Modern.az

Azərbaycanın hər yeri “nurludur”, amma qazsız və susuz kəndlərimiz var

Azərbaycanın hər yeri “nurludur”, amma qazsız və susuz kəndlərimiz var

25 İyul 2019, 12:50

Mütəmadi olaraq qaz, işıq, su verilişində məhdudiyyətlər yaranacağı, qeyd olunan sahələrin xidətində müəyyən fasilələr olacağı açıqlanır. Maraqlıdır, hazırda ümumiyyətlə işıq, su və qazla təmin olunmayan bölgələr, rayonlar hansılardır?

 

Modern.az bu sualla adıçəkilən qurumların mətbuat katiblərinə müraciət edib.

 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib ki, bu gün bütün şəhər və rayon mərkəzləri mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilir:

 

“Amma kəndlərdə vəziyyət tamam başqadır. Yəni elə kəndlər var ki, biz xidmət edirik, elə kəndlər də var xidmət etmirik.

 

Onların bəzisi Meliorasiya və Su Təsərrüfatnın artezianından, bəzisi icma və bələdiyyə tərəfindən vurulmuş artezianlardan su alırlar.

Bəzilərinin təbii qaynaqları, yəni bulaq və kəhrizləri var ki, oradan su götürürlər. Yəni bütün kəndlər “Azərsu”nun xidməti ərazisinə aid deyil. Kəndlərin əkəsriyyətində ümumi istifadə üçün bulaqlar var”.

 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edib ki, hazırda respublikanın bütün əraziləri elektrik enerjisilə tam təmin olunur:

 

“Ümumiyyətlə, elektrik enerjisilə təmin olunmayan yeganə kənd Astaranın Şəvqo kəndi idi. 2017-ci ilə qədər elektrik enerjisi olmayan və 49 ailənin yaşadığı Şəvqo kəndinə “Azərişıq” tərəfindən işıq verilib. Çətin relyefdə yerləşən bu kənddə texnikadan istifadə etmək mümkün olmadığından, şəbəkə əl əməyi ilə qurulub. 49 yaşayış evinin və ya 250-dən çox insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km 10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətt çəkilib. Bir ədəd 10/0,4 kV-luq 63 KVA gücündə transformator məntəqəsi quraşdırılıb. Abonentlərin evlərinə 49 ədəd sayğac qoyulub. Hazırda ölkəboyu elə bir yer yoxdur ki, orada elektrik təchizatında problem olsun”.

 

“Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun sözlərinə görə, respublika üzrə qazlaşma səviyyəsi 95,7 faiz təşkil edir:

 

“Bu il ərzində dövlət büdcəsindən ayrılan 53,5 milyon manat hesabına mart-iyul aylarında 58 yaşayış məntəqəsi üzrə 14 ayrı-ayrı kənd və qəsəbələr qazlaşdırılıb. Hazırda Lənkəran, Ağcabədi, sərhədyanı ərazilərdə, Gədəbəy, Göygöl, Şamaxı, Lerikdə qaz verilişi üçün işlər tamamlanıb. Şamaxının Çöl-Göylər kəndində, Lerikin Peştətük kəndində, Goranboyun Qarapirimli kəndlərində qazlaşdırma ilə bağlı işlər tamamlanıb, amma istismara verilməyib.

 

İlin sonunadək həmin kəndlərə qaz verilməsi planlaşdırılır. Bundan başqa, Gədəbəyin, Göygölün, Göyçayın kəndlərində qazlaşdırma ilə bağlı işlər aparılır”.

 

Şöbə rəisi ölkə üzrə qazlaşdırmanın dövlət proqramı üzrə icra olunduğunu bildirib:

 

“Növbəti illər üçün 2019-2023-cü illər proqramları var. Təkliflər dövlət tərəfindən və əlaqədar təşkilatlar tərəfindən hazırlanır. Bölgələrdə yerli icra hakimiyyətləri monitorinqlər aparılır. Regionların sosial-iqtisadi inkişafı üzrə təkliflər nəzərə alınır. Bu il üçün 58 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub. Bakı şəhəri üzrə proqrama əsasən 22 yaşayış massivinin qazlaşdırılması planlaşdırılır. Həmin yaşayış massivləri Binəqədi, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonları ərazisindədir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir