Modern.az

Yeni Qarabağ danışıqları, yeni forma, nimdaş məzmun - TƏHLİL

Yeni Qarabağ danışıqları, yeni forma, nimdaş məzmun - TƏHLİL

20 Avqust 2019, 11:25

Ermənistanda 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişikliyi nəhayət ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında 25 ildən artıqdır dalana dirənmiş danışıqlarda irəliləyiş olacağına ümid yaratdı.

 

Ümumiyyətlə, 1994-cü ilin mayında Azərbaycan və Ermənistan arasında Bişkekdə atəşkəs haqda müvəqqəti müqavilə imzalanandan bəri hərbi əməliyyatların başlanma riski barədə çoxlu proqnozlar səslənirdi. Müharibə riskinin artıb-azalmasında həm də beynəlxalq aləmdə baş verən hadisələrin obyektiv və subyektiv faktorlar var idi. Çünki Azərbaycanın öz ərazisində antiterror əməliyyatı aparması həm də beynəlxalq aləmin, böyük güc mərkəzlərinin baxış bucağından asılı idi. 

 

Beynəlxalq aləmdə və regiondakı bəzi geosiyasi faktorlar - Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi, Azərbaycanın hərbi gücünün artması, İran ətrafındakı gərgin situasiya, ABŞ-ın, Rusiya və Avropa Birliyi ilə birgə qonşu regionda gərginlik istəməməsi, bu fonda ABŞ-Rusiya münasibətlərində son 20 ilin ən sərt konfrontasiyası və s. var. Bu reallıqlar fonunda münaqişənin nizamlanması üçün vasitəçi funksiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu  tərəfləri sülhə gətirmək üçün daha inamlı mövqeyə malikdir. Və istəsək də, istəməsək də dünya Qarabağ məsələsində söz sahibi kimi Minsk Qrupunu tanıyır.

Bu isə uzaq perspektivdə Qarabağ münaqişəsi üzrə nə sülh, nə müharibə vəziyyətinin qalacağından xəbər verir. Əhalisinin sayı sürətlə azalan, iqtisadi çətinliklər içində olan, Rusiyanın regiondakı faktiki forpostuna çevrilən Yerevan üçün sülhə ümid etməkdən və beynəlxalq vəziyyətin buna şərait yaratmasından başqa seçim yolu da qalmayıb. 

 

Aprel döyüşləri danışıqlar prosesini sürətləndirdi

Qarabağ üzrə danışıqlar prosesinin son 3 illik tarixinə nəzər saldıqda aktivləşmənin 2 dəfə olduğunu görə bilərik. Bu aktivləşmə 2016-cı ilin aprel döyüşlərində Azərbaycanın uğuru və 2018-ci ilin mayında Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş verdi.

Apreldə sarsıdıcı məğlubiyyət uğrayan rəsmi Yerevan dünya birliyindən yardım umurdu. Məz buna görə döyüşlərindən sonra situasiyanı stabilləşdirmək üçün ATƏT-in Misnk Qrupunun vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında 3 sammit keçirildi.

2016-cı il mayın 16-da Serj Sarkisyan və İlham Əliyev Vyana sammitində hərbi əməliyatların yaratdığı gərginlik fonunda etibarın möhkəmlənməsi və danışıqlar prosesinin bərpası barədə razılaşma əldə etdilər. Bu razılaşmalar həmin il iyunun 20-də Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Sankt-Peterburqda keçirilən üçtərəfli danışıqlarda daha da möhkəmləndirildi.

 

2016-cı il  il oktyabrın 16-da Azərbaycan və Ermənistan liderlərinin Cenevrədə keçirilən təkbətək görüşündən sonra isə ATƏT-in Minsk Qrupunun verdiyi bəyanatda prezidentlərin “danışıqları intensivləşdirmək və təmas xəttində gərginliyi aradan qaldırmaq üçün əlavə səylər göstərməyə” razı olduqları açıqlanmışdı. 

Təəssüf ki, rəsmi Yerevanın maksimalist tələbləri bu danışıqların uğurlu davamına mane oldu. İlham Əliyevlə Serj Sarkisyan arasında görüşlərin dayanmasından sonra danışıqlar prosesi yenidən gerilədi və təmas xəttində ölümlə nəticələnən insidentlərin sayı artmağa başladı. Bu gərginlik erməni tərəfinin aktiv silahlanması ilə müşayiət olunurdu. Görünəni o idi ki, aprel hadisələrindən sonra Ermənistan zəif yerini bildi və danışıqlarla vaxt qazanaraq, bu boşluğu doldurmağa çalışdı.

 

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra...

 

Bakı və Yerevan arasında danışıqların aktivləşməsinin ikinci mərhələsi Ermənistanda 2018-ci ilin yazında hakimiyyət dəyişikliyindən sonra baş tutdu. Həmin vaxtdan bəri Ermənistanın yeni baş naziri Nikol Paşinyan İlham Əliyevlə qeyri-rəsmi 3, rəsmi isə 1 görüş keçirib.

2018-ci il sentyabrın 28-də Düşənbədə MDB dövlət başçılarının sammitində əldə olunmuş razılaşmalar təmas xəttində gərginliyin aradan qaldırılması və sərhəddə insidentlərin minimuma endirilməsini nəzərdə tuturdu.

İkinci görüş dekabrın 6-da Sankt-Peterburqda gerçəkləşdi. 2019-cu il yanvarın 22-də isə Davosda Dünya İqtisadi Forumunda Əliyevlə Paşinyan arasında 3-cü qeyri-rəsmi görüş oldu. Liderlərin 4-cü və ilk rəsmi görüşü isə 2019-cu il martın 29-da Vyanada keçirildi.

 

Bütün bu görüşlərin nəticəsi olaraq münaqişəsinin dinc yolla həlli barədə bəyanat verildi.

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu müddət ərzində ermənistanlı həmkarı Zoqrab Mnatsakanyanla 7 dəfə görüşüb. Sonuncu görüş bu iul iyunun 20-də Vaşinqtonda keçirilib. 3 saatlıq danışıqların nəticəsi kimi nazirlər “sülh yaratmaq üçün addımların atılması” barədə razılaşıblar.

Bununla belə, danışıqların aktivləşməsi tərəflərin mövqelərini yaxınlaşdırmadı. Azərbaycan haqlı olaraq ərazi bütövlüyünün bərpası və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını tələb edir.

Ermənistan isə baş nazir Nikol Paşinyanın simasında danışıqlar prosesinin formatında yenilik cəhdləri etsə də, onun mahiyyətində əsaslı dönüş yaratmadı.

Paşinayana görə, danışıqların istənilən həll variantı Ermənistan, Azərbaycan və qondarma “Qarabağ hakimiyyəti” tərəfindən məqbul sayılmalı idi. Eyni zamanda, o, Xankəndini müstəqil tərəf kimi danışıqlar masasına əyləşdirmək istəyir. Üstündən bir az keçməmiş Paşinyan Qarabağı Ermənistanın tərkib hissəsi kimi təqdim edir.


Rəsmi Bakının təbii ki, qəbul etmədiyi bu təklif Paşinyanın gizli oyun qurmaq planlarından xəbər verirdi. Amma onun bu planlarının üstündən Azərbaycan  diplomatiyası xətt çəkdi.

 

Ümumilikdə, 2018-2019-cu illər ərzində Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda müəyyən istiqamət dəyişikliyini müşahidə etmək olar. Bu, ilk növbədə prezident və XİN səviyyəsində aparılan danışıqlarda etimadın möhkəmləndirilməsi istiqamətində müzakirələrin olmasından görünür.

 

Bununla belə, Dağlıq Qarabağın statusu və Azərbaycanın ərazi bütövlüyü kimi fundamental məsələdə İlham Əliyevlə  Nikol Paşinyan arasında fikir ayrılığı qalmaqdadır. Nikol Paşinyan Azərbaycanın tərkibində Dağlıq Qarabağa geniş muxtariyyət verilməsini nəzərdə tutan, ictimaiyyət arasında qeyri-populyar olacaq həll variantına getmək istəmir. O “mənəvi atası” sayılan Levon Ter-Petrosyanın aqibətini xatırlayır. Digər tərəfdən isə ölkəsinin düşdüyü ağır iqtisadi durumu, mühacirəti və Azərbaycanın hərbi qüdrətini anlayır.

