Modern.az

2009-cu il Azərbaycan mətbuatında nə ilə yadda qaldı?

2009-cu il Azərbaycan mətbuatında nə ilə yadda qaldı?

22 Dekabr 2009, 14:36

 

Bir neçə gündən sonra 2009-cu illə vidalaşıb yeni ili qarşılayacağıq. Yola saldığımız il təbii ki, hər kəsin yaddaşında fərqli təəssüratla qalır. Bəs, media mənsubları necə, 2009-cu ili necə xatırlayacaqlar? Modern.az ilin mətbuat nümayəndələrinin yadında necə qaldığını öyrənmək üçün onları sorğu-suala tutub.

“Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli bu ildə ürəkaçan hadisə olmadığını bildirdi: “Qan qaraldıcı hadisələr çox oldu. Əvvəlki illərdə olduğu kimi 2009-da da jurnalistlərə təzyiqlər oldu. Xoş hadisə satirik yazar Mirzə Sakitin azadlığa çıxması və jurnalistlərin maraqlı yazıları oldu. Ən kədərli hadisə isə jurnalist Elçin Səlcuqun vəfat etməsidir. Ümumiyyətlə, bu il jurnalistikada irəliləyiş ili deyil. 2009 mətbuatda geriləmə ili kimi yadda qaldı”.

“Üç nöqtə” qəzetinin redaktoru Şahin Əliyev də 2009-cu ilin mətbuat sahəsində ciddi bir hadisə ilə yadda qalmadığı qənaətindədir: “Mətbuat sahəsində demək olar ki, elə bir yenilik olmadı. Ancaq müəyyən layihələr həyata keçirilidi. “Reket” qəzetlərə qarşı aparılan mübarizədə müəyyən işlər görülsə də, bu, elə bir müsbət nəticə vermədi. Arzu edərdim ki, gələn il mətbuat aləmində daha böyük layihələr və digər işlərlə yadda qalasın”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bul mətbuatda irəliləyişlə yanaşı, problemin də qaldığını vurğuladı: “Bu il KİV-ə dəstək konsepsiyasının qəbulu və mətbuata kömək fondunun yaradılması ilə yadda qaldı. Təbii ki, Azərbaycan mətbuatının ciddi problemləri ilə yanaşı, inkişaf meylləri də oldu. Peşəkarlıq sahəsində müəyyən qədər irəliləyişləri də nəzərə almaq lazımdır. “Diffamasiya haqqında” qanun layihəsi ilə bağlı müzakirələr oldu. Eyni zamanda “reket” mətbuatına qarşı aparılan  ictimai mübarizəni 2009-cu ilin ayağına yazmaq olar. Ancaq yenə də Azərbaycann jurnalistikasının müəyyən problemləri qalmaqdadır. Yəni jurnalistlərin sosial durumu və s.”.

“525”-ci qəzetin baş redaktor müavini Yusif Rzayev yola saldığımız ildə mətbuatın geriləmə ilə yadda qaldığını bildirdi: “2009 heç nə ilə yadda qalmadı. Mətbuatın iqtisadi vəziyyəti gündən-günə pisləşir. Jurnalistlər Azərbaycanda ən yoxsul təbəqə olaraq qalmaqdadırlar”.

“Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu da eyni fikirdədir: “2009-cu il mətbuatda nə ilə yadda qaldı ki? Heç nəylə...”

“Olaylar” informasiya agentliyinin redaktoru Elman Cəfərli bu ilin mətbuat üçün uğuru il kimi yadda qaldığını dedi: “Bu il Azərbaycan mətbuatında bir neçə əlamətdar hadisə ilə yadda qalır. KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması, mətbuata dövlət köməyi mexanizminin işə düşməsi,  milli mətbuat günü qəzetlərə və informasiya agentliklərinə birbaşa maliyyə yardımının edilməsi, qrant yardımların ayrılması və fərdi jurnalist müsabiqəsinin keçirilməsini yada salmaq olar. Bizim də bu il 2 layihəmiz keçdi. Bu il bizim üçün çox maraqlı və məhsuldar oldu”.

Yeni Müsavat”qəzetinin redaktoru Azər Ayxan bu ilin  müsbət olayla yadda qalmadığını bildirdi: “2007-ci ildən bəri müstəqil mətbuata qarşı davam edən təqiblər bu il də davam etdi. Tənqidi jurnalistika ilə bağlı hakimiyyətin yürütdüyü ənənəvi siyasət hələ də qalmaqdadır. Ən ağrılı məsələ isə həbsdəki həmkarlarımızın azadlığa buraxılmamasıdır. Azərbaycan mətbuatı hazırda ən ağır dövrünü yaşamaqdadır. Reklam bazarı demək olar ki, yox səviyyəsindədir. İndi “Yeni Müsavat” qəzetini oxuduqlarına görə oxucular da təqib olunur. Düzdür, ölkə Prezidenti milli mətbuat günü bir sıra qəzetlərə pul mükafatı ayırdı. Təəssüf ki, bu davamlı şəkil almır. Bütövlükdə götürəndə, Azərbaycan mətbuatında müsbət bir dönüş, irəliləyiş baş vermədi”.

“Həftə-içi” qəzetinin baş redaktoru Sevinc Seyidova da bu ilin önəmli hadisə ilə yadda qalmadığını dedi: “Sadəcə olaraq KİV-ə Dövlət Dəstəyi Fondu yaradıldı. Bu fondun müəyyən etdiyi istiqamətlər üzrə ayırdığı vəsait hesabına bizim də layihələrimiz həyata keçdi. Mətbuat Şurası tərəfindən müəyyən qəzetlərin adları “reket” elan edildi. Bu təqdirəlayiq haldır ki, onların adı ictimaiyyətin diqqətinə çatdırıldı. Ümumilikdə isə mətbuatda olan problemlərimiz hələ də qalmaqdadır. Əsasən də mətbuatda reklam və yayım problemi”.

“Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə 2009-cu ili mətbuat üçün çox da uğurlu il kimi xatırlamayacaq: “Ən mühüm hadisə KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması oldu.

Hesab edirəm ki, bu il mətbuata təzyiqlər səngidi. Peşə fəaliyyətinə görə jurnalist həbsi və qətlə yetirilməsi olmadı. Bu, təqdirəlayiq bir haldır. Amma jurnalistlərin maddi durumunda ciddi dönüş olmadı. 2010-cu ildə mətbuatı daha yaxşı görmək istərdim”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılmasını 2009-cu ildə yadda qalan yeganə hadisə adlandırdı.  

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay 2009-cu ildə mətbuatın problemlərinin aradan qalxmadığını dedi: “İl KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması, layihələrin həyata keçirilməsi ilə yadda qaldı. Düzdür, bu, bütün problemləri həll etmədi, ancaq bir qisminin aradan qalxmasına şərait yaratdı. Mənimçün ilin ən böyük itki Elçin Səlcuqun vəfatı oldu”.

“Azərbaycan” qəzetinin redaktoru İxtiyar Hüseynli 2009-cu il mətbuatını belə xatırlayır: “Sıradan bir oldu. Bu il KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması və bir neçə layihənin həyata keçirilməsini yada salmaq olar. Ancaq mənimçün bu il mətbuatda ən çox xatırlanacaq hadisə çox dəyərli jurnalistlərimizin həyatdan getməsi oldu”. Azadlıq qəzetinin redaktoru Sücəddin Şərifov bu il mətbuatın problemlərlə yadda qaldığını deyir: “Bu il dövlət tərəfindən az da olsa KİV-ə yardım edildi. Ancaq ümumi tendensiya olaraq deyərdim ki, qəzetlərin məhkəmə cəriməsi,  mətbuatda mərkəzləşdirilmiş qaydada reklamların verilməməsi və jurnalistlərin mənzil problemi həll edilmədi. Bununla yanaşı,  həbsdə olan jurnalistlərlə bağlı çoxsaylı müraciətlərin olmasına baxmayaraq, onlar hələ də azad edilməyib. Ümid edirəm ki, ilin sonuna onlar azad ediləcək”.

“Türküstan”qəzetinin baş redaktoru Aqil Camal isə medianın bu ili belə başa vurduğunu dedi: “Yola saldığımız ildə media üçün ən yadda qalan hadisə kimi ilk sırada Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılmasını və mətbuata bu fond vasitəsilə maliyyə verilməsini qeyd etmək olar. Baxmayaraq ki, biz fondun keçirdiyi ilk müsabiqədən narazı qalmışıq və ümumiyyətlə, mətbuata yardımın layihələrin maliyyələşdirilməsi şəklində verilməsini məqbul saymırıq.

Söhbət bütövlükdə mediadan gedirsə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ölkə teleməkanındakı acınacaqlı durumla bağlı məqaləsini də qeyd etmək olar. Amma, gözləntilərin əksinə olaraq, bu məqalədən sonra da telekanallar efir siyasətlərinə heç bir dəyişiklik etmədilər. Təəssüf ki, mediamız 2009-cu ili itki ilə başa vurdu. Allah Elçin Səlcuqa rəhmət eləsin”.

Günay MUSAYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər