Modern.az

Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır

Gəncə qapısının Gürcüstanda saxlanılması işğal faktıdır

4 Fevral 2012, 19:29

Tarixi məlumatlara görə, 1139-cu ildə Gəncədə zəlzələ baş verərkən gürcülər qarət məqsədi ilə şəhərə hücum ediblər. Qədim Gəncənin qala qapıları o zaman Gürcüstana aparılıb və hazırda  Gürcüstanın Kutaisi rayonunun Helat monastrında saxlanılır. 
Azərbaycanla sözdə dost olan Gürcüstan bu tarixi sənət nümunəsini geri qaytarmır. Azərbaycan tərəfinin bu məsələylə bağlı dəfələrlə etdiyi cəhd uğursuzluqla nəticələnib.  
Azərbaycanda fəaliyyət göstərən «Borçalı» cəmiyyətinin sədri Zəlimxan Məmmədli saytımıza bildirib ki, bu, tarixi bir sənətdir və Azərbaycanın dövlətçilik, qəhrəmanlıq tarixinin atributlarındandır: “O baxımdan təbii ki, Azərbaycanın siyasi institutları bu məqamda daha ardıcıl, daha prinsipial iradə nümayiş etdirməlidir. Məncə, bunun başqa alternativi yoxdur. Bu dəqiqə heç bir etiraz aksiyalarına gərək yoxdur, sadəcə müvafiq orqanlar aydınlaşdırmalıdır ki, nələr ola bilər? Hər halda bu, Azərbaycanın halal haqqıdır. Bu dolayı fomada işğal faktıdır və aradan qaldırılmalıdır. Buna görə də Azərbaycandan rəsmi iradə qoyulsa, Gürcüstan tərəfini inandıra bilsək, mənə elə gəlir ki, qapını almaq mümkündür”. 
Z. Məmmədli “Borçalı” Cəmiyyətinin bu istiqamətdə hər hansı fəaliyyətinin olmadığını da dilə gətirib: “Zaman-zaman bu məsələ gündəmə gəlib. Hər halda zərurət yaranarsa, biz də müraciət edərik. İnanırıq ki, müraciətimizin nəticəsi olar. Gürcüstanın hansı arqument irəli sürdüyü, niyə qapını vermək istəmədiyi haqqında isə heç bir məlumatım yoxdur”.

Gəncədən seçilmiş deputat Musa Quliyev isə “Gəncənin bir qapısı yox, bir neçə qapısı olub, onlardan biri bərpa olundu, artıq Gəncədə göstərilir. Digər qapılar da hazırlanacaq, elə indi Gəncədə böyük abadlıq, quruculuq işləri gedir, daha modern və tarixi üslubu gözlənilməklə bərpa olunacaq”-deyə bildirib.
O, qeyde dib ki, gürcülər bu qapını özlərinin böyük qəniməti hesab edirlər, amma qapının aparılma tarixi hər kəsə məlumdur: “Gəncə zəlzələ nəticəsində tamamilə dağılanda bir dəstə gürcü hərbiçisi knyazları ilə birgə gəlib həm talançılıq edib, həm də bir qapını aparıblar. Mən düşünmürəm ki, o qapıdan ötrü nəsə böyük bir addımlar atılmalı, tədbirlər görülməlidir. Tarixi abidədir, ona qalsa bizim minlərlə tarixi abidələrimiz var ki, xarici ölkələrin muzeylərindədir. Elədirsə, gedib Şah İsmayıl Xətayinin taxtını Top Qapı sarayından gətirək. Məncə, bu məsələni şişirtməyə də ehtiyac yoxdur, o qapı səkkiz qapıdan biridir. O da orada çürümüş vəziyyətdə, neçə ildən bəri qalmış qapıdır. Gürcülər özləri nə vaxtsa qaytarmaq istəsələr, biz məmnuniyyətlə onu geri alarıq. Bir neçə dəfə, müstəqilliyimizin ilk illərində həm ölkəmiz, həm ziyalılar həm də Qeyri-Hökümət Təşkilatları tərəfindən bununla bağlı cəhdlər olundu. Mən bildiyimə görə hökümətin müəyyən xətti ilə səfirlik və Xarici İşlər Nazirliyi tərəfindən müraciətlər olundu. Amma onlar bu qapını vermədilər. Indi o qapı harada qalır qalsın, bunun elə də əhəmiyyəti yoxdur, məsələ budur ki, bu, Gəncə qapısıdır, Gəncənin tarixidir, vaxtilə təbii fəlakətdən istifadə edib gürcülər oğurluyub aparıblar. Bu, tarixdə var. Bundan ötrü gürcülərə minnətçi düşmək, pul-para vermək, müəyyən kampaniyalar aparmağa ehtiyac yoxdur”.
Mədəniyyət və Turizm Nazirliyindən isə Modern.az saytına bildiriblər ki, bu məsələ onların gündəmində deyil.

Sevinc İLTİFATQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü