Modern.az

Rusiyada yaşayan azərbaycanlılar ana dilini tədricən unudur - PROBLEM

Rusiyada yaşayan azərbaycanlılar ana dilini tədricən unudur - PROBLEM

Diaspor

3 Avqust 2019, 11:00

Azərbaycan dili Rusiyada ən geniş yayılmış 15 xarici dildən biridir. Rusiyanın “Promt” şirkətinin məlumatına əsasən siyahıda Azərbaycan dili 473 min daşıyıcı ilə 14-cü pillədə qərarlaşıb.

 

Təəssüf doğurucu fakt ondan ibarətdir ki, rəsmi məlumata görə, Rusiya Federasiyasında 603 min Azərbaycan mənşəli vətəndaş yaşasa da, onlardan yalnız 473 min nəfəri yəni 78%-nin azərbaycanca danışır. Beləliklə, demək olar hər 5 azərbaycanlıdan 1-i Rusiyada ana dilində danışa bilmir.

 

Xaricdə yaşayan həmvətənlərimizin öz ana dilini bilməməsi nə dərəcə doğrudur?

 

Mövzu barədə Modern.az-a açıqlama verən Milli Məclisin deputatı, professor Fəzail İbrahimli bildirib ki, bu çox məyus edici haldır.

“Millətin ən böyük göstəricilərindən biri onun dilidi. Mənim fikrimcə öz ana dilini bilməmək ayıbdı. Amma digər bir məqam da var. Mən bir jurnalisitin fransada yaşayan Akopyan soyadlı erməni ilə müsahibəsini oxumuşdum. Həmin müsahibədə bir şey diqqətimi daha çox çəkdi. Çox varlı bir erməni idi. Onların diaoloqunu sizə təqdim edirəm.

 - Sizi digər millətlərdən fərqləndirən nədi?

-Əslində bizi digər millətlərdən fərqləndirən elə ciddi bir fərq yoxdur, biz im tariximizdə genosid olub, həssas millətik.

-Sizin amalınız, məqsədiniz, əsas ideyanız nədir?

 - Genosidi dünyada tanıtdırmaq.

-Siz Fransada böyümüsünüz, heç Ermənistanda olmusunuz, erməni dilini bilirsiniz?

-Yox.

-Mənim soyadımın sonundakı “yan” şəkilçisi mənim bütün amalımı təqdim edir.

 

Yəni sözüm ondadır ki, ola bilər ki, ana dilini dərindən bilərlər, amma vətənə, millətə sevgisi olmaz. Ancaq ən gözəli ondadır ki, sənin şəxsiyyət vəsiqəndə “mənsubiyyəti-Azərbaycanlı” yazılıbsa, sən öz dilini bilməlisən. Bu bir mənalıdır. Bizdə ən əsas problem bilirsiz nədir? Bizdə ingilis dilini bilib öz dilini bilməyənlər fəxr hissi duyurlar. Mən belə düşünmürəm. Nə xoşbəxt o insan ki, öz dilini mükəmməl şəkildə bilir və xarici dilləri də bilir. Bəli, bu fəxr olunmalı bişeydir. Öz dilini bilmədən başqa dili bilmək haramdır”.

 

Diasporla iş üzrə dövlət komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı  saytımıza açıqlamasında bildirib ki, komitədə yeni layihələr hazırlanır. “Rusiyanın 83 subyektində, ümumilikdə isə təqribən 120-yə yaxın diaspor təşkilatı fəaliyyət göstərir. Onun 45-də həftəsonu məktəbləri var. Diaspor təşkilatları onların sayını artıra bilər. Və yaxud da məsafədən təhsil imkanları ilə işi asanlaşdırmaq mümkündür. Diaspor TV-də Azərbaycan dili dərsləri yayımlanır. Dərsliklərin hazırlanmasına başlanıb, yaxın vaxtlarda məktəblərə çatdırılacaq. Komitə bu işdə hər cür kömək edir və yeni layihələr də hazırlanır. Həmçinin, qeyd etmək istəyirəm ki, Şamaxıda keçirilən Diaspor Gənclərinin II Yay Düşərgəsinə Rusiyadan gələn hər kəsin Azərbaycan dilini yaxşı bildiyinin şahidi olduq”.

 

Azərbaycanın Rusiyanın Surqut şəhərindəki icmasının sədri Azad Seyidov açıqlamasında bildirib ki, burda bazar günləri Azərbaycan məktəbi təxminən 10-15 il fəaliyyət göstərdi, lakin sonra bağlandı.

“Həmin məktəbin bağlanmasının bir neçə səbəbləri var idi. Əsas səbəblərdən biri hökumətin lisenziya tələb etməsi oldu. Həmin məktəbdə biz Azərbaycan dili, ədəbiyyatı, tarix və digər dərsləri keçirdik. Həmin dövrdə Azərbaycan məktəblərinə gələn bəzi şagirdlər rus məktəblərinə getmirdi. Burdan da belə təsəvvür oyanırdı ki, guya Azərbaycan məktəbi şagirdləri rus məktəblərinə getməkdən yayındırır. Lakin biz həmin şagirdləri ayrı-ayrı rus məktəblərinə yerləşdirmişdik. Mən hər il valideynlərlə bu mövzu barədə söhbət edib onlara məsləhət verirəm ki, bizim boş sinif otaqlarımız var, əgər istəyirsənizsə fakultativ formada uşaqlarla məşğul olaq. Bundan əlavə Diasporla İş Üzrə Dövlət Komitəsinin “virtual məktəb” adlı proqramı var. Hər kəs istəsə bu proqramla öz dillərini təkmiləşdirə bilərlər. Amma mən belə düşünürəm ki, ana dili bilgisinin zəifliyi və ya heç olmamasının təməli ailədən başlayır. Məsələn, mən bir valideyn kimi Azərbaycana gələndə uşaqlarımı Azərbaycan dili üzrə kurslara göndərirəm. Ən əsası isə valideynlər evdə uşaqları ilə öz ana dillərində danışmalıdırlar”.

 

 Nuranə DAXİLQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir