Modern.az

SSRİ zamanında Azərbaycanda Mətbuat günü necə qeyd edilirdi?

SSRİ zamanında Azərbaycanda Mətbuat günü necə qeyd edilirdi?

22 İyul 2019, 14:19

 

Bu gün-22 iyul Azərbaycan milli mətbuatının yaranma günüdür.

144 il bundan qabaq  böyük mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə Azərbaycan milli jurnalistikasının əsası qoyuldu. Təbii, milli mətbuatımız  müxtəlif dövrlərdə  çətinliklərlə üz-üzə qalsa da, tutduğu şərəfli yoldan üz çevirmədi.

 

1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan “Əkinçi” qəzeti  Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

 

Məhz bu müddətdə Azərbaycan milli mətbuatı təşəkkül tapıb. “Əkinçi” mövcud olduğu vaxtlarda tanınmış ziyalılar qəzet səhifələrində maraqlı və dövrün tələbinə cavab verən məqalələrlə çıxış edib. Qəzetin qısa zaman kəsiyində xalq tərəfindən sevilməsi o zamankı Çar Rusiyasının xoşuna gəlməyib və “Əkinçi” fəaliyyətini dayandırmalı olub.

Buna baxmayaraq, o vaxtdan Azərbaycan mətbuatı mövcud ənənələri davam etdirir.

Bəs 70 il Sovet hakimiyyətinə tabe olan Azərbaycanda Mətbuat günü necə qeyd edilib?

 

Modern.az saytı mövzuya münasibət öyrənməyə çalışıb. 

 

Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Məzahir Süleymanzadə Sovet dövründəki Azərbaycan  mətbuatının fəaliyyətini belə şərh edib:

 

“Sovet dövründə də Mətbuat günü çox təntənəli şəkildə qeyd olunurdu. Amma o dövrün mətbuat günü iyulun 22-si yox, mayın 5-i keçirilirdi. Bu tarix “Pravda” qəzetinin yarandığı gündür. Bütün SSRİ məkanında mayın 5-i Mətbuat günü kimi qeyd edilirdi. Yadımdadır, indiki Fəvvarələr meydanında hər qəzetin pavilyonu açılırdı. Qəzetlərin tanınmış əməkdaşları orada toplaşırdı və görüşlər keçirilirdi. Həmin gün oxuculara hədiyyələr, jurnalistlərə fəxri adlar, mükafatlar verilirdi. Hətta, jurnalistlər növbəti Mətbuat gününə qədər həmin anların fərəhi ilə yaşayırdılar.  
Sovet dövründə tanınmış jurnalistlər çox idi. Jurnalistlər daha çox imzası və yazıları ilə  tanınırdılar. Amma iyulun 22-si ümumi mətbuat günü kimi qeyd olunmasa da, biz o günü xatırlayırdıq. Zərdabi kimi ustadımızı hörmət və ehtiramla  yad edirdik. Sadəcə, o dövrdə Mətbuat günü mayın 5-i keçirilirdi. 
Sovet dövründə keçirilən Mətbuat günlərini bax belə nostalji hisslərlə xatırlayıram.

Arzu edirəm ki,  öz Milli Milli Mətbuat günümüzü hər zaman özümüzə məxsus səviyyədə keçirək. Düzdür, indi müəyyən tədbirlər keçirilir, amma qarışıqlıq da hiss olunur. Təbii ki, Milli Mətbuat Günümüzü ürəyimiz istədiyimiz kimi keçirməyə çalışırıq və buna haqqımız da çatır”.

Azərbaycan ikinci dəfə müstəqilliyini əldə edəndən sonra  müstəqil Azərbaycan mətbuatı formalaşmağa başlayıb. 

 

Azərbaycanda ilk dəfə 22 iyul tarixinin Milli Mətbuat günü kimi qeyd edilməsini elan edən deputat Sabir Hacıyev olub. Sabir Hacıyev saytımıza açıqlamasında bunları deyib:

 

“SSRİ vaxtı 5 may Mətbuat günü sayılırdı. Biz onu iyulun 22-nə keçirdik. Müstəqillik haqqında Aktı qəbul etməzdən öncə bəzi müstəqil atributlara dair  qanunvericilikdə dəyişikliklər etmişdik. Milli bayraq haqqında qanunun  təsviri qəbul olunmuşdu.

 

 Azərbaycanda bu proseslər gedirdi. Müstəqilliyə doğru atılan addımlar, postsovet məkanına daxil olan ölkələrdə dəyişikliklər həyata keçirilirdi. Həmin vaxt jurnalistlər bizə dəstək verdilər və Mətbuat gününün 22 iyulda keçirilməsi təklifini alqışladılar. O zamanlar yüksək vəzifədə çalışırdım və bu, mənim vəzifə borcum idi”. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi