbət mövqeləri ilə həmişə fəxr edirəm, qürur duyuram. Onlara can sağlığı arzulayıram. Ümumiyyətlə,  Azərbaycanda kənarda yaşayan bir çox şəxsiyyətlərimiz var ki, hər sahədə ölkəmizi layiqincə təmsil edirlər. Bütün sahələrdə - elm, incəsənət, idmanda tanınan soydaşlarımız, o cümlədən uğurlu fəaliyyət göstərən iş adamlarımız var. Təbii ki, onlarla da fəxr edirik. Arzu edirik ki, onların da Azərbaycanla əlaqəsi mütamadi olsun, bu bağlar möhkəm olsun, Azərbaycanımızın inkişafında onların da müəyyən rolları olsun.

Füzuli Məmmədovla isə şəxsi tanışlığım yoxdur, amma haqqında eşitmişəm. Azərbaycanlı milyarder kimi tanıyıram, lakin fəaliyyəti ilə, özü ilə tanışlığım yoxdur. Təbii ki, haqqında müsbət fikirdəyəm. Mən Azərbaycanı xaricdə layiqincə təmsil edən hər kəslə fəxr edirəm”.


Milli Məclisin deputatı Hikmət Babaoğlu öz fikirlərini Moder.az-la bölüşüb:


“Ümumi deyə bilərəm ki, hər bir ölkənin, hər bir xalqın hər hansı bir sahədə önə çıxan, ətraflı şəkildə maliyyə əldə etməyə çalışan nümayəndələri var. Təbii ki, Azərbaycan da istisna deyil. Həmin şəxsləri aristokratmı adlandıraq, iş adamımı  bilmirəm, heç şübhəsiz, bütün hallarda xaricdəki azərbaycanlı iş admaları, biznesmenlər əldə etdiyi qazancdan müəyyən qismi ilə Azərbaycan xalqının maraqlarına da xidmət etməlidir. Çünki hər bir insan öz millətinin qarşısında məsuliyyət daşıyır. Buna görə də mən arzu edərdim ki, digər xalqların (adını çəkmək istəmirəm) öndə olan milyarderləri, iş adamları kimi azərbaycanlı milyarderlərimiz də Azərbaycanın ümumi problemlərinin həllində, diasporun güclənməsində və Azərbaycandan kənarda ölkəmizin maraqlarının qorunmasında əliaçıq olsunlar. Çünki Azərbaycan hər bir azərbaycanlının vətənidir. Şübhəsiz ki, elə iş adamlarımız var ki, Azərbaycan üçün yaxşı işlər görüblər. Bəzən milyarderlər o qədər kapital əldə edirlər ki, xərcləməyə yer də tapmırlar. Mən düşünürəm ki, hər kəs ölkəsinin milli maraqlarına sahib çıxmalıdır.

Füzuli Məmmədova gəldikdə isə mən bu barədə danışmaq istəmirəm”.

 

Nuranə DAXİLQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir