Modern.az

Ömrümün köç GÜNLÜYÜ - III YAZI

Ömrümün köç GÜNLÜYÜ - III YAZI

17 İyul 2019, 09:15

Əvvəli burada

Səhər tezdən “şirincay”ımızı alatələsik yeyib, oğrunca ətrafı nəzərdən keçirdik. Günəş hələ görünməsə də, hava aydınlanmışdı. Nənəm boşqablarda qalmış pendiri qaytarıb motala yığırdı. Xavər də yəqin ki, qırxbuğum yığımına gedəcək qız –gəlini haraylayıb yuxudan durğuzmağa, babam isə təndir düzəltmək üçün sarı torpaq gətirməyə getmişdi. Deməli, xatadan-bəladan uzağıq. Qaçmaq imkanımızı əldən vermədən hərəmizin əlində bir boxça üzü yuxarı- dağlara tərəf addımladıq. Çadırların arasından keçdikcə, gözümüz dörd olmuşdu. Kaş ki, bizi heç kim görməsin. Amma  tək-tük adam görünsə də, çoxu hələ yuxudan oyanmamışdı. Heç o “tək-tük” lər də bizə fikir vermirdi.

Alaçıqların qarşısında  samovarlar tüstüləyirdi. Dağlardan əsən mehin gətirdiyi çiçək qoxuları o tüstüyə  qarışaraq adamı az qala bihuş edirdi. Bir yandan da gecədən düşən  şeh otların üzərinə səpilmiş mirvariyə bənzədiyindən bu gözəllikdən də göz çəkmək mümkün deyildi. Arxaclarda, ağıllarda (qoyun, mal yatağı; ilin isti aylarında sürü və naxırların çöldə istirahət etdiyi yer) acıb –susamış, dil boğaza qoymadan  mələyən qoyun-quzunun səsi lap nəğməyə bənzəyirdi. Beləcə, gözəlliklərə acgözlüklə baxa-baxa obanı tərk etdik.

Başımızın üstündə “böyük”lərdən heç kim yox idi, “dinməz dur, sakit otur!” sözlərini eşitmədiyimizdən sevincimiz yerə-göyə sığmırdı. Xırda çınqıl-daş düzülmüş yoldan çıxaraq,  qayalara dırmaşmağımızla, gül-çiçək qoparıb bir dəfə qoxlayıb atmağımızla, səsimiz gəldiyi qədər qışqırıb, əks-sədamıza maraqla qulaq asmaqla sevincimizi paylaşırdıq...

Bu minvalla binələrdən xeyli aralanmışdıq, xeyli yol qət etmişdik. Daxilimdə bir narahatçılıq vardısa da, amma halımdan çox məmnun idim. O vaxta qədər ki, hamımızdan yaşda kiçik olan Ballının qarşısına yekə bir kərtənkələ çıxdı. Bəlkə də bu görüşü heyvan da  gözləmirdi deyə, yolun ortasında durub çaşmış halda diqqətlə bizə baxırdı. Onun qıpqırmızı, qan çanağına oxşar qorxunc gözlərini elə bil hamımız bir anda gördük. Görməyimizlə də bağıraraq pərən-pərən düşməyimiz ani oldu. Heyvan səsimizin vahiməsindən qorxdumu ya nədənsə, uzun quyruğunu ”burcuda-burcuda” sürətlə qaçıb kolluğa girdi.

İndiyə qədər bu iriliyində bir kərtənkələ ilə  rastlaşmamışdıq. (El arasında ona kələz deyidilər. Daşlıq və qayalıq yerlərdə yaşayan iri kərtənkələ növüydü.) Hamımız beləsini ilk dəfə gördüyümüzə, ilk dəfə tanıdığımıza görə bu qəfil ”tanışlıq” üstümüzə ələnmiş su effekti verdi. Əməllicə qorxduq. Susaraq, bir azacıq da qorxaraq ətrafımızı, xüsusən arxamıza boylanaraq  yolu diqqətlə nəzərdə keçirirdik. Birdən dalımızca gələr!!! Bu arada özünü güc-bəla ələ almış Elşad da qorxudan rəngi ağappaq olmuş Ballıya kimdənsə eşitdiyi “rəvayətlər”lə  təsəlli verməyə  girişdi: “Qorxma eyyy,  bu kərtənkələdi, ilandı adamı diri-diri yeyə bilməz. Onlar adamı öləndən sonra gəlib qəbirin içində yeyirlər”. Ballı yəqin ki, özünü qəbirin içində, üstünə ilanların , kərtənkələlərin şığıdığını təsəvvür etdi ki, o cür qorxunc səslə çığırıb ağlamağa başladı. Di gəl, indi də Ballını kirit...
Turşsuya çatanacan Ballını ölməyəcəyinə inandırmaq uçun neçə dəfə and içdiyimin də sayını itirdim. Axır ki, o da ölməyəcəyinə əmin olub sakitləşdi. 

Deyilənə görə, Turşsuyu  bizim binələrdən hardasa 8 kilometr ayırır. Xeyli yol gəlmişdik, susuzlamışdıq, hələ qorxmuşduq da. Odur ki, özümüzü bulağın üstünə atdıq. O vaxt bəyənmədiyimiz o “şortam” sudan yana –yana içdi. Və düzü, belə şortam suya görə o boyda yolu qət etdiyimizə təəssüf də elədik. Bir az yamacda dincələndən, yorğunluğumuzu alandan sonra gözümüz çaya zilləndi. Çayın sakit axan , dumduru, bir azca da dərin olan hissəsi bulağa yaxın idi. Boxçalarımızı açdıq, gətirdiyimiz ehtiyat paltarlarımızı  geyinib özümüzü çaya saldıq. Çiləşmə, itələşmə, qara-qışqırıq, gülüş səsləri... kefimizə kef çatmazdı. Suda nə qədər qaldığımızın fərqində deyildik. Amma dodaqlarımız gömgöy göyərmişdi. Çaydan çıxıb göy otluğun ustünə uzandıq. Əynimizdəki yaş paltarlarımız və sərin meh bizi bir az da üşütdü. Bizi lap titrətmə tutdu, beşimiz də yarpaq kimi əsirdik. Elə bu dəm də bulağın tam qarşısında bir “Niva”saxladı. Maşından  2 kişi 1 qadın biz yaşlarda 3 uşaq düşdü. Hamısı da bizə elə diqqətlə baxırdılar ki, elə bil cürdəyi doldurmağa yox, məxsusi  bizə baxmağa gəlmişdilər. Qadın bizə baxıb, qaşlarını çatdı: “Boyyy, a bala , özünüzü niyə qırırsınız, əyninizi dəyişin də... öləssiniz eyy...”.


Birinci Ballıya baxdım. Ya mənə elə gəldi ya da doğurdan da Ballının üzü-gözü həmin sözdən sonra əyildi. Dodaqları daha bərk əsməyə başladı. Tez uşaqlara başımla işarə edib, çaya tərəfə yüyürdüm.Yenə səsimiz-küyümüz həm qayalıqlarda, həm də çayın üstündəki sıx meşədə əks-səda verdi. “Niva”dakıların getdiyini yoxlamaq üçün bulağa tərəf baxanda hər 3 uşağın özlərini yerə çırparaq, çaylağa tərəf dartındığını gördük. Onsuz da qadından xoşum gəlməmişdi. Bu dəfə göz-qaşla valideynləri ilə az qala güləşən uşaqları yanımıza çağırdım. Müsibət lap göyə qalxdı. Biz gülə-gülə, suyumuz süzülə-süzülə çaydan çıxıb yenə yamaca qalxdıq.  Valideynlərin uşaqları döyüb maşına doldurduğunu lap yaxından seyr eləməyə, ucadan gülməyə başladıq. “Niva” yerindən götürüldü, gözdən itəndən sonra hərəmiz bir daşın arxasına girib yaş paltarlarımızı çıxarıb,  quruları geyindik. Bulaqdan 2 addım solda, zoğal ağacının budaqlarına asdığımız  boxçalarımızı götürüb süfrə açdıq. Bütün boxçalardan 2 pomidor, 3 xiyar, 1 şamama, yuxalara bükülmüş xeyli motal pendiri, 4-5 çiy kartof  çıxdı.. Acından mədəmiz göynədiyi vaxtda çiy kartoflara baxa-baxa qaldıq. “Neynəyək” deyə düşünüb nə vaxtsa bulağın başında qalanmış, indi isə külü qalmış ocaqların ətrafını axtarmağa başladıq. Nəhayət selin gətirdiyi böyük  bir daşın altına yığılmış qamqalaqları (oduncaqlar) dağıdanda əlimə butulka və kibrit toxundu. Butulkanın içinde xeyli  yanacaq vardı. Hərəmiz bir tərəfə dağılışıb quru odun parçaları tapıb gətirdik. Quru otları qamqalaqların üstünə töküb kibriti çəkdim. Odunlar çarta-çartla yanmağa başladı. Biz də sevincək süfrəmizin başına yığışdıq. Pendiri  yuxanın arasına qoyub dürmək elədik. Dürməyi, doğrayıb salat elədiyimiz pomidor-xiyarla iştaha ilə yedik. Bir az rəngimiz də, bədənimizin temperaturu da özünə gəldi. Ocağa qoyduğumuz oduncaqlar, qamqalaqlar yaxşıca od salmışdı. Qalaqlanmış  xırda kömürlərin arasına çiy kartofları basdırıb, iştahla gözümüzü ocağa zillədik. Aradan çox keçmədi ki, külləmə kartofun xoş qoxusu iştahımızı daha da qabartdı. Bişmiş kartofları ”ata malı” kimi bölüb, uşaqların arasında payladım. Barmaqlarımızın yanmasını vecimizə almadan kartofları soyub, sonuncu çörək loxması ilə demək olar ki udduq. Artıq günortadan xeyli keçmişdi. Obaya dönməyin vaxtı idi.

Bir az da ləngisək, babam obada olmadığımızı anlayar-deyib yola düzəldik. Həm yorulmuşduq, həm ovqatımız səhərki ovqat deyildi.Ona görə, addımlarımızı asta atırdıq. Yolu yarı eləmişdik ki, toran düşdü.  Elə bil toranın düşməsi ilə tükürpədici, qulaq batıran çaqqal-canavar ulaşması bərkidi, çoxaldı, yaxınlaşdı. İndi asta getmirdik, elə bərk yeriyirdik ki, qaçsaydıq ondan yaxşı olardı. Bir yandan da ürəyimizin “guppa-gup”u qulaqlarımızı az qala partladacaqdı. Hava lap qaralmışdı. Artıq 4 addımlıqdan göz-gözü görmürdü. Əvvəlcə Ballının hıçqırtısı, sonra hönkürtü vurub ağlaması bizi lap təntitdi. İndi də Vüsalə xısın-xısın Ballıya “dəstək” olurdu. Bacılarının ağlamağına ürəyi dözməyən Gülşən kövrələ-kövrələ “nolar, qadan  alım, ağlamayın”-deyə yalvarmağa başladı. Düzünü deyim “işlərin başı” olduğuma görə, ağlamağa-hay salmağa üzüm gəlməsə də, hiss edirdim ki, ağlayanlardan da pis qorxuram. Nə Həsrətin, nə Elşadın səsi çıxırdı. Qarşıda qaraltı görəndə qorxudan taqətimiz kəsilirdi. Elə qorxa-qorxa da irəliləmək məcburiyətindəydik.Yaxınlaşanda “qaraltı”nın ağac ya kol olduğunu görəndə, dərindən nəfəs alıb  yenidən irəliləyirdik. Birdən lap yaxınlığımızdan nəsə hoppanaraq keçdi. Hoppandığı yerdən daşlar sürüşüb gurultu saldı. Elə bil hamımız buna bənd idik. Gecənin qaranlığından, heyvanların vahiməli  səsindən, ən əsası isə çarəsizlikdən hamımız ağız-ağıza verib ağlaşmağa başladıq. Həm yüyürürük, həm ağlayırıq, həm yıxılırıq. Səsimizdə elə bir vahimə vardı ki, çaqqallar-canavarlar bizim səsimizi eşıdıb susmuşdular... Amma ağacların arasından , çaylağın yaxınlığında cüt-cüt xırda işıqlar görünürdü. Belə işıqları adətən qaranlıqda pişiklərdə görmüşdüm. Amma burda pişik nə gəzirdi ki... Bəlkə??? Hıçqırığımın səsi beynimə düşdü.

Elə bu  anda insan səsləri, at kişnərtisi. tappıltı səsi bizə yaxınlaşdı. İki atlıdan biri yoğun gur səsi ilə ”A bala, kimin uşağısınız?”- deyə soruşdu. Bizdə cavab verməyə hal qalmışdımı? Atlının biri yerə düşüb bizi sakitləşdiridi.  O birisi  isə atı möhkəm çaparaq ordan uzaqlaşdı.Yanımızda qalan atlı bizim adımızı, harda yaşadığımız, ata-anamızın adını soruşur, sanki  kim olduqlarını yadına salmağa çalışırdı. Mən atamın-anamın adını deyəndən sonra babamın da adını çəkdim. Az keçməmiş köhnə bir “Villis” maşını yanımızda dayandı. Bayaqkı, atlı yoğun səsilə “bir az cəld olun ”-deyib, yanımızdakı atlıya döndü:

-Öyrənə bildin kimlərdəndilər?

-Hə, Qərvənd obasından Kamıl kişinin nəvələridi.

Atlı atının üzəngisini  maşının arxasına bağlayıb, bizimlə birgə maşına əyləşdi. Maşın tərpəndi, çınqıllı yolla asdaca irəliləməyə başladı. Ballı elə 3-4 metr getməmiş, arxada bizim yanımızda oturan atlının qucağında yuxuya getdi. Sürücü, yoğun səsli atlı çayı keçib obamıza çatdı. Əlini siqnalın üstünə qoydu. Səsə bütün camaat yığıldı. Qohum-əqraba bizi sağ-salamat görəndə necə sevindilərsə, bizə acıqlanmaq, bizi tənbeh etmək heç yadlarına da düşmədi. Nənəm səssiz-səssiz ağlayırdı, babam elə bil ayaqüstə  ölmüşdü.  Camaat nənəmə-babama gözaydınlığı verib dağılışdılar..
Atlılar babamla alaçığın yanında xeyli xısın-xısın danışıb, sağollaşıb getdilər. Babam alaçığa gələnə qədər nənəmlə Xavər əl-ayağımızı yuyub, qurulayıb bizi alacığın ortasında, xalca-palazın üstündə  açılmış yatağımıza saldıar. Həsrətlə Elşad uzanan kimi yatdılar. Gözümə yuxu getmirdi. Babam gəlib nə cəza vardı, versəydi, rahat olub yatardım. Yuxum da qaçdı. Nigarançılıqla gözlədiyim anda birdən alaçığın qapısı açıldı. Babam içəri girdi. Qorxumdan özümü yuxuluğa vurdum. Amma babamın dodağnın altında mızıldanmağını aydınca eşitdim: ”Səhər açılsın, gününüzü görərsiniz, köpəy uşağı...”

 

P.S. Mən bir elin köçünü qələmə aldım. Üzü dağlara, üzü firavanlığa. üzü  bərəkətə tərəf gedən  bir elin hekayəsidir bu. Və o köcün acıları olacaq. O köç geri dönəcək .O zaman artıq köç olmayacaq, köçkün olacaq. 1993-cü il  2 aprel.. O günə isə  hələ xeyli var... Davamı olacaq... 

 

Əntiqə Rəşid

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir