Arxiv
21 İyul 2019, 11:54 | MƏDƏNİYYƏT
Qayınananın SON ARZUSU

1999-cu ildi, səhnəmizin qayınanası, həmkarlarının anası hesab olunan 83 yaşlı Nəsibə xanım Zeynalova ağır xəstə idi.  Əslində vəziyyəti xəstəliyin ağır vaxtlarında nisbətdə  bir az düzəlmişdi, amma bu da xoş gələcək vəd etmirdi. Bir il öncə dili tutulmuşdu, ayaqları sözünə baxmırdı. 1999-cu ildə isə yenicə ayaq açan uşaq kimi addım atır, bir-iki kəlmə danışıb, sonra xeyli susurdu.
Bizim gəlişimizə görə nəvəsi Nəsibə onu yatağından qaldırıb geyindirdi. Nəsibə xanım həvəssiz halda qollarını qaldırıb qiyafəsini əyninə keçirəndə nəvəsi ilə balaca bir dialoqları oldu.

- Qızım, bayaq Moskva televiziyasında dedilər kir, göydən hansısa planet qopub yerə yaxınlaşır, 2000-ci ilə qədər hara düşə düşə. 

- Düşsün də...

- Axı, mən sizdən narahat gedirəm. Mən getdim, bəs, planet sizin başınıza düşsün?

- Düşməz, bir əlac taparlar.

Nənə nəvənin arxayın cavabından bir az rahatlaşdı. Bu kiçik dialoq bir nənənin öz gələcək nəslindən, nəvə-nəticəsindən xırda narahatlığını əks etdirir, amma burda həm də xarakter var. Nənədən başqa, həm də bir insanın, şəxsiyyətin portreti...

Bu insan ona verilən qısa zaman çərçivəsində nələr yaşamadı, yetimlik, aclıq, kasıbçılıq, sevinc, sevgi, göz yaşı, uğur. Bu qədər müxtəlif, paradoks təşkil edən hissləri yaşamaq hər kəsin qisməti olmur.

 

Atasının 60 yaşı olanda doğulmuşdu 

 

Cahangir Zeynalov dövrünün çox tanınmış, məşhur sənətkarı olub. Adı Azərbaycanın teatr tarixinə yazılıb. 50-ni artıq arxada qoymuş sənətkara bir gün sənət yoldaşları irad tuturlar ki, sənin var-dövlətinə sahib çıxmaq, adını yaşatmaq, nəslini davam etdirmək üçün bir övladın yoxdur. 
Cahangir Zeynalovun yeganə övladı Nəsibə dünyaya gələndə isə onun yaşı 60-ı keçmişdi. Əslən Cənub Azərbaycandan olan Cahangir Zeynalov düşünür ki, gərək ailəsini aparıb ata-baba yurdunu onlara göstərsin. Gedirlər, bir müddət orda qonaq da qalırlar. Taleyin gərdişindən bu səfər İranda başlanan iğtişaşlarla eyni vaxta təsadüf edir.   

 

Tifdən ölüm

 

Qayıdanda yolda gəmini saxlayırlar, arvad-uşağa rəhm edən sərhəd gözətçiləri onları buraxır, amma kişilər o cümlədən həmin gəmidə olan Cahangir Zeynalovun ailəsi 8 gün açıq dənizdəki gəmidə gecələməli olur. Bakıya tif xəstəliyi ilə qayıdan sənətkar çox keçmir ki, dünyasını dəyişir. Onda Nəsibə yeniyetmə yaşlarına qədəm basmışdı.  

 

İlk işi fəhləlik olub

 

Danışırdı ki, o vaxtdan onun ağır həyat tərzi başlayır: “Atam rəhmətə getdi, anam da savadsız qadın idi, bir müddətdən sonra evdə hər şeyi satıb qurtardıq, qaldıq ac-susuz”.

Nəsibə gəzib-dolaşıb zavodlardan birində fəhləliyə düzəlir. Tezliklə anasını da itirən qızın həyat üzünə bir də Şəmsi Bədəlbəyli ilə rastlaşdığı gün gülməyə başlayır. Onun istedadını zavodun özfəaliyyət dərnəyinin çıxışında görən Şəmsi Bədəlbəyli Nəsibəni Musiqili Komediya Teatrına işə götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir. Sənətə addım atdığı ilk günlər də onun üçün ağrılı-acılı olur. Texnikumu bitirəndə 1941-ci il idi, bunu demək kifayətdir ki, səhnəyə yenicə atılmış bir qızın əzablı sənət yolu gözlərimiz önündə canlansın. 

Amma bir gün bu əzabların sonu çatır.

Musiqili Komediya Teatrının çox uzun bir tarixi Nəsibə Zeynalovanın adı ilə bağlıdır. İndi həmin tarixi vərəqləyirik. Rəxşəndə “Qızılaxtaranlar”, Afərin “Rəisin arvadı”, Kəblə Fatma “Hacı Kərimin aya səyahəti”, Həmşəxanım, Xeyransa “Həmşəxanım”, “Sevindik qız axtarır”, Qızbacı “Hicran”. Sonuncu sonrakı illərin məhsuludur. Həm də çox uğurlu məhsulu. 

Kinoda da Nəsibə xanım bir-birindən maraqlı obrazlar yaradıb. “Ögey ana”, “Böyük dayaq, “Qanun naminə”, “Bizim Cəbiş müəllim” filmlərində yaratdığı obrazların hər biri filmlərin adlarını çəkən zaman tamaşaçının gözləri önündə canlanır. Özünəməxsusluğu, yumoru, təbiiliyi ilə. Yaradıcılığı boyu isə onun qayınana obrazı izləyir, istər kinoda, istərsə də teatrda...  

 

Həyat yoldaşı cəbhədə həlak oldı, yenidən evləndi 

 

İlk həyat yoldaşının müharibədə həlak olması Nəsibə xanımın onsuz da əvvəldən cüzi işıq ucları görünən qaranlıq həyat yollarını zülmətə qərq etmişdi. Sonradan, bəlkə də şəxsi həyatını tamam arxa plana keçirib özünü yalnız sənətinə bağlayan aktrisanın yoluna bir insan çıxdı.

Nəsibə xanım ailə quranda 38 yaşı vardı, yoldaşının isə 27. Musiqiçi idi, qastrollarda bir yerdə olurdular. İlk vaxtlar Nəsibə xanımın ondan xoşu gəlmirmiş. Özbəkistan səfərində elə bil möcüzə baş verdi, əvvəlcə gözü artıq onu izləyən bir nəfərə alışan Nəsibə xanım evlənmə təklifini qəbul etmədi. Bəhanəsi isə yaş fərqi idi. Qastrolun sonunda bütün diqqət və qayğı ilə, özü də çoxdan, lap çoxdan görmədiyi qayğıyla əhatə olunan aktrisa evlənməyə razılıq verdi. 

Bakıya qayıdan kimi toy-büsat quruldu. İki sənət adamının gün-güzəranı çox gözəl keçirdi. Bəzən ayrı-ayrı qastrollara gedirdilər, həmin qastrollar hər ikisi üçün telefon dəstəyindən asılı keçirdi. Tamaşadan sonra yoldaşı Nəsibə xanımı hökmən qarşılayar, evə öncədən hazırlayıb qoyub getdiyi süfrə arxasına bir yerdə əyləşərmişlər. Oğlu Cahangir dünyaya gələndə də aktrisanın köməkçisi yoldaşı, kaman ustası Mütəllim olur.   

 

Allah onu mənə çox gördü

 

Nəsibə xanım xatirələrində deyirdi: “Ailəmiz inam üstündə qurulmuşdu. Bir-birimizin qədrini bilirdik. Çox səmimi ailəm vardı. Bu səmimilik həyat yoldaşımdan gəlirdi. Mən xoş söz eşitməmişdim, atamı tez itirməyim anamı da elə bükmüşdü ki, dilindən xoş söz eşitməzdin. Nə xoş söz eşitdimsə, yoldaşımdan eşitdim. Allah onu da mənə çox gördü, tez aldı əlimdən. Onu itirəndən sonra xoş günlərimi də itirdim, əvvəlki pis günlərimi də xatırlamağa ondan sonra vaxt tapdım”.  

 

Qiymətləndirilmirdi

 

Bu sözlərdə bir nisgil də duyulur. Arada ailəsinə başı qarışmış, buna baxmayaraq artıq sənətkar olan Nəsibə Zeynalova  50 illik yubileyi qeyd olunanda heç əməkdar artist də deyildi. Nəvəsi Nəsibə onun arxiv materiallarından elmi iş yazanda Nəsibə xanım özü də öz işləri ilə tanış olur. 83 yaşlı sənətkarın yanaqları boyu yaş axmağa başlayır. “İndi görürəm ki, gözəl sənətkar olmuşam, amma qiymətləndirilməmişəm”. 

Bəlkə bu sözləri dedirdən yaşın kövrəkliyidir, amma onu da xatırladır ki, yubileyində tamaşaçılar arasından kimsə söz atıb: “Bəsdir teleqrama oxudunuz, oxuyun görək hansı fəxri ad verildi ona”. Yalnız ondan sonra Nəsibə xanım əməkdar artist fəxri adının dadını görür. 

 
Son dəfə səhnəyə çıxmaq istəyirdi

 

Ömrünün son dövrlərində isə hərtərəfli sevgi, diqqətlə əhatə olunmasına rəğmən yoldaşını xatırlayıb ağlayırdı. Bir də güclə addım atdığı ayaqları ilə son dəfə Musiqili Komediya Teatrının səhnəsinə çıxmaq ən böyük arzusu idi. Son dəfə hər hansı bir rol oynamaq. Görünür, bu ömrünü səhnədə başa vuran bütün sənətkarların son arzusudur. Nəsibə xanım bu arzusuna qovuşa bilmədi. 

Xoşbəxt nikahından dünyaya gələn Cahangir Novruzov da sənətkar oldu, babasının, atasının, həm də anasının yolunu davam etdirir. Onun qızı Nəsibə də sənət yollarında addımlayır, amma ondan əvvəlki nəslin keçdikləri yaradıcılıq yolunun araşdırmaçısı kimi. 

Ondan sonra nə göydən planet düşdü, nə də dünya dağıldı. Planet düşüb gələcək nəsilləri məhv edəcəyindən qorxduğu yerdən yalnız bir ulduz axıb söndü, vəssalam... Zaman-zaman ulduzlar axıb sönür, qalan hər şey öz yerindədir. Şair demiş “Göy belə göydür, qar isə ağdır”... O qorxulu planet də öz yerində. 



Ramilə Qurbanlı,

"33 pərdəli dram"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aksiya zamanı 147 nəfər saxlanılıb 17 Noyabr 2019, 00:53 Güclü qara görə məktəblər bağlandı 17 Noyabr 2019, 00:37 Türkiyədə zəlzələ oldu 17 Noyabr 2019, 00:19 Azərbaycan xalqının Dirçəliş Günü - VİDEO 17 Noyabr 2019, 00:00 “Qrupdakı bütün komandalar Azərbaycan yığmasından yaxşıdır” - Nikola Yurçeviç 16 Noyabr 2019, 23:56 Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı - YENİLƏNİB 16 Noyabr 2019, 23:42 Suriyada terror: 10 ölü 16 Noyabr 2019, 23:20 İŞİD-in daha  615 üzvü təslim oldu 16 Noyabr 2019, 23:03 Azərbaycan millisi Uelsə uduzdu 16 Noyabr 2019, 22:51 İranda xalq ayağa qalxdı - FOTOLAR 16 Noyabr 2019, 22:16 İraq İranla sərhədi bağladı 16 Noyabr 2019, 21:23 Gürcüstan parlamentinin qarşısında növbəti aksiya 16 Noyabr 2019, 20:55 Bakıdakı ağır qəzada 4 nəfər yaralandı 16 Noyabr 2019, 20:34 Azərbaycan Uelslə bu heyətlə oynayacaq 16 Noyabr 2019, 20:19 Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefaya çağırdı 16 Noyabr 2019, 20:01 “Xəyal belə etmədiyim bir yerdəyəm” – Demet Özdemir Bakıda 16 Noyabr 2019, 18:00 Sumqayıtda yolu keçən qadını maşın vurdu 16 Noyabr 2019, 17:59 “Sovet hakimiyyəti başa düşürdü ki, Meydan hərəkatı xalqı müstəqilliyə aparır” - Tapdıq Fərhadoğlu 16 Noyabr 2019, 17:46 Milli Qəhrəmanlara heykəl qoyma ənənəsi davam etdiriləcək? 16 Noyabr 2019, 17:18 Benzin bahalaşdı, İran qarışdı - ölən və yaralananlar var 16 Noyabr 2019, 16:53 İlham Əliyev Latviyalı həmkarına məktub göndərdi 16 Noyabr 2019, 16:45 Məzahir Pənahov: “22 min 529 nəfərin namizədliyi qeydə alınıb” 16 Noyabr 2019, 16:31 Prezident Oman Sultanını təbrik etdi 16 Noyabr 2019, 16:22 BDU kollektivi universitet ərazisinə 650 ağac əkdi 16 Noyabr 2019, 16:07 Zakir Həsənov orduya əmr etdi: təlimlərin sayı artırılsın 16 Noyabr 2019, 15:56 Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdi 16 Noyabr 2019, 15:45 “Azəriqaz” qazanxalara qaz verməyə başladı - iki dövlət qurumu ANLAŞDI 16 Noyabr 2019, 15:33 Göygöldə hadisə yerindən qaçan sürücü tutuldu 16 Noyabr 2019, 15:15 Paytaxt istiliksiz qaldı: “Azəriqaz” “Azəristiliktəchizat”a qaz vermir - PROBLEM 16 Noyabr 2019, 14:51 Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın” 16 Noyabr 2019, 14:26 Arpa ilə bədənin TƏMİZLƏNMƏSİ 16 Noyabr 2019, 14:08 Siz hardasınız, XANKƏNDLİLƏR? 16 Noyabr 2019, 13:46 Ərdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir? 16 Noyabr 2019, 13:37  “Azərsu” sədri Mingəçevirdə qəbul keçirdi 16 Noyabr 2019, 13:28 Daha bir jurnalist bələdiyyə seçkilərinə QATILDI 16 Noyabr 2019, 13:27