Modern.az

Milli Qəhrəmanın “Sonuncu zəng”i - Məzarına boş tabut qoyulmuşdu, nəşini 40 gün sonra tapdılar

Milli Qəhrəmanın “Sonuncu zəng”i - Məzarına boş tabut qoyulmuşdu, nəşini 40 gün sonra tapdılar

Qarabağ

6 Avqust 2019, 08:42

Modern.az saytında “Sonuncu zəng” rubrikasına davam edirik. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır.


Rubrikamızın növbəti təqdimatı Birinci Qarabağ müharibəsinin şəhidi, Milli Qəhrəman Cavanşir Rəhimova həsr olunur.


Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı insanların telefondan aktiv istifadəsi yox idi. Həmin dövrlərdə əsgərlər ailələri ilə məktub vasitəsi ilə əlaqə saxlayıb, amma bəzən bu belə mümkün olmayıb. Məhz buna görə də Cavanşir Rəhimovun son günü, ailəsi ilə son xatirələrindən danışacağıq.

 

Cavanşir Rəhimov 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açıb. Bir yaşında olarkən ailəsi Bakının Qaraçuxur qəsəbəsinə köçüb. Cavanşir Suraxanı rayonu 104 saylı orta məktəbə gedib, səkkizinci sinfi bitirdikdən sonra isə Texniki-peşə məktəbində təhsilini davam etdirib. O, qısa müddət ərzində karate idman növünü də öyrənib və idman ustası normativini ödəyib. 
1992-ci il may ayının 26-da Cavanşir hərbi xidmətə çağırılıb, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşüb. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnib. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin ediblər.

 

6 avqust 1992-ci ildə qəhrəmancasına şəhid olan Cavanşirin nəşi 40 gündən sonra - sentyabr ayının 9-da dəfn edilib. Azərbaycan Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.


Modern.az-ın Cavanşir Rəhimovla bağlı suallarını şəhidin anası Lalə Rəhimova cavablandırıb.

 

Cavanşir Lalə xanımın ilk övladıydı. Cavanşirdən 3 il sonra ikinci oğlu Elşən, daha 3 il sonra qızı dünyaya gəlib.  

 

Lalə xanımın mənzilinin ən gözəl yerindən, otağın ən başından böyük bir şəkil asılıb, Cavanşirin rəsmi. Ana oğlundan dərin bir “ah” çəkərək danışmağa başladı:

 


“Cavanşirim... Balam igid idi, ilk övladım idi. Mən həmişə deyirəm ki, Cavanşir kimi oğul azdı. Hər bir anaya Cavanşir kimi oğul arzulayıram. Ailəsinə bağlı, hörmətcil, igid, vətənini sevən...”.

 

Lalə xanımın qayınatasına el arasında Dəmirçi Musa deyiblər. Çox güclü, pəhləvan cüssəli kişi olub. 1940-cı ildə İkinci Dünya Müharibəsinə gedib, 1947-ci ildə qayıdıb. Musa kişi Berlinə qədər vuruşub. Oğlu İzzət də atası kimi güclü, cüssəli olub. O da 20 yaşında müharibəyə (1941-1945) gedib, orda itkin düşüb. Atası müharibədən qayıdanda görüb ki, övladı yoxdur. 1949-cu ildə  Lalə xanımın həyat yoldaşı anadan olub və ona itkin düşən qardaşı İzzətin adını qoyublar.

 

Dövran dəyişdi... Birinci Qarabağ müharibəsi başladı və 19 yaşlı Cavanşir hərbi xidmətə yollandı. Cavanşir idmançı idi, sərbəst güləş üzrə SSRİ birinciliyində yarışıb.
Bort-atıcı kimi Hərbi Hava Qüvvələrində xidmət keçən Cavanşir Ağdərə, Tərtər, Ağdam, Şuşa, Laçın bölgələrində döyüşlərdə olub. Onun olduğu vertalyot hər bölgəyə köməyə gedirdi.

Döyüş yoldaşlarının anasına dediklərinə görə, komandirlər Cavanşirin üstündə bir-birləri ilə dava edirmişlər. Biri deyirmiş, Cavanşir mənlə uçsun, digəri deyirmiş ki, yox, mənlə.

 

“Cavanşir hərbi xidmət ərzində cəmi 2 dəfə evə gələ bilmişdi. Bir dəfə döyüş taktikasını yüksək səviyyədə yerinə yetirdiyinə görə 3 gün məzuniyyət verdilər. Amma Cavanşir 2 gün qaldı, sonra yoldaşlarına köməyə getdi”.

 

1992-ci il... Cavanşir ermənilərin neçə-neçə hərbi sursatını, canlı qüvvəsini məhv etmişdi. Ermənilər igid döyüşçünün başına pul qoymuşdular. Onlar Cavanşirin ölüsünü gətirənə 1 milyon dollar verəcəkdilər.

 

6 avqust 1992-ci il... Həmin gün Cavanşirin olduğu vertalyot 4 dəfə havaya qalxmış, döyüşlərə atılmışdı. Bu döyüşlərin birində düşmən vertalyotumuzu vura bilir. Vertalyot vurulandan sonra onun ətrafında 8 saat döyüş gedib.

Şəhid anasının sözlərinə görə, əsgərlərimi yanan vertalyotun içindən 2 nəfərin nəşini çıxarıblar, biri Ruslan Polovinko olub, digəri Zakir Məcidov. Amma Cavanşirin nəşi orda yox imiş. Öncə Cavanşirin girov götürüldüyünü düşünüblər.

 

Hər şeydən xəbərsiz olan Cavanşirin evinə boş tabut gətirilib və Şəhidlər Xiyabanında dəfn edilib.

Lalə xanım isə olanlara inanmırmış, “mənim oğlum gələcək, söz verib” deyirmiş.


Həmin hadisənin 40-cı günündə cəbhə bölgəsindəki taxıl zəmisində gəzişən çoban hərbçi nəşinə rast gəlir. Əsgərin cibindən onun şəxsiyyət vəsiqəsi və anasının rəsmi çıxır. Çoban şəhidin şəxsiyyət vəsiqəsinə baxır. Bu Cavanşir idi, şəkildəki qadın isə gözü yolda qalan anası Lalə xanım.
Çoban tez yaxınlığdakı hərbi hissəyə gedib xəbər edir. Cavanşirin nəşi həmin hərbi hissəyə gətirilir. Komandir ailəsinə xəbər edilməməsini göstəriş verir, “Cavanşir burda, Ağdərədə dəfn edilsin” deyir. Təsadüfən idman yarışlarından tanış olan əsgərlərdən biri Cavanşiri tanıyır. Məhz həmin  dostu etiraz edərək “mən Cavanşirgilin evində olmuşam, anasını tanıyıram, Lalə xala boş qəbirəmi ağlasın?” söyləyir. Həmin dost komandirdən avtomobil tələb edir ki, “mən özüm aparacam Cavanşiri Bakıya”. Cavanşirin nəşini Bakıda Suraxanı hərbi komissarlığına çatdıran həmin hərbçi öz dostluq və insanlıq borcunu yerinə yetirmiş olur.

 


Səhər tezdən Cavanşirin “cümə axşamı”sını verməyə hazırlaşan Lalə xanımgilin evinin önündə bir avtomobil dayanır.

Həmin an şəhid anası dərin bir xəyala dalıbmış, ürəyində özü-özüylə danışırmış.  “Kaş ki, qapı açılaydı, Cavanşirim içəri girəydi”, - deyə Allaha yalvarırmış. Avtomobilin səsini eşidən ana tez qapıya qaçır, “Cavanşirim gəldi” deyir. Qapını açan kimi hərbi komissarlığın işçisindən “Cavanşirdən xəbər gətirmisiniz?” - deyə soruşan Lalə xanıma heç bir şey deyilmir, sadəcə həyat yoldaşının hərbi komissarlığa çağırıldığı bildirilir.
İzzət kişi komissarlığa yollanır. Aradan xeyli vaxt ötür... Gecə düşmüşdü, amma ata geri qayıtmırdı. Lalə xanım narahat idi, nə baş verdiyini anlamasa da, bunun xeyirə əlamət olmadığının fərqindəydi.

 

Gecə saatlarında İzzət Rəhimov hərbi komissarlığda oturub xəbər gözləyirdi. O vaxtkı müdafiə naziri Rəhim Qazıyev “hərbdə hər şey olur, bunu hamıya bəyan etməyin adı yoxdur. Xalqın bizə olan inamı itər” - deyə bildirərək, göstəriş verir ki, Cavanşirin nəşi gecə saat 12-dən sonra, xəlvətcə Şəhidlər Xiyabanında - boş məzarında dəfn edilsin.
İzzət Rəhimov Şəhidlər Xiyabanına çatanda oğlunun boş tabutunun açılmasını istəyir və “qəbri açın. Görüm mənim oğlumun adıyla tabutda nə yerləşdirmisiz” – deyə tələb edir... Cavanşir öz qəbrində dəfn edilir və atası 3 gün evlərinə gələ bilmir.

Qonşuda dostugildə qalan İzzət Rəhimovun ürəyində ardı-arası kəsilməyən ağrılar başlamışdı. Təcili yardım qapının qabağından demək olar ki, ayrılmırdı. Şəhid atası infarkt keçirmişdi. Lalə xanım o zaman bütün olanlara anlam verə bilmir, çünki İzzət kişi hər kəsə belə tapşırmışdı: “Lalənin heç nədən xəbəri olmasın”.


Lalə xanım gecə bir yuxu görür və bu yuxunu səhəri gün evinə yığışan insanlara danışır:

 

“Görürəm ki, əllərimdə gül Şəhidlər Xiyabanına - oğlumu ziyarətə gedirəm. Gedib görürəm ki, qəbir açıqdı, Cavanşir oturub içindən mənə gülümsəyir. Deyirəm ki, ay bala, orda niyə oturmusan? Dur gedək evimizə. Cavab verir ki, "ana, artıq için rahat olsun, mən evimdəyəm". Amma görürəm ki, başından tər axır. Mən heç nə anlamıram”.

Hamı Lalə xanımı sakitləşdirməyə çalışır ki, “sən narahatsan, dinc deyilsən deyə belə yuxu görmüsən”.

 

1993-cü ilin yanvarı... Günlərin birində Lalə xanım oğlunun qəbrini ziyarətə gedir. Anaya əvvəldən Cavanşirin vertalyotda yandığı söylənmişdi.

 

“Qəbri üstündə “bala, sən ki, igid idin. Necə yandın axı?!” deyə fəryad edirdim. Bir oğlan yaxınlaşıb mənə "xala niyə belə deyirsən? Cavanşir ki tapılıb, qəbrindədi" söylədi. Bütün olanları danışdı. Sanki yuxudan ayıldım. Tez evə qayıtdım. Qızımdan həyat yoldaşımın yerini soruşanda “qonşudadı” dedi. Getdim gördüm qonşuyla çay içirlər. İçəri girib üzümü İzzətə tutub “səni nə bu dünyada, nə də o dünyada bağışlayacam. Sən zülüm çəkdiyimi görürdün, niyə balamı mənə göstərmədin?” deyib fəryad etdim. Evə gəldim, İzzət də arxamca. Oturub ağladı, “görmürsən mən nə gündəyəm? Sən pis vəziyyətdəydin, deyə bilmədim. Görmürsənmi, gündə 3 dəfə təcili yardım gəlir mənim üstümə. Sən də xəstə düşsəydin, bu uşaqlara kim baxacaqdı” söylədi”...


...Cavanşirin məktəbdə oxuduğu vaxtlarda sevdiyi qız var imiş. Kimliyini hər kəsdən gizli saxlayıb. Lalə xanım Şəhidlər Xiyabanına hər gedəndə Cavanşirin qəbri üstündə yeni, tər qərənfillər görüb. Sonralar şəhid anası bilib ki, o gülləri  Cavanşirin gizli sevgilisi gətirirmiş. Hazırda həmin qız evlidi və uşaqları var.

 

Şəhidin anası:

 

“Evdən hər çıxanda gəlib məni öpüb qucaqlayar “ay ana, elə gözəl qoxun var ki, körpə uşaq qoxusu gəlir səndən, mənim gözəl anam” deyərdi. Alıb qucağına fırladardı məni. Hər dəfə “ay bala, bəsdi, yerə qoy məni” deyirdim. Deyirdi ki, “eh, ay ana, mən səndən doymuram”. İndi deyirəm “hardasan, ay Cavanşir. Niyə doydun məndən, niyə yarı yolda qoydun məni, ay bala?"

Arada balamı yuxumda görürəm. O məktəbdə oxuyan, səliqə-səhmanlı vaxtları gözümün önünə gəlir. O qədər səliqəli uşaq idi ki, onun paltarında bir dənə belə ləkə görməzdin. Hər işini özü görər, paltarlarını özü yuyub, özü ütüləyərdi. Cavanşir mənim sağ əlim idi. İşdən gəlib görürdüm ki, yeməyi bişirib”.

 


1990-cı ilin yanvarı... Meydan hadisələri zamanı Lalə xanım Cavanşiri evə gətirə bilmirmiş...

 

“Meydan hadisələri zamanı məni də özüylə aparırdı. 1 həftə idi ki, evə gəlmirdi. Bir gün dedim ki, bala 1 həftədi burdasan, ocağın qoxusu - gecələr ocağın ətrafına yığışardılar - üstünə hopub. Sənə yaxın durmaq mümkün deyil, gəl gedək evə yuyun, əynini dəyiş, yenə gələrsən. Güc-bəla ilə oğlumu razı salıb evə gətirə bildim.

Səhər durduq ki, küçədə uğultu var. Qaçışdıq küçəyə, soruşduq ki, nolub?! Dedilər ki, ayın 19-dan 20-nə gecə keçən rus qoşunu meydanda olan insanları qırıb. Cavanşir çox pis olmuşdu, “ana, mən də orda olmalıydım. Sən məni gətirməsəydin, mən də həmin insanlarla bərabər olacaqdım. Niyə gətirdin məni evə, ana?!” deyib əsəbləşdi. Dedim ki, ay bala, sən də gərək mütləq ölməliydin? Cavab verdi ki, lazım gəlsə ölərdi”.

 

Cavanşir deyirmiş ki, bu qan yerdə qalmaz, şəhidlərimizin qisasını alacaq. Lalə xanım onda Kommunist Partiyasının üzvü olub. 20 Yanvar hadisələrindən sonra partiya billetini atıb, üzvlükdən imtina edib.

 

Cavanşir hələ 16 yaşından hərbi xidmətə getmək üçün komissarlığa üz tutub. Lakin hər dəfə onu geri qaytarıblar ki, hərbi xidmətə getməyə sənin yaşın çatmır. Yaşı tamam olub əsgərliyə gedəndə Cavanşiri təlim üçün Ağcəbədiyə aparıblar. Ordakı komandirlərə məlum olub ki, Cavanşir müharibədə iştiraka hazırdı. Çünki Lalə xanım Cavanşirə nə vaxt özünə paltar almaq üçün pul verirmişsə, o, pulu tirdə  atıcılığa sərf edirmiş.

“Sərrast atıcı idi, bir nöqtəni bir dəfəyə vurardı Cavanşir”.

 

Şəhid anası oğluyla bağlı xatirələrə davam edir:

“Cavanşir çox mehriban və yardımsevər idi. Nə vaxt kəndə babasıgilin yanına getsə, bütün camaatın işlərinə kömək edərdi. Atam həmişə deyirdi ki, uşağı göndərmə bura, işləməkdən ölür. Cavanşir də gülüb “baba sizin üçün işləyirəm, bu mənim üçün idmandı. Bakıda idmana gedib 32 kq-lıq daş qaldırdım, ya da sizə burda kömək elədim, mənim üçün bir fərqi yoxdur” deyirdi.
Cavanşirlə bağlı ürəyimdə qalan o qədər arzularım var ki...”.


Cavanşirin qırxından bir neçə gün sonra nənəsi dünyasını dəyişir, 3 ay sonra babası, ardınca dayısı... 1 ilin içində ailə dalbadal bədbəxt hadisələr yaşayır. El-obanın məsləhəti ilə araya toy, şadlıq salınır ki, faciələr unudulsun. Qohum-qonşu yığışıb Lalə xanımın 2-ci oğluna toy eləyir.

 

Aradan zaman keçir. Lalə xanımın oğul nəvəsi dünyaya gəlir. Uşağın adını Cavanşir qoyurlar.
Bu gün şəhid Cavanşirin adını qardaşı oğlu daşıyır.. Əmisinin adını daşıyan həmin oğlan artıq universitetini bitirib, vətənə olan borcunu da bu günlərdə yerinə yetirib...

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır