Modern.az

Eks-nazir: “Böhrandan sonra 2014-cü il səviyyəsinə çata bilməmişik”

Eks-nazir: “Böhrandan sonra 2014-cü il səviyyəsinə çata bilməmişik”

2 Avqust 2019, 13:01

Cari ilin başa çatmasına 5 aydan az vaxt qalır. Biz növbəti ilə hansı iqtisadi göstəricilərlə getməyi düşünürük?

Modern.az xəbər verir ki, iqtisadçı, Azərbaycan Respublikasının keçmiş maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bununla bağlı təhlilini paylaşıb. O düşünür ki, rəsmi statistikanın açıqladığı, ilin altı ayının yekunlarına dair yerləşdirilmiş məlumatlarda əsas kapitala yönləndirilən vəsaitlərin həcmindən dolayı əksər göstəricilər üzrə müsbət tendensiya qeydə alınıb:

 

“Əsas kapitala yönəldilən vəsaitlərin həcmində isə ötən ilin 6 ayı ilə illə müqayisədə 5%-dən çox azalma qeydə alınıb. Bu göstərici üzrə qeyri-neft sənayesinə yatırımların həcmi 20%-ə qədər azalıb. Qeyri-neft sənayesi kimi mühüm bir sahəyə əsaslı vəsait qoyuluşunda baş verən belə kəskin azalmanı yaxşı hal hesab etmək olmaz. Qeyri-neft sənayesində istehsalın həcminin ötən ilin yarısı ilə müqayisədə 15,7% artmasına baxmayaraq, bu sahəyə cari ilin birinci yarısında əsaslı vəsait yatırımlarının 20%-ə qədər azalması bütün hallarda pis dəyərləndirilməlidi. Əslində ilk baxışda bu azalmanın izahı var. Keçən il Sumqayıt Polimer və karbamid zavodlarının tikintisinin başa çatdırılması bu iki müəssisəyə xeyli sərmayələr qoyulması ilə nəticələnmişdi. Lakin bu ənənənin bu ildə də davam etdirilməsi gərək idi. Biz bu gün Azərbaycanın hər bir bölgəsində ölkəmizə ciddi valyuta gətirən belə müəssisələrin inşa edilməsinə  maraq göstərməliyik. Əks halda iqtisadiyyatımızın, milli valyutamızın və bütövlükdə maliyyə sistemimizin təhlükəsizliyinə ciddi təhdidlər qalmaqda davam edəcək”.

 

Azərbaycanın bu gün qeyri-neft sektorundan ümumi idxalımızın 14-15%- həcmində məhsul ixrac etdiyini xatırladan F. Yusifovun fikrincə bu, olduqca azdır:

“Bir anlığa təsəvvür edək ki, neftin qiymətləri 2014-2015-ci illərdə olduğu kimi kəskin azalmağa başlayır. Bu halda nə edə bilərik? Ən azından idxalı qarşılamaq və manatı kəskin ucuzlaşmaqdan qorumaq üçün böyük məbləğdə valyuta xərcləməyə məcbur olacağıq. Biz qiymətlər münasib səviyyədə olanda neftin satışından əldə etdiyimiz valyutanı xərcləyəcəyik. Gəlin, bir anlığa da olsa, təsəvvür edək ki, neftin qiymətləri kəskin azalıb və biz 11,5 milyard dollarlıq idxalımızın qarşılığında qeyri-neft sektorundan da cəmi 1,7 milyard dollar – yəni dediyimiz kimi ümumi idxalımızın 15%-ı həcmində xarici valyuta əldə edirik. Bunun nə demək olduğunu bir neçə il öncə gördük. Ona görə, dəfələrlə dediyim kimi, bir daha təkrar edirəm, Azərbaycan iqtisadiyyatının əsas problemi ilkin mərhəllədə qeyri-neft sektorundan ixracın həcmini ən azından idxalımızın 50-60%-i səviyyəsinə qaldırmaqdır. Son bir neçə ildə görülən intensiv tədbirlərə baxmayaraq təəssüf ki, hələlik bu baş vermir. Biz böhrandan sonra hələlik bu sahədə 2014-cü ilin səviyyəsinə belə çata bilməmişik. İxracı bu səviyyəyə çatdırmağın çox sadə və real yolları var. Bu yolları mütləq işə salmaq lazımdır. Vaxt gözləmir. Neftin qiymətlərinin kəskin azalacağı zaman çox da uzaqda deyil”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi