Modern.az

Azərbaycanın 7 rayonunda yüzlərlə gənclə görüş keçirilib

Azərbaycanın 7 rayonunda yüzlərlə gənclə görüş keçirilib

Aktual

1 Fevral 2012, 17:43

UNİCEF-in dəstəyi ilə reallaşan “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin birinci mərhələsi başa çatıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu  (BAMF) UNİCEF-in maliyyə dəstəyi ilə 2011-ci ilin oktyabr ayından həyata keçirməyə başladığı “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin mühüm bir mərhələsinə yekun vurub. Bu barədə BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, layihə Ermənistanın Azərbaycana qarşı apardığı müharibən bilavasitə zərər çəkmiş Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Beyləqan, eləcə də müharibənin təsirinə məruz qalmış Bərdə və Yevlax rayonlarında həyata keçirilir.

Layihənin məqsəd və vəzifələri, arxada qalan 4 ay ərzində  görülən işlər barədə məlumat verən U.Rəhimoğlu bunları dedi: “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsini həyata keçirməkdə əsas məqsəd həmin regionlarda yaşayan gəncləri idarəetmə işlərinə daha yaxından cəlb etmək üçün təlimləndirməkdən, ictimai fəallıqlarını artırmaqla ətrafda baş verənlərə daha fəal mövqe nümayiş etdirməyə yönəltməkdən, onların həyatı ilə bağlı müsbvət dəyişiklikləri müdafiə etməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilib ki, onlara da narkotikadan istifadə hallarına, erkən evlililiyə, ətraf mühitin mühafizəsinə, sosial-iqtisadi həyatda gənclərin iştirakına, sağlam həyat tərzinə və zəif, təcrid olunmuş qrupların cəmiyyətə reinteqrasiyasına aid məsələlər daxildir.  Regional koordinatorlar qeyd etdiyim yeddi rayonun ayrı-ayrı yaşayış məntəqələrində gənclərin iştirakı ilə layihənin təqdimatına həsr olunan  toplantı-görüşlər keçirdilər  və bu görüşlərdə yüzlərlə oğlan və qız iştirak etdi. Məqsəd həmçinin onların arasından layihənin icrasında iştirak etmək istəyən fəal  gəncləri müəyyən etməkdən ibarət idi”.

Umud Rəhimoğlu daha sonra dedi ki, rayonlarda keçirilən son toplantılarda  layihədə iştirak etmək üçün 140 gəncin- hər rayonda tərkibi 20 nəfərdən ibarət olan təbliğat qruplarının (TQ) seçimi artıq başa çatıb. Seçim toplantılarına UNİCEF-in gənclər proqramının rəhbəri  Natiq Umarov və sosial proqramlar  üzrə rəhbər Elnur  Əliyev də qatılıblar. Onlar layihənin icrası ilə əlaqədar TQ üzvləri ilə söhbət aparıblar, onlara tövsiyə və məsləhətlərini bildiriblər. Onlar layihə çərçivəsində TQ-larının görəcəkləri işlərin mərhələləri barədə toplantı iştirakçılarını məlumatlandırıblar, ayrı-ayrı icmalarda gənclərlə yaradılacaq kommunikasiya üsulları, təbliğat zamanı inandırma metodlarının düzgün tətbiq olunması zərurətindən söhbət açıblar. UNİCEF mənsubları N.Umarov və E.Əliyev TQ-larının tərkibinə seçilən gənclərin suallarını cavablandırıblar.

Qeyd edək ki, seçilmiş TQ üzvləri yuxarıda göstərilən strateji məqsədlərlə-narkotika, erkən evlilik, ətraf mühitin mühafizəsi, sosial-iqtisadi həyatda gənclərin iştirakı, sağlam həyat tərzi və təcrid olunmuş qrupların  reintiqrasiyası ilə bağlı regionda yaşayan gənclər arasında təbliğat və maarifləndirmə işləri aparacaq, layihənin icrası prosesinə yeni fəal gənclərin cəlb edilməsinə nail olacaqlar. Beləliklə, regionda gənclərin böyük bir şəbəkəsi formalaşacaq, onlar ölkənin sosial-iqtisadi, ictima-siyasi və mədəni həyatında fəal iştirakçıya çevriləcəklər. Layihə Azərbaycan Gənclər və İdman Nazirliyinin yerlərdəki idarələri, rayonların icra strukturları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir