Modern.az

Tələbə Təqaüd Proqramının üzvləri seçildi

Tələbə Təqaüd Proqramının üzvləri seçildi

31 Yanvar 2012, 17:29

Azercell Telekom MMC-nin elan etdiyi Tələbə Təqaüd proqramı üzrə seçim sona  çatıb. 2011-ci ilin sentyabrında elan edilən proqrama ümumilikdə 309 tələbə müraciət edib. Nəticədə 11 gənc  proqramın iştirakçısı seçilib.

Seçim prosesi müxtəlif mərhələlərdə baş tutub. Əvvəlcə tələbələrin müraciətləri nəzərdən keçirilib, onların qiymət kitabçaları dəyərləndirilib. Araşdırmalardan sonra 132 tələbə növbəti mərhələyə - ilkin imtahanlara keçid alıb. İmtahan zamanı tələbələrin say təfəkkürü testi təqdim olunub, həmçinin onlar ingilis dilində inşa yazıblar. Bu seçim mərhələsindən 30 nəfər müvəffəqiyyətlə keçib. Sonuncu mərhələdə Azercell-in rəhbərlərindən ibarət münsiflər heyəti namizədlərlə müsahibə keçiriblər. Qaliblər sırasında Azərbaycanın 5 ali təhsil müəssisəsinin 3-cü və 4-cü kurslarında təhsil alan gənclər var. Naxçıvan Dövlət Universitetinin 3 tələbəsi, Dövlət İqtisad Universitetinin 5 tələbəsi, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının tələbələri bu ilki təqaüdçülər arasındadır.

Proqrama üzv seçilən gənclər tədric ili boyunca Azercell-dən hər ay 200 AZN miqdarında təqaüd alacaqlar ki, bu da onların iqtisadi asılılığının azaldılmasına və asudə vaxtlarını yalnız elmi tədqiqatlara yönəltməyə imkan verəcəkdir. Tələbə Təqaüd proqramının üzvləri gələcəkdə şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılaraq telekommunikasiya sahəsində biliklərini artırmaq və Azercelldə təcrübə keçmək imkanlarını əldə edəcəklər.

Azercell 2008-ci ildən etibarən Tələbə Təqaüd Proqramını təqdim edir. İndiyə qədər Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 50-yə yaxın tələbə proqramın verdiyi üstünlüklərdən yararlanıb. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan, xüsusi qabiliyyəti olan və digərlərindən fərqlənən tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına yardım göstərməkdən ibarətdir.

Azercellin istedadlı gənclərə yönəlik proqramları sırasında Barama layihəsini, Qafqaz Universitetində və Naxçıvan Dövlət Universitetində 4G laboratoriyalarının açılmasını, müntəzəm olaraq tələbələr üçün yay məktəblərinin təşkilini, əmək yarmarkalarının keçirilməsini, kitab təqdimatlarını və s. layihələri misal çəkmək olar. Bundan əlavə, Azercellin gənclərə xüsusi qayğısının nümunəsi olaraq “Tələbə 1-liyi” tarif paketini də göstərmək olar. Bu paket tələbələrə öz arasında 1 dəqiqəsi 1 qəpiyə danışmağa imkan verir.

Azərbaycanda peşəkar kadrların yaranması, bacarıqlı gənclərin karyera qurmasına yönəlmiş layihələri dəstəkləyən Azercell şirkəti bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir