Modern.az

Bakıda beynəlxalq fənn olimpiadaları – Təhsilimiz bundan nə qazanacaq?

Bakıda beynəlxalq fənn olimpiadaları – Təhsilimiz bundan nə qazanacaq?

5 Avqust 2019, 12:27

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) keçirilir.  

 

1989-cu ildən start götürən bu yarış hər il dünyanın bir çox ölkələrindən olan məktəblilərə biliklərini yoxlamaq imkanı verir.

Maraqlıdır, Beynəlxalq İnformatika Olimpiadasının Azərbaycanda keçirilməsinin əhəmiyyəti nədir? Bu bizə nə verəcək?

 

Modern.az saytı mövzuya münasibət öyrənməyə çalışıb.

 

Təhsi eksperti Etibar Əliyevin sözlərinə görə, Beynəlxalq İnformatika Olimpiadasının keçirilməsi  əhəmiyyətli bilik yarışmasıdır:

“Dünyada fənn olimpiadaları artıq hadisəyə çevrilib. O dərəcədə böyük diqqət ayrılır ki, olimpiada qaliblərini dünyanın aparıcı universitetləri  işarələyir və olimpiada qaliblərinin tələbəsi olmasına çalışırlar. Olimpiada hərəkatı  çox böyük formada vüsət alıb və nüfuzlu platformaya çevrilib. Düzdü, bir çox fənlər üzrə göstəricilər bizdə zəif deyil. Ancaq 2011-ci ildən etibarən bizim informatika sahəsində  qızıl medalımız yoxdur. Bu sahə bizdə yeni təkamül yoluna qədəm qoyub. Qeyd etmək istəyirəm ki, fizika-riyaziyyat  təmayüllü liseydə informatika  mərkəzinin yaradılması istedadlı uşaqlarda motivasiya yaratdı. Bu prosesi çox böyük həyəcanla izləyirəm. Ümid edirəm ki, komandamızın  şagirdləri qızıl, gümüş  medal qazanmağa nail olacaqlar. Ölkədə olimpiadanın keçirilməsi ölkə elminin, təhsilinin tanıdılması deməkdir. Hansısa ölkədə olimpiada yarışlarının keçirilməsi o qədər də sadə məsələ deyil ki, bu, həmin ölkəyə həvalə olunsun. Ona görə də bu baxımdan çox əhəmiyyətlidir. Şagirdlərimizə uğurlar arzulayıram”.

 

Milli Məclisin deputatı Tahir Mirkişili isə bildirib ki, olimpiada yarışlarının keçirilməsi dövlət siyasətinə mühüm dəstəkdir:

“Hazırda dünyada 4-cü sənaye inqilabının təsiri ilə informasiya cəmiyyəti sürətlə formalaşır. Yeni informasiya cəmiyyətinin inkişafının əsaslarından birini informatika elminin inkişafı təşkil edir. Məktəblilərin informatikanı öyrənməsi, informatika məntiqini inkişaf etdirən olimpiadalarda iştirakı son dərəcə vacibdir və bu gələcəyin tələbidir. Azərbaycanın inkişafında innovasiyaların tətbiqi dövlət siyasəti olduğundan bu cür tədbirlərin ölkəmizdə keçirilməsi həm təbiidir, həm də dövlət siyasətinə mühüm dəstəkdir”.

 

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün ölkə komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

 

Bu gün Bakı Konqres Mərkəzində keçiriləcək rəsmi açılış mərasiminə iştirakçılarla yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılacaqlar.

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?