Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

22 Dekabr 2009, 10:50

«Media əhvalatları» rubrikasında jurnalistlər başlarına gələn, şahidi olduqları maraqlı əhvalatları danışmaqda davam edirlər. Rubrikamızın budəfəki qonaqları həmkarlarımız Fərəh Sabirqızı, Azər Hüseynbala, Elşad Eyvazlı və Cəsur Sümərinlidir. 

Fərəh Sabirqızı, müstəqil jurnalist

 

Vəhhabiləri ifşa edən “əməliyyat”

 

- “Yeni Müsavat”da işlədiyimiz dövrlər idi. 1998-ci il olardı. O vaxt qəzetin müxbiri Məğrur Əli Polad Azərbaycanda vəhhabilərin gizli qruplaşmasından silsilə yazılar yazırdı. Bir ara Məğrur izləndiyini hiss etmişdi. Buna görə redaksiyadan ona mühafizəçi də ayırmışdılar. Biz bu vəziyyəti bir az da qızışdırmaq istədik. Redaksiyanın qızları bir araya gəlib qərara aldıq ki, Məğrura zəng edib onu vəhhabilərin adından hədələyək. “Əməliyyatı” Esmira Namiqqızı həyata keçirdi. Elə redaksiyada başqa otaqdan səsini qalınlaşdırıb Məğrura zəng etdi və onu hədələdi. Dərhal bu barədə baş redaktor Rauf Arifoğluna məlumat verdilər, mətbuata xəbər yayıldı. Hətta deyəsən, ANS-də də xəbər getmişdi. Görəndə ki, hər şey çox ciddiləşir, məcbur olub Rauf bəyə zarafat etdiyimizi etiraf etdik. Amma işin yaxşı tərəfi o oldu ki, bizim “əməliyyatımızın” yaratdığı səs-küy nəticəsində xüsusi xidmət orqanları məsələ ilə maraqlandılar, Məğrurla görüşəndən sonra bu dəstənin üstü açıldı. Dəstənin üzvlərini Azərbaycandan çıxardılar. 

Reportaj üçün əlil arabasında şəhəri gəzdik

 

- Bir dəfə Media Müxtəlifliyi İnstitutunun təşəbbüsü ilə əlillərin problemlərinə həsr olunmuş xüsusi buraxılış hazırlayırdıq. Mən də həmkarım Sevinc Kərimova ilə birlikdə bir proyekt reallaşdırmalı idik. Əlil arabasını Bakıda sürüb şəhərdə pandusların (arabanı sürmək üçün maillər) olub-olmadığını müəyyənləşdirməli idik. Əvvəlcə belə planlaşdırmışdıq ki, mən arabada oturacağam, Sevinc də sürəcək. Amma Sevinc avtomobillərə məhəl qoymadan məni şossenin ortası ilə sürəndə qorxdum. Xəlvəti bir yerə keçib, yerlərimizi dəyişdirdik - Sevinc arabaya oturdu. Şəhərin yarısını beləcə gəzdik. Tərslikdən, mərkəzdəki mağazalardan birinin yaxınlığında Sevinc neçə il görüşmədiyi rəfiqəsi ilə üzləşdi. Qız Sevinci bu vəziyyətdə görəndə şoka düşdü. Biz də tamaşanı pozmamaq üçün məcbur olub yalan uydurduq – guya, Sevinc qəzaya düşüb, əlil olub. Yazıq qızı ağlamaq tutdu, başladı Sevincə ürək-dirək verməyə. Heç özü də bilmirdi rəfiqəsinə necə təsəlli versin. Biz də çox pis olduq, amma camaatın qarşısında özümüzü ifşa edə bilməzdik. Sabahısı gün Sevinc həmin qıza zəng edib əhvalatı danışmışdı. Deyəsən, rəfiqəsi ondan küsmüşdü...

 

Azər Huseynbala, “Trend” agentliyinin əməkdaşı

 

“Vı indeets, şto li?”

 

Hazırda mühacirətdə olan həmkarım Elbəyi Həsənli ilə birgə 2000-ci ilin avqustunda Moskvaya ezamiyyətə getmisdik. İlk göruşəcəyimiz müsahib eks-prezident Ayaz Mütəllibov olacaqdı. Bakıdaykən Mütəllibovun ünvanını öyrənmisdik. Onun evi metrostansiyaların birinin yaxınlığında idi. “Domodedovo” aeroportundan metroya minib həmin stansiyada düşdük. Amma elə bir səmtə çıxmaq istəyirdik ki, deyilən ünvanı tapmaqda çətinlik çəkməyək. Odur ki, stansiyanın çıxışındakı bildiriş xarakterli lövhələrə baxmağa başladıq. Yeri gəlmişkən, həmin il, avqust ayında Bakıda havanın hərarəti 40 dərəcəyə çatırdı. Anadangəlmə dərisi nisbətən qara olan Elbəyinin rəngi Bakının istisində bir az da qaralmışdı. Biz çıxışda ləngidiyimiz zaman bir rus "babulyası" bizə yaxınlaşıb soruşdu: “Rebyata, kuda vam nado? Vı indeets, şto li?”. Məni gülmək tutdu. Babulya Bakının qızmar günəşi altında rəngi daha da qaralan Elbəyiyə görə bizi hindistanlıya bənzətmişdi. Elşad Eyvazlı, Parlament Jurnalistləri Birliyinin sədri Tağı müəllimin fırıldağı

 

Hər gün” qəzetində işlədiyim vaxtlar idi. Mənə arıçılıqdan yazı hazırlamaq tapşırılmışdı. O zaman Kənd Təsərrüfatı Nazirliyinin arıçılıqla bağlı bir şöbəsi var idi, onun da müdiri Tağı Atakişiyev adlı şəxs idi. Bir neçə dəfə Tağı müəllimə zəng edib dedim ki, bəs, arıçılıqdan yazı hazırlayıram, onun da fikirlərini öyrənməliyəm. Amma hər dəfə də o, dəstəyi götürür, mənə qulaq asandan sonra acıqlı halda deyirdi ki, Tağı müəllim otaqda yoxdur, harasa çıxıb. Bir dəfə xanım müxbirlərin birindən xahiş etdim ki, Tağı müəllimlə danışsın, görüş alsın, mən gedim onu danışdırım. Elə də etdik. Qızlardan biri onun nömrəsini yığdı. Tağı müəllim dəstəyi qaldırıb çox mehriban cavab verdi və xanım həmkarımı sabah razılaşdırılan saatda gözləyəcəyini dedi. O zaman nazirlik indiki Xarici İşlər Nazirliyinin binasında yerləşirdi. Axtarıb Tağı Atakişiyevin otağını tapdım. Əvvəlcə dəqiqləşdirmə apardım, dəhlizdə olanlardan Tağı müəllimin içəridə olduğunu öyrənib otağa daxil oldum. Salam verdim və ardınca arıçılıqdan yazı hazırlamağa gəldiyimi bildirdim. Otaqdakı kişi cavab verdi ki, o, Tağı müəllim deyil, Tağı müəllim ezamiyyətdədir. Dedim ki, ay müəllim, dəhlizdə dedilər ki, siz Tağı müəllimsiniz, otağın qapısının üstünə də adınız yazılıb. Sözümüz düz gəlmədi, mübahisəmiz başladı, axırda mənə dedi ki, gəl gedək nazirin yanına. Guya məni qorxuzmaq istəyirdi, dedi ki, məndən nazirə ona şər atdığımı şıkayət edəcək. Düz qəbul otağınacan getdik. İçəri daxil olmaq istəyəndə dedi ki, qayıdaq, Tağı müəllim özudur. İndiyədək heç bir jurnalistə müsahibə verməyib. Onun otağına qayıtdıq, sonra da müsahibə verdi və ayrılanda mənə  “sən məndən də həyasız imişsən” dedi.

 

Ağ kostyumun “zibili” Dəqiq yadımda deyil, deyəsən 2000-ci il, yaz qabağı idi. O zamankı müxalifət Bakının mərkəzində mitinq keçirirdi. Jurnalistlər də orada idi. Faiq Quliyev adlı jurnalist də (Hikmət Sabiroğlugilin tələbə yoldaşı) qələm əhlinin arasındaydı. Qəflətən polislə mitinqçilərin qarşıdurması başladı və qarışıqlıq, gərginlik yarandı. Hərə bir tərəfə qaçmağa başladı... Faiq dümağ bir kostyum, üstündən də qara plaş geyinmişdi. Qarşıdurma yarananda, o, hadisə yerindən uzaqlaşmaq üçün plaşını soyundu ki, yungülləşsin. Sonra bizim aramızdan çıxıb kənara qaçdı. Polis isə elə bildi ki, Faiq onlarla dava etmək üçün plaşını soyunur. Beləcə asayiş keşikçiləri Faiqi hədəf götürdülər və onu qovmağa başladılar. Mitinqdə Faiqdən başqa dümağ geyinən yox idi. Bu da onun gizlənməsinə mane olurdu. Təsəvvür edin, dümağ paltarlı adam hara qaçırdısa, polislər onu görür və qovurdular. 10-15 polis Faiqi ardınca düşüb qovur, sanki “diri tutmaq” istəyirdilər. “Jurnalistəm” deyib qışqırması Faiqin karına gəlmədi. Aksiya iştirakçıları ağ paltarlı adamın qaçmasına və polislərin onu necə qovmasına tamaşa edirdilər. Faiq boydan balaca olsa da, polis onu tuta bilmədi. Redaksiyaya qayıtdıqdan sonra söz verdi ki, bir də ağ kostyumu geyinməyəcək və sonadək də sözünü tutdu. . 

 

 

 

 

Cəsur Sümərinli, “MilAz” İnformasiya Agentliyinin baş redaktoru

 

Ramiz Məlikov, Koroğlu və Şah İsmayıl

 

- 2001-ci il idi. Hərbi xidmətdən yenicə qayıtmışdım və “İmpuls” qəzetində hərbdən bəhs edən səhifə hazırlayırdım. Müdafiə Nazirliyindən ordu barədə daha çox məlumat almaq istədiyimdən qurumun mətbuat xidmətinin o vaxtkı rəisi polkovnik Ramiz Məlikovun qara siyahısına düşmüşdüm. Məni “ordu barədə sağlam baxışlara malik olmayan şəxs” kimi qələmə verən Ramiz müəllimə cavablandırması üçün xeyli sual ünvanlamışdım. Amma R.Məlikov onları cavablandırmağa vaxtının olmadığını demişdi. Bu arada R.Məlikovu xalq artisti Məleykə Əsədovanın o zaman AzTV-də aparıcılıq etdiyi “Gözəllik işığında” verilişində gördüm. Ramiz müəllim dayanmadan eşq-məhəbətdən şeir deyirdi. Göndərdiyim sualları cavablandırmağa vaxt tapmayan polkovnikin efirdə vəzifəsinə uyğun olmayan işlərlə məşğul olması məni hövsələdən çıxartdı. Səhər redaksiyaya gəlib “Azərbaycan ordusunda yeni rütbə növü yaradılmalıdır” adlı məqalə yazdım. Məqalədə bildirdim ki, Azərbaycanın bir çox  hərbçilərində şeir demək artıq ənənəyə çevrilib, bu sırada Ramiz Məlikov, Abdulla Qurbani və başqaları var. Təklif etdim ki, şeir demək qabiliyyətinə malik hərbçilərin rütbələrinin qarşısına “şair” sözü əlavə edilsin. Yazımda bu təklifimi Azərbaycanın hərb tarixində Şah İsmayıl, Koroğlu kimi şair sərkərdələr olması ilə əsaslandırdım. Məqalə işıq üzü görəndən sonra Ramiz müəllim redaksiyaya telefon açıb onu təhqir etdiyimi bildirdi. Mən onu Şah İsmayıl, Koroğlu kimi qəhrəmanlarla yanaşı qoyduğumu bildirəndə, Ramız müəllim bir qədər xoşhal oldu... Amma vəzifədən gedənə qədər mənim yolladığım sualları cavanlandırmağa “vaxt tapmadı”...

 

Hazırladı: Lalə Musaqızı

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir