Modern.az

Kondisionerin ZİYANI – Bunları bilməniz vacibdir!

Kondisionerin ZİYANI – Bunları bilməniz vacibdir!

Aktual

5 Avqust 2019, 14:51

Yay aylarının gəlişi ilə özünü göstərməyə başlayan qızmar isti və yüksək rütubətli hava  nisbəti kondisionerdən istifadəni artırır. Demək olar ki, hər evdə, iş yerində eləcə də nəqliyyat vasitələrində kondisioner mövcuddur.

 

Vərdiş etdiyimiz bu rahatlığın ziyanı isə xeyrindən az deyil. Bəs təbii sərinlik daha yaxşıdır, yoxsa texnikanın bu gözəl nailiyyəti olan kondisionerin havası? Kondisionerlər insan səhhəti üçün hansı fəsadlar yarada bilər?  

 


Mövzu ilə bağlı tibb elmləri doktoru, həkim Adil Qeybulla Modern.az-a danışıb.

Həkimin sözlərinə görə “kondisioner xəstəliyi” adlı bir xəstəlik var. 

“Belə ki, “legionella” adlı bakteriyalar var ki,  kondisionerin hava daxil olan yerində oturur və xüsusilə rütubətdə çoxalırlar.  Həmin bakteriyalar xüsusi ağır gedişi olan plevmaniya, ağciyərin iltihabını törədirlər. Ümumiyyətlə, ildə bir dəfə kondisionerdəki həmin yollar yuyulmalıdır. Çox təəsüf olsun ki, bizdə bu qaydaya əməl olunmur. Digər tərəfdən isə kondisioneri düzgün işlətmək lazımdır. Belə ki,  otaqdakı temperaturla, çöldəki hava arasında 10 dərəcədən artıq fərq olmamalıdır.  Bayırda 20-35 dərəcə isti varsa, otaqda kondisionerin temperaturunu 18 dərəcəyə qoymaq düzgün hal deyil”. 

 

Adil Qeybulla qətiyyətlə  bildirir ki, kondisionerin hava dalğası  insanın üzərinə vurmamalıdır.

“Xüsusilə bel hissədən insan daha tez soyuqlayır deyə kondisionerin altında oturmaq, uzanmaq olmaz. Bəzən də kondisioner dalğası ayrı-ayrı ətraflara vurduqda xroniki miozitlər, əzələ ağrıları əmələ gələ bilər. Kondisioner infeksion, bronxial asma  və qaraciyər iltihabı olan xəstələrə daha çox mənfi təsir edir. Bəzi insanlar olur ki, isti duş qəbul etdikdən sonra kondisionerin altında oturur. Belə etmək qətiyyən olmaz, bu hal ciddi fəsadlara yol aça bilər”.

 

Bəzi insanların fikrinə görə, kondisioner işlədiyi müddətdə otaq və ya pencərənin qapısını açıq qoysaq, bu həm kondisionerə, həm də səhhətimizə ziyan gətirə bilər. Lakin alimlər bunun əksinə olaraq vurğulayır ki, kondisioner işləyəndə nəfəslik açıq olmalıdır ki, daim təmiz havanın axını təmin olunsun. Çünki kondisioner havanı çox qurudur ki, bu da allergiya və soyuqdəymənin yaranmasına səbəb olur.

 

Əzizə ZEYNAL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub