Modern.az

2 güləşçimiz EYOF-da qızıl qazandı

2 güləşçimiz EYOF-da qızıl qazandı

23 İyul 2019, 17:01

Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları bu gün başa çatır.

 

Modern.az xəbər verir ki, Elmir Əliyev ilk hissədə Norveç təmsilçisini sıradan çıxarıb. Daha sonra çətinliklə də olsa, Rumıniya idmançısından güclü olub. Yarımfinalda gürcü rəqibini "tuşe" ilə devirən həmyerlimiz adını finala yazdırıb. Həlledici görüşdə Ukrayna təmsilçisinə də gücünü göstərən Əliyev çempion olub.

 

Xasay Həsənli də ilk mərhələdə Yunanıstan idmançısını məğlub etməkdə çətinlik çəkməyib. Finlandiya və İsveçrədən olan rəqiblərinə də aman verməyən Xasay adını yarımfinala yazdırıb.

 

Ukrayna güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılan Həsənli finala yüksəlib. Həlledici qarşılaşma dramatik keçib. Son saniyələrdə rəqibi əks-fənddə yaxalayan Xasay fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Bununla da komandamız 6-cı qızıl medalını qazanıb.

 

Nigar Mirzəzadə isə yarışa alman rəqibini yenməklə başlayıb. Ancaq 1/4 finalda türkiyəli idmançıya müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Nigar britaniyalı güləşçiyə rahat qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

 

Qeyd edək ki, daha öncə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurbanov Qurban (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?