Modern.az

Sınaq imtahanlarının cavabları bu gün açıqlanacaq

Sınaq imtahanlarının cavabları bu gün açıqlanacaq

31 Yanvar 2012, 11:55

Bakıdakı orta məktəblərin 11-ci sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada test üsulu ilə verdiyi yoxlama (sınaq) imtahanlarının nəticələri bu gün günorta saatlarında açıqlanacaq.
Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, yanvarın 31-də gün ərzində 11-ci sinif şagirdlərinin imtahan nəticələri nazirliyin internet saytında yerləşdiriləcək. Amma 9-cu siniflərin nəticələrinin nə vaxt açıqlanacağı hələ dəqiq deyil.

Qeyd edək ki, Bakı şəhər orta məktəblərinin 11-ci sinif şagirdləri yanvarın 28-də imtahan veriblər. İmtahanda  22 minə yaxın 11-ci sinif şagird 72 imtahan mərkəzində sınaqdan keçib. 11-ci siniflərdə sınaq imtahanları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləri olub. Bu imtahanlarda şagirdlər 120 sualı cavablandırıblar

Bakıdakı  orta məktəblərinin 9-cu sinif şagirdləri isə yanvarın 29-da test üsulu ilə yoxlama (sınaq) imtahanı veriblər. 9-cular Azərbaycan dili və riyaziyyatdan sınaq imtahanları veriblər. İmtahanlarda 30 minə yaxın şagird iştirak edib.  Şagirdlər 2 fəndən 50 test tapşırığını cavablandırıblar.

Ümumiyyətlə imtahan suallarının 25%-i asan, 50%-i orta və 25%-i isə çətin səviyyəli olmaqla üç səviyyədə hazırlanıb.

Hər bir fənn üzrə tapşırıqların 20%-ə qədərini cavablandıran şagird «2», 20% daxil olmaqla 50%-ə qədərini cavablandıran şagird «3», 50% daxil olmaqla 80%-ə qədərini cavablandıran şagird «4» və 80% daxil olmaqla 100%-ə qədərini cavablandıran şagird isə «5»lə qiymətləndiriləcək.
 
2012-ci ilin ilk sınaq imtahanları 28-29 yanvar tarixində Bakı məktəblərindən başlayıb. Daha sonra proses ardıcıl olaraq bütün bölgələri əhatə edəcək və 15 aprel tarixində yekunlaşacaq.

Nazirlikdən bildirilib ki, sınaq imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı