Modern.az

Mübariz İbrahimovu Türkiyə-Suriya sərhəddində hamıya sevdirən müəllim - Mahmut Özkoca

Mübariz İbrahimovu Türkiyə-Suriya sərhəddində hamıya sevdirən müəllim - Mahmut Özkoca

12 İyul 2019, 10:29

10 yaşından foto sənətinə, 12 yaşından poeziyaya bağlanmış bugünkü 48 yaşlı şairin Türkiyədə 48 kitabı nəşr edilib. O, bir çox foto-müasbiqələrin də qalibidir.


Onun haqqında mənə ilk dəfə bir müddət əvvəl Türkiyə səfərindən çox böyük, coşqun təəssüratlarla qayıtmış istedadlı həkim və yazıçı, qardaş ölkədə yenicə çapdan çıxmış kitablarının təqdimatı keçirilmiş dostum Hümbət Quliyev danışmışdı. Düzü, əvvəlcə yaşı ilə maraqlanmadığımdan özlüyümdə güman etdim ki, 48 kitabı nəşr edilmiş bu adamın ən azı 65-70 yaşı olar. Və çox təəssüfləndim ki, Tofiq Fikrətini, Orxan Vəlisini, Nazim Hikmətini, Məlih Cövdət Andayını və digər şairlərini sevdiyim Türkiyə poeziyasında belə bir şairin olmasından xəbərsizəm. 


Ancaq Sumqayıt Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin və Respublika Gənc Şairlər Birliyinin təşkilatçılığı ilə keçirilən, söz sənətinin böyük ustadları Əli Kərimin və Abdurrəhim Karakoçun xatirələrinə həsr edilmiş IX Şairlər günündə nəzərlərimlə qonaqlar arasında xəyalımda canlandırdığım o "yaşlı, müdrik şairi" aramaqda ikən Hümbət həkim gözləmədiyim halda gənc bir türk oğlunu mənə təqdim edib deyəndə ki, "tanış olun, haqqında danışdığım Mahmut Özkocadır", çaşıb qaldım, inana bilmədim. Axı, bizdə bu yaşda şairin olsa-olsa, 5-6 kitabı nəşr oluna bilər, 48 kitab heç xəyala da belə gəlməz. Və çox yaxşı ki, buna ilk saniyələrdə inana bilməsəm də, mənimlə çox səmimiyyətlə, gülərüzlə görüşən, simasından nur, ziyalılıq yağan həmin gənc adam elə Mahmut Özkocanın özü imiş.


Nə gizlədim, kitablarının çoxluğuna görə şeirlərinin səviyyəsinə, dəyərinə ilk əvvəl bir qədər şübhə ilə yanaşdım. Ancaq görüşümüz zamanı mənə bağışladığı "Heç kimsə" kitabını vərəqləyərək, ona hiss etdirmədən şeirlərinə gözucu nəzər yetirdikdə şübhələrimdə tam yanıldığımı anladım və buna görə hətta özümü qınadım da. Həm bəşəri şeirlərində, həm də bəşəriliyin təməlində duran məhəbbət şeirlərində Mahmut bəyin kimsəyə bənzəmədiyinə, duyğu və fikirlərinin özünəməxsus, düşündürücü olduğuna, buna görə də belə bir türk şairi ilə tanışlığıma sevindim.     


...A
ta-baba nəsli əslən Adanadan olan Mahmut Özkoca 17 fevral (şubat) 1971-ci ildə Antakya şəhərində dünyaya gəlib. Evin sonbeşiyi olan Mahmut (özündən böyük 3 qardaşı və bir bacısı var) böyük olan ailəsinə ağırlıq olmasın deyə, hələ 10 yaşından başlayaraq qəzet satışı ilə məşğul olmuş, fotoqraf köməkçisi kimi də çalışmış, ibtidai məktəb xərclərini özü çəkməli olmuşdu. ("Həyatımı para qazanmaqla yapdım", - deyir bu həyat eşqli işgüzar, yaradıcı adam). Oxumağa, öyrənməyə həvəsi-marağı o qədər güclü imiş ki, əldə etmək istədiyi kitabı mağazadan almaq xatirinə hər bir çətinliyə qatlaşmağa hazır olub. "Elektrik işçisi olan babamdan para da almadan, öz gücümlə oxudum, məktəbi bitirdim", - deyir Mahmut bəy. Ancaq maraqlıdır ki, məktəbdə oxumaq üçün qazanc əldə etmək istəyi ona bu gün də böyük həvəs və maraq göstərdiyi gözəl bir peşəyə - fotoqraflığa da meyil oyatdı. 10-11 yaşından başlayan foto sənətinə vurğunluğu onun sonradan peşəkar, gözəl bir foto ustasına çevrilməsinə, kinofilm çəkilişinin sirlərinə də yiyələnməsinə səbəb oldu. Onun gözlənilməz, maraqlı rakurslarla çəkdiyi şəkillər əvvəlcə dostların-doğmaların, zaman keçdikcə isə doğma Antakya, daha sonra isə Türkiyə və xarici ölkə foto həvəskarlarının da diqqət və marağına səbəb olduğundan Mahmut bəy həm ölkə, həm də beynəlxalq miqyasda keçirilən müxtəlif foto-müsabiqələrdə iştirak edərək uğurlar qazanmış, bir-çox müsabiqələrin laureatı olmuşdur.



Mahmut Özkoca foto aləminin məftunu olsa da, illərlə fotoqraflığa böyük həvəslə, kamilliklə yiyələnsə də, onu özünə sənət yox, xobbi hesab etmiş və əsas diqqətini təhsilə və 12 yaşından başlayaraq qələmini sınadığı poeziyaya verməli olub. O, Antakyada 8 illik məktəbi və litseyi bitirdikdən sonra Diyarbəkir Universitetində ali təhsil alaraq, ilk okul müəllimi ixtisasına yiyələnib. Mətbuatda ilk şeiri 1987-ci ildə çap olunan tələbə Mahmutun 45 şeirdən ibarət "Könüllər açılınca" adlı ilk kitabı 1993-cü ildə - 21 yaşında ikən nəşr edilmişdi. Hələ orta məktəb illərində və sonralar Universitetdə oxuduğu dövrdə müxtəlif qəzetlərdə müxbir, radioda şeir proqramları redaksiyasında çalışan Mahmut bəy sonralar Diyarbəkir Bələdiyyəsində ictimaiyyətlə əlaqələr müdiri, ölkə qəzetlərinin bölgə xəbər müdiri vəzifələrində çalışmışdır. 1998-ci ildən müxtəlif məktəblərdə sinif müəllimi kimi uğurla fəaliyyət göstərən Mahmut Özkoca diqqəti cəlb etmiş və o, Türkiyə təhsil sisteminin fərqlənən bir nümayəndəsi kimi 8-illik Antakya məktəbinə direktor təyin edilmişdir.


O
lduqca maraqlıdır ki, müəllimliklə yanaşı foto sənəti ilə də məşğul olmağa vaxt tapmağı bacaran, ömrün hər anının qədrini bilən M.Özkoca son illərdə poeziya sahəsində böyük uğurlara nail olmuş, 2005-ci ildə 5 kitabını, 2012-13-cü illərdə 16, bu ilin təkcə 5 ayında isə rekord sayda - 17 kitabını nəşr etdirmişdir. Hələ qarşıda nəşrini gözləyən bir-neçə kitabı da var. Təsadüfi deyil ki, uşaq mənəviyyatına, düşüncə və psixologiyasına çox yaxşı bələd olan M.Özkocanın kitablarının təxminən 30-a qədəri uşaqlar üçün nəzərdə tutulmuş, onlara həsr edilmişdir. Bu cür məhsuldar ədəbi yaradıcılığına ən mühüm, əsas səbəb isə onun hələ məktəb illərindən böyük dəyər verdiyi, köçəri bir quş kimi heç vaxt əlindən buraxmaq istəmədiyi, dost kimi qol-boyun olaraq qoşa addımlamağa, heç vaxt geridə qalmamağa çalışdığı VAXT, ZAMANdır. O, haqlı olaraq düşünür ki, "hər şeyi satın almaq olar, vaxtı, zamanı  - yox. Paranı geri qaytarmaq olar, zamanı yox! Zaman hər şeydən önəmlidir". Odur ki, o, bir an da olsa əlini VAXTdan üzməməyi, onun hər keçən saniyəsini xoş duyğularla, qəlbindən, beynindən süzülən gözəl şeir misraları ilə, türk dünyasına sevgisi, ürək çırpşnrtıları ilə dəyərləndirməyi həyatının devizinə, mənasına çevirib. Yoxsa, hardan idi 48 yaşda 48 şeir kitabı, teatr üçün nə qədər pyeslər, fotoaparatı ilə bir-çox ölkələrdə yorulmaq bilmədən foto-obyektivə köçürdüyü maraqlı hadisələr, xoş duyğular oyadan unikal, bir-birindən gözəl şəkillər?!. Hələ pedaqoji fəaliyyəti, körpə balalara, gənclərə vətən sevgisi ilə aşıladığı türk sevdası, oxumağa, elmə, gözəlliyə oyatdığı həvəs, maraq! Belə türk oğlu ilə ancaq fəxr etmək, sevinmək olar, adamın yaşamaq, yaratmaq eşqi daha da güclənər.      


Bəli, yaradıcılıqla çox ciddi məşğul olaraq, məhsuldar çalışan Mahmut bəy 48 kitabdan əlavə Türkiyə teatrlarında uğurla tamaşaya qoyulmuş bir-çox maraqlı pyeslərin də müəllifidir. Onun bir-neçə il əvvəl yazdığı "Şeytanın Allah eşqi" romanı isə ölkə səviyyəsində böyük marağa və ciddi müzakirələrə səbəb olmuşdur. İslam fəlsəfəsi üzərində qurulmuş həmin əsərdə uca Yaradana böyük sevgisi olan Şeytan ilk baxışda haqlı görünən sual verir: "Ey uca Allahım, sən məni oddan, İnsanı isə torpaqdan  yaratdın, ancaq nəyə görə mən sənə daha yaxın ikən, səni çox sevdiyim halda İnsanı daha çox sevirsən?!" Bu, ulu Tanrının İnsana sevgisinə görə şeytanın, iblisin daimi qısqanclığı, üzüntüsüdür.


Mahmut bəy dünyada Xeyirlə Şər arasında əsrlərlə davam edən mübarizənin, çarpışmaların, millətlər, xalqlar arasında qanlı müharibələrin əsasında Şeytanın İnsana, insanlığa qarşı olan paxıllığının, qısqanclığının, naqisliyinin, özünü başqalarından üstün tutmasının səbəb olduğunu ön plana çəkərək, buna islam və İnsan fəlsəfəsi baxımından yanaşmağa diqqəti cəlb etməyə çalışır.   


Mübariz İbrahimov Türkiyə-Suriya sərhəddində... "keşikdə"
 


Türkiyəyə ilk yaradıcılıq səfəri zamanı (əvvəllər bu qardaş ölkədə çox olub, ancaq orijinal janr yazıçı kimi ilk dəfə idi...) orda hər bir şəhərdə, hər bir kənddə Azərbaycana olan böyük sevgi ilə, özünə qarşı hörmət və rəğbətlə qarşılanan, əvvəllər dünyanın çox ölkələrində olmuş Doktor Hümbət Atatürkün vətəninə sonsuz məhəbbətlə, zəngin təəssüratlarla Bakıya qayıdaraq, bu səfərin onda daha böyük, sevincli duyğular oyatdığını, buna səbəb kimi isə həm də qabaqcadan nəzərdə tutulmamış görüşlərin keçirildiyini fərəhlə dilə gətirərək, ona ən çox təsir bağışlayan məqamın məhz Mahmut Özkoca ilə, onun rəhbərlik etdiyi, Türkiyə-Suriya sərhədində yerləşən məktəbi ilə tanışlığının olduğunu bildirdi. Belə ki, görüşlərin birində Türkiyənin tanınmış şairlərindən olan Coşkun Karabulut (Hümbət həkimin iki kitabı Türkiyədə məhz onun təşəbbüsü və vasitəçiliyi, redaktorluğu ilə nəşr edilib) sumqayıtlı dostu, hikmətli, fəlsəfi kəlamlar, aforizmlər müəllifi olan Doktor Hümbətin səfər təəssüratlarını daha da zəngin və maraqlı etmək məqsədilə ondan soruşur ki, o, Türkiyə-Suriya sərhədinə getmək, orada sərhədin iki addımlığında yerləşən məktəblə, onun maraqlı bir ziyalı, istedadlı şair olan direktoru ilə tanış olmaq istərmi?


Türkiyənin Suriya ilə sərhədinə yaxın yerləri görmək, qaçqınların həyatı ilə də tanış olmaq kimi bir fürsəti göydəndüşmə hesab edən Hümbət həkim belə bir görüşə məmnuniyyətlə razılıq verir. Ertəsi gün uzun məsafə qət edib, iki hərbi postda yoxlamadan keçdikdən sonra "sərhəd məktəbinə" gələn azərbaycanlı qonaq bu səfərə razılıq verməkdə yanılmadığını görür. Belə ki, yeni dostları ilə birgə məktəbə daxil olan Hümbət həkim gözlənilmədən qarşısında xalqımızın mərd, cəsur oğlu, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əlində silah "dayandığını" görüb, bir anlıq şaşırsa da, çox sevinir. Sevincindən göz yaşlarını gizlədə bilməyən Hümbət həkim dostu Coşkun Karabulutu qucaqlayaraq, ona təşəkkür edir. O isə məktəbin direktorunu göstərərək, Mübarizin bu sərhəd məktəbinə "gətirilməsinin" təşəbbüskarının onun - şair-pedaqoq Mahmut Özkocanın olduğunu bildirir.


Əlbəttə, Hümbət həkim vaxtilə xalqımızın qeyrətli oğlu Mübariz İbrahimovun gecənin bir vaxtı təkbaşına düşmən qərargahına hücum edb, Vətənin igid döyüşçüsü kimi son damla qanınadək mərdliklə vuruşaraq, onlarla erməni dığasını məhv etməsinin Türkiyədə necə böyük sevinclə, qürur hissi ilə qarşılandığını, hətta onun qəhrəmanlığına çox gözəl, maraqlı bir film həsr edildiyini yaxşı bilirdi. Ancaq Mübarizin qardaş ölkənin məhz ucqar bir kəndində də bu dərəcədə tanınıb-sevilməsi onu vəcdə gətirmiş, böyük fərəh doğurmuşdu.


Məktəbin geniş dəhlizindəki divar üzərində milli qəhrəmanımız Mübariz İbrahimovun yağlı boya ilə ilə çəkilmiş portretinin yaradılmasının tarixindən coşqunluqla danışan Mahmut Özkoca belə bir fikrə düşməsini igid Azərbaycan cəngavərinin qəhrəmanlığının son illər türk dünyasında ilk belə bir böyük, fövqəladə hadisə olmasından böyük qürur hissi keçirməsindən irəli gəldiyini bildirir. Axı, hegemon xristian dövlətlərinin hər cür yardım və siyasi himayədarlıq edərək, qudurtduqları Ermənistanın ötən əsrin 90-cı illərində Azərbaycan torpaqlarını işğal etməsini xristian koalisiyası ermənilərin hərbi üstünlüyü, "döyüş gücü, bacarığı" ilə izah etməyə çalışırdılar. Mübariz İbrahimov isə döyüş dostlarından heç kəsə qabaqcadan heç nə demədən gecəyarısı tam silahlanaraq, azğın "erməni-canavar" yuvasına təkbaşına, igidcəsinə hücum edərək, 40-dan artıq erməni dığasını cəhənnəmə vasil etməklə yanaşı, həm də öz böyük hünəri ilə süni "erməni mifi"nin bir gecə ərzində tamamilə puç olmasını, Azərbaycan əsgərinin gücünü, yenilməzliyini, Qarabağ istək-arzularından dönməzliyini, qətiyyətini bütün dünyaya sübut etdi. Hətta qüdrətli olduğu qədər həm də son dərəcə qatı şovinist olan Rusiya "çar"ı I Pyotrun ermənilərlə bağlı mənfur tövsiyə və niyyətlərini Azərbaycan əraziləri hesabına, özü də açıq-açığına həyata keçirməkdə davam edən bugünkü Rusiya hökmdarı V.Putin nifrət səviyyəsində olan daxili narahatlığını və narazılığını boğmağa çalışaraq, özünün erməni "qulbeçələri" üçün acı olan həqiqəti dilinə gətirməyə məcbur olmuş, Mübariz İbrahimovu "Azərbaycan Rembo"su adlandırmışdı.


Qardaş Azərbaycanın hətta düşmən tərəfinin də qəhrəmanlığını dana bilmədiyi Mübariz İbrahimov kimi igid türk oğlu ilə fəxr edən Mahmut Özkoca çox düzgün olaraq qərara alır ki, Suriya ilə sərhəddə yaşayan türk balalarının Vətənə məhəbbət və döyüş ruhunda, MÜBARİZlik ruhunda böyüməsi üçün onlara son illərin əfsanəvi qəhrəmanı olan belə bir cəsur azəri döyüşçüsünün hər zaman nümunə olması məqsədilə məktəbdə onun böyük bir portretinin yaradılıb, asılması vacibdir. Mahmut bəy bu barədə fikrini Arif adlı rəssam dostuna bildirəndə, o, bu şərəfli işi öz boynuna götürmüş, bir-neçə gün Mübarizin xəyalı, ruhu ilə baş-başa qalaraq, onun döyüşkənliyini, igidliyini, mübarizliyini əks etdirən qəhrəman obrazını yarada bilmişdi. Mahmut Özkoca Mübarizin portretinin məktəbdə asıldığı günü xatırlayaraq deyir ki, onun - bu igid, cəsur Azərbaycan oğlunun pəhləvan cüssəli döyüşçü rəsmini məktəbimizin divarında ilk dəfə görəndə uşaqlar qürur və sevincdən az qala bayılmaq dərəcəsində idilər.


Portretin məktəb divarını bir Vətən divarına çevirdiyi, Mübarizin əldə silah Türkiyə sərhəddində "keşik çəkməyə" başladığı həmin gün bütün məktəb kollektivi üçün əsl bayrama, şərəfli bir günə çevrilmişdi. O gün balaca məktəblilərdən tutmuş böyüklərə - müəllim və valideynlərə qədər hamının qəlbində sanki bir Mübariz özünə yer tapmış, hamıda onun əfsanəvi igidliyindən doğan qəhrəmanlıq hissləri baş qaldırmışdı.


- Amerikalıların Rembosu bir ədəbi, film qəhrəmanıdır, çox güman ki, həqiqətdə elə birisi olmayıb. Ancaq Mübariz İbrahimov xəyali yox, türklərin qanının intiqamını alan həqiqi, gerçək Azərbaycan qəhrəmanıdır. Bizim könlümüzdə onun ayrıca bir yeri var. Qarabağ vuruşlarında çox igidlər olub, ancaq Mübariz tamam bir başqa qəhrəmandır. O, axıdılan türk qanının intiqamını təkbaşına alan bir qəhrəmandır. O, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qəhrəmanıdır. Mübariz İbrahimov özü kimilərin, igid davamçılarının çox olması üçün böyük bir örnəkdir, - deyir Mahmut Özkoca.    


Bu vətənpərvər, elm-təhsil fədakarı, bacarıql məktəb direktorunun igid Azərbaycan oğlunun əzəmətli portretinin açılışında onun misilsiz şücaəti haqqında danışdıqları sanki hər bir türk məktəblisini döyüşçüyə çevirmişdi. Oğlan uşaqları xəyallarında özlərini Mübariz kimi əldə silah erməni vəhşilərinə qarşı döyüşçü kimi hiss edirdilər. Onların əksəriyyəti həm də Türkiyədə Mübarizin igidliyi ilə bağlı çəkilmiş filmə də baxdıqlarından bu cəsur Azərbaycan oğluna vurğunluqla qəlblərində ona böyük məhəbbət yaşadırdılar.


Portretin açılşı zamanı məktəbin direktoru Mahmut Özkoca  xüsusi olaraq vurğulamışdı ki, Mübariz İbrahimov təkcə Azərbaycan oğlu yox, həm də bütün türk dünyasının qəhrəman oğludur. Əfsanəvi igidliyi ilə böyük tarixi olan qüdrətli bir xalqın qürur mənbəyinə, hamının əzizinə, sevimlisinə çevrilmiş Mübariz öz şərəfli həyatı ilə bütün türk ellərinin gənc nəsli üçün bir kişilik, əsl qəhrəmanlıq məktəbidir. O, böyük bir xalqın oğlu, türk xalqının yetirməsidir.


Məktəbdəki görüş zamanı igid eloğlusunun portreti önündə dayanaraq, coşqun, təbəddülatlı hisslər keçirən Hümbət həkim türk qardaş-bacılarımıza qürurla demişdi ki, “Azərbaycana qayıdanda hamıya bildirəcəyəm ki, Mübariz ölməyib, o, indi Türkiyə-Suriya sərhəddində keşik çəkir”. Onun bu sözlərindən qeyri-ixtiyari olaraq həm özünün, həm də o gün məktəbdə portret önünə yığılanların gözləri dolmuşdu.


Antakyanın azərbaycanlı yazıçı qonağı özü də əslən erməni vandallarının işğalı altında olan bir torpaqdan  - qədim oğuz yurdu Cəbrayıldan olduğu üçün Azərbaycanda son zamanlar Mübariz İbrahimov kimi minlərlə igid oğulların yetişdiyindən, onların Qarabağı xain düşmənlərdən azad etməyə daim hazır olduqlarından fərəhlə söz açaraq, bu gün bütün Türk dünyasının nəzərlərinin Azərbaycana yönəlməsindən, hamının intizarla o böyük Qələbə gününü gözləməsindən, Mübarizlər yetirən Azərbaycan Milli Ordusunun Qarabağı tezliklə düşməndən azad edəcəyinə bütün xalqın böyük inamından söhbət açdı.

 
Hümbət həkim həm də bir istək olaraq bildirdi ki, türk vətənpərvərliyini yüksək dəyərləndirdiyi təzə dostu, şair Mahmut Özkocanın Mübariz İbrahimovun əfsanəvi bir türk oğlu, qəhrəmanlıq rəmzi kimi təqdim edilməsi təşəbbüsünün Türkiyənin digər təhsil ocaqlarında da yayılması çox yaxşı olardı. 


Mahmut  Özkoca məktəbi 
 


Azərbaycandan gəlmiş əziz qonaqlarını - yazıçı-filosof Hümbət Həsənoğlunu və istedadlı həkim-şairə Nazilə Gültacı öz doğmaları kimi qarşılayan Mahmut bəyin Antakyada yerləşən məktəbi əslində beynəlmiləl təhsil ocağıdır. Çünki orada məktəblilərin 70 faizi türk balalarıdırsa, 30 faizi suriyalı uşaqlardır ki, onlara da ilkin olaraq 5-6 yaşından türk dili öyrədildikdən sonra 7 yaşından "ana sinfə" - 1-ci sinfə qəbul edilirlər. Suriyalı uşaqlar bütün günü türk həmyaşıdları ilə təmasda olduqlarından onlar üçün yeni olan türk dilini öyrənmək heç də çətinlik törətmir. Bir də ki axı, kiçik yaşlı uşaqlar başqa dilləri tez qavrayırlar. Çox alicənab və qayğıkeş bir məktəb direktoru olan Mahmud bəyin şagirdlərin təlim-tərbiyəsinə yetirdiyi xüsusi diqqət, türk dünyasının layiqli vətəndaşları kimi yetişməsi üçün daim səylə çalışması öz müsbət nəticəsini verir.


- Bizim məktəbdə 210 nəfərə qədər şagird oxuyur, onlardan hər il 22-25 nəfər məktəbi bitirərək, Türkiyənin müxtəlif şəhərlərindəki litseylərdə təhsillərini davam etdirir, sənət öyrənirlər, - deyə Mahmut Özkoca rəhbəri olduğu bu təhsil ocağı haqda məlumat verir. - Məktəbimizin 16 müəllimi ilə birgə çalışırıq ki, şagirdlər maksimum biliklərə yiyələnsinlər, vətənimizin layiqli övladları olsunlar, dost və düşmənlərini yaxşı tanısınlar. Tarix dərslərində və müxtəlif məktəb tədbirlərində Türkiyənin tarixi, onun qüdrətli bir dövlət kimi qorunub-saxlanmasında böyük sərkərdə, ulu Atatürkün rolu, onun rəhbərliyi altında möhtəşəm Çanaqqala döyüşləri, həmin döyüşlərdə minlərlə azərbaycanlı qardaşlarımızın da iştirakı və şəhid olması, keşməkeşli tarixi olan 15 milyonluq İstanbul, daşnakların 1915-ci ildə xarici havadarlarının köməyi ilə ölkəmizin hər yerində qırğınlar, vəhşiliklər törətmələri, son 25 il ərzində erməni faşistlərinin əzəli Azərbaycan torpaqlarını işğal etməsi, yüzlərlə kəndi və qədim tarixi olan şəhərləri viran qoymaları, mədəni-memarlıq abidələrini dağıtmaları və s. haqda geniş məlumat verilir ki, bu da  şagirdlərimizin düşmənə nifrət, türkçülük, vətənpərvərlik ruhunda böyüməsində, doğma, qüdrətli vətənimiz Türkiyəyə olan sevgilərinin daha da güclənməsində mühüm rol oynayır.


Qonaqların gəlişi ilə bağlı məktəbdə keçirilən geniş tədbirdə çıxış edən Hümbət həkim pedaqoji kollektivi və şagirdləri səmimi salamlayaraq, Türkiyənin bu ucqar kəndindəki sərhəd məktəbində Azərbaycanın igid oğlu Mübariz İbrahimovun xatirəsinin əziz tutulmasına, hər bir türk oğlunda böyük qürur doğuran təşəbbüsə görə Mahmut Özkocaya təşəkkür etmiş, öz yeni kitablarını məktəbin kitabxanasına və şagirdlərə bağışlamışdır. O, Azərbaycanda müharibənin hələ başa çatmadığını, Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalı altında olduğunu diqqətə çatdıraraq, Milli Ordunun Mübariz İbrahimov kimi qəhrəman döyüşçüləri sayəsində düşmənin gec-tez məğlub ediləcəyinə inamını ifadə etmişdir.


Doktor Hümbət Mübariz İbrahimovun abstrakt türk əsgəri deyil, ölümünü qəyiyyən göz önünə gətirməyən, qorxmadan, cəsarətlə düşmən üzərinə təkbaşına hücum çəkən real bir Azərbaycan cəngavəri olduğunu qeyd edərək, onun erməni faşistlərinin üstünə tək getməsinin səbəbinin özündən başqa kimsəyə qıymamasından, ermənilərdən türk şəhər və kəndlərində törətdikləri qırğınların qisasını təkbaşına almaq istəyindən irəli gəldiyini diqqətə çatdırmış və onu da vurğulamışdır ki, əgər Mübariz özüylə bir nəfər döyüş dostunu da götürmüş olsaydı, bütün düşmən taborunu tamamilə məhv edərdi. Ancaq onun erməni vəhşilərinə nifrəti o qədər sərt və böyük idi ki, onlardan qisası tək özü almaq istəyib. Və o düşmənə Azərbaycan əsgərinin hansı cürətə və hünərə, hansı gücə-qüdrətə malik olduğunu təkbaşına sübut edə bildi. Bunun  üçün o, əvvəlcədən aylarla şəxsi fiziki və hərbi hazırlıq keçmiş, bütün növ silah və döyüş sursatlarından istifadə etməyin mükəmməl üsullarını öyrənmişdi. O, yalnız bundan sonra qəti qərara gələrək, əvvəlcədən nəzərdə tutduğu kimi tam silahlanaraq düşmən üzərinə tək getməyi, cəngavər türk oğlunun nələrə qadir olduğunu erməni tör-töküntülərinə sübut etməyi planlaşdırıbmış. Mübarizin Vətən qarşısında əsgəri borcunu yerinə yetirib, doğma kəndlərinə qayıtdıqdan sonra düşmənin azğınlaşmasına dözməyib, evdə qərar tuta bilməyərək, yenidən könüllü olaraq hərbi xidməti davam etdirmək üçün öz hərbi hissəsinə qayıtmasında da yeganə bir məqsədi vardı. O - çox gənc olan bu vətən əsgəri qarşısına məqsəd qoymuşdu ki, "mən düşməndən saysız xəyanətlər görmüş, ağır yaralar almış doğma xalqımın intiqamını, qisasını hökmən almalıyam!".  


Və elə də etdi - Vətən qarşısında əsgəri, oğulluq borcunu ləyaqətlə, şərəflə yerinə yetirdi!

 

***


...R
amazan günləri olduğundan həmin gün axşam Mahmut Özkoca Azərbaycandan olan  qonaqlarını öz evinə iftar süfrəsinə dəvət elədi. Onun universitet müəllimi olan həyat yoldaşı Gözəl xanım onları mehribanlıqla qarşılayaraq, dadlı türk təamlarına qonaq etdi. Maraqlı idi ki, qonaqlar da, ev sahibləri də eyni dərəcədə böyük sevinc içərisində idilər - sanki uzun illərin doğmaları nəhayət ki bir-birinə qovuşmuşdu.  Üzlərdən sevinc, bəxtəvərlik yağırdı.



...Mahmut bəyin evində olarkən Hümbət həkimin başına "qəribə iş" gəlir - mobil telefonu necə olursa, birdən "donub qalır" və onun kimsə ilə telefon əlaqəsi saxlaması heç cür mümkün olmur. Mahmut Özkocanın texniki fənlərə, kompüter texnikasına böyük maraq göstərən 12 yaşlı istedadlı oğlu Kayra Göktuğ bunu görüb, qonaqdan telefonu ona verməsini xahiş edir. Və o, qonaqları da, valideynlərini də özünün qabiliyyəti ilə təəccübləndirir. Belə ki, Hümbət həkimin "rusdilli" mobil telefonundakı problemi aradan qaldırmaq üçün o,  rus dilini bilmədən, krill əlifbası üzərində  qurulmuş proqramı çətinlik çəkmədən, ordakı işarələrdən istifadə etməklə telefonun işləməsinə nail olur. Bu isə təsadüfi deyildi. Türk dünyası uşaqlarının, gənclərinin milli mədəniiyəti və ədəbiyyatı, incəsənəti yaxşı bilmələri ilə yanaşı onların müasir texnikaya, informasiya texnologiyalarına da yiyələnmələrinin vacibliyini bilərək, uşaqların hərtərəfli inkişaf etmələrini arzulayan Mahmut Özkoca öz evində də istedadlı bir məktəblinin, gələcəyin bacarıqlı mütəxəssisinin yetişməsinə xüsusi diqqət yetirir.  

.
..Ayrılarkən Mahmut Özkoca ən böyük arzusunu dilə gətirib, demişdi: "Çox istərdim ki, bütün türk dövlətlərinin rəsmi adlarına "türk" sözü də əlavə edilsin - Azərbaycan Türk Respublikası, Özbəkistan Türk Respublikası, Qazaxıstan Türk Respublikası və s. Belə olduqda hər bir respublikanın əhalisi türk olduğunu bir an da unutmayacaq və biləcəklər ki, onların xoş günlərində olduğu kimi, çətin, dar günlərində də onlarla birgə, onların yanında ola biləcək neçə-neçə türk dövləti var! Bu, onların beynəlxalq aləmdə həmrəyliyinin, birliyininin sarsılmaz  ifadəsi olacaqdır!"


Mahmut bəy bu fikirləri bir müddət sonra böyük bir Azərbaycan-Türkiyə poeziya festivalına dəvət alıb, Sumqayıtda olarkən Hümbət həkimin və professor dostu Sahib Fərzəliyevin dəniz sahilindəki istirahət ocaqlarından birində təşkil etdikləri ziyafət zamanı da dönə-dönə təkrar etmişdi. 


Bəli, poetik və interaktiv düşüncəli pedaqoq, bacarıqlı məktəb rəhbəri, gözəl şair Mahmut Özkoca ilk növbədə böyük arzularla, türkçülük eşqi ilə yaşayan vətənpərvər bir türk oğludur!


Qoy uğurlar, qələbələr daim türk dünyası ilə olsun! Var olsun türk qardaşlığı!

 

P.S.  Türkiyənin yazıçı və şairlərindən ibarət nümayəndə heyətinin tərkibində respublikamızda keçirilən IX Şairlər Günündə iştirak edən Mahmut Özkoca Bakıda Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla, Sumqayıtda yerli şairlərlə görüşmüş, Şəkidə görkəmli şair Bəxtiyar Vahabzadənin ev-muzeyi, Xan Sarayı, Göyçay və Qubada gəzməli,  tarixi yerlərlə tanış olmuşdur.  

 

Rəhman ORXAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi