Arxiv
22 Dekabr 2009, 11:54 | REPORTAJ
"Azadlıq" yubileyini qeyd etməyəcək

20 YAŞLI QƏZETDƏN REPORTAJ Dekabrın 24-də “Azadlıq» qəzetinin ilk sayının işıq üzü görməsinin 20 ili tamam olur. Baş redaktoru həbsdə olan qəzetin kollektivi ad günü necə və harada qeyd edəcək? Yoxsa bu dəfə də kollektiv ad gününü keçirməyəcək? Bu və digər suallarımıza cavab almaq üçün “Redaksiyalardan reportaj” rubrikasının növbəti ünvanı kimi “Azadlıq” qəzetini seçdik. Düşündük ki, həm həmkarlarımızı təbrik edər, həm də kollektivi oxuculara tanıdarıq.

 

"Azadlıq"ın tarixindən: İlk sayı 1989-cu ildə 200 min tirajla çıxan qəzet indiyədək o qədər məşhur yazarlar yola salıb ki... Nəcəf Nəcəfov, Sabit Bağırov, Hikmət Hacızadə, Ağamalı Sadiq Əfəndi, Səfər Alışarlı, Ədalət Tahirzadə, Vaqif Səmədoğlu, Gündüz Tahirli, Afaq Vasifqızı və s. 1989-un son və 1990-nın ilk günlərində qəzetin ikisi rusca olmaqla 6 sayı işıq üzü görüb. 20 Yanvar hadisələrindən sonra «Azadlıq»ı bir də 1990-nın avqust ayında bərpa etmək mümkün olub. 1991-ci ilin payızına qədər qəzetə N.Nəcəfov rəhbərlik edib. 1991-1994-cü illərdə baş redaktor Qənimət Zahid olub. 1994-cü ildən 2001-ci ilədək “Azadlıq”a Gündüz Tahirli, 2001-ci ildən 2003-cü ilədək Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildə isə Qənimət Zahid yenidən baş redaktor postuna qaytarılıb. İndi baş direktor olan Azər Əhmədov 1989-cu ildə qəzetin məsul katibi olaraq çalışmağa başlayıb. 1994-cü ildə isə baş direktor postu yaradılıb və bu iş ona tapşırılıb. Azərbaycan qəzetçiliyində bir çox ənənələr məhz «Azadlıq»a aiddir. Məsələn A:3 formatlı qəzetlərə 6 sütunluğu “Azadlıq” gətirib. Azərbaycanda ilk dəfə olaraq məhz bu qəzetin materialları kompüterdə yığılmağa başlayıb.
Həmişə olduğu kimi gedəcəyim ünvanla bir ğün öncədən əlaqə saxladım. Amma digər redaksiyalardan fərqli olaraq mənə “Azadlıq”a xeyli gec-saat 12:00-da gəlməyi məsləhət bildilər. Dedilər ki, onlarda iş həmin vaxtda başlayır. Əvvəlcə zarafat edildiyini düşünsəm də, sonra deyilənlərə inanmalı oldum. “Quantanamo”da...

Yenə tanış məkan-“Azərbaycan” Nəşriyyatı... Təxminən yarım saat gözlədikdən sonra 9-cu mərtəbədə yerləşən “Azadlıq”a dəvət olundum. Redaksiyanın qapısını açıb içəri daxil olanda orada cəmi 3 nəfərlə qarşılaşdım. Saatın əqrəbləri 12.00-ni geridə qoysa da, kollektivin əksər üzvləri hələ işə gəlməmişdi.  ”Azadlıq”ın redaktoru Sücəddin Şərifov məni redaksiya ilə tanış etdi. Vaxtilə Xaqani-33-də “atını sağa-sola çapan” “Azadlıq” yazarları indi “Azərbaycan” Nəşriyyatında cəmi 4 otağa sığınıb. Otaqlardan biri redaktorların, ikisi müxbirlərindi, sonuncu otaq eləcə boş qalır, orada “Azadlıq”ın bəzi əməkdaşları iş arasında imkan tapıb domino oynayırlar. İndiyədək getdiyim redaksiyalardan ən miskini idi “Azadlıq”ın redaksiyası. Divarları, döşəməsi və tavanının rəngi çoxdan saralıb-solmuş redaksiyadakı ab-havaya köhnə “Samsunq” kompüterləri də uyğun gəlirdi. Sonradan əməkdaşlardan eşitdim ki, onlar “Azadlıq”ın redaksiyasını “Quantanamo” həbsxanasına bənzədirlər.

“Azadlıq”da planlaşdırma olmur Öncəliklə “Azadlıq” kimi aparıcı bir gündəlik qəzetdə işin saat 12.00-13.00 arasında başlamasının səbəbilə maraqlandım.  Redaktor Sücəddin Şərifov bununla bağlı sualıma özünəməxsus şəkildə cavab verərək, üzdə əməkdaşlara guya bəraət qazandırmağa çalışdı. Dedi ki, müxbirlərin işə gec başlamasına səbəb onların stajlı olmasıdır (?): “Redaksiyamızda çalışanların bir çoxu veteran yazarlardı. Hamı nə iş görəcəyini çox yaxşı bilir. Yalnız məhdud siyasi mövzuları paylaşırıq. Tədbirə dəvət olanda isə axşamdan bu barədə müxbirlərə tapşırıq verilir. Köşə ilə bağlı ümumiyyətlə planlaşdırma olmur. Yazarlar öz aralarında razılaşırlar ki, bir-birlərini təkrar etməsinlər. Müxbirlər isə işə saat 14:00-dan sonra gəlirlər”. Mənə elə gəldi ki, redaktor özü də bu sözləri ürəkdən demirdi. Amma neyləsin, bir redaktor kimi özgə adamın yanında işə gec gələn əməkdaşlarını müdafiə etməliydi də...

Sücəddin bəy dedi ki, işə gec başlamaları qəzetin fəaliyyətinə mane olmur: “Biz o qədər ekstremal şəraitdə işləmişik ki, artıq hər şeyə öyrəşmişik. “Azadlıq” qəzeti dəfələrlə ayrı-ayrı qrupların təcavüzünə məruz qalıb. Hətta elə vaxtlar olub ki, qəzet Bakıda tirajlanıb, Gürcüstanda çap olunub. 2006-cı ildə “Azadlıq”a qarşısıalınmaz hücum başlayanda, bizim üçün doğma olan ofisi tərk edib “Yeni Müsavat”ın redaksiyasına sığınmalı olduq. Bir dəfə “Yeni Müsavat”ın redaktorlarından biri bizə dedi ki, sizin müxbirlər bütün günü çay içib, söhbət edirlər, onlarınkılar isə səhər açılandan iş başındadılar. “Necə olur ki, siz bizdən daha yaxşı və sanballı qəzet çıxara bilirsiniz” deyə o, sual etmişdi...”.

Qənimət Zahidin yeri görünür

Sücəddin bəy söhbətimizin davamında dedi ki, “Azadlıq”da hamı azaddır, iş rejiminə və səmimi kollektivinə görə Azərbaycanda 2-ci belə bir qəzet yoxdur (İndiyədək getdiyim bütün digər redaksiyalarda da ən səmimi kollektivin onlar olduğu iddia edilib-G.M). Həmsöhbətimiz mühacirətdə olan əməkdaşlardan da söz açdı. Bildirdi ki, Aqil Xəlil Fransadan, Fikrət Hüseynli isə Hollandiyadan sığınacaq alıblar və aradabir qəzetə yazılar göndərir, zəng edib əlaqə saxlayırlar. O, 20 yaşını qeyd etməyə hazırlaşan “Azadlıq”ın bu müddətdə eyni loqotip və eyni dizaynla çap olunduğunu, öz imicini qorumağı bacardığını fəxrlə söylədi. “Çox istərdik baş redaktorumuz Qənimət Zahid belə bir gündə bizimlə birgə olaydı. Onun yeri yaman görünür”. Bir azdan digər işçilər də gəlib çıxdılar və mən Sücəddin Şərifova azadlıq verib o birirlərlə söhbətə başladım. Əvvəllər “Azadlıq” da müxbir, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışan Alı Rza indi qəzetin internet saytının redaktorudur. Alı Rza saytı təkbaşına idarə edir: “Saytımız bu ilin yay aylarından səhər saat 10:00-dan axşam 21:00-a kimi onlayn rejimdə fəaliyyət göstərir. (Saat 10.00-da? Onda niyə məni redaksiyanıza 12.00-da dəvət etdiniz?-G.M.). Ancaq işlərimiz rəvan getməyib. Çətinliklərə rəğmən, çalışırıq işimiz axsamasın. Azərbaycan internet mediası arasında “Azadlıq”ın saytı digər elektron qəzetlərlə rəqabətə davamlıdır. Baxmayaraq ki, texniki və personal cəhətdən zəifik. Saytın ayrıca yaradıcı heyəti olmadığı üçün onu elə qəzetimizin kollektivi hesabına yeniləyirik. Qəzetin çap variantına mənfi təsir olmasın deyə, öz materiallarımızı çap olunduqdan sonra saytda yerləşdiririk”. Alı Rza “Azadlıq”ın internet versiyasının oxucu sarıdan korluq çəkmədiyini də qeyd etdi. Web-redaktor saytda reklamın olmamasından gileyləndi: “Bu bir qaydadı ki, internet saytların əsas gəliri reklamlardan olmalıdır. O, da bizdə yoxdur. Qəzetimizin mövqeyinə görə bizə reklam vermirlər”.

Pərviz Cəbrayıl üç ildir “Azadlıq”da redaktor postunu tutur. Onun fikrincə, “Azadlıq” öz müstəqilliyin saxlaya bilən yeganə qəzetdir. “Bəzən olub ki, əməkdaşlarımızdan kimsə daha yüksək maaşla razılaşıb başqa yerə gediblər, ancaq bir müddət sonra yenə də geri qayıdıblar. Çünki “Azadlıq”da elə bir doğma atmosfer var ki, bura hər zaman bir ev sayılıb”.

Qəzetin stajlı redaktorlarından olan Rövşən Hacıyev işdə olmadığından onunla söhbətləşmək imkanı yaranmadı. Halbuki,  Rövşən müəllimə xeyli suallar hazırlamışdım və onlara cavab almalıydım.  

Məmurlar “Azadlıq”ı sevmir

Nəhayət redaksiyanın hazırki şefi-baş direktor Azər Əhmədov da gəlib çıxdı. İşə gec gəlib, gələn kimi də getməyə hazırlaşan Azər müəllimlə “atüstü” söhbət etməli oldum. A.Əhmədov “Azadlıq”ın problemlərindən danışdı: “Hər zaman Azərbaycanın ən müstəqil mətbu orqanı olmuşuq. Bizə təzyiqlər həddən artıq çoxdur. Qəzetimizin bütün materialları kəskin tənqidi ruhda yazıldığından, məmurlar “Azadlıq”ı sevmirlər. Amma sevməsələr də alıb oxuyurlar. Ciddi maddi problemimiz var. Hazırda “Azadlıq” qəzetinin qazancı yalnız satışdan gəlir. Kənardan bizim heç bir gəlirimiz yoxdur. Buna görə də böyük kollektiv saxlamağa maddi imkanımız çatmır”. Azər Əhmədov dedi ki, “Azadlıq” bir jurnalistika məktəbidir. “İstənilən telekanal və qəzetə baxsaq, orada “Azadlıq” qəzetinin bir neçə veteranını görə bilərik. “Azadlıq” müstəqil jurnalistika məktəbidir. İndiyədək “Azadlıq”a min nəfərdən  çox jurnalist gəlib-gedib”. A.Əhmədov “Azadlıq” da kollektivin elə də böyük olmadığını və hazırda 10-a yaxın müxbir çalışdığını qeyd etdi: “Buna baxmayaraq “Azadlıq” əvvəlki “Azadlıq”dır”. Gündüz Tahirli haralardadır? Azər Əhmədovdan uzun müddət “Azadlıq”a rəhbərlik etmiş keçmiş baş redaktor Gündüz Tahirlini də xəbər aldım. Soruşdum ki, bu çətin vaxtla sizinlə əlaqə saxlayıb, heç olmasa mənəvi dəstək verirmi? “O, mətbuat sahəsindən birdəfəlik uzaqlaşıb və indi öz həyat yolunu biznesdə davam etdirir. Eşitdiyimə görə Gündüz bəy Azərbaycanın nüfuzlu azad sahibkarlarından birinə çevrilib. Mən ona bu yolda uğurlar diləyirəm”-deyə baş direktor qeyd etdi. Keçmiş ofisin xiffəti Baş direktor digər problemdən də söz açdı: “1992-ci ildən 2006-cı ilədək şəhərin mərkəzində ikimərtəbəli halal ofisimiz vardı. 2006-cı ildə “Azadlıq” qəzetinə total hücum oldu. Cılız bəhanələrlə binanı əlimizdən aldılar. O vaxtdan məcburən “Azərbaycan” Nəşriyyatına sığınmışıq. İndi başqa yerdə kirayə ofis tutmağa maddi imkanımız yoxdur”. Ad günü təntənəli qeyd edilməyəcək A.Əhmədov 20 illik yubileyin təntənəli qeyd edilməyəcəyini dedi: “Çox təəssüf edirəm ki, biz qəzetin 10 illiyini qeyd etməyə hazırlaşanda ad gününə bir həftə qalmış-1999-cu il dekabrın 17-də o zamanki baş redaktorumuz Nəcəf Nəcəfov rəhmətə getdi. Həmin vaxt biz yubileyi qeyd edə bilmədik. 20 illik yubileyimiz ərəfəsində isə “Azadlıq”ın veteranlarından olan tanınmış jurnalist Elçin Səlcuq vəfat etdi. Onsuz da biz təntənəli yubiley qeyd etmək fikrində deyildik. İndi də heç ad günü yadımıza düşmür. Buna heç bizim mənəvi haqqımız da çatmır. Çünki “Azadlıq”ın baş redaktoru Qənimət Zahid həbsdədir. Yubileyi adi günlərdən biri kimi yola salacağıq”.

Qənimət Zahidin əhvalatları

“Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin kreslosunda hələ ki baş direktor Azər Əhmədov əyləşir. Deyir ki, kreslo sahibinin tezliklə “Azadlıq”a qovuşacağına ümidlidilər. Qənimət Zahidin qəzetin hazırki kursundan razı olduğu bildirildi: “Qənimət bəy 2 ildir həbsdədir, bu müddətdə onun səlahiyyətlərini mən həyata keçirmişəm. O, həbsxanadan həyat yoldaşı vasitəsilə icmarıclar göndərir, qəzetin kursundan və mövqeyindən razı qaldığını bildirir”. Eşitdiyimə görə, Qənimət Zahidlə bağlı çoxlu maraqlı əhvalatlar var. “Bəlkə onlardan bir-ikisini danışasınız” deyə üzümü redaktor Sücəddin Şərifova tutdum. Müsahibim də sağ olsun, sözümü yerə salmadı: - Bir dəfə əməkdaşlarımızdan birinin yaxını rəhmətə getmişdi. Qənimət Zahid kollektivlə birgə rayonda- yas yerindəydi. Qənimət bəyin cib telefonuna zəng gəldi. Ondan otağının telefon nömrəsini soruşdular. O, da iş telefonunun nömrəsin dedi. Bir neçə dəqiqə keçəndən sonra həmin adam təkrar zəng etdi ki, iş telefonuna niyə cavab vermir. Qənimət bəy dedi ki, o, rayondadı. Xəttin o biri başındakı şəxs də “bəs onda nömrəni niyə verdin?” deyə soruşdu. Qənimət bəy cavab verdi: “Sən məndən iş otağımın nömrəsini soruşdun mən də dedim. Soruşmadın ki, haradasan?”.

Sücəddin Şərifov həbsdə olan baş redaktorla bağlı başqa bir əhvalat da danışdı: - Əməkdaşımız Vidadi Qənimət Zahidi hər görəndə bir siqaret istəyirdi. Qənimət bəy də axır bir gün bezib dedi: “Ay Vidadi, sən məni “siqaret qutusu” hesab edisən?”. Ondan sonra Vidadi siqaret istəməyə son qoydu...

“Azadlıq”ın şairi

“Azadlıq”ı vərəqləyənlər yəqin ki, satirik şair Mirzə Sakitin tikanlı şeirlərilə tanışdılar. Söhbətimi onunla davam etdirirəm: “Mən həbsdən çıxandan onra “Azadlıq” qəzetində yeganə dəyişiklik o idi ki, Qənimət Zahidi həbs eləmişdilər. Qalan hər bir şey öz yerində, əməkdaşları isə əvvəlki tempdə gördüm. “Azadlıq” ədalətsizlik və çatışmamazlıqlar barədə yenə də öz sözünü deyir”. Mirzə Sakitə “reket qəzet”lərin məskunlaşdığı “Azərbaycan” nəşriyyatında özünü necə hiss etməsi barədə sual verdim. Cavabında Mətbuat Şurasını “ağ yuyub, qara sərdi”. Dedi ki, Şuranın “qara siyahı”sına salınan qəzetlər reket deyil, reket qanunsuz əməlindən qorxub həmin nəşrlərə pul verən məmurlardı...

İşə “vaxtından tez gələn” müxbirlər

Günorta radələrində - onların təbirincə, “vaxtında” işə gələn müxbirlər sürprizlə üzləşdilər, işıqlar söndü. Bir qədər sonra redaksiyanın enerji təchizatı bərpa olundu. Müxbirlərdən ən tez işə başlayanın Xəyal Şahinoğlunun olduğu söylənildi. Əsasən daxili və xarici siyasətdən yazan Xəyalın özü “Azadlıq”da işləməkdən məmnun olduğunu dedi.

Siyasət yazarı Fizzə Heydərli il yarımdır “Azadlıq”dadır. Politoloqları tez-tez bezdirdiyini deyən Fizzənin ən uğurlu müsahibi siyəsətşünas deyil, məşhur kinorejissor Rüstəm İbrahimbəyov olub: “O, Moskvada olanda müsahibə götürmək yaxşıdır. Bakıya gələndə deyir ki, yazını göndər baxım, sonra qəzetdə yerləşdirin”.

Redaksiyaya daxil olan şikayətləri araşdırmaqla məşğul olan müxbir Nigar Vaqifqızı əslində bu işi sevmir: “Bu iş adamı çox yorur. Gün ərzində redaksiyaya bir neçə şikayətçi gəlir, onları dinləmək, şikayətlərini araşdırmaq lazımdır, üstəlik daxil olan məktubları da incələmək gərəkdir”. ”Azadlıq”da 240 manat məvacib alan Nigarın istəyi əməkhaqqının artırılmasıdır. Müxbir xanım işə gecikmələri barədə də danışdı: “Rəhbərlik kollektivi vaxtaşırı toplayır, danlayır və xəbərdarlıq edir. Amma yenə də iş qrafikimizi düzəldə bilmirik. Bu ona görədir ki, “Azadlıq”da həddən artıq demokratiya var. Bəlkə də bizə töhmət verilsə, belə etmərik”.

Qara prizmaları hamıdan tez gördüyünü deyən müxbir Natiq Güləhmədoğlu. Onun o günkü yazısını redaktor Sucəddin Şərifov bəyənməmişdi. Amma özü özündən razı idi: “Azərbaycan da tərifi hamı yaza bilir. Əsas odur ki, qara görünən məsələləri işıqlandırasan”. “Bizim yol”dan “Azadlıq”a köçən Natiqin geri dönmək fikri yoxdu: “Buradan məni qovmasalar, heç yerə gedən deyiləm”.

Gültəkin Knyazqızı “Azadlıq”ın indiki kollektivində stajlı əməkdaş sayılır. Ən çox media sahəsindən olan yazılarıyla yadda qalıb. Bu xanım 8 ildir “Azadlıq” üçün yazır. Gültəkin keçmiş redaksiyanı hələ də unuda bilmir: “Xaqani-33 bizim üçün çox doğma və azad insanları birləşdirən bir yer idi. Orada çox gərgin və qaynar dövrümüz keçib. “Azərbaycan” Nəşriyyatına ilk vaxtlar uyğunlaşa bilmirdim, ancaq indi bir qədər öyrəşmişəm”.

Vidadi Məmmədov 20 yaşlı qəzetin parlament müxbiridir. Deyir ki, uzun müddətdir Milli Məclisə gedib-gələn bəzi həmkarlarından fərli olaraq, onun könlündən deputatlıq keçmir: “Mən azad jurnalistikanı deputatlıqdan üstün tuturam”. Dostoyevski, Eko, Kafka, Orxan sözlərinin baş hərflərini birləşdirib özünə “Deko” imzası götürən Ramin “Azadlıq”ın daha çox reportaj yazan reportyorudur. Ramin “Deko” imzası barədə belə dedi: “Tanışlarım məni məşhur futbolçu Dekoya oxşadıb belə çağırırdı. Sonradan bu adı sevdiyim yazıçıların ad və siyadlarının baş hərflərinə uyğun imza götürdüm”. Arzu Abdulla qəzetin son səhifəsini hazırlayan müxbir xanımlardan biridir. Qəzetin zərif cinsdən olan digər yazarı Aytən Məmmədova kriminal sahə üzrə ixtisaslaşıb. Onların heç biri işdə olmadığından tanışlığımız da baş tutmadı.

Bəzi qəzetlərdən fərqli olaraq “Azadlıq”da məsul katib ştatı qalır. Bu postu tutan Elşən Şirinov öz işindən razılıq etdi: “Məsul katib gərək keyfiyyətli iş görsün ki, bu vəzifədə qala bilsin”. Elşən atmacasından da qalmadı: “Bütün ciddi qəzetlərdə məsul katib ştatı qalır”.

“Azadlıq”dakı sabiq “Yeni Müsavat”çılar

“Azadlıq” qəzetində əvvəllər “Yeni Müsavat”da işləmiş bir neçə qələm sahibi çalışır. İqtisadiyyat sahəsindən yazan Leyla Əliyeva “Yeni Müsavat” dan inciyib və “Azadlıq”a gəlib: “Orada maaş nə qədər yükək olsa da, burada işləmək mənimçün daha rahatdır. Çünki burda əsl azadlıq, sərbəstlik var”. “Yeni Müsavat”dan “Azadlıq”a köç edən köşə yazarı Əfqan Muxtarlı da keçmiş iş yerindən narazılıq etdi. Onun sözlərinə görə “Yeni Müsavat”ı tərk etməsinə baş redaktor Rauf Arifoğlu səbəb olub: “Onunla yola getmədiyimə görə işdən çıxdım. “Azadlıq”da həqiqi azadlıq var”.

Səbuhi Məmmədlini yəqin ki hamı tanıyar. "Taxa" ləqəbli həmkarımız da “Yeni Müsavat”ın keçmiş əməkdaşlarındandır. O, hələ ki “Azadlıq”da yazır. S.Məmmədli üçün yaza bilmədiyi sahə yoxdur: “Erotikadan tutmuş ekonomikaya qədər hər şeydən yazıram”. S.Məmmədli “Azadlıq”da köşə yazılarıyla da çıxış edir.

“Azadlıq”ıq domino həvəskarları

Yuxarıda qeyd etdiyim kimi, “Azadlıq”ın otaqlarından biri boşdur və işçilər aradabir orada domino “çırpırlar”. Dedilər ki, həmin otaq daha çox redaktor Sücəddin bəyin sevimli yeridir. Müxbirlər onu gah “domino ustadı”, gah da “domino üzrə elmlər doktoru” adlandırırlar. Hətta yarızarafat, yarıgerçək onun bu oyun haqqında kitab yazmaq istədiyini də söylədilər. Buradan da belə qənaətə gəldim ki, Sücəddin bəy dominoda “Azadlıq”dakıların hamısının “kürəyini yerə vurub”. Beləcə “Azadlıq”ın indiki kollektivi ilə tanışlığı yekunlaşdırdım. 

Modern.az olaraq 20 yaşlı “Azadlıq”ı ad günü münasibətilə təbrik edirik.

 

"Quantanamo"ya giriş

Deyəsən işə gecikənlərə bu xəbərdarlıq heç kar etmir

"Azadlıq"ın köhnə "podşibka"ları

“Ay xanım, tədbirə gecikirəm cəld ol çək”

Dominoda hər kəsi "mat edən" "domino ustadı"

"Qəzetlərə baxaq görək nə yazıblar"

Pərviz Cəbrayıl: ”Arada başqa qəzetlərə üz tutdum, sonra yenə də “Azadlıq”a qayıtdım”

“Azadlıq”ın stajlı müxbiri Gültəkin Knyazqızı 

Səbuhi Məmmədli: “Söz vermişəm ki, növbəti domino oyununda Sücəddini udam”

Tikanlı şeirlər müəllifi Mirzə Sakit

Elşən Şirinov: “Bütün ciddi qəzetlərdə məsul katib ştatı qalır”

Alı Rza: “Mən olmayanda saytda axsama olur”

"Bəh-bəh" ləqəbli Xəyal Şahinoğlu

Natiq Güləhmədoğlu kiminləsə danışır: “Sən bilirsən o, kimlərin bostanına daş atıb?”

Şikayətçilərdən şikayət edən Nigar Vaqifqızı

"Yeni Müsavat"dan incik gələn Leyla Əliyeva

Keçmiş baş redaktoru ilə dil tapa bilməyən Əfqan Muxtarlı

"Gərək kompüterdə yığmağı öyrənim"

Fizzə Heydərli: "

İlk vaxtlar “Azadlıq”da işləməyə ürək etmirdim"

Ramin Deko: “"Deko”nun sonuna Markesin də baş hərfini əlavə etsəm dərdim olmazdı”

Azad jurnalistikanı deputatlıqdan üstün tutan Vidadi Məmmədov

20 yaşlı "Azadlıq"ın kiçik kollektivi

 

Günay MUSAYEVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hərbi bazaya silahlı hücumda 5 gürcü əsgər yaralandı 12 Dekabr 2019, 00:48 Mehriban Əliyeva Heydər Əliyevi belə yad etdi 12 Dekabr 2019, 00:32 Bakıda 31 yaşlı kişi bıçaqlandı 12 Dekabr 2019, 00:14 Heydər Əliyevin anım günüdür - VİDEO 12 Dekabr 2019, 00:00 PSJ - "Qalatasaray" matçından öncə qarşıdurma  - VİDEO 11 Dekabr 2019, 23:44 YÖS, ALES, SAT və İELTS nəticələrində inqilab edəcək tədris mərkəzi – Uğur sirri 11 Dekabr 2019, 23:31 FED uçot dərəcəsini dəyişmədi 11 Dekabr 2019, 23:17 Azərbaycan neftinin qiyməti dəyişib 11 Dekabr 2019, 22:58 Bakı metrosunda qorxulu anlar - VİDEO 11 Dekabr 2019, 22:45 Qarabağda döyüşən qadınlar haqqında ən gözəl kitabın müəllifi 11 Dekabr 2019, 22:29 Ərdoğanla Putin Suriyadakı durumu müzakirə etdi 11 Dekabr 2019, 22:19 Hulusi Akara qarşı məhdudiyyətlər 11 Dekabr 2019, 21:53 Qatil məhkəmənin tavanından qaçmaq istədi - VİDEO 11 Dekabr 2019, 21:36 İrandan ABŞ-ın sanksiyalarına cavab 11 Dekabr 2019, 21:21 Davudoğlu partiyasının adını açıqladı 11 Dekabr 2019, 21:07 Lvov meri Azərbaycan diaspor rəhbəri ilə müzakirə apardı - FOTO 11 Dekabr 2019, 20:52 "Oyun daha çox "Qarabağ" üçün əhəmiyyətlidir" - Rəqib baş məşqçi 11 Dekabr 2019, 20:44 Azay Quliyev Oktay Gülalıyevdən yazdı - FOTO 11 Dekabr 2019, 20:30 Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək 11 Dekabr 2019, 20:17 AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir 11 Dekabr 2019, 20:03 Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb 11 Dekabr 2019, 19:51 “Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir” 11 Dekabr 2019, 19:45 Komitə sədri: “ Heydər Əliyev strategiyası uğurla davam etdirilir” 11 Dekabr 2019, 19:33 İstanbulda FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən daha 22 nəfər saxlanıldı 11 Dekabr 2019, 19:26 Qroznı şəhərinin polis rəisi ABŞ-ın “qara siyahı”sına düşdü 11 Dekabr 2019, 19:16 UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb 11 Dekabr 2019, 18:53 Yunis Səfərov və digərlərinin cinayət işi icraata verilib 11 Dekabr 2019, 18:41 Ağstafada 7 nəfəri güllələyən şəxsin məhkəməsi başlayır 11 Dekabr 2019, 18:22 İsrail Knesseti özünü buraxmaq barədə qərar qəbul etdi 11 Dekabr 2019, 18:15 Bakıda 91 yaşlı qadının evinə basqın edildi 11 Dekabr 2019, 18:08 Qorxmaz Hüseynov iki rayonun sakinlərini qəbul etdi - FOTO 11 Dekabr 2019, 17:58 Üç dostun dağlara gedən yolu - “Dağlar Günü”nün adamları 11 Dekabr 2019, 17:43 Növbəti diaqnostik qiymətləndirmənin tarixləri AÇIQLANDI   11 Dekabr 2019, 17:36 Zakir Həsənov komandir-rəis heyətinə tapşırıqlar VERDİ 11 Dekabr 2019, 17:27 İcra başçısı Fəxralı sakinlərinin problemlərini araşdırıb 11 Dekabr 2019, 17:26