Bu vacib məqamları danışıqlar prosesini aktivləşdirən tərəflər, o cümlədən ABŞ yaxşı anlayır. Buna baxmayaraq, Vaşinqton prosesin yüksələn xətlə davam etdirilməsini istəyir. Təsadüfi deyil ki, Mnatsakanyanla Məmmədyarov arasında görüş də ABŞ-da təşkil olunmuşdu. 

 

Böyük dövlət və regional oyunçular nə istəyir?

Qarabağ ətrafında danışıqlar prosesinin hazırkı mərhələsində əsas sülhməramlı rolunu təccüblü olsa da, emosional siyasətçi Tramp və onun administrasiyası oynayır. Cənubi Qafqaz regionunda xüsusi maraq göstərən Trampın köməkçisi Con Boltonu regiona göndərməsi də heç təsadüfi deyildi. Ermənistasnın baş naziri Nikol Paşinyanla emosional danışıqlar, ermənilərin Suriyaya 83 nəfərlik hərbi personal göndərməsi və Dağlıq Qarabağ ətrafındakı 7 rayonun hələ də rəsmi Bakıya qaytarılmaması narazılıq faktoru idi. Bununla belə, 10 il ABŞ-a prezidentlik edən Barak Obama administrasiyasından fərqli olaraq Trampın Azərbaycana, Ermənistana və Gürcüstana marağı çox geniş xarakter daşıyırdı. Çünki hələ 2010-cu ildə “Bir kəmər – bir yol” layihəsini elan edən Çinin Qafqazda aktivləşməsi Ağ Evi buna sakit reaksiya verməyə qoymazdı. Digər tərəfdən, rəsmi Moskvanın vasitəçi kimi aktivliyi Tramp administrasiyasının diqqətindən yayınmırdı.

 

Bu fonda ABŞ Çini Rusiyadan sonra regionda əsas rəqibi görür. Qarabağ münaqişəsində aktivləşməklə Vaşinqton itirdiyi mövqeləri qaytarmağa çalışır. Digər yandan, ABŞ-ın Avropadakı əsas müttəfiqi Böyük Britaniya və Avropa Birliyi üçün energetik layihələrinin təhlükəsizliyi baxımından Cənubi Qafqazda, xüsusən Azərbaycanda stabillik çox önəmlidir. Bu baxmından Brüssel, London və Vaşinqtonun Qafqaz maraqları üst-üstə düşür.

 

Rusiya Federasiyası üçün də öz Cənub sərhədlərində yeni müharibə lazım deyil. Bunun üçün bir çox səbəblər var. İlk növbədə, Rusiya Cənubi Qafqazda hərbi bazası olan (Gümrüdəki 102-ci hərbi baza) yeganə kənar ölkədir.


Ukraynanın Cənub-Şərqində və Suriyada hərbi konfliktlərə daxil olan Moskva üçün Cənub sərhədlərində yeni münaqişənin yaranması qəbuledilməzdir. Paralel olaraq, Qarabağda aktiv hərbi əməliyyatların başlanması, həm də Rusiyanın həssas Şimali Qafqaz regionunda da gərginlik yarada bilər. Moskva həm Ermənistan, həm də Azərbaycanda öz təsir rıçaqlarını saxlamaqda maraqlıdır. Bu baxımdan, Qarabağ münaqişəsində idarə olunan status-kovnun saxlanılması gözlənilməz müharibədən daha arzuolunandır.

 

Beləliklə, bütün mənfi və müsbət tərəfləri ilə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yenilənən danışıqlar prosesi Qarabağ münaqişəsinin uzunmüddətli danışıqlar fazaslına keçməsindən xəbər verir.

Tərəflər arasında etimad yaranacağı halda, münaqişənin həlli ilə bağlı konkret addımların atılması və ilk mərhələdə Qarabağ ətrafında yerləşən 7 rayonun Azərbaycana qaytarılması müzakirə oluna bilər.

Ancaq hadisələrin gedişi onu göstərir ki, Paşinyan Ermənistanı özündən əvvəlki Ermənistanla məzmunca fərqlənmir, sadəcə formaca yeni görünməyə çalışır. Bu isə bizə yenə də danışıqlar prosesinin nəticəsiz qalacağını vəd edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi