Modern.az

Mənim doğma universitetim...    

Mənim doğma universitetim...    

Aktual

19 Avqust 2019, 18:58

Bakı Dövlət Universiteti-100

“Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır...” - Heydər Əliyev

Hər dəfə Bakı Dövlət Universitetindən söhbət düşəndə sözlə ifadə edilməyəcək  bir qürur,fəxarət hissi keçirirəm. Çünki BDU mənim də universitetimdir,burada təhsil almaq səadəti,çox xoş ki, mənim də qismətimə düşüb.BDU-da keçirtdiyim  tələbəlik illərindən bir qərinə keçsə də,o günlərin şirin xatiratı daim yaddaşımdadır.Etiraf edim ki, Bakı Dövlət Universitetinin məzunu olmağımla həmişə öyünmüşəm. Ümummilli lider Heydər Əliyev  də  BDU-nun yetirməsi olmaqla fəxr edib:  “Mən fəxr edirəm ki,Bakı Dövlət Universitetinin  məzunuyam”-deyib.

Bakı Dövlət Universitetinin minlərlə yetirməsi  bu gün təhsil aldığı elm ocağının 100 illk yubileyini əziz bayram kimi qarşılayır.Harda işləməyindən,yaşamağından  asılı  olmayaraq,hər bir məzunun içində BDU ilə bağlı bir  xatirə dünyası yaşayır. Bu məzunlardan biri kimi mən də  BDU-da təhsil aldığım 1982-1987-ci illəri ömrümün ən mənalı çağları hesab edirəm.S.M.Kirov adına  ADU (indiki BDU) ötən əsrin son onilliyinə kimi Azərbaycanda yeganə universitet olduğundan bura daxil olmaq ,təhsil almaq  böyük fəxarət sayılırdı. Respublikanın yeganə universitetinə qəbul olan tələbələrə Azərbaycan gəncliyinin ən öndə gedən hissəsi,ölkənin gələcək elmi potensialı kimi baxılırdı.Bu gün diqqət edəndə görürük ki, həqiqətən də, bu baxış özünü doğruldub,BDU Azərbaycan elminin  flaqmanı olub,ölkənin inkişafına böyük töhfələr verib, ziyalı mühitinin formalaşmasında müstəsna rol oynayıb, bütöv bir ziyalı nəslinin yetişdirilməsinə yardımçı olub.Bu gün Azərbaycanın hər yerində-  ictimai, sosial, mədəni həyatın bütün sahələrində BDU-nun yetirmələri yorulmadan fəaliyyət göstərir, ölkənin inkişafına töhfələrini verirlər.Vətəndə və ya vətəndən uzaqlarda-fərqi yoxdur,BDU məzunları fəaliyyətləri ilə daima seçiliblər,örnək olublar.

 Həqiqət hər şeydən üstün,düzlük hər şeyə meyardır.BDU-da bizə belə öyrətdilər.“Ən ali meyar həqiqət,düzlükdür. Həqiqətin tərəzisini düz saxlasanız,insanların gözünə də dik baxacaqsınız”.İndi haqq dünyasında olan mərhum professor Şirməmməd Hüseynov tez-tez təkrarlayardı bu sözləri.Təhsil aldığım illərdə  jurnalistika fakültəsində elə  təmiz,şəffaf,səmimi mühit var idi ki,bu gün də o saflığın xiffətini çəkirəm, tələbəlik illərimin xatiratına dönəndə o  təmizliyi ruhən yaşayıram.Jurnalistika fakültəsində rüşvətdən,tapşırıqla qiymət yazdırmaqdan söhbət belə gedə bilməzdi.Bu səmimi ab-havanı mərhum dekanımız Tofiq Rüstəmov  başda olmaqla fakültəmizdə dərs deyən müəllimlərimiz yaratmışdı.Müəllim tələbəsi qarşısında alnıaçıq idi ,tələbədən təmənna gözləmədiyinə görə gözükölgəli deyildi və elə buna görə də  dedikləri təsirli idi,tələbənin gözündə şəxsiyyət idi.Yubiley ərəfəsində BDU   “100 ilin  zirvəsində”  biz məzunlara  necə görünür? sualına  fikirləşmədən-əsl elm ocağı,mehriban ana qucağı,saflıq mücəssəməsi kimi-deyərdim! Hər sözü bir həyat dərsi olan mərhum professorumuz Şirməmməd Hüseynov,tələbələri ilə nəfəs alan,uşaq kimi saf və kövrək Nəsir İmanquliyev,Famil Mehdi,sərt və tələbkar Əliş Nəbili,diplom rəhbərim professor Qulu Xəlilov adi pedaqoq deyildilər,ziyalılıq etalonu idilər- sözün hər mənasında .Bu gün BDU-da belə pedaqoqların sayı yüzlərlədir.

İnkaredilməz faktdır ki,  Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökümətinin təhsil sahəsində siyasətinin ən uğurlu nəticəsi  Azərbaycanın elm,təhsil və mədəniyyət sahəsində özünəməxsus rolu olan Bakı Dövlət Universitetinin yaradılması olub.Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski bu ali təhsil ocağının  Azərbaycanın mənəvi həyatında oynayacağı rolu irəlicədən gördüyü üçün yazırdı: “Azərbaycan öz maarif ocağını yaratdı.Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı.Avropa və Asiyanın  qovuşağında yeni məşəl yandı.Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü  xoşbəxt hesab edə bilərik”.

 BDU-nun yaradılmasının 50 illiyi münasibəti ilə keçirilən yubiley tədbirindəki çıxışında Heydər Əliyevin dediyi : “Azərbaycan  universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi,doğma xalqı maarifləndirmək uğrunda ,dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi” sözləri  V.İ.Razumovskinin fikrinin davamıdır və  bu elm ocağının Azərbaycan xalqının,elminin tarixində oynadığı əhəmiyyətli rolunu əks etdirir.

 “Heç bir millət tarixən ilk addımında darülfünuna  sahib olmamışdır.Darülfünun hansı dildə olsa da-olsun,açıb oxumalıyıq”.Tarixin gedişi sübut etdi ki,Məmməd Əmin Rəsulzadə fikrində nə qədər haqlı imiş və darülfünun rus dilində açılması belə Azərbaycan elminin inkişafına təkan verdi,yerli ziyalıların yetişdirilməsində,elmi kadrların hazırlanmasında müstəsna rol oynadı.

BDU-nun yaranmasından 100 il keçir.100 il tarix üçün nədir ki?Zaman ölçüsündə cəmi I əsr.Amma BDU I əsr ərzində bir neçə əsrlik yol keçə bilib.Azərbaycanda yeni elm və təhsil müəssisələri şəbəkəsinin formalaşmasında müstəsna rol oynayıb.Bu gün fəaliyyət göstərən universitetlərin əksəriyyəti BDU-nun bazasında yaradılıb.Elə hazırda çalışdığım Lənkəran Dövlət Universiteti  də  Azərbaycan Respublikası Nazirlər kabinetinin 25 sentyabr 1991-ci il tarixli qərarı ilə Bakı Dövlət Universitetinin Lənkəran filialı kimi açılmış,Nazirlər Kabinetinin 1992-ci il 23 iyul tarixli sərəncamı ilə ölkənin ilk dövlət statuslu ali məktəbi kimi fəaliyyətə başlamışdı.Hazırda LDU Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir,ötən tədris ilində BDU ilə Lənkəran Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb.

Ulu öndər Heydər Əliyevin  “Azərbaycan xalqının ,Azərbaycan Respublikasının milli sərvəti,milli iftixarı” adlandırdığı BDU-nun 100 illk yubileyi adicə tarix deyil,bir xalqın şərəf,şöhrət zirvəsidir. “100 ilin zirvəsində” BDU Azərbaycan elminin səmasında günəş kimi görünür,bu elm ocağının minlərlə yetirməsi ölkədə elmin çırağını yandırır.Hazırda universitetin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas,magistraturada 197 ixtisaslaşma,doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistrant və doktorant təhsil alır.BDU tarixi missiyasını  bu gün də şərəflə davam etdirir.Bu gün Bakı Dövlət Universitetində gedən dəyişiliklər,təhsil və idarəetmədə olan yenilklər hər bir azərbaycanlının ürəyincədir,BDU-nun gələcək uğurlarının təminatıdır.

 Ötən əsrin əvvəllərində maarifpərvər ziyalı,yazıçı və dövlət xadimi  Nəriman Nərimanov ürək ağrısı ilə yazırdı: “Heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir.Ancaq elmin gücünə tərəqqi etmək mümkündür”.Bu sözlər indi təstiqini tapıb,bu gün Azərbaycan dövlətinin inkişafı elm və təhsilin inkişafı ilə üst-üstə düşür.

100 illk yubiley münasibətilə bu elm ocağını təsis edən vətən təəsübkeşlərini  minnətdarlıqla yad edir,ruhunuz şad olsun- deyirəm.Zaman-zaman bu elm ocağında çalışıb  ölkənin ziyalı fondunun,potensialının yaradılmasında əməyi olan hər kəsə təşəkkür,  haqq dünyasında olanlara rəhmət düşür.BDU-nun 100 illk yubileyi təkcə burda çalışanların,təhsil alanların, məzunların deyil,bütün xalqın bayramıdır.BDU Azərbaycan xalqının milli-mənəvi sərvətidir.Ona görə də yubiley münasibətilə bütün xalqımızı təbrik edirəm.100 yaşın mübarək,əziz universitetim!Uğurlarınla fəxr edir,daim zirvədə olmağını arzulayıram. “100 ilin zirvəsində”sən Azərbaycanımızın elm və təhsilinin zirvəsi kimi görünürsən.Daim bu ucalıqda qal,qədim Azəri  xalqımın 100 yaşlı elm məbədi!

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri. 

 “Yazı Bakı Dövlət Universitetinin  “100 ilin zirvəsində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır