Modern.az

Cəmil Həsənli: “Məşədi Əzizbəyov qəhrəman deyil, amma düşmən də deyil”

Cəmil Həsənli: “Məşədi Əzizbəyov qəhrəman deyil, amma düşmən də deyil”

31 Yanvar 2012, 12:27

Sovet rejiminin qəhrəmanlarından olan Məşədi Əzizbəyovun adı Azərbaycan tarixindən demək olar ki, silinir. 1967-ci ildə memar Tokay Məmmədov tərəfindən Əzizbəyova Bakıda qoyulmuş heykəl artıq götürülüb. Bunun ardınca isə Milli Məclisin qərarı ilə Əzizbəyov rayonunun adı dəyişdirilərək Xəzər edilib.

Ötən ilin dekabrın 30-da isə   “Məşədi Əzizbəyov” metrostansiyasının adı dəyişdirilərək “Koroğlu” qoyulub.

Bütün bunlar nəyə görədir? M.Əzizbəyovun tarixdə müsbət, yoxsa mənfi obraz olduğu haqqında sabiq millət vəkili, tarixçi Cəmil Həsənli bildirib ki, bu çox həssas və ağır məsələdir:

“Bu adlar artıq dəyişdirilib. Bizim burada nəsə deməyimiz heç nəyi dəyişmir. Bu məsələni ortalığa çıxarmaq isə hər dəfə onun varisləri üçün əlavə problem yaratmaqdır. Ona görə mən hesab edirəm ki, buna qayıtmağın mənası yoxdur. Azərbaycan tarixinin o dövrdə nəşr olunan 7 cildlik  kitabında Əzizbəyova aid nə varsa, aşağı-yuxarı fəaliyyəti əks olunub. Mən hesab edirəm ki, Əzizbəyov qəhrəman deyil, amma düşmən də deyil. Ona görə də bir daha bu məsələyə qayıtmağı məsləhət görmürəm”.

“Gələcək nəsillər Əzizbəyovu necə tanıyacaq” sualına isə C.Həsənli belə münasibət bildirib: “Əgər gələcək nəsil kitab oxuyacaqsa, istəsə də, istəməsə də biləcək və öyrənəcək. Çünki Əzizbəyov müəyyən dövrün tarixində yer tutur. Onu bu tarixdən silmək, çıxarmaq mümkün deyil. Əzizbəyov Azərbaycanda sosialist ideyasının bünövrəsini qoyanlardan biridir. İstər-istəməz o dövrün tarixində iz buraxmış bir adamdır. Amma eyni zamanda Baki Kommunasında da onun adı var, bundan hara qaçasan? Bakı Kommunası anti-milli hökumət və anti-Azərbaycan hakimiyyəti idi. Onun tərkibində olmaq Azərbaycanın maraqlarına uyğun deyildi”.

Anar KƏLBİYEV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir