Modern.az

BAXCP İdarə Heyətinin iclası keçirilib

BAXCP İdarə Heyətinin iclası keçirilib

30 Yanvar 2012, 14:30

"Fars-molla rejimi Ermənistana Təbriz ərazisindən neft kəməri çəkməklə Güney Azərbaycan türklərinin iradəsini sındırmaq niyyəti güdür"

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan Modern.az-a bildirlib ki, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ İran adlanan dövlətin sərhədləri çərçivəsində yerləşən Güney Azərbaycanın Təbriz şəhərindən Azərbaycan Respublikasının ərazilərini işğal altında saxlayan Ermənistana neft kəmərinin çəkilməsilə bağlı olub. BAXCP hesab edir ki, işğalçı Ermənistana hərtərfli dəstək verilməsi İranın fars-molla rejiminin düşünülmüş anti-Azərbaycan və anti-islam siyasətinin tərkib hissəsidir və bu baxımdan, yürüdülən siyasətin dayandırılmasıyla bağlı rəsmi Tehrana müraciət ünvanlamağın heç bir mənası yoxdur:

"Bu səbəbdən də Güney Azərbaycan türklərinə müraciət edir və onları rejimin həyata keçirmək istədiyi anti-Azərbaycan layihəsinə qarşı çıxmağa çağırırıq. Fars-molla rejimi Azərbaycan torpaqlarının 20 faizi işğal altında saxlayan, 1 milyon müsəlman Azərbaycan türkünü öz yurdundan didərgin salan, günahsız insanları qadınları, uşaqları, qocaları xüsusi amansızlıqla qətlə yetirən, xalqımıza qarşı soyqırım siyasəti həyata keçirən Ermənistana Təbriz ərazisindən neft kəməri çəkməklə Güney Azərbaycan türklərinin iradəsini sındırmaq, milli-mənəvi birliyimizi, bütövlüyümüzü sarsıtmaq niyyəti güdür. Ümid edirik ki, bu mənfur siyasətin qarşısının alınması üçün əlinizdən gələni əsirgəməyəcəksiniz".

BAXCP İdarə Heyətinin müzakirə etdiyi digər məsələ isə sosial-iqtisadi vəziyyət və qeyri-neft sektorunun inkişafı ilə bağlı olub. Müzakirələr əsasında belə qənaətə gəlinib ki, bütün dünyada maliyyə və iqtisadi böhranın ciddi fəsadlara səbəb olduğu bir zamanda Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. BAXCP hesab edir ki, Azərbaycan höküməti sahibkarları istehsal və emal müəssisələrinin tikintisinə stimullaşdırmalı, onların elmi cəhətdən əsaslandırılmamış sahələrə vəsait yatırmamaları üçün maarifləndirmə işini təşkil etməlidir.

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan sonuncu məsələ isə Fransa Senatının qondarma erməni "soyqırımı"nın kriminallaşdırılması ilə bağlı qəbul etdiyi qanun və bu məsələ ətrafında aparılan müzakirələrlə əlaqədar olub. BAXCP bəzi siyasi qüvvələrin Azərbaycan hökümətindən ölkəmizin imkanları çərçivəsində qardaş Türkiyəyə dəstək verməyə çağırmaq əvəzinə, ölkədaxili siyasi mübarizədə Türkiyədən dəstək almaq üçün "yarınma" siyasəti yürütdüklərini, bununla da iki qardaş ölkə arasında münasibətlərin inkişafına xidmət etmədiklərini vurğulayır. BAXCP təəssüflə bəyan edir ki, dünyanın acı reallıqları Azərbaycandan çox böyük və güclü Türkiyəyə də 22 ildən artıq müddət ərzində öz qardaşına torpaqlarını işğaldan azad etmək üçün effektli yardım göstərməyə imkan vermir.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır