Modern.az

121 yaşlı Azərbaycan KİNOSU - “Kinoya dəxli olmayan, kənardan gələnlərə mükafat verirlər”

121 yaşlı Azərbaycan KİNOSU - “Kinoya dəxli olmayan, kənardan gələnlərə mükafat verirlər”

2 Avqust 2019, 19:05

Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. Hətta sovet rejimində belə filmlərimizdə bizə xas olan dəyərlərimiz elə ustalıqla verilib ki, hər dəfə bu filmlərə baxanda tamaşaçı özü üçün yenilik tapır.

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. 2001-ci ildən isə Prezident Heydər Əliyevin sərəncamı ilə avqustun 2-si Azərbaycan Milli Kino Günü kimi rəsmiləşdirilib. Bu il Azərbaycan kinosunun 121 yaşı tamam olur.

Modern.az saytı olaraq, kino günü ilə bağlı bu sahədə çalışan hər kəsi təbrik edirik.

Respublika Kinematoqrafçılar İttifaqının (ARKİ) Mətbuat Xidmətinin rəhbəri Əli Vəliyev Modern.az saytına ittifaqın uğurları haqqında danışıb:

“Respublika Kinematoqrafçılar İttifaqı beynəlxalq tədbirlər həyata keçirir. Kino sənətinə öz töhfələrini vermiş sənətkarların yubileylərini qeyd edirik. İttifaqın sədri Şəfiqə Məmmədovanın təşəbbüsü ilə ölkəyə xarici rejissorlar dəvət edirik.

Bu görüşlər təbii ki, yerli kinonun inkişafına bir təkan vermiş olur. Bir məsələni də söyləyim, ölkə başçısı kino sahəsinə böyük məbləğdə pul ayırdı. Biz bir ittifaq olaraq, kino çəkilişi ilə məşğul olmasaq da, kinonun inkişafı ilə bağlı müəyyən tədbirlər, görüşlər təşkil edirik”.

Əli Vəliyev ölkə başçısının ittifaqa diqqətindən də danışıb:

“Prezident Respublika Kinematoqrafçılar İttifaqına 300 min manat vəsait ayırıb.Bu diqqətdən sonra ittifaqın sədri və idarə heyətinin təşəbbüsü ilə bir neçə dəfə iclaslar keçirildi. Ölkədə və ölkədən kənar kinorejissorlar dəvət edildi. Onların maddi vəziyyətləri və yaradıcı işləri barədə məlumatlar əldə olundu. Gənc kadrlara da şərait yaradılıb. Bir neçə gənc var ki, bizim ittifaq tərəfindən ayrılmış təqaüdü alır. ARKİ tərəfindən fond da yaradılıb. Fondun əsas məqsədi isə odur ki, kino sahəsində müəyyən işlər görmək istəyən rejissorlara dəstək verilsin. Məsələn, bir rejissorun işini xarici ölkə bəyənir və onu dəvət edir. Ancaq olur ki, onun maddi imkanı əl vermir getsin. Bu məsələlərlə bağlı fond həmin rejissora dəstək olur”.

Əvvəllər olduğu kimi bu il də “Milli Kino Mükafatı”nın təsis olunduğunu diqqətə çatdıran ittifaq sözçüsü qeyd edib ki, bu kino mükafatı gənclər üçün də elan edilib:

“Nizami Kino Mərkəzində ittifaqın üzvü Fariz Əhmədov  “Yeni Nəfəs” milli kino mükafatına layiq görülüb.

Bu il görkəmli kinorejissor Həsən Seyidbəylinin 100 illik yubleyidir. Bununla bağlı ittifaq tərəfindən medal, həmçinin anadan olmasının 100 illiyi ilə bağlı təqaüd təsis olunub. O təqaüd də növbəti ildə Mədəniyyət və İncəsənət Universitetində bütün göstəriciləri yüksək olan  ən yaxşı tələbəyə təqdim olunacaq.

Kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) isə Azərbaycan kinosunu körpə uşağa bənzədib:

“Ümumiyyətlə, kinonun maddi durumundan danışmaq hələ tezdir. Sponsor tapıb serial çəkənlər ki var, onlardan danışmaq belə istəmirəm. Mən peşəkar şəkildə şəkilən kinolardan danışıram.

Biri var həvəskar , biri də var peşəkar. Həvəskar gündəlik işlərlə məşğuldur. Elə istəyir ki, nə olur olsun, təki nəsə qazanım. Peşəkar  isə əsas nəticəyə önəm verir. Məqsədi odur ki, əziyyət çəksin sonunda həm maddi, həm də mənəvi nəyə isə nail olsun. Odur ki, kinoya peşəkarcasına yanaşsan, nəticəsi də müsbət olar.

Ölkə başçısı kino sənətinə 5 milyon manat pul ayırıb. Təbii ki, bu çox tədqirəlayiq bir addımdır. Bu pulun ayrılması istər rejissorlar, istərsə də aktyorlar üçün böyük bir stimuldur. Ancaq burda biraz qeyri-obyektivlik özünü göstərir. Pul ayrılıbsa, buna nəzarət də ciddi şəkildə olmalıdır. Yəni o deməkdir ki, elə hərə necə gəldi, boş yerə xərcləməsin. Pulu çox görüb, şirniklənməsinlər. Kino sənətini gələcəyə ötürmək üçün cavanlara da şərait yaradılsın”.

Kinonun yiyəsinin kinoçular olduğunu vurğulayan Şeyx Əbdül düşünür ki, körpə uşaqdan nəsə gözlənilmədiyi kimi, kinomuzdan da böyük bir şey gözləmək düzgün deyil:

“Bizim kino sənətimiz körpə kimi yavaş-yavaş böyüyür, özünü göstərməyə çalışır. Kino 5-10 günlük bir hadisə deyil, dövrləri keçərək, böyük bir mərhələ təşkil etməlidir. Tək rejissorla iş düzəlmir. Bunun üçün maddi, texniki baza olmalıdır.

Bu gün ölkədə kino günü kimi qeyd olunur. Təbii ki, bu sevincdən bütün kino sahəsində çalışan hərkəsə pay düşür. Başqa sahələrdə çalışan hər kəsin müəyyən yerlərdən gəlirləri olur. Ancaq onu bilin ki, kinoçuların kinodan başqa gəlir gələcək bir yeri olmur. Bir qara qəpik belə də olsa...”

Şeyx Əbdül kino fədailəri haqqında bilmədiyimiz sirrdən də danışıb:

“Bir sirr açım sizə, o kino fədailəri ki var, onlar hər ay gedib “vedimust”a qol çəkib, maaş almırlar. Baxmayaraq ki, kinostudiyada işləyirlər. Ancaq hansı qrupda işləyirlərsə, o film çəkilən müddətdə maaş alırlar. İkinci bir filmdə işləmirlərsə, onda oturub maaşsız gözləyirlər. Adamlar var ki, aylardır ac vəziyyətdə oturub, gözləyir. Bax, bu bayram da həmin peşəkarların, sənət fədailərinin bayramıdır.

Elə adam var ki, kinoya adiyyatı belə yoxdur, ancaq bu sənətə gəlib. Baxırsan ki, hər bir şəraiti imkanı da var. Ancaq özünü bu sənətə qurban verənin qəpik quruşu belə yoxdur. Belə olmaz, həqiqətən, bu bir faciədir. Kinoya dəxli olmayan, kənardan gələnlərə mükafat verirlər, 50 il sənətdə olanlar isə qıraqdan onlara həsədlə baxırlar. Bunların hamısı razılaşdırılmış şəkildə həyata keçirilir. Kino gününü kino sənətində olanlarla keçirərlər. Yoxsa “manıs”larla, musiqiçilərlə yox”.

Tanınmış aktyor onu da qeyd edib ki, 50 il bundan qabaq çəkilən filmlərə, oradakı aktyorların kinonu necə yaşayaraq oynamalarına fikir versək, kinomuzun dəyərini görərik:

““Yeddi oğul istərəm”, “Nəsimi”, “Arxadan vurulan zərbə” necə gözəl çəkilib, aktyorlar tərəfindən necə gözəl oynanılıb. Bu gün də dünyanın hər yerində göstərilir, ölkəyə ad-san, qazanc gətirir.

Elə görkəmli kino aktyorlarımız, rejissorlarımız var ki, neçə ildir, bir köynək və bir şalvarla gəzir.

Rejissorun əsas silahı aktyor və aktrisalardır. Məsələn, bir kinoda baş rolda oynayan qəhrəmanı bütün hər kəs tanıyır. Hər şeyi də ona verirlər - pul mənasında deyirəm. Amma əziyyət çəkən ac-susuz qalır qıraqda.  Belə də olmaz axı?!

Yaxşı kadrlar tapıb üzə çıxartmaq, hər kəsə təqdim etmək lazımdır. Onsuz da, istedadsızlar hardan olsa, özünə bir yer tapıb çıxır”.

Azərbaycanfilm Kinostudiyasının kinorejissoru Elşən Məmmədov  isə kinonu xalqın mədəniyyət salnaməsi hesab edir:

“Kino incəsənətin başqa sahələri kimi adi bir peşə deyil. Kino həm də bir xalqın tarixidir. Azərbaycan kinosu yarandığı bu günə kimi özünün bir kino məktəbini yaratdı. Yüzlərlə tarixə düşəcək kinomuz ərsəyə gəldi”.

Təbii ki, bunların da uğurlu olmasının ən böyük səbəbkarları aktyorlar və rejissorların üzərinə düşür. Kino elə bir sahədir ki, hər zaman qayğı və diqqətə ehtiyacı var. Bu diqqət və qayğı olmasa, onun inkişafından danışmağa belə dəyməz.

Azərbaycan kino tarixi 1990-cı ilə kimi özünün inkişaf dövrünü yaşadı. Müəyyən çətinliklərlə üzləşsə də bu günə qədər gəlib çata bilib.

Kino özü bir fabrikə bənzəyir, tək bir nəfərdən ibarət deyil. Bu günlərdə kinoya ölkə başçısı tərəfindən böyük bir dəstək var. Arzu edirəm ki, bu dəstək davamlı olsun”.

Son olaraq, Elşən Məmmədov kino sahəsində çalışan hər kəsi təbrik edib.

 

Jalə MEHDİ

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi