Modern.az

O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr...

O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr...

17 İyul 2019, 15:56

Şərq və Qərbin sərəhədləri təkcə fiziki olaraq xəritələrdə deyil, həm də, gözlə görünməyən bir çox nöqtələrdə birləşir... Mədəniyyət, incəsənət, musiqi, elm, bir sözlə mənəviyyat dünyasına aid olan hər bir varlıq sərhədsiz və bəşəri olduğu kimi, eyni zamnda da dünyaya göz açdığı məkana görə xüsusiyyət daşıyıcısıdır, təmas nöqtəsinə və sərhəd xəttinə malikdir...  Belə yaranır Şərqlə Qərbin, Avropa ilə Asiyanın, zamanla məkanın,  əksikliklərlə vəhdətin, zərurətlə təsadüfün sərhədləri... Xoşbəxtlikdən bu sərhədlər ayırıcı deyil, birləşdiricidir... Əslində Şərqlə Qərb nələrdəsə ayrıldığı  qədər,  nələrdəsə də mütləq  birləşir...  Bəs  Şərqlə Qərb harada birləşir? Bu sualın cavbları çoxdur, lap çox... Dahi Üzeyir Hacıbəyovun musiqisində! Onun sənəti, Şərqlə Qərbin vəhdətinin təcəssümü deyilmi?  Toğrul Nərimanbəyovun sənət dünyası Şərqin rəng çalarlarının  Qərbin rəngləri ilə qovşmasıdır...  Dünya elminin nəhəngi olan Lütfi Zadənin Qeyri Səlis Məntiq və Sonsuzluqlar  nəzəriyyəsi Şərq düşüncəsinin Qərb məntiqi ilə vəhdəti nəticəsində yarandı və dünyanın ən böyük kəşflərindən birini  mümkün etdi... Bunların hamısı, hamıya məlum olan vəhdətlərin  həqiqətləridir. Lakin az adama məlum olan, bu sərhədsiz Şərq və Qərb vəhdətinin  təcəssümünü özündə ehtiva edən, akademik Əhəd Canəhmədovun yeni elmi kəşfləri nəinki Şərqlə Qərbi, bütün dünyanı vahid bir müstəvidə birləşdirə bilmək iqtidarındadır...

 

Təəssüflər olsun ki, indiyə qədər müasirimiz olan bu elm xadimini haqqında onun mənsub olduğu xalqın müfəssəl məlumatı yoxdur... Ömrünü “Həqiqətin fəlsəfəsi” üzərində quran, birincilik missiyasını xarakterinin başlıca göstəricisinə çevirən və bütün hallarda buna nail olmağı bacaran bu qeyri-adi insanın fəaliyyəti dairəsində birinci, birinci olmadığı sahələrdə isə fəaliyyət  göstərməməsi onun tale yolunu müəyyən edib. O, Şərq-Qərb sərhədlərini çoxdan keçmiş, elmi fəaliyyəti sayəsində Yurdunun, Xalqının, Vətəninin  təmsilçisinə, Beynəlxalq səfirinə çevrilib... Bu gün dünya elminin böyük bir sahəsini əhatə edən Tribalogoya ilə məşğul olan elm adamlarının demək olar ki, hamısı Azərbaycanı bu dəyərli ziyalının nurlu zəkası, yüksək mədəniyyəti hesabına tanıyır.  Görəsən niyə biz uzaq ellərdə, qədim zamanlarda, elə indinin özündə də elmi yeniliklərə imza atmış  yüzlərlə alimin fəaliyyətini  təfərrüatına qədər əzbər bildiyimiz halda, özümüzdən olan nadir şəxsiyyətlərin adını belə bilmirik?!  Axı nəyə görə biz öz dühalarımızı vaxtında yetərincə dəyərləndirə bilmirik?! Avropanın, Amerika Birləşmiş Ştatlarının ali təhsil müəssisələrində akademik Əhəd Canəhmədovun yazdığı dərsliklər təkrar-təkrar çap edilərək öyrənildiyi halda, biz bu bilgilərdən xəbərsiz qalırıq?!...

 

Akademik Əhəd Canəhmədovun elmi fəaliyyət sferasının özü bir  akademiyadır. Onun əsərlərini bu akademiyanın ayrı-ayrı bölmələri hesab etmək olar. Onun kitabları öz oxucularını elmin yeni səhifələri ilə tanış edə-edə onların  bu yenilikləri gerçək həyatda görmək arzusunu gerçəkləşdirir. Buna görə də Əhəd Canəhmədovun bir sıra əsərləri də öz növbəsində bir növ xalqımızı xarici ölkələrdə təmsil etməklə Azərbaycanın elm elçilərinə çevrilib. Dediklərimizin təsdiqi üçün bütün dünyanın elm xadimlərini dinləmək əsla lazım deyil... Atalar demiş:  "dənizin dadını bilmək üçün bütövlükdə onu içməyə ehtiyac yoxdur, bir damla da bəs edər" düşüncəsi ilə alim haqqında çəkilən “Beynəlxalq səfir. Akademik Əhəd Canəhmədov” adlı sənədli televiziya filminə baxmaq, onunla ünsiyyət qurmaq kifayətdir. Film bizi həm də, alimin, yaradılmasında böyük zəhməti olan ikinci bir akademiya ilə -Azərbaycan Mühəndislik Akademiyası ilə tanış edir.

 

 

Əhəd müəllim bu nüfuzlu elm ocağının vitse-prezidenti, nüfuzlu ziyalı, böyük alim, akademik Arif  Paşayevin müavinidir. Arif  Paşayevin rəhbərliyi və Əhəd müəllimin iştirakı ilə son illərdə ərsəyə gətirilən mühüm əsərlərdən biri məhz bu Akademiyadır. Qısa vaxtda nə qədər uğurlara imza atılıb...  Əhəd Canəhmədovun əsərləri içərisində ən böyük əsərlərdən biri də onun malik olduğu ziyalı obrazıdır. Söhbət alimin əsərlərindən yox, şəxsiyyətindən gedir. Zəmanəmizin  ziyalı kasadlığı olan indiki dövründə Əhəd Canəhmədovun malik olduğu ziyalılıq xüsusiyyətlərinin özü də unikal və canlı bir əsərdir! Sadəliyi, təvazökarlığı, poeziyaya, musiqiyə, tarixə, adət-ənənələrimizə, mədəniyyətimizə bir sözlə, sənətə vurğunluğu, yaşının müdrik çağlarında yaradıcılıq əzmi, işinə yüksək məsuliyyətlə yanaşması və ən nəhayət, təşkilatçılığı, dövlətinə, mənsub olduğu xalqa bağlılığı ilə çoxlarından seçilən Əhəd müəllim əsl ziyalılı  və həqiqi vətəndaşdır! Əhəd müəllim dərin fəlsəfi təfəkkürə malik bir şəxsiyyət olmaqla yanaşı, öz düşüncələrini də məhz fəlsəfi dildə gözəl ifadə edərək “Kainatın Ali bir mühəndisi düşüncəsinin məhsulu” olmasını isbat edir. Əhəd Canəhmədovun qüdrətini onun haqqında dünyanın elm nəhənglərinin söylədiyi fikirlər də təsdiq edir:

 

 Akademik, Sosialist Əməyi Qəhrəmanı, Beynəlxalq və Rusiya Mühəndislik Akademiyalarının Prezidenti, Dövlət mükafatları laureatıBoris Vladimiroviç Qusevin  akademik Əhəd Canəhmədov haqqında dediyi bu fikrlər, Azərbaycan aliminin qazandığı nailiyyətlərin miqyas göstəriciləridir:

 

Düşünürəm ki, istər beynəlxalq miqyasda, istərsə də MDB – də mühəndislik akademiyasının nüfuzunun yüksəldilməsində xidmətləri olan, onun akademik heyətinin ön sırasında istedadlı alim və yüksək intellektə malik kamil insan kimi Əhəd Canəhmədovun xüsusi yeri vardır. Qeyd etməmək olmaz ki, bir alim kimi  indi o, həqiqi mənada bir məktəbə başçılıq edir. 20 – dən çox elmlər namizədi, o cümlədən, onlarla elmlər doktoru yetişdirmişdir. Odur ki,  yubiley günlərində olduqca təvazökar olan Əhəd Canəhmədov haqqında danışanda, Beynəlxalq Mühəndislik Akademiyasının akademikini olduğu kimi xarakterizə edə bilən, onun elmi baxışlarından və ona məxsus yüksək insani dəyərlərdən söz açılmalıdır.

 

Əhəd Canəhmədov həm də olduqca mötəbər yoldaş, sədaqətli dostdur. O, Beynəlxalq Mühəndislik Akademiyasının bütün üzvləri ilə daim əlaqəli işləyir. Düşünürəm və əminəm ki, Əhəd Canəhmədov yaradıcılıq işini bundan sonra da beləcə uğurla davam etdirəcək, bizi yeni-yeni uğurları və mükafatlarlı ilə sevindirəcəkdir...

 

Əhəd müəllimin duyğulu insan olduğunu, ruhunun müqəddəs söz xəzinəsinə baş vura bilməsini, qəlbinin uşaq kimi kövrək olmasını onun qələmindən süzülən poeziya nümunələrindən də görmək mümkündür.  O, sözü sözə, şeirə  çevirmək istedadına malik ürək sahibidir... Poeziya onunçün ruhun ifadə tərzi, bütün hallarda mənəvi dünyasının sözlə ifadə olunmuş sitatlarıdır. Onun yaratdığı şeirlərinin nəbzi vurur, gözü görür, nəfəsi eşidilir, hərarəti duyulur və s. Könlün riqqəti, ruhun pərvazı, təbin üsyanı, şövqün ilhamı onu poeziya dünyasına aparır,  orada gördüyü gözəllikləri üzə çıxarıb bədii tərənnüm etməklə şeir yaradır Əhəd müəllim! Ümumiyyətlə, yaradıcılıq eşqi xarakterinə görə valideyn məhəbbəti ilə çox yaxındır. Elm fədaisi olan Əhəd müəllimin də yazıb yaratdığı kitablarına münasibəti atanın övladına münasibəti kimidir. O, poeziyada özünü, öz daxili aləmini, şəxsi yaşantılarını, narahatlıqlarını ifadə etsə də, elm aləmində tapdıqlarını isbat etməlidir.

 

 

Əhəd Canəhmədov fəaliyyət göstərdiyi elm sferasında əksər rəsmi titullara layiq görülüb, ən yüksək orden və medallarla təltif olunub. Bir həqiqət var ki, Əhəd Canəhmədov elmi fəaliyyəti bütün təltiflərdən yüksəkdə duran bir məqamdır. O, Azərbaycanlıdır! Lakin onun ixtiraları, elmi fəaliyyəti ölkəmizin hüdudlarını çoxdan keçərək ümumdünya dəyərlər xəzinəsinə  töhfələr vermişdir. Alim bu gün, öz fəlsəfi düşüncəsi ilə yaşadığı məkanın və zamanın sərhədlərinə sığmır.

 

Böyük alimlər, yazıçılar, sənətkarlar öz yaradıcılığının  ali məqamını fəth edəndə filosof olurlar. Məhz bu baxımdan Əhəd Canəhmədov böyük bir elm xadimi olmaqla yanaşı, həm də Azərbaycan xalqımının fəlsəfi düşüncəsini, yaradıcı təfəkkürünü ən yüksək səviyyələrdə ifadə edən bir şəxsiyyətdir!

 

 Eldar  İskəndərzadə

Kinosenariçi, Azərbaycan Yazıçılar,

Jurnalistlər Birliklərinin, Azərbaycan

Respublikası Kinematoqrafçılar

İttifaqının üzvü, şair-dramaturq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir