Modern.az

Uşaqları oğurlayıb dilənçi edirlər – Keçmiş polis rəisi

Uşaqları oğurlayıb dilənçi edirlər – Keçmiş polis rəisi

23 İyul 2019, 15:59

Qloballaşan dünyanın dəhşətli problemlərindən biri də insan alveri ilə bağlıdır. Sahə gəlirli olduğundan bu yolla pul qazananların sayı da getdikcə çoxalır. Heç təsadüfi deyil ki , bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra ikinci geniş və ən çox gəlir gətirən sahə hesab olunur.

 

Azərbaycanda ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri cinayəti qeydə alınıb.

İnsan alverlərinin ən dəhşətlisi isə uşaq oğurluğudur. Uşaqların oğurlanmasının əsas səbəblərindən biri isə onların diləndirilməsidir.

Uşaq oğurluğunun, əsasən də insan alverinin səbəbkarları hansı məsuliyyətə cəlb olunmalıdırlar?

 

Bununla bağlı keçmiş polis rəisi Mahmud Hacıyev Modern.az-a açıqlama verib:

 

“Əslində uşaq alveri maddəsi yoxdur. Bu insan alverinin içində gedən bir məsəslədir. Mən belə düşünürəm ki, uşaqların oğurlanıb diləndirilməsində hüquq-mühafizə orqanları deyil, vətəndaşlar məsuliyyət daşıyır”-deyə o bildirib.

 

M.Hacıyev qeyd edib ki, uşaq oğurlandıqdan sonra diləndirilir və onlara kənardan nəzarət edən şəxslər olur.

 

“Polis gəldikdə isə kənar şəxslərdən biri digərinə xəbərdarlıq edir və gəlib uşaqları aparırlar. Mən məhz buna görə deyirəm ki, burada əsas məsuliyyəti vətəndaşlar daşıyır. Keçmişdə belə deyildi. Vətəndaşlar bir-birinin halına yanırdı. Dilənən uşaq görəndə vətəndaşlar onlarla maraqlanırdı. Ümumiyyətlə uşaq olmasın, böyük olsun. Dilənən şəxsləri görüncə insanlar onları danlayırdı, tutduqları yolun düzgün olmadığını başa salırdı. Belə bir ictimai nəzarət var idi. Onun üçün də polisi qınamaq lazım deyil, vətəndaş gərək birinci özünü qınasın”.  

 

Onun sözlərinə görə, çox vaxt metrolarda qucağında uşaqlı qadınların diləndiyinin şahidi oluruq, bu isə tamam fərqli məsələdir.

 

“Bəzən deyirlər ki, həmin qadınların qucağındakı uşaqlar həmişə yatılı vəziyyətdə olur, onları hər hansı bir iynə-dərmanla yatırdırlar. Bu, yanlış fikirdir. Həmin qadınların qucağındakı uşaqlar onların öz uşaqları olur. Həmin qadınlar insanlar onlara acısınlar deyə, uşaqları qucaqlarına alırlar. O uşaqlar həqiqətən yatmış olurlar. Çünki 5-6 aylıq körpələr olurlar. Bildiyimiz kimi körpə uşaqlar da yatmağa meyilli olur. Dilənçilik inzibati-xətadır, insan alveri isə cinayət”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?