Modern.az

Tanınmış nağara ifaçısı: “Pis alət yoxdur, pis ifaçı var” - MÜSAHİBƏ

Tanınmış nağara ifaçısı: “Pis alət yoxdur, pis ifaçı var” - MÜSAHİBƏ

8 Avqust 2019, 15:31

Kamran Kərimov: “Elə musiqi var ki, onu plastik üzlü nağara ilə ifa etmək olmaz”

Modern.az saytında “Art Time” rubrikasına davam edirik. Rubrikanın budəfəki mövzusu Azərbaycanda nağara sənəti və onun bugünkü inkişafı ilə bağlıdır. Həmsöhbətimiz isə Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının müəllimi, nağara ustası Kamran Kərimovdur...

 

- Başlayaq elə “nağara” sözündən. Bu sözü hamı tez-tez eşitsə də, çoxları mənasını bilmir. “Nağara” sözünün mənası nədir?


- Mən sözün anlamını bu cür izah etmək istərdim. “Nağara” sözünün mənşəyi ərəbcə “nəqarə” sözündən götürülüb. Mənası  döyəcləmək, vurmaq deməkdir. Məsələn,  musiqidə adətən nəqarət deyə bir hissə olur – yəni nəqarət hissəsində eyni notlar təkrar olunur. “Nəqarət” sözünün də mənşəyi “nəqarə” sözündəndir və eyni bir anlama gəlir.


- Kamran müəllim, sizin musiqi sahəsinə gəlməyiniz, nağara ilə ilk tanışlığınız necə olub?

- Musiqiçi ailəsində dünyaya gəlmişəm. Babam Nəriman Qasımov nağara və balaban ifaçısı olub. Babaın dayısı Aslan Quliyev klassik klarneti ifa edən ilk azərbaycanlı olub. Musiqi sferasında onu çox gözəl tanıyırlar. Onun övladı, dayım Elşən Qasımov isə mənim ustadım olub. Üç yaşım olanda stol və stulda, bəzən isə dizimdə “nağara” ifa edirdim. Bir gün anam dayıma dedi ki, “bu uşaq dayanmadan hər yerdə nağara çalır. Gəl onu musiqiyə yazdıraq”. O zaman dayım musiqi məktəbində dərs deyirdi və sənətin çətinliyini bildiyi üçün öncə buna razı olmadı, daha sonra isə razılaşdı.
Dayımın dediyinə görə çox güclü hafizəm olduğu üçün birinci sinifdə artıq üçüncü sinfin proqramını keçirdim.
Musiqi məktəbini bitirdikdən sonra Fikrət Mirzəbəyovdan zərb alətləri və nağara üzrə  fərdi dərslər almağa başladım. 1991-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub, 1995-ci ildə oranı bitirdim. 1997-ci ildə isə  Bakı Musiqi Akademiyasının zərb alətləri sinfinə daxil oldum və 2001-ci ildə oranı da bitirdim. Musiqi karyerama 1996-1997-ci ildən başladım. İlk illərdə xanəndə Nəzakət Teymurova ilə birlikdə çalışırdım.


- Sənətə gəldiyiniz vaxtlar nə kimi çətinliklərlə qarşılaşırdınız?


- 1992-ci ildən ölkədə başlayan böhran və xaos bütün sahələrdə olduğu kimi, musiqiyə də mənfi təsir göstərmişdi. O çətin illərdə maddi durumumuz təbii ki, çox aşağı olurdu.
1992-cı ildən 2000-ci ilə kimi nağara sənətinin axsamasına başqa bir səbəb də ölkəmizə qardaş Türkiyədən müxtəlif növdə zərb alətlərinin gətirilməsi idi. Yəni nağarada ifa etməyi bilməyən kəslər də zərb alətində çalırdılar. Çox şükürlər olsun ki, o çətin illərdə mən öz sənətimdən uzaqlaşmadım.
1991-ci ildən Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xorunda çalışmışam. Həmin vaxt biz uşaqlar həftədə üç dəfə studiyada səs yazısı yazırdıq. İndi də mən tələbələrimə deyirəm ki, mütləq olaraq studiyada səsyazma proseslərində iştirak etsinlər, çünki məhz burada səs və musiqi rəndələnir, təmizlənir.


- Son dövrlərdə nağara sanki dəbdən düşüb. Digər milli musiqi alətlərimizdən olan tar və kamança nağaranı üstələməkdədir. Səbəb nədir?


- Nağaranın dəbdən düşməsi ilə razı deyiləm. Deyərdim ki, son dövrlərdə nağara daha çox dəbdə olan bir alətdir. Tar və kamançanın son dövrlər dəbdə olması isə həqiqətən çox sevindirici bir məqamdır. Təbii ki, bunda muğam müsabiqələrinin rolu çox böyükdür. Bildiyimiz kimi, muğam müsabiqələrində tar və kamançayla yanaşı, nağara da önəmli rol oynayır.


- Tarixi məlumatlarda bir zamanlar indiki Piriqulunun Nağarakənd adlandırılması nə ilə əlaqədar olub? Bu barədə nə kimi  fikirləriniz var?


- Məndə olan məlumata əsasən, bu adlandırılma Şirvanşahlar dövlətinin mövcud olduğu zamana təsadüf edir. Məhz hündür yer olduğu üçün Şirvanşahlar öz iqamətgahlarını  orada tikdiriblər. Döyüş zamanı təbilçilər təbil çalaraq hər kəsi xəbərdar edirdilər. Həmin dövrlərdə döyüş zamanı təbilçilər öndə gedirdilər. Daha sonra təbilçilər “nağaraçılar” adlandırılmağa başladı. Məhz onların şücaətini vəsf etmək üçün indiki Piriqulu “Nağarakənd” olaraq adlandırılırdı.


- Azərbaycan Milli Konservatoriyasında çalışan bir müəllim kimi nağara sənətinin təbliği ilə bağlı nə deyə bilərsiz?


- İlk dəfə 2009-cu ildən Konservatoriyada konsertmeyster olaraq çalışmağa başladım. Məni Konservatoriyaya dəvət edən, nağara sənətinin inkişafı və təbliğində bizə yaxından köməklik göstərən rektor, Xalaq artisti, professor Siyavuş Kərimliyə təşəkkür etmək istərdim. İki ildir Konservatoriyada nağara sinfi açılıb və burada müəllim olaraq çalışıram.
2000-ci ildən etibarən isə Asəf Zeynallı adına Musiqi Kollecində və fərdi şəkildə musiqi dərsləri vermişəm. Hətta İrandan belə gələrək dərslərimə qatılan tələbələr olub.


- Bu gün tələbələrinizin, yəni gənc nəslin nağara sənətinə olan həvəsi sizi qane edirmi?

- Sənətimdə özümə qarşı tələbkar olduğum üçün tələbələrimə qarşı da aşırı dərəcədə tələbkəram. Gələn gündən etibarən tələbələrimə tələblərimi söyləyirəm. O müəllim xoşbəxtdir ki, özündən sonra uğurlu kadrlar hazırlayır və tələbəsi bəzən sənətdə onu ötüb keçir. Yəni daha böyük uğurlar qazanır. Hal-hazırda media və internet imkanları sonsuzdur və bu tələbə üçün bir uğurdur. Mənim tələbəlik illərimdə isə bu cür geniş imkanlar olmayıb. Elə günlər olurdu ki, hər hansı bir ifanı dinləmək üçün uzaq məsafələr qət edib toylara gedirdim və bəzən səhərə kimi yuxusuz qalırdım. Təkcə Azərbaycanla kifayətlənmir, xarici musiqiçilərin ifalarını da dinləməyə çalışırdım. Xarici estradadan, zərb alətləri ifaçılarından Day Uolker və Stiv Gardın ifalarını dinləmişəm. Onların ifalarına Xalq artisti, cazmen Əzizə Mustafazadənin diskində də rast gəlmək mümkündür.
Ümumiyyətlə, insan öz kökünü bilməlidir, yəni Azərbaycan haradan başlayır və daha sonra  yaxşı ifaçıların ifalarından bəhrələnməyə çalışmalıdır. Bunları bildikdən sonra isə dünya sənətçilərini izləməyə başlamalıdır. Professional nağara ifaçısı o demək deyil ki, yalnız nağarada ifa etsin. Eyni zamanda, bütün digər zərb alətlərindən xəbərdar olmalı və ifa etməyi bacarmalıdır. Mənim məhz tələbə vaxtı ifa etdiyim klassik zərb alətləri marinbafon, yibrafon, kiçik baraban və s. bir musiqiçi kimi formalaşmağımda çox böyük təkan olub.


- Azərbaycanda və dünyada nağara sənətinin inkişafı və tarixi haqqında nə deyə bilərsiniz?


- Dünya üzrə götürsək, arxeoloji faktlara əsasən,  ilk zərb alətlərinin 7-8 min il yaşı olur. Buraya dəridən hazırlanmış zərb alətləri aiddir. Azərbaycanda isə bu sənətin yaşı e.ə 15-18-ci minilliklərə söykənir. Artıq 12-ci əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvi öz əsərlərində nağaradan bəhs etmişdi.

- Nağaranın quruluşu və növləri haqqında məlumat almaq istərdik..


- Hal-hazırda nağaranın bir çox növləri var: qoltuq nağara, cürə nağara, bəm nağara və s. Bunlar yalnız bizə aiddir. Tarix bunu deyir. Azərbaycanda Şəki şəhərində “çombaqçubuq” nağarasından vaxtilə daha çox istifadə olunub. Nağara aləti köklü sürətdə sırf Azərbaycana aiddir.

- Tez-tez qastrollarda olur və nağaranı müxtəlif ölkələrdə təbliğ edirsiniz. Bəs qonşu Qafqaz xalqlarından nağara ifaçılığını mənimsəyənlər və özününküləşdirməyə çalışanlarla qarşılaşırsınızmı?


- Bəli. Gürcülər, məfur qonşularımız olan ermənilər və bəzən də Dağıstandan gəlmiş nağara ifaçıları ilə qarşılaşırıq. Onlarda Azərbaycana nisbətən nağara ifaçılığı xeyli zəifdir. Azərbaycanda nağara sənəti daha qədim və çoxşaxəlidir. Qafqaz xalqları arasında Azərbaycan xalqı qədər nağaranı improvizasiya edən, bu sənətdə yeniliklər etməyə çalışan ikinci bir xalq yoxdur. Beş il bundan əvvəl mənə təklif olundu ki, Qafqaz ölkələrindən  Azərbaycana jurnalistlər gələcək və onlar Azərbaycan folkloru haqqında məlumat toplamağa çalışacaqlar. Mən həmin jurnalistlərlə birlikdə Qobustana getdim, orada ifa etdim. Daha sonra isə studiyada ifa zamanı onları dəvət etdim. Orada həm klassik formada, həm də öz impovizələrimlə zəngin olan bir ifa etdim. Onlar təəccüblə söylədilər ki, biz   Gürcüstan, Dağıstan və Çeçenistanda bu tərzdə ifanı heç bir zaman eşitməmişik. İfalarımdakı   unikallığın və orijinallığın nədən irəli gəldiyini soruşdular. Mən cavabımda onlara bildirdim ki, Azərbaycanın suyunu içən və çörəyini yeyən hər kəs ona borcludur. Mən öz sənətimdə nə uğur qazanmışamsa, hamısını öz vətənimə borcluyam, onun üçün də həyatımın sonuna qədər çalışacağam. Azərbaycan nağara ifaçılığının çox gözəl bir ənənəsi var. Yəni bizim nağaralarımız səsləndiyi zaman küy yaratmır. Digər xalqlarda isə çox zil tonlarla səsləndirilir. Bizim nağara sənətində dərin düşüncə var. Hər bir nağara ifaçısı öz ifası ilə dinləyicilərə zövq bəxş etməyi bacarmalıdır. Mən hər zaman tamaşaçını düşündürməyə çalışmışam. Məsələn, Hindistanda “Tablo” adlı qədim zərb aləti var. Bu alət dünyada çox geniş yayılıb. Mən istərdim ki, bizim nağaramız heç də o alətdən geri qalmayaraq dünyada daha çox tanınsın.


- Nağaranın dünyada tanıdılmasına toxundunuz.  Azərbaycanın bir ölkə olaraq bu sənətin təbliğində və tanıdılmasındakı uğurları  təşəbbüsləri haqqında bilmək maraqlı olardı.


- Düzü əvvəliki illərdə də nağara bir çox festivallarda Azərbaycanın musiqi aləti kimi ifa olunub.  Lakin tam olaraq nağaranın dünyada məhz Azərbyacanın milli musiqi aləti kimi tanıdılmasına  2000-ci illərdən başlanılıb. Bu sahədə Azərbaycan mədəniyyətinin qoruyucusu və himəyədarı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu danılmazdır. İstər səhnədə, istərsə də kitab formasında alətin təbliği məhz onun rəhbərliyi və göstərişləri əsasında aparılıb.
Zamanla bir çox sənətkarlarımız nağaranı dünyada təbliğ ediblər...


- Bəzi ifaçılar var ki, sırf nağaranı ifa etdikləri zaman gözlərini yumur, başlarını əsdirilər. Bu kimi hallar nə ilə bağlıdır?


- Bu hal ifaçının musiqinin təsirinə düşməsi ilə bağlıdır. Bəzən bunu səthi edənlər də olur. Musiqini duymasan, yaşamasan sən gözəl ifa edə bilməzsən. Nağaraya toxunuşda ifaçıda xüsusi akustika olmalıdır. Yəni toxunduğu zaman aləti hiss etməlidir. Bizim sənətimiz çox dərin sənətdir və mən bu sənəti böyük bir okeana bənzədirəm. Sənin etdiyin isə orada bir damladır.


- Bu gün Azərbaycanda bəzi musiqiçilər nağaradan küçə musiqisində də istifadə edirlər. Bu kimi hallara münasibətiniz necədir?


- Əgər bir insan öz zəhməti  və alın təri ilə öyrəndiyi sənəti təbliğ edib, pul qazanırsa burada heç bir qəbahət yoxdur. Amma əgər sənətdən xəbərsiz şəkildə alətdən istifadə edirlərsə, buna heç bir ad vermək mümkün deyil. İnsan çalışmalıdır ki, sənəti ona daim  hörmət gətirsin. Əksinə olaraq hörmətdən salmasın. Bir sənəti bilmədən insanın onunla məşğul olması həm sənət, həm də insanın öz adına xələl gətirə bilər. Əgər insan doğurdan da həvəslidirsə, o, gec-tez sənəti öyrənəcək. Mən hər zaman bunu tələbələrimə də deyirəm. Azərbaycan xalqı bütün dövrlərdə musiqiyə həvəsli bir xalq olub. Yadımdadır, mən uşaq olduğum dövrlərdə ailələrin maddi vəziyyətindən asılı olmayaraq, bir çox evlərdə piano vardı. Bu bizim xalqın musiqiyə verdiyi dəyərin tipik bir göstəricisidir. Əgər bir sənətkar bütün çətinliklərə dözərək, öz sənətini qoruyub inkişaf etdirməyi bacarırsa, o, mütləq uğur qazanacaq.


- Son günlərdə nağaranı solo ifa edən ifaçılar efirlərdə çox az görünürlər. Bunun səbəbini nədə görürsünüz? Kanallar, yoxsa ifaçılar sənəti təbliğ etmək istəmirlər?

- Çox maraqlı bir mövzuya toxundunuz. Telekanalların dəvətindən əlavə, mən düşünürəm ki, ifaçıların özlərinin də bunda marağı olmalıdır. Hər vəchlə sənəti təbliğ etməyə çalışmalıdırlar. Düzdü, televiziya kanalları da son zamanlar nağara ifaçılarının solo təbliğinə az yer ayırırlar. Solo ifanın da müəyyən qədər çətinlikləri var. Sonuncu solo ifam 2017-ci ildə olub. Mən həyatda yox, sənətimdə çox kaprizli insan olduğum üçün çalışıram ki, ifamda hər şey ideal olsun. Sonuncu solo ifamın yaranmasının çox maraqlı bir tarixçəsi var. Mən o ifamda göy gurultusunun səsinin nağarada akustikasını yaratmağa çalışdım və onun üzərində bir kompozisiya qurdum. Mən bu ifanı canlı səslərlə yaratmağa çalışdım. Daha sonra ifama klip çəkdirdik. İfanın adı “Yaranış” adlanır. Klip Qobustan dağında çəkildi. Rejissoru isə Samir Qulamovdur. Klip hələ ki efirlərə getməyib, lakin sosial şəbəkələrdə yayımlanmaqdadır. Qeyd edərdim ki, bu gün Xalq artisti Natiq Şirinov  nağaranın solo ifasıyla bağlı tez-tez efirlərdə olur. Çox sevinirəm ki, Azərbaycanımızın ev sahibliyi etdiyi birinci Avropa Olimpia Oyunlarının bağlanış mərasimində himndən sonra mən nağara ilə çıxış etdim və bu xoş xatirə hər zaman yadımda qalacaq.


- Azərbaycanda nağara sənətinin inkişafında rolu olan hansı sənətkarlarımızın adını çəkə bilərsiniz?


- Öncə mənim üçün kumir olan Ağasüleyman İmanovun adını çəkmək istərdim. Onun ləqəbi Ağa olub. Həmçinin, görkəmli qaval ustası Əzizağa Nəcəfzadənin adını çəkə bilərəm. Daha sonra Çingiz Mehdiyevi vurğulamaq istərdim. Qobustanda Qaval daşını mükəmməl şəkildə ifa edən və nağara sənətində solo ifanı qabardan sənətkarımız məhz Çingiz Mehdiyev olub.
Bu sənətkarlarımız nağara sənətini qoruyaraq,  alətin gözəlliyini bizim nəsillərə çatdırıblar. Bu gün sevilən sənətkarımız, nağara ustası Zöhrab  Məmmədov da  məhz Çingiz bəyin tələbəsi olub.
Bizim ən ümdə borcumuz bu sənəti qorumağı bacarmaqdır. Həmçinin, mən ustadım Elşən Qasımovu vurğulamaq istərdim. Böyükağa Muradov isə həm ansamblda nağara sənətini təbliğ edib, həm də o, çox gözəl xoreoqrafik ifası ilə yadda qalıb. Məhz onunla mən 2000-ci illərdə xalq çalğı alətlərində çalışmışam.
Həmçinin, nağara sənətinin inkişafında Gülağa Quliyev, Qulam Süleymanov, Almaz müəllim və Ramiz müəllim kimi sənətkarlarımızın rolu olub.


- Bəzən el şənliklərində tez-tez nağara çalan  qeyri-professional ifaçılarlə də qarşılaşırıq. Necə düşünürsünüz, onların işləri nağaraya kölgə salırmı?


- Nağaraya heç kim kölgə sala bilməz. Çünki özlüyündə nağara çox gözəl bir alətdir. Ola bilər ki, bu gün qeyri-professional və ya zəif biri nağara ifa etsin və bu hal xoş qarşılanmasın. Mən deyərdim ki, pis alət yoxdur. Pis ifaçı var. El şənliklərində nağara ifa etməyə heç də pis baxmıram. Vaxtilə mən özüm də toylarda nağara ifa etmişəm. Bugün mənim tələbələrimdən də bəziləri toylarda, el şənliklərində nağara çalırlar. Çox istərdim ki toylarımızda ifa edən və sənətə həvəsi olan digər insanlar da sənəti dərindən öyrənsinlər. Ola bilər kimsə maddi durumu üzündən və ya başqa səbəblərdən bu ixtisas üzrə təhsil ala bilməsin. Bu qəbahət deyil. İnsanda sənətə həvəs və istək varsa və o, öz istəyinin üzərində dayanırsa, zəhmət çəkirsə, gec-tez öz arzusuna yetəcək.


- İndi Azərbaycanda nağaranın istehsalı  hansı vəziyyətdədir?


-
Azərbaycanda nağara aləti çox yüksək səviyyədə hazırlanır. Nağaranın sağanağı əsasən qoz və ya fıstıq ağacından olur. Nağaranın özəyi də onun sağanağıdır. Dərini məhz onun üzərinə çəkirlər. Qədim zamanlarda nağara dərisi deyilənə görə qurd dərisindən hazırlanırmış. Bu məqama dahi şair Nizaminin əsərlərində də rast gələ  bilərik. Hazırda isə plastik dərilər də çəkilir və bu da alətin keyfiyyətinə təsir edir. Mən çalışmışam ki, ifa etdiyim bütün musiqiləri nağara üzərində kökləməyi bacarım. Tutaq ki, mən nağarada “Sarı gəlin” musiqisini ifa etmək istəyirəm və həmən dəqiqə yada salmalıyam ki, bu musiqinin ifası məndən bəmlik tələb edir. Elə musiqi var ki, plastik üzlü nağara ilə ifa etmək olar. Lakin elə musiqilər də var ki, onu ifa etmək üçün nağara təmiz dəridən olmalıdır. İfaçı məhz bu incəlikləri bilməlidir. Musiqiçi mütləq mahnın ritmini hiss etməli və xarakterini bilməlidir. Hazırda nağarada 6-8-lik ölçüdə “Qoşa şapalaq”, “Çırtma şapalaq”, “Qazaxı”  ritmləri var. Həmçinin, “Qaytağı” da 6-8-lik ölçüdə yazılıb. Ümumiyyətlə götürsək, dünyada tək və cüt olaraq iki ritm var və bunlar müəyyən qədər çox şaxəlidirlər.


- Nağara almaq istəyən bir insan alətin seçimində nələrə diqqət etməlidir?


- Mütləq olaraq alətin korpusunun düzlüyünü yoxlamaq lazımdır. Nağarın aşıqlarına diqqət etmək lazımdır. Həmçinin, nağaraya çırtma vurduqda, hər yerindən eyni səs gəlməlidir. Əsasən bunlara diqqət edilməlidir.


- Gənclərdə nağara sənətinə olan maraq necədir?


- Mən əminliklə söyləyə bilərəm ki, 10 il budan əvvəlki illərə nəzər salsaq, bu gün sənətə gələn gənclərin sayı xeyli artıb. Çox istərdim ki, bu çoxalma kəmiyyətcə yox, keyfiyyətcə olsun. Yenə də bu sahəyə gənclərin üz tutması çox sevindirici bir haldır. Tələbələrim arasında da sənətə həvsli gənclərimiz çoxdur.


- Nağara ifaçılığı sırf nəyin üzərində qurulmalıdır? İstedad, yoxsa zəhmət?


- İstedad Allah vergisidir və o, hamıda bərabər ola bilməz. Bəzən çox istedadlı gənclər olur ki, zəhməti sevmirlər, onlar çox təəssüf ki, sənətdə uğursuzluğa düçar olurlar. Lakin istedadı nisbətən zəif olub, çox çalışan tələbələr də olur ki, bu zəhmətlərinin sonunda öz işlərini ortaya qoymağı bacarırlar. Təkcə nağara sənətində deyil, bütün sənətlərdə əmək insanı ucaldır . Çəkilən zəhmət heç vaxt yerdə qalmır.


- Aşıq sənətində Gədəbəy və Şirvan aşıqları analayışı var. Bəs nağara sənətində necə, bu tipli bölgülərə rast gəlinir?


- Nağara sənətində Azərbaycanda heç bir bölgü yoxdur. Yuxarıda adlarını çəkdiyim sənətkarların bir çoxu bakılı olublar. Tarixən nağara ifaçılarının əksəriyyəti Bakıdan olublar. Bakı kənlərində nağaraya həvəs olub.


- Müşayiət, yoxsa solo? Hansı nağara ifaçılığı daha çətindir?


- Müşayiət etməyi bacaran insan, yaxşı solo ifa da sərgiləyə bilər. Lakin solo ifa edib, daha sonra müşayiətə keçən ifaçı üçün bu, çətinlik yarada bilər. Müşayiət özü də bir elmdir və ustalıq tələb edir. Hər hansı bir aləti nağarada müşayiət etdiyim zaman, bir çox xoş sözlər eşitmişəm. Bir gün əməkdar artistimiz Elşən Mansurov mənə ifamdan sonra yaxınlaşaraq bildirdi ki, “Kamran, mən sənin ifanı sanki içimdə hiss etdim”.


- Nağara ifaçılığı heç də asan bir sənət deyil. Bu sənətə yiyələnmək istəyən biri gündə neçə saat alətdə ifa etməlidir?


- Mən tələbə olduğum zaman gün ərzində 7-8 saat nağara çalırdım. Belə bir məsəli xatırlamaq yerinə düşərdi: bir gün ifa etmədikdə evdəkilər, ikinci gün qonşu, üçüncü gün ifa etmədikdə isə bütün el bilir. Yəni nə qədər çox məşğul olsan, o qədər yaxşı olar. Əgər fasilələrlə, məşqsiz olaraq nağaranı ifa edirsənsə, alətə toxunanda hiss edirsən ki, barmaqlar yadlaşıb. Alət musiqiçi üçün hər zaman çox doğma olmalıdır.


Leyla Şah
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi