Modern.az

Polis hara, şeir hara...

Polis hara, şeir hara...

Mədəni̇yyət

28 Yanvar 2012, 20:46

Onu ilk dəfə Mədəniyyət Fondunda şairlə keçirilən görüşdə gördüm. O qədər cansıxıcı tədbirlərə dəvət olunuruq ki, bəzən işinin, bəzən dəvət edənin xatirinə dişini-dişinə sıxıb iştirak edirsən. Kamal Abdullanın illərdir rəhbərlik etdiyi Mədəniyyət Fondunda poeziya gecələri, yaradıcı insanlarla görüşlər tez-tez olur. Getdim,  tədbir hələ başlamamış mənə bir kitab verdilər, gördüm şeir yazan bir nəfər polisin yeni kitabıdır, görüş də onunla olacaq. Düşündüm ki, polis hara, şeir hara? İnformasiyanı götürüb görüşə qalmamaq üçün bəhanə düşünə-düşünə əlimdəki “Dərdim iki taylıdır” adlı şeirlər kitabını varaqladım. “Qurban olum”, “Təbrizim”,  “Heydərbaba Şəhriyara söylə ki...” adlı şeirlər bir-birinin ardınca diqqətimi çəkdi. Oxudum

Soruşuram, Şəhriyarı neylədin,
Hara getdi, niyə getdi, nec oldu?
Neçə kərə sifariş də eylədi,
Gələmmədik, bu gəliş də gec oldu...

Yox, belə şeirləri, yalnız o dərdlə yaşayan yaza bilər. Kitabı geri çevirib tərcümeyi-hala baxdım. Əjdər Yunis Rza 1952 –ci il yanvarın 2-də Cəbrayıl rayonunun Xələfli kəndində çoban ailəsində anadan olub. Orta məktəbi bitirib, Bakıda Pedaqoji İnstitutun tarix fakültəsində təhsil alıb. Tarix elmləri namizədi, dosentdir. Və bütün bunlara damla-damla nail olub. Təhsil aldığı ali ocaqda laborant kimi fəaliyyətə başlayıb, sonra orda dərs deyib. Hazırda DİN-in Polis Akademiyasında kafedra rəisidir, polis polkovnikidir. “Taleyimin qisməti”, “Haray dağlar”, “Bir ovuc torpaq”. “Gordubaba, yadındamı”,  “Darıxmasın”, “Zamanın girovuyam”, “Tövbə bu dünyaya bir də gəlmərəm””, “Dərdim iki taylıdır” adlı kitabların müəllifidir.

-  Hələ heç kimin tərcümeyihalında “çoban ailəsində doğulub” ifadəsini oxumamışdım?

- Bunu mən həmişə qürurla deyirəm.  Körpəlikdən  tərəkəmə həyatı yaşadığımdan, təbiətə, el-obaya, torpağa, vətənə daha çox bağlanmışam. Çoban Hümbətalıdan, anam Qaçaq Rzanın qızı Rənadan aldığım tərbiyəni dünyanın heç bir ləlinə dəyişmərəm. Mənim var-dövlətim o özülümdə qoyulanlardır.
Görün haralardan keçmişəm, Salyanda dəmir yol məktəbində müəllim işləmişəm, ordan Sovet ordusuna qulluğa getmişəm, sonra elmi işlər, alimlik dərəcəsi, yenidən polis sıralarında çalışmağım. İşimlə bağlı, həm də elə uşaqlıqdan Təbriz həsrəti yaşadığım üçün gedib oraları da gəzdim, gördüm, heç nə, heç bir sivilizasiya mənim o atamın arxasınca gəzdiyim, böyüdüyüm yal-yamacda aldığım təəsüratın yerini vermədi.

- İşinizin, peşənizin sərtliyi şairlik duyğusu ilə çox tərsmütanasib deyilmi?

- Mən polis sıralarına çox sonralar, taleyin gərdişi ilə gəlib çıxmışam. İxtisasım, ruhum da müəllim ruhudur.  Şeirlərimin isə tarixi lap qədimdir. Hələ o vaxtlar Cəbrayılda çıxan sonralar adı dəyişib “Xudafərin” olan “Kolxozçu” qəzetində ilk şeirlərim işıq üzü görüb. O vaxtdan, sonralar da utanardım şeirləri üzə çıxartmağa. Özümü şair hesab edə bilmirdim, deyirdim düşünərlər ki, bu da şeir yazır. Yazıçılar İttifaqına da bu səbəbdən çox gec, 2010-cu ildə üzv olmuşam.  

Şeirlərinizdə bir məqam diqqətimi çəkdi, Təbriz, Şəhriyar, həsrət, ayrılıq, amma sevgi zəminində yox,  o tay bu tay dərdində ayrılıqdan çox bəhs olunur?

- Bəlkə ondan irəli gəlir ki, ömür boyu bu taydan o taya baxıb Təbriz həsrəti çəkmişəm. Şəhriyar şeriyyətindən içimə hopub o həsrət. Taleyin işinə baxın ki, Allah qismət etdi getdim o taya. Heydərbabanı da ziyarət etdim, Təbrizi də gördüm, amma o taydan bu tayda girov qalmış yurduma baxmalı oldum. Bir vaxtlar Cəbrayıldan o taya baxıb həsrət çəkmişdim, indi o taydan Cəbrayılla üz-üzə qalmışdım.

İşə bax, ilahi, bu taydan durub
O tayın ağrısın çəkirəm indi.
Çöküb xan Arazın sinəsi üstə
Gözümün yaşını tökürəm indi.

Xudafərin körpülərindən yuxarı bir böyük bənd vurulub Araz kənarı kəndlər hamısı Arazın suları altında qalıb.

Görən babam məndə olan bu səbrdən bezərdimi,
Yurdu girov qala-qala baş qaldırıb gəzərdimi?
Heç bu qədər yatardımı, heç bu qədər dözərdimi,
Xocalının qisasının alınmamış qalan vaxtı?
Odlar yurdu Azərbaycan o tay, bu tay olan vaxtı?

Daxilində bu qədər zənginlik olan bir şəxs, yaradıcı insan haqda ilk təəsürütdü düşündüklərim üçün utandım. Bu günlər Əjdər Rza Yunusun doğum günüdür. Ona növbəti doğum günlərindən vətən həsrətindən yazmağa son qoymağı, həsrətdən yaza bilməməsi arzusuyla..

Ramilə Qurbanlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?