Modern.az

Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO

Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO

18 Avqust 2019, 11:01

1992-ci ilin oktyabrına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bir inzibati ərazi vahidi vardı – Ağdərə rayonu... Bu yaxınlarda - 7 iyul tarixində keçmiş Ağdərə rayonu və ətraf kəndlərin işğalının 26-cı ilini də yola saldıq.

Ağdərə rayonu Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli qərarına əsasən ləğv edilib. Ərazisi isə Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölüşdürülüb. Həmin qərara əsasən, Ağdərə rayonunun 8 kəndi Ağdam rayonunun, 23 kəndi Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 13 kəndi Tərtər rayonunun inzibati tərkibinə verilib.

1989-cu ildə SSRİ tərəfindən aparılmış son əhalinin siyahıya alınmasına görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Azərbaycanlıların  yaşadığı kəndlər - Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar və Gəncxana sovxoz qəsəbəsi idi...

1992-ci ildə Azərbaycan Ordusunun hücumu nəticəsində Ağdərə rayonu  ərazisinin böyük hissəsi Ermənistan silahlılarından azad edilmişdi. Bu, 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlərdən sonra mümkün olmuşdu.  

Modern.az
 saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu  fotoşəkil də həmin dövrü əks etdirir..

Şəkli şərh edən keçmiş daxili işlər naziri (16 may 1992 - 16 aprel 1993) İsgəndər Həmidov bildirir:

“O vaxt Ağdərə işğaldan azad olunmuşdu. Azərbaycan Ordusu Əsgərana, Xankəndinə əməliyyat qurmağa hazırlaşırdı”. 


Lakin Milli Ordunun Əsgəran və Xankəndinə hücumu baş tutmadı... Bütün planlar alt-üst oldu... Əvvəlcə Kəlbəcər işğal olundu... Ardınca da Surət Hüseynov qiyamı...

1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verdi. Qarabağ cəbhəsində döyüşən ordu birləşmələrindən birinə rəhbərlik edən qiyamçı polkovnik Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı üsyan edərək, Bakıya doğru hücuma keçdi. Məhz onun rəhbərlik etdiyi ordu bölmələri Ağdərə istiqamətində öz mövqelərini qoyaraq, Bakıya doğru hücuma qoşuldu. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və ətraf kəndləri yenidən işğal etdi.  

Və Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı elə həmin tarixdə - 1993-cü ilin 7 iyulunda başa çatdı...


2016-cı ilin aprelində Azərbaycan Ordusnun Qarabağ bölgəsində son qanlı döyüşlərinin əsas istiqamətlərindən biri keçmiş Ağdərə rayonunun ərazisi oldu. Silahlı Qüvvələrimiz bu istiqamətdə Talış kəndinin ətrafındakı yüksəklikləri azad etdi.

Hazırda keçmiş Ağdərənin kiçik bir hissəsi Azərbaycanın nəzarətindədir. Ağdərə şəhəri də daxil olmaqla ərazilərin çox hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır.



A.Qorxmaz 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı