Modern.az

Bir azdan sükut pozula bilər

Bir azdan sükut pozula bilər

Ölkə

31 Yanvar 2012, 11:59

Dünyada dini qütbləşmənin getdikcə qabardığı  məqamda müsəlman dövləti olan İranın  siyasətini heç cür anlamaq olmur. Həyata keçirilən bu siyasət İranda yaşayan xalqlar  o cümlədən sayı  40 milyona yaxın olan soydaşlarımız  tərəfindən  rahatlıqla həzm ediləcəyi inandırıcı deyil.

Deyilənə görə, İranda  narkotik maddələrin istifadəsi və və satışı ilə məşğul olan şəxslər həmin ölkənin qanunlarına görə asılırlar. Təəccüblüsü odur ki,  həmin ölkənin sərhədindən Azərbaycan ərazisinə artıq kq deyil,  tonlarla  narkotik məhsullar daşınır. Məlumatlara görə,  bunun nəticəsində  Azərbaycanın Cənub bölgəsində narkotik istifadəçilərinin sayı  artmaqda davam edir. İslami dəyərlər hara narkoticarət hara... Bəzən düşünməyə əsas verir ki, hansısa  böyük qüvvələr tərəfindən bütün bunlar idarə olunur.

Son dövrlər baş verən olaylar diqqəti daha çox cəlb edir. Yalnız yanvar ayı ərzində Azərbaycandakı bir sıra internet saytlarının qonşu ölkədəki qüvvələr tərəfindən dağıdılması faktı, bundan əlavə İranın bəzi dairələri tərəfindən  Azərbaycanda terror aktlarının təşkilinə cəhd olunması ilə bağlı Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin verdiyi  məlumatlar  vəziyyətin heçdə  yaxşı olmadığından xəbər verir. İranın  bəzi dairələrinin Azərbaycana qarşı bu qədər düşmən münasibətinin kökündə  nəyin durduğunu aydınlaşdırmaq çətindir.

Tək Azərbaycanla deyil,  bütün sivil dünya ilə aparılan belə qeyri praqmatik və qeyri sivil siyasət birinci növbədə İranın  özünü təcrid vəziyyətə salıb. Göründüyü kimi İranın indiki prezidenti   xarici ölkələrə səfərə dəvət olunmur. Yalnız Ermənistan, Kuba, başqa Amerika qitəsindəki  hansısa ölkə istisna təşkil edir.  Bu da yalnız görüntü xatirinə baş tutan səfərlərdir.  İranın Ermənistan sevgisi isə  “Düşmənimin  düşməni mənim dostumdur” prinsipinə daha çox  oxşayır. Müşahidələr göstərir ki, İranın bu  qədər iqtisadi dəstəyini hiss edən Ermənistan işğal siyasətini dayandırmayaraq daha da sərtləşib.

 Ancaq  bir vacib məqam var, antisivil, antidünya siyasəti  uzun müddət davam gətirə bilməz.

 Bunun dünyanın siyasi oyun qaydalarına, hüquq normalarına, ən əsası islami dəyərlərə zidd olduğu aydınca görsənməkdədir. Digər tərəfdən  hiss olunur ki, atom-nüvə proqramı İranda iqtisadi islahatların  həyata keçirilməsinə  problem yaradıb. Bu gün qonşu ölkənin rəsmi dairələri tərəfindən  etiraf olunmasa da  ABŞ-ın və Qərbin sanksiyaları  İran iqtisadiyyatında  böhranı dərinləşdirir.  Verilən informasiyalara görə, artıq tanınmış neft şirkətlərinin xeyli hissəsi İrandakı nəhəng layihələrdə fəaliyyətlərini dondurublar. Hətta Avropa Birliyi də İrana qarşı ABŞ-ın sanksiyalarına qoşulmaq haqqında qərar qəbul edib. Sanksiyalar İran neftinin alınmasının dayandırılması ilə bağlıdır.

Bundan əlavə İranın vurulacağı, müharəbin başlayacağı ilə bağlı ziddiyyətli məlumatlar günbəgün artmaqdadır. Dubayın polis rəisi general Dahi Halfan "Al Arabiya" televiziyasına bəyan edib ki, “Fars körfəzindəki müharibə qaçılmazdır, gələcək savaşın ilk əlamətləri artıq aydın görünür”.  “THE Wall Street Journal“  yazır:  “ABŞ İrana qarşı nüvə silahından istifadə etməklə, onun nüvə obyektlerini tamamilə dağıda bilər  və bu variant da gündəmdədir”. Xarici KİV-lərdə gedən  belə informasiyaları daha çox sadalamaq olar. Gerçəkdən vəziyyət getdikcə qəlizləşməkdədir.

İstənilən halda  İrana qarşı nüvə və digər silahdan istifadə region dövlətlərinə də təsirsiz ötüşməyəcək. Digər tərəfdən İranda kimin iqtidar olmasından asılı olmayaraq, orada bizim 40 milyona qədər soydaşımız yaşayır.  Əfqanıstan və İraq savaşı  bir daha göstərdi ki, yerli əhali  ABŞ-ın  silah nümayişindən,  antiterror əməliyyatlarında sığortalanmayıb. Hansısa sarsaq generalın əmrləri nəticəsində  səhv atılan atəşdən  okeanın o tayında amerikalı deyil,  Cənubi Azərbaycandakı soydaşlarımız  əziyyət çəkə bilər.   ABŞ  nüvə silahından  istifadə edərsə faciənin və hadisədən əziyyət çəkən ölkələrin miqyasını  müəyyənləşdirmək çətindir. Bu ABŞ-ın özü üçündə yaxşı  perspektiv vəd etmir.

Bu cür addım bütün dünya müsəlmanlarını ABŞ-a qarşı  çıxmasına gətirər. Ancaq hər şey bitməyib, bütün  yollar bağlanmayıb. Axı tövbənin   qapısı hər zaman açıq olur. Zamanında tövbə edib haqqın yoluna dönməyəndə, yəni İranda bir çox sahələrdə islahatlara başlamayanda  sükut  pozula bilər. İran kimi bir nəhəng dövlətdə istər daxili, istərsə də xarici  faktorların təsiri nəticəsində sükutun pozulması  tamamilə mümkündür. Bugün bu arzu olunmasa da həqiqətə yaxındır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi