Modern.az

Deputatlar sklerozlarla bağlı qanun layihəsini ikinci oxunuşda təsdiqlədilər

Deputatlar sklerozlarla bağlı qanun layihəsini ikinci oxunuşda təsdiqlədilər

1 Fevral 2012, 17:28

Milli Məclisin  yaz sesiyasının ilk  iclasında “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.

Modern.az saytı xəbər verir ki,  qanun layihəsi barədə sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Deputat bildirib ki, qanun dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilini, hüquqi əsaslarını müəyyənləşdirəcək, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək.

Layihədə ümumi anlayışlarla yanaşı, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət təminatının formaları, dağınıq skleroz üzrə dövlət proqramı, bu xəstəliyə tutulmuş şəxslərin hüquqları, onların reyestri, tibbi yardımın göstərilməsi və s. məsələlər əksini tapıb.

Digər millət vəkilləri də Azərbaycan  səhiyyəsindəki problemlərə toxunublar və qəbul olunan qanun  layihəsini dəstəkləyiblər.

Müzakirələrdən sonra “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı da təsdiqlənib. Milli Məclisin 2012-ci il yaz sessiyasının iş planına ümumilikdə 17 məsələ, o cümlədən Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri salınıb. 

Bununla da Milli Məclisin 2012-ci il yaz sessiyasının ilk plenar iclası başa çatıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir