Modern.az

Rafael Hüseynov: ““Kommunist” qəzetindən aldığım məktubu açanda gözlərimə inanmadım” - MÜSAHİBƏ

Rafael Hüseynov: ““Kommunist” qəzetindən aldığım məktubu açanda gözlərimə inanmadım” - MÜSAHİBƏ

Müsahibə

19 Avqust 2019, 09:24

“Maestro Niyazi ilə aramızda yarım əsrə yaxın yaş fərqi vardı, amma həmişə məclisdə məni təqdim edərkən “dostumdur” deyirdi”

“Təssüf ki, səlahiyyətli şəxslər mənim “Əlifba”mın sonrakı irəliləyişlərinə maneçilik törətdilər”

“Xoşbəxtliyin düsturu sadə, ona əməl etməksə çətindir”
 

 
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru  Rafael Hüseynov Modern.az-a geniş və maraqlı müsahibə verib.  Onunla söhbəti təqdim edirik:


- Rafael müəllim, bu yaxınlarda sizin də iştirak etdiyiniz qısa video izlədim. Siz, pianoçu Fərhad Bədəlbəyli, şair Qabil, yazıçı Anar, rəssam Fərhad Xəlilov və digərləri vardı. “Sarı gəlin” mahnısını oxuyurduz. İzlədiyim kadr kiçik bir hissə idi. Sizi hər zaman əsl şəxsiyyətlərin yanında görmüşük. Arada olan yaş fərqlərinə baxmayaraq, siz xoşbəxt görünürsüz. Neə oldu ki, tarixi şəxsiyyətlərlə çiyin-çiyinə addımlamaq sizin həyatınızda ənənəyə çevrildi?

- Hər bir insanın bioqrafiyası var. Dünyaya gəlirsənsə, Tanrı bu ömrü sənə bağışlayırsa, yaşanan illər o ömrü nələrləsə, kimlərləsə doldurur. Xoşbəxt o insandır ki, ömründən həyatının mahiyyətini, mənasını dəyişən düşüncəsini, zövqünü yönləndirən şəxsiyyətlər keçir. Onların hərəsindən ömürdə hansısa pozulmayan izlər qalır və məhz bunlar sənin başqa cür deyil, məhz, bu cür olmağını müəyyənləşdirir. Mən özümü bu baxımdan bəxtli sayıram. Yolumun başlanğıcından, ilk tələbəlik illərindən görüşüb təmasda olduğum insanlar  qətiyyən sadə simalar deyildilər. Hər biri canlı klassik idi. O insanlar Azərbaycanın tarixində, millətimizin mənəviyyatında hər zaman yaşayacaq zirvələrdir. Həm də onlar mənim üçün özlərindən əvvəlki, görmədiyim daha uca zirvələrə, daha parlaq şəxsiyyətlərə körpülərə çevrildilər.


- Məsələn,  dediyiniz kimi, 17-18 yaşınız olanda  həmsöhbət olduğunuz insanlar bir  çoxları üçün əlçatmaz zirvə idilər. O zirvələri isə fəth etmək də asan deyil. Tələbə olan Rafael Hüseynovun özəlliyi nədə idi?

- İlk tələbəlik illərindən Maestro Niyazinin evinə ayaq açmışam. Niyazinin evi sadəcə mənzil deyildi. O zamankı Sovet İttifaqının ən məşhur mədəniyyət xadimləri, musiqiçiləri, ədəbiyyatçıları, ictimai-siyasi xadimləri o evdən keçirdilər. Bakıya qonaq gələn məşhurların yolunun bir səmti Maestro Niyazinin hadisələrin təbii axarı ilə rəsmən elan edilməmiş mədəni mərkəzə, cazibə ocağına çevrilmiş mehriban, qonaqpərvər mənzilinə sarı idi. Hətta hansısa böyük şair, teatr xadimi, ya da şöhrətli musiqiçi başqa dəvətlə Bakıya gəlirdisə belə, ziyafət məclisi Niyazinin evində gerçəkləşirdi. Niyazinin süfrəsi hər zaman açıq olub. Həmin məclislər çox vaxt gecə yarısına, saat 3-ə, 4-ə qədər davam edirdi, bəzən lap səhərəcən. Əgər bitirdiyimiz universitetlərdən söhbət gedirsə, mənim üçün həyat universitetlərinin ən vaciblərindən biri o doğma mənzildə keçən illər olub.
Lakin qapısı üzümə açıq, mənə əzizləri, evin daha bir övladı kimi yanaşan yalnız Maestrogil deyildi. 1970-ci illərin əvvəllərindən ilk tələbəlik çağlarımdan daimi gedib-gəldiyim ünvanlardan biri də Şəmsi Bədəlbəylinin evi olub. Şəmsi müəllim şərəfli bir nəslin övladı idi. Qüdrətli bir taetr xadimi, sözün əsl mənasında şəxsiyyət idi. Onun söhbətləriylə Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Süleyman Sani Axundov, Əhməd Ağdamski və neçə-neçə başqaları mənə əlim çatacaq qədər yaxın olmuşdular. Şəmsi müəllim də, qardaşı Əfrasiyab Bədəlbəyli də mənim müdam minnətdarlıqla andığım ustadlarımdır.

Əfrasiyab Bədəlbəyli unikal bir insan idi. Peşəkar musiqiçi olmaqla yanaşı, o, həm də şərqşünas idi, ərəbcəni mükəmməl bilirdi. Bütün başqa məziyyətlərindən əlavə Şərq dillərini bilməsi, orta əsr mənbələri ilə işləmək qabiliyyəti onu 1960-70-ci illərin musiqişünasları arasında qeyri-adiləşdirirdi. Azərbaycan klassik musiqi tarixini  araşdırmaq səmtində, muğamlarımızn keçmişini öyrənməkdə onun tayı-bərabəri yox idi.
O çağlar Moskva, Leninqrad məktəblərində yetişmiş savadlı musiqişünaslarımız vardısa da, əksəriyyəti rusdilli idi. Ona görə də milli musiqimizin keçmişini, muğamımızı nə sonacan duya bilirdilər, nə də tarixin dərinlərinə enməkçün məxəzlərin yaratdığı imkandan istifadə etmək gücündəydilər. Onlar daha çox Avropa musiqisinin, simfonizmin tarixi və nəzəriyyəsini araşdırmağa meylli idilər, milli musiqidən, muğamlardan da təxminən oxşar yanaşmalarala bəhs edirdilər. Əfrasiyab Bədəlbəyli isə universal idi. O, həm dirijor, həm bəstəkar idi, həm Avropa musiqisinə çox yaxşı vaqif idi, həm də Şərq musiqisini bütün keçmişi və indisi ilə  dərindən bilirdi. Digər musiqişünaslarımızdan  fərqli olaraq ərəbcə, farsca mətnlərə aşinalığı onunçün üfüqlər açırdı. Əfrasiyab Bədəlbəyli elə həmin səbəbdən də XIII əsrdə yaşamış böyük musiqi alimi və udçalan Səfiyyədin Urməvi, onun ardıcılı bəstəkar, nəzəriyyəçi, xanəndə, şair və xəttat Əbdülqadir Marağayi və onların risalələri haqqında elmi və mədəni mühitimizdə ilk müfəssəl bilgi yayanlardan oldu. 1969-cu ildə  onun bütün Azərbaycan boyu əks-səda doğuran izahlı ensiklopedik “Musiqi lüğəti” işıq üzü gördü. Onda mən məktəbliydim, bu kitabı da musiqi məktəbimizə satış üçün gətirilən musiqi ədəbiyyatı arasından seçib almışdım. Oxuyub valeh olmuşdum.O kitabı mütaliə edəndən, Əfrasiyab Bədəlbəylinin   Azərbaycan televiziyasında misilsiz  natiqlik ustalığı ilə apardığı “Mədəniyyət universitetləri” adlı veriliş silsiləsini seyr edəndən sonra mənim də ürəyimdə gələcəkdə şərqşünas olmaq istəyi yaranmışdı və arzulamışdım ki, haçansa tale nəsib etsin, bu bilgin insanla görüşüb tanış olum.  Niyyətim çin çıxdı, Əfrasiyab ustadla universitet illərimdə yaxın olduq və onun dərya biliklərindən, gur işığından  mənə də pay düşdü.  


 Bəhram Mansurovun da evi mənə öz evim kimi əziz ünvanlardan idi. Elə Maestro Niyazinin mənzili kimi  Bəhram Mansurovun evi də daim sənət havasıyla daşan, həmişə çoxlu qonaqları olan bir ayrı mədəni mərkəz və məktəb idi. Bəhram müəllimin babası Məşədi Məlik hələ XIX yüzildə Bakıda musiqi məclisi quran şəxsiyyət olub. XIX əsrin sonlarında Azərbaycanda bir neçə məşhur musiqi məclisi fəaliyyət göstərib ki,  onların ən üstünlərindən biri Şamaxıda Mahmud ağanın yığnağı idi. Qarabağda isə 2 məclis qurulmuşdu. Biri Xurşudbanu Natəvanın, digəri isə Mirmövsüm Nəvvabınkı.  Məşədi Məliyin Bakıdakı musiqi məclisindən  sonra ənənəni oğlu Süleyman davam etdirib. Məşədi Süleyman da Bəhram Mansurovun atası idi. Bəhram Mansurov gözünü açıb bu mühiti görmüşdü, ona görə də qonaqpərvərliyi, qapılarının mədəniyyət xadimlərinin üzünə açıqlığı ilə seçilirdi. Bəhram müəllimin vasitəsi ilə Azərbaycan xalq musiqisinin qocaman və orta nəslinin əksər musiqiçiləri ilə tanış və dost oldum. Bəhram müəllimin o məşhurlarla görüşlərimdən öncə mənim haqqımda dediyi 2-3 kəlmə tərif, zəmanət sözü kifayət edirdi ki, hər biri məni köhnə tanışları kimi qarşılasın.


Universitetdə, Şərqşünaslıq fakültəsindəki  müəllimlərim hərəsi bir tarix idi. O dövrdə Azərbaycanda əl-əl gəzən “Qabusnamə”, “Kəlilə və Dimnə”, “Gülüstan”ı ana dilimizə sonsuz məharət və səlilsliklə çevirmiş professor Rəhim Sultanov bizə qədim fars dilindən, mixi yazıdan dərs deyirdi, İran ədəbiyyatından müəllimimiz məşhur mütərcim və araşdırıcı, professor Mübariz Əlizadə idi. Ya da Əhməd Şəfai, Nəyyar Zaman Hatəmi, Yusif Ziya Şirvani, Ələsgər Məmmədov  hərəsi bir canlı klassik idi. Onlarla gündəlik təmasın nə böyük səadət olduğunu o vaxt da anlayırdım, indi daha artıq dərk edirəm.


Mənimlə eyni qrupda oxuyan İsfəndiyar Vahabzadə fakültəmizdən az aralıda, ovaxtkı Hüsü Hacıyev, indki Azərbaycan küçəsində, “Yazıçılar Evi” deyilən binada yaşayırdı. Təxminən hər gün dərsdən çıxıb onlara gedərdik.  İsfəndiyar Bəxtiyar Vahabzadənin oğlu idi və o böyük şair mənimçün başqalarının ekranlarda gördüyü, kitablarından tanıdığı bir insan olmaqdan daha öncə dostumun atası Bəxtiyar əmi idi. Həmin mənizldəsə professorlar, böyük alimlər və böyük də insanlar olan  Rüstəm Əliyevlə, Nurəddin Rzayevlə, Xudu Məmmədovla tanışlığım, sonra illərcə davam edən dostluğum başlandı.


Digər tərəfdən də elə birinci kursdanca o illərdə dövri mətbuat arsında ən çox oxunan və ən çox gözlənilən “Bakı” axşam qəzetində müxbirliyə başlamışdım. Bu isə redaksiyanın öz sanballı jurnalist mühiti, ora gələn nüfuzlu qonaqlardan əlavə yazılarımla bağlı göndərildiyim ünvanlarda neçə-neçə tanınmış adamla tanışlıq fürsəti idi. Bunların hamısı taleyin töhfələri deyilmi?


Bir məqamı da vurğulamaq istəyirəm ki, ünsiyyətə girdiyim şəxsiyyətlər çox zaman məndən 3-4 qat yaşlı olsalar da, 5-10 dəqiqə söhbət edəndən sonra mənimlə daha bir yeniyetməylə olan kimi davdranmırdılar.


Məsələn, Maestro Niyazi ilə aramızda yarım əsrə yaxın  yaş fərqi vardı. Amma evindəki qonaqlara, ya hansısa məclisdə məni təqdim edərkən “dostumdur” deyirdi. Yəni o insanlar məni öz dünyalarına, öz mühitlərinə yaxın bilirdilər və ona görə də söhbətlərimizdə ürəklərini açırdılar, ən munis xatirələrini qəlb genişliyi ilə bölüşürdülər. Mən də o mühitə, o şəxsiyyətlərə, onlarla ünsiyyətə layiq olmağa çalışırdım. Daim oxuyurdum, öyrənirdim, öz üzərimdə çalışırdım. İnsan hər zaman bu məsuliyyəti hiss etməlidir, kiminlə oturub-durduğunun fərqində olmalıdır.



- Bu qədər içdən qələmə və elmə sarılmağınızın özülü olmalıdır. Daxildə qığılcım közərməyəndə alovu görmək olmur...

- İlk məqaləm qəzetdə dərc olunanda 5-ci sinifdə oxuyurdum. O zaman bütün rayonlarda həftədə 3 dəfə yerli qəzetlər çıxırdı. İndi  o ənənə demək olar ki, sönüb, bəzi rayonlarda qalsa da, formal xarakter daşıyır. Çünki ayda,  iki ayda, yaxud da, rayonun illik hesabatı keçirilən ərəfədə çıxan qəzetə dövri mətbuat demək olmaz ki! 


Mətbuat, qəzet  insanlarla daimi ünsiyyətdə olan vasitədir. O dövrdə ümumən qəzetlərin, xüsusən də yerli nəşrlərin Azərbaycan gerçəkliyində çox böyük rolu olub. Azərbaycan rayonlarında qəzetlərin çap olunmağa başlaması  1930-cu illərə təsadüf edir. İndi həmin qəzetlərin hər biri müəyyən mənada rayonların XX əsr içərisindəki salnaməsidir. Sovet ideoloji təbliğatı ilə nə qədər dolu olsa da, əsas məqsədi rayonların təsərrüfat həyatın işıqlandırmağa yönəlsə də, indi həmin qəzetlərin illər üzrə cildlərini vərəqləsək, hər bir rayonun o illərdəki həyatının yüzlərlə maraqlı təfərrüatının əks olunduğunu görərik. Bu əvəzsiz salnamələrdən gələcəkdə hər bir rayonun tarixi yazılarkən ən mötəbər qaynaq kimi yararlanmaq mümkündür.


- Belə deyək də, rayon qəzeti sizin jurnalistlik yolunuza işıq saldı. Ümumiyyətlə, istedadlı insanların tanıdılmasında rayon qəzetlərinin rolu nə dərəcədə mühüm idi?

- İlk yazım Kürdəmirdə nəşr olunan  “İrəli” qəzetində 1966-cı il oktyabrın 2-də işıq üzü görüb. Birinci yazım çıxandan, imzamı ilk dəfə qəzetdə oxuyandan sonra həvəsə gələrək, ardıcıl məqalələr göndərməyə başladım. Hər yeni yazım dərc edildikcə, yazmaq həvəsim bir az da artırdı.


Sovet dövründə respublikada bir nömrəli qəzet “Kommunist” hesab edilirdi . İndi möcüzə kimi qavranıla biləcək sayda, 500-600 min tirajla nəşr olunurdu. “Kommunist” qəzetində bir ara rayonlarımızla bağlı silsilə yazılar gedirdi. Mən də bu modeli götürüb Kürdəmirlə bağlı xəbərlər silsiləsi hazırladım və “Kommunist” qəzetinə göndərdim. Üzərindən bir həftə ötəndən sonra cavab məktubu gəldi. O vaxtlar bir çox mərkəzi redaksiyalara məktublar yollayırdım. Çap ediləni də, edilməyəni də olurdu. Amma ciddi intizam vardı. Hətta çap etmədikləri məktubla bağlı da cavab yazırdılar, çox zaman formal olsa belə, niyəsini də göstərirdilər. Güman edirəm, həmin illərdə müxtəlif rayonlardan mərkəzi qəzetlərə məktub göndərənlər həmin təcrübə ilə tanışdır. Məktublaraa gələn standart cavablar belə olurdu: “Qəzetimizin tələblərinə uyğun gəlmədiyinə görə çap etmirik”. Mənə də bir neçə dəfə bir neçə redaksiyadan bu tipli cavab gəlmişdi. 


“Kommunist”ə məqalə göndərməyimdən bir həftə keçirdi ki, redaksiyaya məxsus xüsusi zərfdə məktub aldım. Məqalə dərc edilmədiyindən düşündüm ki, yəqin həmin ənənəvi “redaksiyanın tələblərinə cavab vermir” tipli, xalaxətrin qalmasın göndərilmiş məktubdur. Qabaqca istədim heç açmadan cırıb atım. Lakin hər ehtimala qarşı açdım və gözlərimə inanmadım. Yazırdı ki, “məktubunuzu aldıq, oxuduq, bəyəndik. Rayon qəzetinin rəhbərliyi ilə əlaqə saxladıq, haqqınızda müsbət fikirlər söylədilər. Bizimlə əlaqə saxlayın”. Bu məktubu yazan “Kommunist” qəzetinin şöbə müdiri Hidayət Zeynalov idi. İndi də yaşayır və qocaman jurnalistimizə, ağsaqqalımıza  o köhnə xeyirxahlığına görə bir daha minnətdarlıq edirəm.


Kürdəmir qəzetinin partiya həyat şöbəsinin müdiri və redaktor müavini Bahar Məlikova  vardı. Elə “Kommunist”dən olan zəngə də mərhum Bahar xanım cavab veribmiş. Onun qardaşı İslam müəllim də qəzetin məsul katibi idi. Onlar məni, ailəmizi yaxşı tanıyırdılar. Həvəsli olduğumu görüb daim mənə qayğı, diqqət göstərirdilər. Beləliklə, “İrəli”də yaza-yaza “Kommunist” qəzeti  ilə də ardıcıl əməkdaşlıq etməyə başladım və bir müddət sonra rəsmən qəzetin “ictimai müxbiri” oldum. O dövrdə bilavasitə redaksiyada işləməyən, amma redaksiyanın daimi müxbirləri sırasında nəzərdə tutulan ştatdankənar və ictimai müxbirlər də olurdu. Ona görə də 8-9-cu sinif şagirdi üçün belə bir nüfuzlu qəzetin daimi yazarları sırasında qeydiyyata düşmək gününə görə böyük iftixar idi. Həmçinin yazılarıma görə həm rayon qəzetindən, həm də “Kommunist”dən qonorar verirdilər. Bir məktəblinin qələmi ilə qazanmağa başlaması həyatdakı müstəqilliyə, kimsədən asılı olmadan yaşaya bilməyə doğru ilk addım da sayıla bilər. 



“Bakı” qəzeti ilə mütəmadi əməkdaşlığımın başlanmasının tarixçəsi isə belə oldu ki, Bakı Dövlət Universitetinə qəbul imtahanlarını uğurla verib rayona qayıdanda yerli qəzetin redaktoru  Abdulbağı Bağıyevlə rastlaşdıq. Məni qucaqladı, təbrik etdi və ardınca da:“Şərqşünaslıq çox yaxşı fakultədir, gözəl ixtisas seçibsən. Oxu, öyrən, elmlə məşğul ol, ancaq jurnalistikadan da aralanma” –  dedi. Sonra mənə bir kiçik  məktub yazıb verdi. Əlavə etdi ki,  ““Bakı” qəzetinin redaktoru Nəsir İmanquliyevə çatdırarsan. Köhnə dostumdur, vaxtilə onunla birgə 2 illik jurnalistika kurslarında oxumuşuq, o zaman hərəmizi bir yerə qəzet redaktoru göndərdilər. Maşallah Nəsir irəlilədi, mənsə həyat elə gətirdi ki, rayonda qalası oldum. Gedərsən Nəsir müəllimin yanına, salamımı çatdırarsan, bu məktubu da verərsən”.


Təhsil aldığım Şərqşünaslıq fakültəsindən “Bakı” qəzeti lap yaxın idi. İndi Əlyazmalar İnstitutu olan binanın həyətində idi fakültəmiz. “Bakı” qəzeti də şəhər Partiya Komitəsi binasının həyətində, indiki İncəsənət Muzeyinin təzə korpusu olan yerdə idi. Elə ilk sentyabr günlərindəcə dərsdən çıxandan sonra redaksiyaya yollandım, məktubu baş redaktorun katibəsinə verdim, o da alıb dərhal apardı Nəsir müəllimə. Nəsir müəllim məni gözlətmədi, elə anındaca çağırıb “Şəhər xəbərləri” şöbəsinə göndərdi. Beləcə, universitetdə təhsilimi ala-ala  orada da davamlı şəkildə yazmağa başladım.


Bilirsiniz, gərək insanın daxilində şövq, qaynar maraq, gərəkli, fayda verə biləcəyi işlərə doğru can atmaq və can yandırmaq duyğusu daim var olsun ki, yetişə, öz yolunu tuta, müəyyən səviyyə əldə edə bilə. Heç nə göydən, nimçə içərisində hazırca nazil olmur. Nəyəsə nail olmaq istəyirsənsə, gərək daim çalışasan, alın təri tökəsən. Lap fitrətən böyük istedad sahibi də ola bilərsən, ancaq zəhmətlərə qatlaşmasan, anadangəlmə vergi də paslanar, kütləşər, ya tamam yararsız, hətta təhlükəli istiqamətə də yönələr..


- Bir çox insanlar sizi səsinizdən tanıyırdı. Dinləyiciləri səsinizin sehrinə salmağı bacarmışdınız. Radio-televiziya mühitinə necə ayaq açdınız? Çünki yazı jurnalistikası bir qədər fərqli idi.

- 1960-70-80-ci illərdə Azərbaycan televiziya və radiosu həm tək olub, həm çox qüvvətli olub, həm də cəmiyyətin həyatında mühüm yer tutub. Yəqin ki, taleyin hökmüylə mənim də yolumun bir səmti elə tələbəlik illərindən bu vacib məkanla bağlandı. Həm də zahirən sırf bir təsadüf nəticəsində. Təbii, istənilən təsadüfün arxasında müəyyən zərurət dayanır və AzTV o dövrdə elə məxsusi bir maarifçilk, ziyalılıq məkanı idi ki, oradan kənarda qalmaq mümkünsüz idi. Gec-tez yəqin ki, ora ilə əməkdaşlığım yarana bilərdi, amma hadisələrin gedişi bu qovuşmanı sürətləndirdi. O zaman Azərbaycan televiziyası və radiosunun redaksiyalarında Azərbaycanın ən qabil jurnalistləri, şair və yazıçıları, ssenariçiləri, rejissorları çalışırdılar. Ən yaxşı kadrları qəzet-jurnallardan seçərək ora işə cəlb edirdilər. Mənim əməkdaşlıq etdiyim “Bakı” axşam qəzetinin şəhər xəbərləri şöbəsinin müdiri Yusif Kərimovu AzTV-də gənclik redaksiyasına baş redaktor aparmışdılar.


Moskvada mötəbər bir elmi konfransda iştirak edərək Bakıya qayıtmışdım. Konfrans SSRİ və dünya şərqşünaslığının ən parlaq simalarından  olmuş Yevgeni Bertelsin xatirəsinə həsr edilmişdi.  Yevgeni Bertels Azərbaycana da bağlı qiymətli alim olub. “Böyük Azərbaycan şairi Nizami” adlı ilk monoqrafiyanı da hələ1941-ci ildə o yazıb. Yevgeni Eduardoviçin xatirəsinə həsr olunmuş, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda keçirilən konfransda iştirak edən yeganə tələbə mən idim. Hamısı tanınmış alimlər, professorlar, akademiklər idi. Moskvadan 2 gün idi ki, Vətənə dönmüşdüm. Avtobus dayanacağında Yusif müəllimlə rastlaşdıq. Hal-əhval tutdu, dərslərimi soruşdu, redaksiyada işlərin necə getmıəsi ilə maraqlandı və mən söhbətin gedişində ona səfərim barədə söz açdım. Qayıtdı ki, sabah gəl konfrans barəsində, orada haqqında çıxış etdiyin XI əsrin filosof şairi Baba Tahir haqqında danış, onun şeirlərinin farscadan etdiyin tərcümələrindən bir neçəsini oxu.


O vaxtlar verilişlər əsasən  canlı yayımlanırdı. Dəvət olunduğum “7-ci qitə” verilişini  də indi hamının tanıdığı görkəmli jurnalist Etibar Babayev aparırdı, rejissoru da Solmaz Həmzəyeva.


Çıxış etdim. Belə görünür pis alınmayıbmış. Çünki veriliş bitən kimi Gənclər üçün verilişlər redaksiyasının baş redaktoru Yusif Kərimov, rejissor, həmin “Gənclik” redaksiyasında çalışan yazıçı Əli Səmədli mənə yaxınlaşıb təbrik etdilər və dedilər ki, “Yaşıdlarımız” adlı verilişimiz var, ona aparıcı axtarırdıq. Səni hamımız bəyəndik. Sabah gəl, həmin verilişin aparıcılığını sənə həvalə edəcəyik.


Ertəsi gün gəldim və 45 dəqiqəlik verilişi efirdə canlı apardım.



- Tam hazırlıqsız?

- Bəli, geniş hazırlaşmağa sadəcə vaxt yox idi. Ssenari artıq hazır idi. Tanış oldum, amma təqdimatları öz üslubumda etdim. Yetərincə sərbəst olmağa, verilişə gələn qonaqları da mümkün qədər təbii danışmağa yönəltdim. Çünki o vaxtlar adətən verilişlərdə iştirak edənlər irəlicədən təsdiq edilmiş mətnləri kağızdan oxuyardılar. Mən həmin xoş olmayan ənənəni elə ilk gündən sındırmağa səy etdim.


İlk müstəqil verilişimi apardım, haqqımda xoş sözlər dedilər, efirdəki gələcək fəaliyyətlərimə xeyir-dua verdilər . Çox keçmədən “Yaşıdlarımız”la yanaşı, “Biz romantiklərik”, özümün yaratdığım “Od kürəsi”, “Necəsən, əziz dost?” adlı verilişlərin də aparıcısı oldum. Bir müddət sonra Etibar Babayev Bakı Şəhər Partiya Komitəsinə işləməyə başladı. Aydın məsələdir ki, efirdə oturuşmuş, sevilən bir veriliş aparıcısız qala bilməzdi. Beləliklə “7-ci qitə”ni  də mən aparmalı oldum. O zamandan artıq 45 il keçsə də, radio-televiziyadan ayrıla bilmirəm və belə görünür ki, bu doğma məkan nə qədər varam mənimlə olacaq.


- Rafael müəlim, bir vaxtların məşhur televiziya aparıcı olaraq deyə bilərsinizmi, sizcə,  niyə bu gün efirlərdə mədəni səviyyəli verilişlər və aparıcılar ya azdır, ya da yox səviyyəsindədir?

- Təsəvvür edin televiziya stuidiyasındasınız, canlı efirdir, qarşınızda sizi çəkən kameralar, operatorlar, daha bir neçə texniki işçi. Amma o anda mütləq və mütləq düşünməlisən ki, bu anda sənə bu 4-5 nəfər deyil, azı 100 min, 200 min, yaxud da milyonlarla  adam baxır. Bunu da unutmamalısan ki, həmin o insanların arasında lap ən azı 50-100 nəfər var ki, zövqü, biliyi, qabiliyyətləri ilə səndən qətiyyən geridə deyil, əksinə bəlkə indi sənin bəhs etdiyin mətləbləri səndən də qat-qat yaxşı bilir. Düşünməlisən ki, sənə baxan münsiflər var ki, ağzından çıxan istənilən yanlış fikir və kəlməni o dəqiqə tutacaqlar, səsləri sənə çatmasa da, məzəmmət edəcəklər ki, axı bu səviyyə, bu biliklə bu insan niyə millətin qarşısına çıxmağa cəsarət edib? Özünə qarşı eyni məsuliyyətli və tələbkar yanaşma qəzetə bir məqalə, sayta yazı təqdim edəndə də nəbz kimi sənin içərində çırpınmalıdır. Belə düşünməyəndə bir münsifsizlik, arxayınlıq, özündən xoşgümanlıq ovqatı yaranır və öz aləmində hər şeyi bildiyin gümanına düşürsən. Belə səhv qənaətlərsə insanı hörmətsiz edir, gözdən salır, belələrinin buraxıldığı ekrana da rəğbət qalmır. Və əvvəl-axır sənə “get bacardığın işlə məşğul ol” deyən bir qətiyyətli adam da tapılır.


Yerində olmayan adamlar həyatın bütün sahələrində arzuolunmazdır, efirdə, mətbuatda isə cəmiyyətin zövqünə zədə vurduğundan xüsusən qorxuludur.


 Gərək daim, usanmadan  çalışasan, kamilləşəsən, daha mükəmməl, daha üstün, daha dərin, daha hazırlıqlı olmağa köklənəsən. Ən azı öz şəxsiyyətinə və eləcə də səni gendən müşahidə edənlərə hörmət naminə  bu vacibdir. Bu halda həmişə daxilən səfərbər olursan və ortaya çıxardığın iş də, söz də, əməl də başqaları tərəfindən təqdir olunur.



- Televiziyadan söz düşmüşkən, sizinlə eyni  dönəmlərdə Rafiq Hüseynov da məşhur diktor idi. O da həm səsi, həm də zahiri görkəmi ilə tamaşaçıları ovsunlaya bilmişdi. Haqqınızda bəlağətli sözləri tez-tez eşidirdinizmi?

- Tələbə olduğum illərdə Azərbaycanın bir televiziya kanalı və radiosu vardı. İnsanlar televiziyanın bütün vürilişlərini maraqla izləyir, radioya sevə-sevə qulaq asırdılar. Həm də yalnız Azərbaycanda deyil, sərhələrimizdən kənarlarda da.


1990-cı ildə İngiltərənin Mançestr şəhərində idim. Əbülfəz Bahaduri adlı bir dostum vardı, indi Amerikada yaşayır. Mançestrdəki mənzilində İrandan gətirdiyi çoxlu kasetlər vardı. Bir axşam söhbət əsnasında dedi ki, “Üzeyir bəylə bağlı illər qabaq Azərbauycan radiosunun çox maraqlı bir verilişini dinləmişəm. Əla idi, heç unuda bilmirəm”.


Və həmin verilişin bəzi təfərrüatlarını yada saldı. Söylədim ki, o verilişi mən hazırlamışdım.


Təəccübləndi: “Ola bilməz, sən o vaxt uşaq olardın”, - dedi.


“Bu saat həmin kaseti taparam” – söylədi. Axtardı, tapdı, səsləndirdi və gördü ki, mən haqlıyammış.


Dedi ki, bu kaseti və yüzlərlə belə səs yazısını vaxtilə  Təbriz bazarından alıb. Sən demə,  1970-80-ci illərdə Təbriz bazarında Bakı radiosunda səslənən verilişləri adamlar kaset halına salıb  satırmışlar. Bu kasetlər ana dilində tədrisin, ana dilində mətbuatın, radio-televiziyanın olmadığı Cənubi Azərbaycanda insanlarçün Vətən dərslikləri kimi vəsaitlərmiş. 


Azərbaycan radiosunun çox populyar “Ulduz” proqramı vardı. O veriliş üçün hər bazar günü tarixdə qalan ayrı-ayrı alimlər, şairlər haqqında “Ulularımız ucalarımız” adlı portretlər silsiləsi hazırlayırdım. Bir dəfə Mikayıl Müşfiqlə bağlı 4-5 dəqiqəlik veriliş çıxışım olmuşdu. Ertəsi gün radiodan mənə dedilər ki, Mirzə İbrahimov zəng etmişdi, sizinlə maraqlandı, təriflədi, təbrik etdi.


Demək istədiyim odur ki, heç nə diqqətdən qaçmırdı, hətta radiodakı adi bir çıxış da, nəzərdən qaçmırdı, əks-səda oyada bilirdi.


Televiziya isə söz yox ki, büsbütün başqa aləm idi. Azərbaycanın bircə televiziyası vardı və ekranda bircə dəfə görünmək, babat çıxış etmək  yetərli idi ki, küçədən keçəndə səni tanıyıb barmaqla göstərsinlər.


Mənsə televiziyada ayda 4-5  veriliş aparırdım, harada görünürdümsə,  tanıyırdılar, salam verirdilər, yol gedəndə qanrılıb baxırdılar, bəziləri saxlayıb söhbət edirdi, hansı qapını açsam ehtiram, göstərirdilər.


Bunlar hamısı televiziyanın böyük gücünün, nüfuzunun, cəmiyyət içərisindəki hörmətinin hesabına idi. 


- Rafael müəllim, sima olaraq televiziyada tanındığınız dönəmlərdə tamaşaçı məktubları alırdınızmı?

- Saysız-hesabsız. Təəssüf ki, daha əvvəlki məktublaşma ənənəsi, insanların səbrlə məktub yazmaq, fikir bölüşmək vərdişi itib gedən kimidir. İnternet erası çox dəyərləri dəyişib. O illərdə isə radioda da, televiziyada da axın-axın gələn məktubları sistemləşdirmək üçün ayrıca “Zəhmətkeş məktubları” redaksiyaları var idi.



- Xanımlardan da məktublar almamış olmazdınız. Adətən efirə yaraşan kişi aparıcılardan söz düşəndə Rafiq Hüseynovla sizin adınızı eyni çəkirdilər. O baxımdan da xanımlar hər ikinizə daha çox pərəstiş edirdi.


-Təbii, məktubların çoxluğu ilə yanaşı, ünsiyyət də az olmurdu. Efirə, efirdə xüsusi seçilənlərə insanlar ayrı bir simpatiya ilə yanaşırdılar. Maraqlanan, rəğbət göstərənlər təkcə məktub yazmır, zənglər də edirdilər, studiyaya da gəlirdilər. Diqqəti daha çox duyduqca, daha artıq da çalışırdıq, daha çox fərqlənməyə səy göstərirdik. Maraqlı, insanlarla, hadisələrlə, görüşlərlə zəngin gözəl illər idi. 


- Rafiq Hüseynovla münasibətləriniz necə idi?

- Rafiq Hüseynovla  tələbəlik çağlarımdan, ayağım televiziyaya açılan ilk aylardan onun həyatdan getdiyi vaxtlaracan daim çox səmimi dostluq münasibətlərimiz olub. Rafiq Azərbaycan televiziyasının tarixində ayrıca mərhələ olan istedadlı yaradıcı idi. Bundan sonra da televiziyalara nə qədər yeni diktorlar, aparıcılar gəlsə belə, Rafiq həmişə örnək, zirvə olaraq qalacaq.


Rafiqlə adlarımız, soyadlarımız da uyğun idi, zahiri görkəmimizdə də bir az oxşarlıq vardı, ikimiz də mütəmadi olaraq ekrandaydıq. Təbii ki, o, diktor olduğu üçün daha çox, amma mən də təkrarları da nəzərə alınmaqla hər həftə aparıcısı olduğum müxtəlif verilişlərlə 2-3 dəfə efirdəydim.  Çox adam elə bilirdi ki, Rafiq Hüseynovla qardaşıq. Soruşanlar da az olmurdu. Həm ondan, həm məndən. Bir dəfə Rafiq dedi ki, “Mənə Rafael Hüseynovla qardaşsınızmı” sualını o qədər verdilər ki, axırda yoruldum, kim soruşurdusa, daha izah etmədən “hə, qardaşıq” cavabını verirdim”.


Onun dünyadan vaxtsız gedişini də elə bir qardaş itkisi kimi kədərlə yaşadım, bu haqda ayrıca yazım da oldu.


- Bu qədər işlərin içərisində bir vaxtlar orta məktəb dərsliyi də yazmısınız. Bu ideya necə yarandı? Niyə sonradan dərslik yazmadınız?

- 2001-ci ildə  birinci siniflər üçün “Əlifba” kitabı yazıb nəşr etdrdim. Bakıda Amerika universiteti vardı, orada çalışırdım. Orada əvvəlcə sadəcə müəllim, daha sonra özümün yaratdığım Azərbaycanşünaslıq departamentində müdir, ondan sonra da elm və inkişaf üzrə prorektor-vitse prezident oldum.


Dünyanın 51 ölkəsində Amerika universitetləri mövcuddur. Bütün proqramlar, tədris sistemi Amerikada müəyyənləşirilərək  təsdiq olunur.


Təklif etdim ki, Bakıdakı Amerika Universiteti ilə Türkiyədəki, hansısa ərəb ölkəsindəki,  ya Fransadakı Amerika Universiteti ən azı bir cəhəti ilə fərqlənsə yaxşı olar. Bütün Amerika universitetlərində tədris edilən fənlər sırasına yerləşdiyi ölkəyə müvafiq olaraq daha 5 fənni əlavə etmək ideyasını irəli sürdüm. Yəni tutalım ki, Azərbaycandakı Amerika Universitetində öyrədilən fənlər sırasına Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan  mədəniyyəti, Azərbaycan ədəbiyyatı da əlavə edilsin. Beşincisi də ixtisas fənni. Yəni tələbə iqtisadiyyat, ya jurnalistika, yaxud hüquq fakültəsindədirsə, müvafiq olaraq Azərbaycan iqtisadiyyatı, ya Azərbaycan hüquq sistemi, və ya Azərbaycan jurnalistikası fənnini öyrənsin. Hansısa başqa ölkədəki Amerika Universitetində isə həmin fənlər o ölkəyə uyğun olaraq keçilsin. Bu minvalla həm Amerika Universitetləri şəbəkəsinin ümumi, ortaq proqramı mənimsədiləcək, həm də gənc bu universiteti hansı ölkədə bitirirsə, həmin ölkə ilə bağlı yetərincə zəruri biliklər qazanacaq. Bu təşəbbüs qəbul olunaraq tətbiq edilməyə başladı. 
Azərbaycan təhsil sistemində ilk dəfə olaraq Azərbaycanşünaslıq kafedrasını da həmin universitetdə mən yaratdım. Bakıdakı Amerika Universitetinin yanında həm orta məktəb, həm də uşaq bağçası  vardı. Tədris və təlim   3 dildə - Azərbaycan, rus və ingiliscə idi. Rusca, ingiliscə yaxşı dərsliklər, tədris vəsaitləri vardı. Amma Azərbaycan dilində olan dərsliklər qənaətbəxş deyildi. Təklif etdim ki, mən yaradıcı qrup formalaşdırım, qabil müəlliflər seçim, dərsliklər yazaq. Başlayaq orta məktəb kitablarından. Əvvəl öz məktəbimizdə tətbiq edərik, başqaları bəyənib istifadə etmək istəsə, daha çox tirajla buraxarıq, Universitet maddi fayda da qazanar.


Nümunəni göstərmək üçün “Əlifba”dan başladım. Son 2-3 əsrdə 30-dan çox ölkədə müxtəlif illərdə yazılıb istifadə edilmiş bir neçə yüz “Əlifba” kitabını topladım. Hamısının müsbət təcrübəsini araşdırandan sonra büsbütün yeni bir dərslik yazdım. Bütün başqa cəhətlərdən savayı həmin “Əlifba”nın hazırlanması üçün 12 multifikator rəssam da cəlb etmişdim.


Bir dəfə böyük mütəfəkkir, qazax şairi Oljas Süleymanovla Bakıdan Parisə uçurduq. Bir neçə gün əvvəl söz-sözü gətirmişdi, həmin “Əlifba”dan bəhs etmişdim və Oljas da xahiş etmişdi ki, ona kitabdan bir nüsxə gətirim.


Təyyarə havaya qalxdı, adətim üzrə mən bir az yemək yeyib çay içəndən sonra yatdım. Sən demə Oljas 5 saata yaxın uzanan yol boyu bu kitabı diqqətlə oxuyubmuş.  Onun qiyməti mənim üçün çox önəmli idi.  Çünki bu bir yüksək peşəkarın, əsl bilicinin  dəyərləndirməsi idi.


Söylədi ki, 20 roman yazmaq bu kitabı yaratmaqdan daha asandır.


O zaman həmin kitabı mən unudulmaz Heydər Əliyevə də təqdim etmişdim, o da dərsliyi yüksək dəyərləndirmişdi. Məhz Ulu öndərin müdaxiləsindən sonra da həmin “Əlifba”nı Təhsil Nazirliyində rəsmən dərslik olaraq təsdiq etdilər. Növbəti ildə kütləvi tirajla artıq dövlət tərəfindən nəşr edilməli idi. Əvvəlcə 10-12 məktəbdə tətbiq də olundu, Bakıdakı 6 saylı məktəbdə həmin dərsliklə özüm də 2001-ci ildə “Əlifba” dərsi keçdim ki, gedişatda kitabın yaxşı-yaman tərəflərini daha dəqiq görə bilim, kütləvi nəşrədək müəyyən redaktələr aparım..


Təssüf ki, Amerika Universiteti bağlandı, respublikadakı dərslik siyasətində olan umulmaz axınlar və səlahiyyətli şəxslər  “Əlifba”mın sonrakı irəliləyişlərinə maneçilik törətdilər. Lakin o elə kitabdır ki, heç vaxt köhnələn deyil. Əminəm ki, gün gələcək yolu da aşılacaq, onu arayacaqlar.



- Sizin həm də deputat fəaliyyətiniz də var. Bu qədər işlərin içərisində hansı-hansına  mane olur?

- Mən hansı sahədə çalışıramsa, orada faydalı olmağa, o istiqamətdə başqasının məndən yaxşı görə bilməyəcəyi işləri ortaya qoymağa çalışıram. Milli Məclislə yanaşı, AŞPA-da artıq 19-cu ildir  ki, fəaliyyət göstərirəm. Avropa Şurası 1949-cu ildə yaradılıb və indi üzvü olan 47 dövlət var.  Son 70 ildə AŞPA-da müxtəlif ölkələrin minlərlə deputatı üzv olub. Lakin 1949-cu ildən indiyə kimi heç bir deputat orada mənim qədər sənəd hazırlamayıb. Azərbaycanın marağında olan elə bir mühüm problem yoxdur ki, orada onunla bağlı sənəd, məruzə hazırlamayım. Bir sözlə, bir an da işsiz dayanmamışam, cəhd etmişəm ki, orada da öz verə biləcəyim faydanı yetərincə gerçəkləşdirim.


Eyni prinsiplə mən elmdə, eyni tərzdə dərs deyərkən müəllimlikdə, eyni qaydada muzey fəaliyyətmdə özümü işə sonacan fəda etmək düsturuna daim sadiq olmuşam.


İnsanın həyatı sevdiyi və bacardığı iş-güclə dolanda onun pis adam olmağa, vaxt öldürməyə, ötəri əyləncələrə baş qatmağa imkanı qalmır. Çalışanları, gərəkli olanları kimlərsə etiraf etməyə, qiymətləndirməyə, görməyə, ya qəsdən görməzliyə vura bilər. Amma bunlar iş görən adamı yolundan, məsləkindən sapdırmamalıdır. Yaxşı əməlin gec-tez mütləq və mütləq bəhrəsi olur. Ən azı sən gördüyün yaxşı, millətə və dövlətə xeyirli işlərdən zövq ala, daxilən rahat, məmnun ola bilirsən. Bu isə elə xoşbəxtlik deməkdir. Ulu Zərdüşt: “Gözəl düşün, gözəl danış, gözəl et”, -söyləyib.


Arzu edərdim ki, xoşbəxtliyin açarı sayıla biləcək bu sadə və əbədi, amma əməl edilməsi qətiyyən asan olmayan  düstur millətimin hər bir övladının daimi yol yoldaşı, həyat ülgüsü olsun!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir