Modern.az

Yeni hərəkatdan yeni xəbər: Məclisdə hər partiyadan 5 nəfər olacaq

Yeni hərəkatdan yeni xəbər: Məclisdə hər partiyadan 5 nəfər olacaq

Təhsil

31 Yanvar 2012, 14:49

Əhməd Oruc: “Bir ay ərzində rayon şöbələrimiz formalaşdırılacaq”

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının məclisində hər partiyanın 5 üzvü təmsil olunacaq. Bu barədə Modern.az saytına hərəkatın təsisçilərindən biri olan Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

Onun sözlərinə görə, hərəkatda təmsil olunan qeyri-hökümət təşkilatlarının isə məclisdə bir nəfər təmsil olunması qərara alınıb: “Yaxın zamanda hərəkatın təsisçiləri olan partiyaların növbəti birgə yığıncağı keçiriləcək. Yəqin ki, iki həftəyə məclisin ilkin tərkibi formalaşacaq”.

Əhməd Oruc məclisdə heç bir siyasi partiyanın, ictimai təşkilatların üzvü olmayan tanınmış ziyalıların da təmsil olunacağını istisna etməyib:
“Məclis tam formalaşandan sonra fəaliyyəti ilə bağlı reqlament müəyyənləşdiriləcək. İlkin müddətdə iclasların ayda bir dəfə keçirilməsi nəzərdə tutulur. Amma hərəkat tam formaşandan sonra reqlqamentə dəyişiklik də edilə bilər”.

Ə.Oruc Müqavimət Hərəkatına yeni partiyaların qoşulması ilə bağlı danışıqların da getdiyini söyləyib: “Artıq bir neçə belə partiya var. Düşünürəm ki, idarə heyətinin növbəti yığıncağından sonra bu məsələyə tam aydınlıq gələcək”.

O deyib ki, hərəkətın rayonlarda yerli təşkilatlarının yaradılması ilə bağlı əsasnamə də hazırlanıb: “Bu sənəd də idarə heyətinin növbəti yığıncağında qəbul olunacaq. Biz hələ ki yalnız Avropa bürosunun yaradılması ilə bağlı qərar vermişik”.

Ə.Orucun dediyinə görə, hərəkata bitərəflərdən, ziyalılardan qoşulmaq üçün həddindən artıq müraciətlər daxil olur: “Təbii ki, bu ilk növbədə hərəkat cəmiyyətdə ciddi marağın olması ilə bağlıdır. Amma bəzi səbəblərə görə biz bütün arzu edənlərin qatılması məsələsini təxirə salmışıq. Ona görə ki, birinci növbədə prosesə qatılmanın özünün mexanizimləri müəyyənləşməlidi. Hamının gəlib Bakıda Müqavimət Hərəkatının idarə heyətinə müraciət etməsi doğru olmaz. Ona görə də biz yerli şöbələrin yaradılması məsələsini önə çəkirik. İlkin olaraq bizimlə hərəkatda birgə təmsil olunan şəxslərin və partiyaların rayon şöbələri var. Onların əsasında ilkin rayon şöbələrinin yaradılması nəzərdə tutulub. Yaxın bir ay ərzində rayonlarda şöbələrimizin formalaşdırılmasını başa çatdıracağıq”.

Mail Ağaxanov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər