Modern.az

Pedaqoji Universitetdə yeni tələbələrin qeydiyyatı necə gedir?..

Pedaqoji Universitetdə yeni tələbələrin qeydiyyatı necə gedir?..

15 Avqust 2019, 11:52

Avqustun 15-dən bütün ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də I tədris ilinə qəbul olunmuş tələbələrin qeydiyyata alınması başlayıb. ADPU-nun rektoru, professor Cəfər Cəfərov 2019-2020-ci tədris ilində ADPU-ya qəbul olunmuş tələbələrin qeydiyyatının aparılması və sənədlərinin qəbul edilməsi haqqında müvafiq əmr imzalayıb.
Bu barədə Modern.az-a ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən bildirilib.


ADPU-da  ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili və keçirilməsi məqsədilə universitetin 8 fakültəsinin - Filologiya, Riyaziyyat, Tarix və coğrafiya, Kimya və biologiya, Fizika, İbtidai təhsil, Məktəbəqədər təhsil, İncəsənət və fiziki tərbiyə fakültələrinin dekanlarından, dekan müavinlərindən və əməkdaşlarından ibarət Sənəd Qəbulu Komissiyası yaradılıb. Sənəd Qəbulu Komissiyasının məsul şəxsi Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədovdur.


Sənəd Qəbulu Komissiyasına universitetə qəbul olunmuş tələbələrin qeydiyyatı zamanı təqdim ediləcək sənədlərin müvafiq qaydada toplanıb işləməsi tapşırılıb. Sənəd Qəbulu Komissiyası universitetə qəbul olunmuş I tədris ili tələbələrinin qanun çərçivəsində qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edir. Sənəd Qəbulu Komissiyası ADPU-nun Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanında yerləşən 1 nömrəli tədris binasında şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 9:00-dan 17:00-a kimi fəaliyyət göstərir. Əlaqə telefonu: (012) 4930032. Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilir. Məlumat üçün bildirək ki, bu il ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2420 nəfər plan yeri ayrılıb.


Təhsil Nazirliyinin Kollegiyasının  məlum qərarına əsasən  ödənişli əsaslarla universitetə qəbul olunan, lakin maddi cəhətdən imkansız tələbələrə təhsil haqlarını yarımillik üzrə ödəmək üçün lazımi şərait yaradılır. ADPU-nun 5 filialında- Şəki, Şamaxı, Cəlilabad, Quba və Ağcabədi filiallarında, həmçinin ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yaradılmış Sənəd Qəbulu Komissiyaları da öz işlərinin öhdəsindən layiqincə gəlirlər.


Qeyd etmək lazımdır ki, ADPU-da tələbələrin qeydiyyata alınmaları zamanı bir yenilik də tətbiq edilir. Belə ki, tələbələr arasında sorğu keçirilir. Həmin sorğuda tələbələrin anket göstəriciləri, ADPU haqqında məlumatları, ADPU-nu seçmələrinin səbəbi, universitet haqqında ilk təəssüratları və digər vacib məqamlar öz əksini tapıb. Tələbələr və onların valideynləri qeydiyyatın çevik, rahat və şəffaf təşkilinə, vətəndaş məmnunluğunun təmin edilməsinə görə universitetin rəhbərliyinə təşəkkür edirlər.


ADPU-nun rəhbərliyi universitetə qəbul olunmuş bütün tələbə-gəncləri, eləcə də onların valideynlərini ürəkdən təbrik edir, gənclərə həyatda və təhsildə yeni-yeni uğurlar arzulayır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?