Modern.az

Yağışlar aqrar sektora ZƏRƏR vurdu - Ekspert ŞƏRH ETDİ

Yağışlar aqrar sektora ZƏRƏR vurdu - Ekspert ŞƏRH ETDİ

9 Avqust 2019, 15:56

Dünya miqyasında gedən qlobal iqlim dəyişmələrinin əlamətlərini yaşadığımız 2019-cu ildə daha aydın müşahidə edirik. İlin aqrometeroloji analizi deməyə əsas verir ki, qış fəslində baş vermis quraqlıq, fəsilə xarakterik olmayan isti hava kütlələrinin axını ilkin yazda öz yerini kəskin qeyri-sabitliyə vermi., yaz fəsli kəskin temperatur dəyişmələri, dolu, yağınların baş verməsi ilə müşayət olunmuşdu.

 

“Meteoroloji amillər stress yaradır”

Bunu Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli bildirib.


N.Nəsirli qeyd edib ki, aramsız yağışlar nəticəsində ilkin yazda ərik, gilas, alça kimi tez çiçəkləyən ağaclarda tozlanma prosesi tam başa çatmamış, ağacların potensial məhsuldarlığı aşağı düşdü:

“Son üç gündə havaların kəskin dəyişməsi də yay fəslinə xarakterik deyil, bu cür qeyri-sabit hava şəraiti nadir hadisə kimi qiymətləndirilə bilər. 
İllər üzrə meteroloji təhlillər göstərir ki, qışda temperatur ampilitudlarının yüksək, yayda aşağı olması iqlim amillərilə birbaşa əlaqəli olan kənd təsərrüfatı bitkiləri üçün müxtəlif risk və stress amilləri yaradır. Belə görünür ki, illər üzrə bitkilər üçün stress faktorları daha da güclənməkdədir”. 

 

Yağışın meyvəçiliyə vurduğu ziyan...

Ekspertin sözlərinə görə, son günlər baş verən yağıntılar meyvəçilik üzrə ən mənfi təsirlərini üzüm bağlarına göstərə bilər:

“Üzümçülük, xəstəlik və zərərvericilərə sirayətlənmə baxımından meyvəçilikdə ən zəif bitki sayıla bilər. Temperaturun qəflətən aşağı düşməsi üzüm tənəkələrində su və metobolizm balansını pozur, məhsulun keyfiyyət göstəricilərinə-şəkərlilik və turşululuğuna mənfi təsir göstərir. Yağıntıların baş verməsi üzümçülükdə təhlükəli xəstəlik olan “boz çürümə” xəstəliyinin yayılmasına münbit şərait yaradır. Suvarılmayan sahələrdə, dəmyə əkinlərində yağış yağması nəticəsində gilələlərdə partlama əmələ gəlir ki, nəticədə məhsulun əmtəə görünüşündə eybəcərlik əmələ gəlir, fermerə iqtisadi ziyan dəyir. Bu cür qeyri-sabit iqlim amillərinin baş verməsi meyvədə yetişmə dinamikasının pozulması ilə müşayət olunur. İyul-avqust-sentyabr ayları meyvədə şəkər toplama, vegetasiyanın başa çatması dövrü olduğu üçün temperatur sabit olmalı, gecə-günüz temperaturu arasında ampilitud normal həddə tərəddüd etməlidir. Gündüzlər kəskin isti, axşamlar isə soyuq olması, o cümlədən, gündüzlə gecə temperaturu arasında fərqin az olması yetişməyə mənfi təsir göstərir. Bu fikirlər daha çox üzüm, əncir, nar meyvələrinə aiddir. Nəticədə adıçəkilən meyvələr öz bioloji xüsusiyyətlərinə uyğun olaraq, vaxtında yetişməyəcək, bağlarda kütləvi gecyetişmə prosesi müşayət olunacaq. 
Yay aylarında yağıntıların düşməsi alma, armud kimi meyvələrin xarici səthində kiçik zədələnmələr əmələ gətirir ki, bu zədələr sonradan havaların qızması nəticəsində çürüntü bölgəsi əmələ gətiri və məhsulun böyük hissəsi bağdaca itirilir. Yalnız düzgün aqrotexniki qulluq, zərərverici və ziyanvericilərə qarşı sistemli mübarizə aparılmış bağlarda bu zədələr fəsada yol açmır, ağacın qüvvətli immuniteti sayəsində zədələr qısa vaxtda aradan qalxır. Tədbirlər aparılmayıbsa, bağ xəstəliyə sirayətlənibsə, yağışların əmələ gətirdiyi zədələr iri həcmli itkilərə aparıb çıxarır. 
Meyvəçiliklə məşğul olan fermerlər yay aylarında düşən yağıntılardan sonra sahələrdə aktivləşən “qırmızı gənə”nin hərəkətini və göbələk xəstəliklərini nəzarətdə saxlamalı, on gündən bir bağlarda kimyəvi mübarizə tədbirləri həyata keçirməlidirlər”. 

 

 

Yağış və onsuz da baha olan pomidor...

 

Nazirlik rəsmisi qeyd edib ki, qeyri-sabit hava şəraitində tərəvəzçilik istiqaməti üzrə əsas diqqət açıq sahədə əkilmiş pomidor şitillərinə yönəlməlidir:


“Pomidorun “avqust-sentyabr xəstəliyi” adlandırılan fitovtora, nəm havaların- axşamlar soyuq, gündüzlər isə kəskin istilərin təsiri ilə sahəni bürüyür, nəticədə barın yuxarı hissəsində qaralma əmələ gəlir və çürümənın əhatə dairəsi genişlənərək məhsulun zay olmasına gətirib çıxarır. Torpaq adamları məhz bu iki ayda pomidor sahələrini fitovtoranın mənfi təsirlərindən qorumalıdırlar. 
Əkinçilikdə - mövsümi becərmə işləri gedən qarğıdalı, şəkər çuğunduru sahələrində güclü küləklə müşayət olunan qeyri-sabit hava şəraiti bar orqanlarının zədələnməsinə, tam qırılmasına gətirib çıxarır ki, bu da sahədən əldə olunan məhsuldarlığı aşağı salır.

Son becərmə işləri gedən pambıqçılığa yağıntılı havaların mənfi təsiri yoxdur. Qozalar hələki çiçəkləmə dövrünü başa çatdırmadığı üçün nəm havalar lifin keyfiyyətinə mənfi təsir göstərə bilməz. Yalnız normativlərə uyğun əkilməyən, sıx səpilmiş sahələrdə nəmlik nəticəsində göbələk xəstəliyi formalaşa bilər ki, bunu da seyrəltmə aparmaqla aradan qaldırmaq lazımdır”.

 

“Heyvanlar özlərini komfortlu hiss edir”


N.Nəsirli deyib ki, sərin havanın yeganə müsbət təsiri heyvandarlıq sahəsinədir:


“Heyvandarlıq yeganə sahədir ki, belə havalar iri və xırda buynuzlu heyvanlarda, eyni zamanda quşçuluqda ideal havalardır. Heyvanlarda bədən temperaturunun aşağı düşməsi nəticəsində yemin həzmə gediciliyi artır, heyvan daha iştahla yeyir və özünü bir növ komfortda hiss edir. Heyvandarlığın ən həssas sahəsi olan arıçılıq üçün də avqust yağıntılarının mənfi təsiri yoxdur, əksinə, balvermə dövrü başa çatdığı üçün arıların qüvvəli yem bazasına ehtiyacı var, yağışlar nəticəsində təbiət canlanır, bitkilərdə erkən inkişaf baş verdiyindən arılar üçün nektarın bazası güclənir. 
İqlim qeyri-sabitliyi bundan sonrakı illərdə də davam edəcəksə, pereventiv tədbirlərin həyata keçirilməsi vacibdir. İstehsalçılar əkin materiallarının keyfiyyət göstəricilərinə diqqət yetirməlidirlər. Təsadüfi əldə olunmuş, sort və bioloji xüsusiyyətləri təsdiqlənməmiş toxum və tinglər əkinlərdə tətbiq olunmamalıdır. Əkinçilikdə yerli iqlimə uyğunlaşmış, stress amillərinə (quraqlıq, soyuq, xəstəlik və s.) dözümlü toxum və tinglərdən istifadə olunmalıdır. Bununla bərabər, bitki mühafizə tədbirlərinin texnoloji xəritəyə uyğun həyata keçirilməsi ilə potensial məhsuldarlıq qorunmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!