Modern.az

Hidayət Orucov bəzi qrumların hesabatı barədə ATƏT nümayəndəsinə təəssüfünü çatdırıb

Hidayət Orucov bəzi qrumların hesabatı barədə ATƏT nümayəndəsinə təəssüfünü çatdırıb

31 Yanvar 2012, 18:38

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayı qəbul edib. Bu barədə Modern.az-a DQİDK-nin mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki,  DQİDK  ilə ATƏT-in müvafiq qurumları arasında işgüzar münasibətlər ənənəsi mövcuddu və bu, davam etdiriləcək. Qeyd edilib  ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və qayğı dövlətin din siyasətinin təməlini təşkil edir:

“Ölkəmizdə həmişə bütün dinlərə və onların mənsublarına hörmətlə yanaşılıb, dindarların ibadətlərini layiqincə yerinə yetirmələri üçün hər cür şərait yaradılıb. Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər. Beynəlxalq aləmdə təsdiqlənən  bu tarixi və humanist ənənənin qorunub saxlanmasında görkəmli siyasi xadim  Heydər Əliyevin xüsusilə böyük xidmətləri olub. Bu gün dövlət başçısı İlham Əliyev həmin siyasəti uğurla davam etdirir”.

Dövlət Komitəsinin sədri təəssüflə bildirib ki, bəzi beynəlxalq hüquq təşkilatlarının və dövlətlərin hesabatlarında ölkəmiz barədə obyektivliyə söykənməyən qeydlərə rast gəlinir. Bunun səbəbini məlumatların dəqiqləşdirilmədən, ətraflı öyrənilmədən sənədə daxil edilməsidə görən Hidayət Orucov vurğulayıb  ki, dövlətimiz  Azərbaycan gerçəkliklərinin dünyaya olduğu kimi çatdırılmasını arzulayır və ölkəmiz din sahəsi ilə bağlı araşdırma aparan beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman hazırdır. Dinin siyasiləşdirilməsi bəzi ölkələrdə acı tendensiya xarakteri alıb. Azərbaycan dövləti isə təriqətlərüstü və humanist din siyasəti aparır.

Koray Tarqay səmimi qəbul üçün Dövlət Komitəsinin sədrinə minnətdarlığını bildirərək deyib  ki, bu vəzifədə işə başladığı gündən Azərbaycanda gördüyü milli-dini dözümlülük mühiti onu çox sevindirir:

“Tolerantlığın dövlət siyasəti olduğu ölkədə işləmək çox xoşdur. ATƏT-in Bakı ofisi ölkənin din sahəsi ilə bağlı məlumatların obyektiv öyrənildikdən sonra hesabatlara daxil edilməsinin tərəfdarıdı və sizinlə şəxsən görüşməkdə məqsədimiz informasiyaları mətbuatdan və ya ayrı-ayrı şəxslərdən, qurumlardan deyil, birbaşa mənbəyindən almaqdı. Əmin ola bilərsiniz ki, fəaliyyətim dövründə bu prinsipi əsas tutacağam və ATƏT-in Bakı ofisi Azərbaycan gerçəkliyini olduğu kimi təqdim edəcəkdir”.

ATƏT-in Bakı ofisinin rəhbəri qeyd edib ki, Azərbaycan bütün sahələrdə durmadan inkişaf etməsi müəyyən dairələrin maraqlarına uyğun deyil və nə yolla olur-olsun ölkədə narahatlıq yaratmağa cəhd edə bilərlər. Belə məqamlarda cəmiyyətdə vəhdətin olması vacib şərtdir və mən burada müxtəlif dinlərin, millətlərin nümayəndələrinin mehriban qonşuluq şəraitində yaşadığını müşahidə edirəm.

Görüşdə DQİDK ilə ATƏT-in Bakı ofisi arasında əlaqələri genişləndirməyin yolları və digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir